adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Noyabr 2017 13:26
13811
MƏMLƏKƏT
A- A+

O İLLƏRDƏN GƏLƏN SƏS

Bakıda bir-birindən qədim və zəngin tarixə malik olan abidələr və yaşayış binaları çoxdur. Təbii ki, bu qədim tarixi abidələr də müxtəlif dövrlərdə imkanlı adamlar tərəfindən inşa etdirilib. Düzdür, həmin qədim abidələr bir qədər köhnəlib və bəzilərinin hörgüsündən daşı da düşüb.

Nə yaxşı ki, bu abidələr Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən zaman-zaman diqqətdə saxlanılıb və bərpa edilib. İndi demək olar ki, Bakı şəhərində əksər qədim binalar – xüsusən də XIX və XX əsrin əvvəllərindən inşa edilmiş tarixi abidələr əsaslı surətdə yenidən bərpa edilərək bugünkü zamanımıza çatdırılıb.

Belə bir tarixi abidələrdən bir neçəsi də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşir. Aydındır ki, bu abidələrin qorunub saxlanılması və bərpa edilməsi üçün dövlət səviyyəsində bütün addımlar zamanında atılıb. Əlbəttə, tarixi abidələrimizin bərpası da əsaslı surətdə yenidən tikilməsi gələcək nəslə bu sənət nümunələrinin ötürülməsi deməkdir.

İndi bu ünvanda «Abşeron» sanatoriyası fəaliyyət göstərir. Sanatoriyanın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Mehman Salmanov bir daha bizə həmin binaların tarixi ilə bağlı məlumat verərək bildirir ki, bura vaxtilə Bakı milyonerləri Şəmsi Əsədullayevin və Musa Nağıyevin mülkləri olub. Və onlar hər ikisi bir-biriylə quda idilər. Yəni hər iki milyoneri bir-birinə bağlayan qohumluq telləri mövcud olub. Bu binalar 1901-ci ildə inşa edilib. Aydındır ki, həmin dövrdən bəri uzun bir müddət ötüb və tikilmiş binaların bir çoxu köhnəlib və hətta sökülərək pis vəziyyətə düşüb. Ona görə də bu binalardan biri milli-memarlıq üslubunda yenidən tikilib, tarixi ənənələr qorunub saxlanılmaqla öz orijinallığını tapa bilib. Təbii ki, tarixi abidələri bərpa etmək və eyni zamanda onları qoruyub saxlamaq bir vətəndaş kimi bizim borcumuzdur. Axı hər bir tarix millətin keçmişidir. İndi ikinci bina da milli-memarlıq üslubunda bərpa edilir. Çox güman ki, həmin bina da gələn ilin aprel, may aylarında istifadəyə veriləcək.


Bizimlə söhbətində Mehman müəllim onu da qeyd etdi ki, Şəmsi Əsədullayevin nəvəsi Ümbülbanu Əsədullayeva 1995-ci ildə Azərbaycana gəlib. Bu zaman o, Ulu Öndər Heydər Əliyevlə görüşüb və Ulu Öndər də bildirib ki, gəlin, babanızın mülkünə sahib durun. O da bu diqqətə və qayğıya görə, Heydər Əliyevə minnətdarlıq eləyib və babasının mülkünə baş çəkib. Həmin vaxt da bu ərazidə 70 nəfərdən və 18 ailədən ibarət məcburi köçkün və qaçın ailəsi məskunlaşıbmış. Onlarla görüşən Ümbülbanu xanım deyib ki, mən burdakı insanları didərgin sala bilmərəm. Ona görə də bu mülkümü dövlətimə və xalqıma bağışlayıram. Amma burda mən bir balaca səliqəsizlik gördüm. Gərək siz buranı çox təmiz və səliqəli saxlayasınız. Sonra Ümbülbanu xanım rəhmətlik baş həkim Adil Mahmudovun otağında onlarla bir xeyli söhbət etdi. Baş həkimin təsərrüfat işləri üzrə müavini rəhmətlik Əlövsət İsmayılovun qoluna girib pilləkənlərlə aşağı düşdü. İndi bu bina əsaslı surtədə milli-memarlıq üslubunda təmir edilib. Ümbülbanu Əsədullayeva Amerikanın Los-Angels şəhərində yaşayırdı. Axır vaxtlarda Türkiyədə ömür sürüb, orda da vəfat edib. Vəsiyyətinə əsasən vətəninə gətiriblər və dədə-baba yurdu Əmircanda dəfn ediblər.

İndi görün bu insanın necə böyük ürəyi varmış. Və istəsəydi baba mülkünə sahib də çıxa bilərdi. Ancaq onun ürəyinin böyüklüyü və vətənpərvərliyi insanların sevincinə səbəb oldu. Bu cür adamlar təbii ki, heç vaxt yaddan çıxmırlar və undulmurlar.

Bu gün «Abşeron» sanatoriyası ölkəmizin ən şəfalı ocaqlarından sayılır. Yəni burda ürək-damar, mədə-bağırsaq və digər xəstəliklərə qarşı kompleks müalicələr vardı. Masazır palçığının müalicəsinin əhəmiyyəti isə çox möcüzəlidir. Bu müaliəcədən kimsə 6-7 dəfə qəbul etsə, onda soyuqdəymə qısa zaman kəsiyində aradan qaldırılacaq. Hələ biz Naftalan palçığını, müxtəlif təbii müalicələri demirik. Onlar da hamısı insan üçün çox şəfalıdır.

Sanatoriyanın baş həkimi Fəxrəddin Kazımov bildirir ki, bu gün hazırda sanatoriyada iki korpus fəaliyyət göstərir. Və üçüncü korpus da milli-memarlıq üslubunda yenidən təmir edilir və yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Burda 25 nəfərin hərtərəfli istirahəti üçün lazımi şərait yaradılacaqdır. Üstəlik də həmin korpusun yeməkxanası və çayxanası da olacaqdır. Belə ki, birinci mərtəbədə yeməkxana fəaliyyət göstərəcək, ikinci mərtəbədə isə kimin ürəyi istəyirsə qalxıb orda çay içə biləcəkdir. Onu da qeyd edim ki, müalicə korpusumuz əsaslı surətdə təmir edilib. Bir çox yeni tibbi avadanlıqlar alınıb. İdmanla məşğul olmaq üçün yeni avadanlıqlar gətirilib. Təbii ki, bunların hamısı müalicəyə gələn insanların daha yaxşı şəfa tapmasına xidmət eləyir.

Baş həkimin müalicə işləri üzrə müavini Şahin Quliyev də çox təcrübəli və savadlı bir ziyalıdır. O, 40 ilə yaxındır ki, bu müəssisədə çalışır. Tibb elmləri üzrə fəlsəfə doktrudur. Onu da qeyd edək ki, Şahin həkim nə qədər savadlıdırsa, bir o qədər də ziyalı, sadə və səmimi insandır. İnanın, elə bir xəstə olmaz ki, Şahin həkim onu axıra qədər dinləməsin, müayinə eləməsin və yüksək səviyyədə ona müalicə yazmasın. Elə bu sətirlərin müəllifi də müalicə zamanı həmişə Şahin həkimə güvənib. Bir balaca özümü narahat hiss edən kimi o dəqiqə Şahin həkimin qayğısını və diqqətini hiss eləmişəm. Şahin Quliyevin həm də çox gözəl mütaliəsi var. O, dünya və rus ədəbiyyatını çox gözəl bilir. Və Cek London da onun ən çox sevdiyi yazıçılardandır. Söhbətimiz həmişə onunla uzun çəkirdi.

Bir dəfə də Şahin həkim Cek Londonun «Həyat eşqi» hekayəsi ilə bağlı mənimlə xeyli söhbət elədi. Dedi ki, ən çətin anlarımda, sıxıntılı məqamlarında bu əsər mənim köməyimə çatır. Düşünürəm ki, əsərin qəhrəmanı ağır müsibətlərdən, çətinliklərdən, hətta ölüm anlarından xilas ola bilirsə, bəs mən niyə hər hansı çətinlikdən qorxmalıyam?

Sanatoriyada tibb bacısı Kimya Qarayevanı çoxları yaxşı tanıyır. O, 43 ildir ki, bu kollektivdə çalışır. Bir dəfə onun yanında olan pasiyent ikinci dəfə Kimya xanımın yanına can atır. Bu da onunla bağlıdır ki, Kimya Qarayeva öz peşəsinin mahir ustasıdır. Yəni onun kimi mədə-bağırsağı yuyan çox nadir tibb bacısı ola bilər. Kimya xanım deyir ki, mənim üçün ən böyük mükafat insanların sevgisi və səmimiyyətidir. Kimsə mənim müalicəmdən şəfa tapırsa, mən bundan həddindən artıq şad oluram. Kimya xanım ölkə prezidenti tərəfindən «Tərəqqi» medalı ilə təltif edilib. Dəfələrlə işlədiyi müəssisənin fəxri fərmanına layiq görülüb. Onun yanında çalışan Telli Ələkbərova da gənc olmasına baxmayaraq, çox bacarıqlı və səmimi bir qızdır. Və mən həmişə ona «qızım» deyə müraciət edirdim. Çünki mənim də qızımın adı Tellidir.

Aydındır ki, insan şəfa tapdığı yerə daha tez-tez üz tutur. Elə mənim özüm də düz 25 ildir ki, bu şəfa ocağına gedərək müalicələr qəbul edirəm. Az-çox ayaq üstdə dura bilirəmsə, elə həmin şəfa ocağının gücü hesabına addımlayıram. Bu sanatoriyada tibb bacılarından Mehriban, Maya, Zərqələm, Sevinc, Toma, İradə, Gülzar, Zülfiyyə, Pəri və digərləri həqiqətən də insanların böyük məhəbbətini qazanıblar.

Dördüncü korpusda işləyən tibb bacılarından Raya xanımsa düz 50 ildən çoxdur ki, bu kollektivdə çalışır. Onun nə qədər zəhmətkeş adam olduğunu xəstələr yaxşı bilirlər. 4-cü korpusda həm də Sevinc xanım kimi çox savadlı və mədəni bir ziyalı da işləyir. Çünki biz 4-cü korpusda qalarkən həmişə onun səmimiyyətinin şahidi olurduq. Şəmsiyyə xanımsa otaqların təmiz saxlanılmasında çox zəhmət çəkirdi. Hər dəfə otağa girəndə səliqə-səhmana baxıb rahat olurduq.

Şəfa ocağı o vaxt insana rahatlıq gətirir ki, orda müalicə olunun adam onun xeyrini görür. Həkimlər deyir ki, sanatoriyada müalicənin nəticəsini bir-iki aydan sonra daha yaxşı hiss etmək mümkündür. Bu sözdə böyük həqiqət var. Çünki bir-iki ay keçəndən sonra hiss edirsən ki, daha gümrah və daha sağlamsan. Təbii ki, bu da «Abşeron» sanatoriyasında insanları müalicə edən həkimlərin əməyinin bəhrəsidir.

Hər halda, şəfanı birinci insana Allah-Təala bəxş eləməlidir. Və Allah-Təala da bizə şəfanı çox vaxt belə gözəl həkimlərin əlləriylə verir. Deməli, şəfa ocağına gedəndə insan müalicə götürür və daha gümrah olur. Yəni o, ağır xəstələnib xəstəxanaya düşmür…


Faiq QİSMƏTOĞLU