adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Noyabr 2017 00:27
15211
ƏDƏBİYYAT
A- A+

Ailə sirri


Bu hekayənin müəllifindən çox-çox üzr istəyirəm ki, adını unutmuşam. Mövzu ailə sirrinə həsr olunmuşdu. Belə ki, bir nəfər arvadından ayrılır. Dostu bunun səbəbini soruşanda deyir:
- Olmaz, qardaşım. Atasının, qardaşlarının qulağına çatar, ayıbdır.
İllər ötür. Bəlkə də çoxu bu hadisəni unudur. Dostu yenə səbəbini xəbər alır. O isə:
- Bəlkə onu bəyənən, ailə qurmaq istəyən oldu. Gedər, qulağına çatar.
Yenə illər ötür. Qadın ərə də gedir. Dostu bir də soruşur:
- Heç olmasa indi o səbəbi deyə bilərsənmi?
- Ayıbdır axı, - deyir, - ailə qurub, oğlu-qızı var. Onlar eşitsə nə deyərlər?
Bax, beləcə bu ailə sirri açılmır. Əslində Azərbaycanda, xalqın həyatında, düşüncəsində ailə sirrinin qorunması milli cəhətdir. Əgər ailəyə "kiçik dövlət" deyiriksə, bu dövlətin sirri də qorunmalıdır.
Amma həmişə qorunmur.
Hamısının şahidi olduğu, televiziya ekranından bütün aləmə, dünyaya yayılan "ailə sirləri"ndən bir-ikisini misal göstərmək istərdik.
Nurlan Əzizbəyli! Səhv etmirəmsə fəxri adı da var. Günlərin birində onu ekranda, əlacsız vəziyyətdə gördük. Arvadı evdən qovmuşdu... Və Nurlan ekrana çıxıb hamıdan imdad diləyirdi. Yox, bu şou deyildi, oxşamırdı, real hadisə idi. Müzakirələr başlandı, məsələdən xəbər tutmayan qalmadı. Ailə sirri aləmə yayıldı. Sonda nə yaxşı ki, barışıq oldu, yenidən birgə həyat sürdülər. Amma heç şübhəsiz ki, əvvəlki ailə dadı-tamı qalmamışdı.
Daha sonra Musa Musayev meydanı zəbt elədi. Onu da arvadı qovmuşdumu, ya ayrılmaqmı istəyirdi, yadımda deyil. Amma günlərlə bu ailənin də "kütləvi müzakirəsi" getdi. Sirlər çözələndi, aləm bir-birinə dəydi. Bunun da sonu barışıq oldu, sirlər isə aləmə yayıldı.
Hə, şou-biznes deyilən o aləmdən misallar gətirirəm, çünki, o sirlər hamı gördü, hamı bildi. Və daha qəribələri var - Rəqsanə.
Heç unutmamışıq. Bu xanım hamiləliyini demək olar ki, ekranda keçirdi. Hər gün üzr istəyirəm, qarnını nümayiş elədi. Dedi ki, mənim xalqımdan heç bir sirrim yoxdur. Nəyim varsa göz önündədir.
Əslində hamiləliyi-zadı göz önündəydi. Ammag uşağın atasını xəbər alanda Rəqsanə bu sirri bərk-bərk saxladı:
- Atası bir dostumdur (?!!).
Bax, belə "ailə sirri" açılmadı. O "ər", "sevgili", "dost" naməlum qaldı.
Və bütün bu şou-biznes xəstəliyi yavaş-yavaş yayılmağa başladı. İndi ekranda, qəzetlərdə, saytlarda onlarla ailə sirri hər kəsə məlum olur. Bir tərəfdən yaxşıdır - köməksiz, şiddətə məruz qalanlar, dəstək görə bilirlər. Amma bəzən o qədər primitiv, əttökən məsələlərlə vaxtımızı alanlar olur ki, Nurlan Əzizbəyliyə şükür eləyirsən. Hətta kimsə arvadı tərəfindən döyüldüyünü iddia edir. Ailənin sirri-sözü qalmır ki, milyonlara söyləməsin.
Nə olur bizə? Ailə institutu bu qədərmi sarsılıb? Bu məsələ ilə bağlı bir dövlət komitəsi də yaradılıb. Milli mentalitet, adət, ənənə, böyük-kiçik də öz yerində. Amma...g
Və yenə həmin hekayəni xatırladım. Bir daha müəllifdən üzr istəyərək, belə gözəl bir əsər yaratdığım üçün təşəkkür etmək borcumuzdur. Ailə sirrini qoruya bilməmək, dövlət sirrini də qoruya bilməmək kimi bir məsələdir.
Bu yerdə demokratiyadan, şəxsi həyatdan, azadlıqdan-zaddan nəsə uydurmayın. Söhbət AİLƏDƏN gedir.