adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Noyabr 2017 17:32
18114
ELM VƏ TƏHSİL
A- A+

“Kitabi-Dədə Qorqud” mövzusunda dəyirmi masa

Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Milli-mənəvi varlığımız-"Kitabi-Dədə Qorqud” mövzusunda dəyirmi masa keçirilib.

Adalet.az xəbər verir ki, Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun "Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı "Kitabi- Dədə Qorqud”da mifoloji dünya modeli və vətən obrazı” adlı mühazirə oxuyub. O, "Kitabi-Dədə Qorqud” dastanının yaranma tarixi, təsvir olunan obrazların səciyyəvi xüsusiyyətləri və təqdim olunan hadisələrdə mifoloji dünyagörüşünün bir çox məqamlarına toxunub: "Öncə Azərbaycanda və dünyada "Kitabi-Dədə Qorqud” eposunu təbliğ edən AMEA-nın həqiqi üzvü, rektor Kamal Abdullaya təşəkkürümü bildirirəm. ADU-da bu mövzuyla bağlı keçiriləcək silsilə mühazirələrdə ilk məruzənin müəllifi olduğuma görə çox şadam. Bu eposun nəşri və dünya miqyasında təbliğ edilməsi üçün dövlət qayğısının olduğunu diqqətinizə çatdırmaq istəyirəm. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin dünya səviyyəsində keçirilməsi haqqında imzaladığı fərman, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar olaraq verdiyi müvafiq Sərəncam və dövlət səviyyəsində tədbirlərin təşkil olunması buna əyani misaldır”. R.Qafarlı bildirib ki, Dədə Qorqud obrazı türklərin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir: "Heç bir xalqın ədəbi irsində analoqu olmayan bu eposda əcdadlarımızın ilkin dünyagörüşündən orta çağların tarixi hadisələrinə qədər əksər sosial ünsürlərin izlərinə rast gələ bilirik.Dastanda ana obrazı vətən rəmzi kimi səciyyələndirilir, ana haqqı tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü və məsəllərdən istifadə olunub. "Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixi üçün zəngin mənbədir”.

"Kitabi-Dədə Qorqud” dastanında İslam dininin elementləri, Qorqud sözünün etimologiyası və digər önəmli mövzulardan bəhs edən AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Dədə Qorqudun şücaət göstərən igidlərə ad qoyması, çətin zamanlarda xalqın köməyinə gəlməsi və müdrik məsləhətləri ilə onlara yol göstərməsini qeyd edib: "Tarixi şəxsiyyət və hadisələrin şərti səciyyə daşıdığı "Kitabi-Dədə Qorqud” eposunda real hadisələrlə birgə mifoloji dünyagörüşünə söykənən hadisələr və obrazlar da öz əksini tapır. Mifoloji dünyagörüşünə əsaslanan bu obrazlarda İslam dininə qədərki türk dünyagörüşünün elementlərini də müşahidə edə bilirik”.

İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.