ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MARAL MƏŞƏDİLƏRİN HEKAYƏTİ, YAXUD NATAŞANIN MƏHƏBBƏTİ

2041    |   2017-11-09 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

("Ə.Haqverdiyevin obrazları" silsiləsindən)

Allahverdi Eminov

(əvvəli ötən saylarımızda)

Növbəti qurban Molla Əsəddir, savadı olmasa da risalə dəlisi idi, yəni özünün sapındığı "dəli"dən yox, həvəskardı, fanatdı. O, risalələri savadlılara oxudardı və əzbərləyərdi. Xülasə, Molla Əsədin qəribəliyi başına bəla gətirir, onun söhbətlərilə camaat bekar vaxtlarını keçirirlər. Bir dəfə şəhərə məşhur müctəhid gəlir və bu cavanlara bəs edir: Molla Əsədin qiyafəsini dəyişdirirlər hörmətli görünsün. Şəhər cavanları onun başına cəm olurlar, tamaşaya dururlar. Bu, o deməkdi Molla Əsədi də bir növ "dəli" kimi fırladırlar.
"Beşinci tuhaf "Sofi Hüseyn" adlı məşhur uzun boylu, ağ uzun saqqalı qəvi heykəl bir kişi idi ki, bikar xalq üçün böyük şüğl idi. Bu kişidə qəribə bir qabiliyyət var idi: hər vaxt istəsə də səbəbsiz ağlardır". O da sifariş verilsəydi: "ağla", yaş gözündən sel kimi axardı",
Beləliklə, hekayədə "dəlilər meydanının" qurbanları bir-bir dilə gətirilir. Dəli tapılmayanda xüsusi adamlar başqa şəhərdən gedib gətirirlər, yaxud şəhər əhalisindən birisini dəli edirlər, bunun üçün beş-altı şahı mata qoymaq kifayətdi. Sual olur: bu şəhər camaatının dəlidən zövq almaq, iş-gücünü buraxıb, dəli tapıb meydanlara ötürməklə sonu nəylə nəticələnə bilər? Əgər bir ağıllı adama beş-on adam "sən dəli kimi özünü aparırsan", "sən artıq dəli olmusan", "sən baş götür bu vilayətdən çıx" - deməklə, həqiqətən, dəli kimi özünü aparacaq və qorxunc hissi özündə aşılayacaq.
"Uca dağ başında" hekayəsi məncə, satirik ovqatla yazılsa da bu, zahirən görünmür, cəmiyyətin müəyyən qisminin cəm olduğu makro mühitdə insanlar niyə əylənmək barədə düşünür, uşaqlı-böyüklü köməkləşib "dəli" axtarışına çıxırlar. Axı, sərlövhə məzmunu ifadə etmir. Uca dağ başında qar olar, onun zirvəsinə baxanda adam yüngülləşər, içi təmizlənər. Amma heç də belə deyil, sanki şəhərin mövsüm vaxtı var və onu camaat səbirsizliklə gözləyir ki, bir fəqir, ziyalı, zəhmətkeş, peşəsi olanı mütləq tapıb gətirəcəklər.
Maraqlı detal var ki, belə dəlilərin sırasına erməni tacir Avanes də salınmışdır, erməni dəlisi camaata daha gülməli təsir bağışlayar. Avanes hamıyla ümumi sakit məcrada davranırdı: "Hər sabah əlində açarlar, qoltuğunda dəftərləri gəlib dükanını açardı, ticarətini edib axşam yenə evinə qayıdardı.
Bir dəfə yenə dükanına getdikdə qonşu dükançı səslənib deyir:
- Sabahın xeyir, Avanes!
Bu səsə qonşulardan da bir neçə adam:
- Sabahın xeyir, Avanes! - deyib səs verdilər.
Avanes:
- Aqibətiniz xeyir, - deyib cavab verməklə dükanına keçir".
Bu priyom özünü doğrultmuşdur şəhərdə, yəni dəlilik dərəcəsinə gətirilməyən ilk mərhələsidir. Təsəvvürə gətirək ki, bir gündə 60 dəfə Avanesə "Sabahın xeyir" deyib, ondan "Aqibətiniz xeyir" cavabını alasan. Avanes zatından irəli gələn biclikdən işini anlayır ki, belə gedərsə o, dəli olar. Və həqiqətən, az qalır dəli olsun. Avanes bic tərpənir, sonda dükanını bağlayır və şəhərdən baş götürüb qaçmağa məcbur olur. Ə.Haqverdiyev qonşu xalqa öz etikasını gizlətmir və erməni Avanesi özü xilas edir. Böyük Əbdürrəhimbəy tarixi bir "ədəbi səhvə" yol verir: Erməni Avaneslərdən birinin sarsaq hərəkətlərinə, torpaq iddialarına, onu ortada çırtma çalıb oynadan uşaqlara hansı yaltaqlıq göstərəcəyini gələcək oxuculardan - nəsillərdən gizlətmişdir!
"Uca dağ başında" hekayəsi sosial mühitin davamında insanların lazımlı, faydalı işlə, əyləncə ilə, istirahətlə məşğul olmağa rəğmən kədər doğuran, ətalətə aparan, kütlə psixologiyası aşılayan hissi-emosional təzahürlərin ifadəsini əks etdirir. Müəllif təhkiyəsində təbiət lövhələri, insana münasibətləri, hadisələrin proqnozlaşdırıcı məntiqini gizlətmir və güldürmür.
"Uca dağ başında" hekayəsi haqqında professor T.Mütəllimov əsərin kompozisiya strukturuna toxunur və ədibin əsas məqsədi belə şərh olunur ki: dünya işlərindən xəbərsiz ömür sürən, boş əyləncələrlə vaxtlarını itirən adamların həyat tərzinin puçluğu, gülünclüyü, onların özlərinin də "dəliliyini" rüsvay etməkdir: "Məsələ burasındadır ki, bir nəfər də olsun həqiqi dəli, yəni ruhi xəstəliyə tutulmuş adam yoxdur. Camaat tərəfindən dəli yerinə qoyulmuş şəxslərin müəyyən qəribəlikləri və ya naqis əməlləri vardır ki, bu da şəhər əhli üçün gülüş, əyləncə vasitəsinə çevrilmişdir. Ədib bu yolla həm müasirlərinin avara, tüfeyli məişət tərzinə, nadanlığına gülür, həm də bəzi "tühəf" şəxslərin tərcümeyi-halı vasitəsilə onların eybəcər əməllərini ifşa edir". Düzgün yanaşmadır, süjet boyu o "dəliləri" görürük. Professor Təhsin müəllim bu adamları: "qan alan, həcəmət qoyan, diş çəkən, hətta cərrahlıq edən, dəlləklik edən, ramazan və məhərrəmlik aylarda məclislərdə, təkyələrdə əyləşib başına döyüb gözlərindən qan-yaşı abi nisan kimi tökən... Gülüş obyektinə çevrilir" - fikrilə razılaşmırıq və görkəmli alimi qınağa çəkmək də istəmirik. Hekayə sovet ədəbi tənqid kontekstində - ideologiyasında və ateist sərtliyində təhlil olunmuşdur. Cəmiyyətin "dəli" etdiyi bu peşə sahiblərinin günahı yoxdur. Onlar ("dəlilər") bir parça çörək qazanmaq üçün sadə peşələrinə arxalanırlar və onlara tənqidçi tərəfindən lağ etmək birtərəflikdir. Mən müharibədən sonra məktəbə getmişəm. Əllinci illərdə səhiyyə yox dərəcəsində idi. Təsəvvür edək XX əsrin ilk illərini. Ağır halətdə xəstədən qan almaq lazımdır - ən optimal vasitə həcəmətlə qan almaqdır. İş başında diş ağrısı (yazıçının "Diş ağrısı" hekayəsi var) başlayıb, hara getməlidir? Müşahidəmdir: evdə uşağın dişini anası sap bağlamaqla çox asanlıqla çəkibdir. Kiçik haşiyə çıxıram. 4-5 yaşımda boğazımda balıq sümüyü qalmışdı, ölümlə nəticələnərdi. Rəhmətlik anam məni beş-altı kilometrlik parada yaşayan çöpçüyə apardı. Dumanlı o qadını xatırlayıram. Burnumdan tutub bir nəfəslə iri balığın sümüyünü çıxarıb anama verdi... Bu gün təəssüf ki, ali təhsilli həkimlər boğaza ilişən sümüyü çıxarmaq yolunu əməliyyatda görürlər və çöpçüləri ekranlarda suçlayırlar... Molla, axund - savadsızlar, fırıldaqçılar o vaxt çox imiş. Lakin müsəlmanların ayların şahı saydıqları Ramazan ayında pis-yaxşı öz borcunu yetirən dindarları məsxərəyə qoymazlar; buna Ə.Haqverdiyevin özü risk etməmişdir. Hekayəyə tamam başqa bir ədəbi rakursdan yanaşmaq məqsədəuyğundur və Təhsin Mütəllimov az sonra "yumşalır" və haqlı sual verir: - Dəli kimdir?
Cavabı: - Camaatın lağa qoyduğu adamların bir çoxu tamamilə zərərsiz və adi insanlardır ki, onlara gülənlərin özü axmaq, dəli vəziyyətində görünür. Professor T.Mütəllimovun Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesilə müqayisəsi, paralellər tapması tamamilə yerinə düşür. Professor T.Mütəllimov Ə.Haqverdiyevin hekayələrini təhlil edərkən erməni yazıçısı Marietta Şaginyandan iqtibas gətirir. Bu erməni xislətli, paxıl, rus elitasının etibarını qazanan qadın vaxtilə dahi Nizami Gəncəvinin də "bostanına daş" atmışdı və aldığı obyektiv sərt cavabdan üzr də istəmişdi. T.Mütəllimov adını çəkdiyimiz monoqrafiyasında M.Şaginyanın müqayisədə xatırlatdığı "Uca dağ başında" və "Çeşmək" hekayələrinə yanaşmasını verir və birmənalı qarşılamamaq da mümkündür. Gənc tədqiqatçıların marağına səbəb ola bilən həmin məqalədən professorun gətirdiyi sitatı olduğu kimi yazıram: "Rus ədəbiyyatında Qleb Uspenskinin "Rasteryayev küçəsinin adətləri" adlı dahiyanə bir əsəri vardır. Orada dəhşətli ictimai quruluşun təsirilə insanlıq simasını itirən adamların qalereyası verilmişdir. Haqverdiyevdə də belə kiçik hekayələr vardır. ("Uca dağ başında", "Çeşmək"). Burada yuxarıda göstərdiyim lakonizmin həmin prinsipləri əsasında müəllif mühakimələrinin müdaxiləsi olmadan bir avam əyalət ucqarında insanların illərlə və on illərlə bir-birini mənasız təhqir etməklə, dəli oynatmaqla, acı zarafatla, sataşmaqla necə əylənmələri göstərilmişdir. Bu kiçik, xəsis lövhələr elə təsir qüvvəsinə malikdir ki, istər-istəməz Qleb Uspenskini yada salmağa məcbur olursan".
Bu fikrə - erməni yazıçısının klassik ədibimizə yanaşma üslubuna - daha geniş rakurslardan yanaşmaq mümkündür. 1) Konkret etirafıdır ki, 40-cı ildə deyilmiş fikirdə klassik yazıçılarımıza üz tutması ona işarədir ki, XX əsrin Mirzə Cəlil, Ə.Haqverdiyev, S.S.Axundov qızıl dövrünü etiraf edir və erməni nəsri onu qane etmir. 2) Q.Uspenski rusların həyatındakı ədalətsiz, pinti, vəhşi hərəkətlərini ifşa edən yazıçıdır və məlum hekayə ilə tutuşdurur. 3) Bu müqayisədə erməni məkri özünü o məqamda göstərir ki, bizim avam əyalətin ucqarlarında bir-birimizi yersiz təhqir etdiyimizi, bir-birimizə acı zarafatla sataşdığımızı və sairi dilə gətirir və Qleb Uspenskilə nəticələrinə haqq qazandırır. Bu fikrə gəlməyə erməni qadın yazıçısının haqqı çatmamalıdır, özü də artıq II Dünya müharibəsi başlamışdı, SSRİ - bu gün-sabah qoşulacaqdı, elə də oldu. Məntiqlə, tarixən belə adətlərə, vərdişlərə malik millətin, xalqın övladlarını kütləvi və birbaşa cəbhələrə göndərmək lazımdır. (Bu niyyət də müharibədə həyata keçirildi, hətta bizi Orta Asiyaya, Sibirə sürgün etmək haqqında İ.Stalindən A.Mikoyan razılıq da almışdı). 4) M.Şaginyan Mirzə Cəliliin bəzi hekayələrini rus dilinə tərcümə etməklə də riyakar məqsədi güdmüşdü: budur, Azərbaycanın feodal həyatı, burjuaziyanı belə xarakterlə qarşılaması. Bəyləri Xudayar bəydir, davranışda, xasiyyətdə... Usta Zeynalı tənbəldir, Novruzəli poçt qutusunu ayırd edə bilmir...
Əbdürrəhimbəy Haqverdiyevin hekayələri təkcə az-çox bəhs etdiklərimdənmi ibarətdir? Sualı gələcək nəsil - oxucuları üçün düşündüm. Və buna bənzər sualı Cəlil Məmmədquluzadənin hekayələrinə də şamil edərdim. Lazım gəlmədi. Bir səbəbi də Ə.Haqverdiyevin gümüş rəngli, günəş birbaşa düşərsə, qızılı şəfəqlərə bələnən hekayələri azmıdır? Təkcə poetik adlara görə: "Yaşılbaş sona", "Keçmiş günlər", "Uca dağ başında", "Qoca tarzən"; birbaşa qəhrəmanı "əbədiləşdirən" "Bomba", "Mirzə Səfər", "Ovçu Qasım"; hadisələrdən doğan "Mütrib dəftəri", "Qiraət", "Şikayət" - bunlar şedevr əsərlərdir, hətta "hekayə" deməyi dilim gəlmir!
Klassik "hekayəçilər"in ədəbi taleyi mən deyərdim gətirmişdi. Reallıqlar öz yerində, bunun qəribə hadisələrini və personajlarını ədəbiyyata gətirmək üçün ədəbi istedad lazım idi ki, Allah-taala Səmadan Yerə Cəlil Məmmədquluzadəni və Əbdürrəhimbəy Haqverdiyevi göndərdi. Mirzə Cəlilin şedevrlərini xatırlayaq: "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəlibəy" - "üçlük" bəs edər! Məndən maraq üçün soruşsalar ki, Kosmosa XX əsrin klassiklərindən hansı hekayələri ilk nümunə kimi göndərərdin (soruşan bilir ki, mən elmi-fantastik povestlər, hekayələr müəllifiyəm, dəyər)? Birmənalı öz ədəbi və sosial zövqümlə həmin əsərlərin adını çəkərdim və əlavəm "Qaraca qız" (ehtiyac görmədim müəllifinin adını, soyadını xatırladım, necə ki, indi də) hekayəsi olardı...



İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK