ANA SƏHİFƏ / Layihə

DAVAM EDİR -37 (MƏHƏMMƏD ƏLİ TEVFİQ)

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

2815    |   2017-11-09 00:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)

Məktəbə təmizlik işçisi kimi qəbul edilən Məhəmməd Əli yenə də gündüzlər çalışdı, gecələr oxudu və bir müddət sonra məktəb müdirliyinə tələbə kimi qəbul olunmasıyla bağlı ərizə yazdı. Təmizlik işçisinin ərizəsindən dərhal sonra o, imtahan olundu və rəsmən tələbə sifətilə məktəbə qəbul edildi. Başqa tələbələrdən daha çox çalışaraq hər kursda əlaçı oldu. Məktəbi müvəffəqiyyətlə bitirən M.Ə.Tevfiq 6 il İstanbul yaxınlığındakı bir kənddə müəllimlik edir.
"1930-cu ildə Şərqi Türküstanda xalq Çin zülmünə qarşı baş qaldırdı. 1931-ci ildə isə Hacı Niyazın liderliyilə Şərqi Türküstan xalqı üsyana başladı və üsyan qısa zaman ərzində bölgəni bürüdü. Nəticədə, Çinin Şərqi Türküstandakı valisi Çin-şo-rin hökumətini yıxdılar." (1. 180-181)
Bu xəbəri duyan Məhəmməd Əli baş verən hadisədən sonra, yəni 1932-ci ildə Istanbuldan ayrılaraq Şərqi Türküstana döndü. Öncə Kaşğara gəldi və həmyerlilərilə görüşdü. Onun gəldiyi il Şərqi Türküstan üçün çox önəmli il idi. Tevfiq Kumul şəhərində başlayan və 12 noyabr 1933-cü ildə Kaşğarda qurulan Şərqi Türküstan Cümhuriyyətinin quruluş mərasimində iştirak etdi. Bu tarixi hadisədən ilham alan şair dillər əzbəri olan, Şərqi Türküstan dövlətinin himni "Qurtuluş yolunda" şeirini yazdı:

Qurtuluş yolunda su tək axdı
bizim qanımız,
Sənin üçün ey yurdumuz,
fəda olsun canımız.
Qandan keçib, can verib,
axır qurtardıq səni,
Qəlbimizdə qurtuluşa var idi
imanımız,

Və yaxud

Ordumuz, həm yurdumuz,
məşhur Türkdür adımız,
Dinimiz, imanımız
bu bizim vicdanımız.
Yurdumuz Türk yurdu,
biz onun qurbanı biz,
Bayrağımız göy bayraq,
ortasında Ay-ulduz.
Daha sonra həmin şeir Şərqi Türküstan İslam Cümhuriyyətinin dövlət marşı kimi qəbul edildi. Yeni qurulan hər hansı bir dövlətdə hər bir vətənpərvərin çalışacağı hədsiz dərəcə iş olur. Məhəmməd Əli Tevfiq də öz borcunu vətən övladlarının maariflənməsində görürdü. Ona görə də ilk işi Artuş nahiyəsində xalqı yeni təhsil sistemi ilə tanış etmə oldu. O, yerli maarifpərvərlərin yaxından yardımıyla "Nahiyə Maarif Heyyəti" təşkilatını yaratdı.
Bundan sonra kənd və qəsəbələrdə "Müəllimlər Heyəti" adlı birlik yaradıldı. Bu heyətin işi məktəblərin maliyyə problemlərini həll etmək onların büdcəsini zənginləşdirmək üçün ianə toplayışı, fond torpaqlarından əldə olunan gəlirin məktəblərdə təhsilə xərclənməsini həll etmək idi. Bu məsələ də həll olunduqdan sonra M. Ə.Tevfiq müəllim hazırlayan qısa müddətli kurs açdı və çox qısa müddət ərzində bu kursa 100-dən çox gənc yazıldı. Kursu başa vuran bu gənclər yeni təhsil sistemli məktəblər açmaqla bölgə xalqını maariflənməyə, cəhalət zəncirini qırıb-atmağa təşviq etdilər. Bu müəllimlər kənd və qəsəbələrə M. Ə. Tevfiqin "Biz müəllimik" şeirini oxuyaraq girdilir. Kənd və qəsəbələrə nəğmə oxuyaraq girən gənc müəllimlərin bu hərəkəti yerli xalqın sonsuz sevincinə səbəb oldu:

Müəllimik, yurdumuzda məktəb açırıq,
Xalqımıza günəş kimi nurlar saçırıq.
Uzun illər zülmət içrə əziyyət çəklik,
Elm-irfan yolunda biz intizar çəkdik.

M.Ə.Tevfiq müəllim olmasıyla yanaşı yaxşı qələmi olan şair, musiqi bəstələrinə görə təhsil görmüş bəstəkarlarla yarışa bilən bəstəkar bir şəxs idi. Şeir sanki maariflənmək üçün xalqa çağırış oldu. Artuş qəsəbəsi başda olmaqla bütün Kaşğarı maariflənmə və yeni tipli məktəblər açılma dalğası bürüdü. Kəndlərin hamısında məktəblər açıldı, on minlərlə şağird ilk dəfə məktəbə qədəm qoydu. Lakin bu son olmadı: qocalı-çavanlı hamı maariflənmə hərəkatına qoşuldu. Onlar üçün oxuyub-yazma kursları yaradıldı.1933-1936-cı illər arasındakı dövrdə bölgədə milyonlarla insan təhsil aldı, oxuyub-yazma öyrəndi.
Beləliklə M. Ə. Tevfiq Türkiyədə öyrəndiklərini Vətənində həyata keçirməyə başladı, xalqının qan yaddaşını təzələdi, tarix yazılandan bu yana müstəqil dövləti olan, dünyanın ən qədim əlifbalarından birinin sahibi bir xalqın müstəqilliyinə qovuşmasını onun tam haqqı olduğunu göstərdi:
Vətən üçün tərəqqi istərik,
Arzumuzdur rəvac tapsın maarif.
Canı fəda etdik əziz ölkəyə,
Ürəyimiz zalımlara müxalif.

1930-cu illərdə Şərqi Türküstandakı qarışıq vəziyyət Tevfiqin yorulmadan çalışdığı bu maarirf nurunun və azadlıq şəfəqinin daha da genişlənməsinə imkan yaradırdı. Lakin bu oyanışdan əndişə duyan Çinli general, qatı Türk düşməni Şin-şi-sey Sovet hökumətinin birbaşa yardımıyla azadlıq şərbətini dadmış, xoş günlər ümidilə yaşayan xalqın üzərinə hücuma keçdi. Milli ordu böyük itkilər verdi. Bu qatışıq dövrdə ziyalılardan böyük bir qrup Vətəndən ayrılıb yad məmləkətlərə üz tutdu. Tevfiq isə "ölsəm də xalqımla öləcəyəm, qalsam da xalqımla qalacağamı" deyərək mübarizəsini özünə xas davam etdirdi.
1936-cı ilin iyul ayında Şin-şi-seyin əlaltıları şairi Artuşdakı məktəbdə dərs dediyi sinifdən çıxararaq həbs etdilər. Şair 1937-ci ilin iyul ayına qədər Kaşğarın Yarbağ həbsxanasında təsəvvürəgəlməz işgəncələrə sinə gərdi, hər cür təhqirə dözdü. İradəsinin sınmadığını görən cəlladlar 170 nəfər ziyalı ilə birlikdə M.Ə.Tevfiqi güllələdilər və meyitlərin üzərinə neft tökərək yandırdılar.
Millətinin azadlığı, Vətən övladlarının mariflənməsi, cəhalətə, hürufata üsyan yolunda canını düşünmədən fəda edən şair edam olunanda 37 yaşındaydı və həyatının ən gözəl çağlarını yaşayırdı. Şair, maarifçi, bəstəkar M. Ə. Tevfiq Uyğur maarifinin, Müasir Uyğur Türk ədəbiyyatının yaradılması yolunda sonsuz xidmət göstərmiş, yorulmadan çalışmışdır. Şair şeirlərini özü bəstələyir və marş şəklində uşaqlara oxutdururdu.
O qarışıq dövrdə şairin dillər əzbəri olan şeirlərindən "Qurtuluş yolunda", "Vətən üçün", "Ey, Ana yer", "Biz izçilərik" kimi şeirlərində qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edirdisə, "Oxudu aşdı", "Oyan Vətən əhli", "Oyan millət", "Biz müəllimik" və s. şeirlərində xalqının cəhalətdən yaxa qurtarmasını, maariflənmənin vacibliyini önə sürmüş, inkişaf etmiş millətlər yanında yer almağa onun xalqının da haqqı olduğunu vurğulamışdır. "Ulu Tanrım", "Ey Vətən, Millət" kimi şeirlərində isə şair xalqa Vətəni azad etmək, inkişafa şərait yaratmaq üçün haqq-ədalətə və islama sarılmaq lazım gəldiyi fikrini ortaya qoymuşdur.
M.Ə.Tevfiqin "Səhər ağlayan bülbül" şeiri Azərbaycanın istiqlalı, azadlığı ugrunda canından keçen 37-nin repressiya qurbanlarından olan dahi şairi Əhməd Cavadın "Sən aglama mən aglayım, gözelim" şeirinə benzərliyi iki xalqın eyni düşüncəsinin inləyən naləsidir.

Səhər ağlayan bülbül,
Sən ağlama, mən ağlaram.
Qəlbi dağlayan bülbül,
Sən ağlama, mən ağlaram.

Bülbülüm gəldi sarı,
Mən ağlaram zarı-zarı,
Sevərəm mən bu Vətəni,
Sən ağlama, mən ağlaram.

Göyərçin Abid qızı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO