adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Noyabr 2017 00:13
9259
GÜNDƏM
A- A+

Balakəndə ilk dəfə Beynəlxalq xurma festivalı

Orta və yaşlı nəsil nümayəndələrinin xatirində olar. Ötən əsrin 60,70 və 80-cı illərində Balakəndə bol tütün, barama, qarğıdalı, fındıqla yanaşı 25-30 min tona qədər xurma da tədarük olunurdu. Kənddə yaşayan ailələrin hər birinin həyətyanı torpaq sahəsində xeyli xurma ağacı vardı. Hər ilin payızında yığılmış məhsul SSRİ-nin ayrı-ayrı respublikalarından, əsasən də Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusdan gələn "Şkoda" markalı böyük tonnajlı maşınlara yüklənərək satışa göndərilərdi. Rayondakı tədarük idarəsinin əməkdaşları alıcı tapmaqda xurma sahibinə yaxından köməklik göstərirdi.
Bir çox ailələr xurma satışından əldə olunan yaxşı gəlir hesabına özünə ev tikir, övladını evləndirir şəxsi minik maşını alırdı. Yəni, iş elə qurulmuşdu ki, xurma satışı dövründə heç bir çətinlik, yubanma ortaya çıxmırdı. SSRİ-nin süqutundan sonra 15 müttəfiq respublika arasındakı iqtisadi, ticari əlaqələrin son dərəcə zəifləməsi əhaliyə xeyir verən kənd təsərrüfatı məhsullarının satışı sahəsində ciddi problemlər yaratdı. Bir çox ailə sahibləri ruhdan düşərək həyətlərindəki xurma ağaclarını kəsdilər. Bir qədər diribaş olanlar isə xurmadan bəkməz bişirərək, onu qurudaraq satışa çıxardı, qazanılan gəlir hesabına ailəsinin dolanışığını təmin etdi.
Sevindirici haldır ki, respublika Prezidenti İlham Əliyevin göstəriş və tövsiyyəsindən sonra kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən meyvəçiliyin inkişafına son illər xüsusi fikir verilir, dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Son illər ayrı-ayrı bölgələrdə, eləcə də rayonumuzda yeni emal müəssisələrinin, zavodların, soyuducu anbarın istifadəyə verilməsi dediklərimizə parlaq misaldır. Rayonlarda hər il Məhsul bayramlarının keçirilməsi kənd təsərrüfatı sahəsində çalışanların işə olan marağını daha da artırır. Noyabrın 4-5 də Balakən növbəti dəfə daha bir mötəbər tədbirə ev sahibliyi etdi, rayonumuzda ilk dəfə "Beynəlxalq xurma festivalı" keçirildi. Tədbirin keçirildiyi gün, saat əvvəlcədən bəlli olduğundan səhər-səhər minlərlə insan Heydər Əliyev adına şəhər Mədəniyyət və İstirahət Parkına toplaşmışdı. Qonşu Zaqatala, Qax, Şəki rayonlarından gələn xeyli qonaq da tədbir iştirakçıları arasında idi.
Fürsətdən istifadə edib, ilk müsahibəni kənd təsərrüfatı nazirliyinin meyvəçilik və çayçılıq elmi-tədqiqat institutunun direktor müavini Vahid Əliyevdən aldım. O dedi ki, xurma qədim relikt bitkilər qrupuna aiddir. Qədimlərdən insanlara məlum olan bu giləmeyvə el arasında daha çox xurma kimi tanınsa da zaman-zaman "Tanrı qidası", "Çin şaftalısı", "Ürək alması","Qış albalısı" adlandırılmışdır. Xurmanın 800 növü olsa da respublikamızda əsasən dörd sort-Qafqaz, Virgin, Şərq və Çin xırnikləri becərilir. Şərq xurması ilk dəfə 1888-ci ildə Uzaq Şərqdən Qafqaza gətirilmişdir. Azərbaycanda isə ilk dəfə Virgin xurması 1926-cı ildə Lənkəranda əkilmiş, sonrakı illərdə qalan növlər də ayrı-ayrı rayonlarda becərilməyə başlanmışdır. Bizim xurma bütün xurmalardan dadlı, insan səhhəti üçün xeyirlidir.
İkinci dəfədir ki, Balakəndə oluram. Bayaqdan xeyli insanla söhbət etmişəm. Onlar yenidən xurma ağacı əkəcəklərini bildirdilər. Əminəm ki, bu cür festivalın keçirilməsi təkcə Balakəndə deyil, respublikamızın digər rayonlarında da xurmaçılığın inkişafına güclü təkan verəcək.
...Nəhayət, çoxdan gözlənilən məqam yetişdi, ulu öndərin adını daşıyan parkda festivalın rəsmi açılışına start verildi. Balakən İcra Hakimiyyətinin, "Balkhoorma" şirkətinin, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə düzənlənən festivalda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarci ölkə səfirliklərinin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev, Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Kamilə Əliyeva, həmçinin digər qonaqlar və minlərlə rayon sakini iştirak edirdi.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, qonaqlar əvvəlcə ulu öndərin uca zirvədə qərar tutan möhtəşəm abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra mədəniyyət və istirahət parkının ərazisində qonaqlar tərəfindən xurma ağacları əkildi. Festival iştirakçıları xüsusi zövqlə, son dərəcə gözəl, bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və müxtəlif cür kompozisiyalara, kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi sərgilərə baxdılar. Xurma, alma, armud, qoz, fındıq, şabalıd və digər meyvələr, arıçılıq, ət, süd, bostan və tərəvəz məhsulları, "Azəryemsənaye "MMC-nin və yerli konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb oldu. Yun darayan, ip əyirən, xalça toxuyan, döşək sırıyan xanımların əl işləri qonaqları heyran etdi, onlar Balakən mətbəxinin nümunələrindən daddılar. Pəhləvanların məharəti, folklor kollektivlərinin rəngarəng çılxışları, əyləncəli yarışlar sonsuz maraqla izlənildi. Süd çörəyinin - maxaranın, buğda və qarğıdalı unundan çörəyin bişirilməsinə qonaqlar maraqla tamaşa etdilər.
"Xurma şahzadəsi"nin gözəl bəzədilmiş faytonla gəlib tribunaya qalxması və qonaqları salamlaması hamı tərəfindən alqışlarla qarşılandı.
Festivalın rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış etdilər.
Rayon rəhbəri xüsusi olaraq vurğuladı ki, dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafını, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsini daim diqqət mərkəzində saxlayır. Balakəndə vaxtı ilə hər payız mövsümündə 25 min tondan çox xurma tədarük olunub. İndi isə məhsuldarlıq 14-15 min tondur. Mövcud xurma bağları 843 hektardır. Biz bağları genişləndirməklə gələcəkdə xurma tədarükünü daha da artırmaq niyyətindəyik. Xurma ixrac potensialı yüksək olan məhsuldur. Hazırda rayonumuzda xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən Rusiya və Ukraynaya ixrac olunur, həmçinin daxili bazarda da satışa çıxarılır.
Katex kəndində yeni yaradılan "Balxurma" müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçirilir. Hazırda burada 70 nəfər çalışır. İşçilərin sayının 200 nəfərədək artacağı gözlənilir. Müəssisədə istehsal olunan məhsullar daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə də ixrac ediləcək. Bu müəssisə quru və yarımquru meyvələrin istehsalı sahəsində öndə gedən avtomatlaşdırılmış, texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir tələblərə cavab verən istehsal sahəsidir.
Bir daha hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm.
Balakəndə keçirilən festival Bakıdan gəlmiş tanınmış müğənnilərin və yerli incəsənət ustalarının son dərəcə maraqlı konsert proqramı ilə başa çatdı.
Festivalın ikinci günü Heydər Əliyev adına şəhər Mədəniyyət və İstirahət Parkında Balakəndə istehsal olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi.

Zeynəddin Həsənli