ANA SƏHİFƏ / İDMAN

Tanrının əli - MARADONA

6706    |   2017-11-08 11:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, 1960-cı il oktyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayres şəhəri yaxınlığında yaşayan don Dieqo və Don Dalmanın ailəsində 4 qızdan sonra ilk varis olaraq dünyaya gəlib. Don Dieqo ilk oğluna öz adını qoymağı qərarı alıb. Həqiqətən də, kiçik Dieqo dörd bacı - Rita, Ana, Elza və Mariyadan ibarət səs-küylü qadın kampaniyasını vaxtında sakitləşdirib. Daha sonra Maradona ailəsində daha iki oğlan - Uqo və Raul dünyaya göz açıb.


Qısa arayış

Ailənin "arzularının hədiyyəsi” hesab edilən Dieqo Maradonaya 7 yaşının tamamında ilk futbol topu hədiyyə verilir. Bu, onun xəyallarının, arzularının hədiyyəsi idi.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə gerçəkləşib. Belə ki, dostu Maradonanı o vaxtlar "Los Sebollitas" komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış edib. Amma onun futbolçu kimi yetişməsində atasının rolu böyük olub. Belə ki, kiçik Dieqoya ən vacib futbol fəndlərini atası öyrədib. Məktəbdə isə tez zamanda məşhur "Argentinos Xuniors”un gənclərdən ibarət komandası sayılan "Los Sebollitas” klubuna qəbul edilib.


Gələcəyin Tanrısı

Elə ilk məşqlərdə də o, ən yüksək nəticələr göstərib. Hətta bir dəfə gənc Dieqo sınıq ayağı üzündən oynaya bilməyən yoldaşına deyib ki, onun əvəzinə 3, öz yerinə isə 2 qol vuracaq. "Los Sebollitas" onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb.

Maradona xatirələri ilə bağlı müsahibələrinin birində belə demişdi: "Biz meydançada maşına bənzəyirdik. Hamını hətta 20:0 hesabı ilə məğlub edirdik. Biz Argentina çempionu olan "River Pleyt”in məşhur yeniyetmələrinə qarşı oynamağı arzulayırdıq. Nəhayət, bu matç baş tutdu. 7:1 hesabı ilə qalib gəldik. Özüm gözəl qol vurdum. Ümumilikdə isə vəd etdiyim kimi, 5 qola imza atdım. Rəqibin necə qəzəbləndiyini və bütün meydança boyunca arxamca qaçdığını görmək mənə həzz verirdi”.


Gizli saxlanılan "miras”

1976-cı ildə - 12 yaşında "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb. Komandanın məşqçisi Dieqonun əsl yaşını gizlətməli olub. Çünki yaşı minimal həddən də aşağı idi. Yeniyetmə futbolçu başqa adla oynamaq məcburiyyətində qalıb. 1973-cü ildə "Argentinos” Evita Kubokunun finalında 5:4 hesabı ilə "River Pleyt”i məğlub etdi. Bu oyunda Maradona 7 nəfəri keçərək, qol vurdu. Qısa müddət sonra o, "Argentinos”un 7-ci, ardından 5-ci, 3-cü və nəhayət, əsas komandasında peyda oldu.


"Dəyirmançı atam”

Dieqonun bütün uğurlarına baxmayaraq, ailəsi ehtiyac içində idi. Lakin ata-Dieqo oğlunun futbola şiddətli həvəsinə heç vaxt sədd çəkmirdi. "Atam dəyirmançı işləyirdi. Dəyirmançı atam, daim işdən yorğun qayıdırdı. İki növbədə - səhər və axşam işləyirdi. Dəyirmana dəni, demək olar ki, sutka boyunca gətirirdilər və narın un dərhal sahibinə qaytarılırdı. Lakin günorta nahar edəndən sonra əlimdən tutaraq, məni kluba aparırdı” deyə Maradona müsahibələrinin birində keçmişi xatırlayaraq danışmışdı.

O, ən parlaq və vacib debütü kimi "Arxentinos”un heyətində 1976-cı ildə keçirdikləri matçı sayır. Həmin vaxt Dieqonun komandası uduzsa da, onun meydançadakı çıxışı milyonlarla fanatına sevimli klubunun məğlubiyyətini unutmaq imkanı vermişdi. Maradona məşqçidən tutmuş jurnalistlərədək hamını təəccübləndirmişdi. Onun peşəkarlığına və ustalıqla çıxışına hətta rəqibləri də qibtə edirdilər. Lakin bu matç onun yaddaşında təkcə istedadı ilə hamının qürur duyması kimi yox, bundan az əhəmiyyət kəsb etməyən daha bir fakt kimi qaldı. Məhz həmin matçdan sonra ona Kristina adlı bir qız yaxınlaşdı və gənc futbolçuya təşəkkür etdi. Dedi ki, komandanın məğlubiyyətində onun günahı yoxdur. Əvəzində Maradona söz verdi ki, növbəti dəfə qollarından birini cazibədar həmsöhbətinin şərəfinə vuracaq. Belə də oldu. Düz iki həftə sonra "San-Lorentso” ilə matçda o, həddən artıq gözəl qol vurdu. Bu zaman komanda yoldaşları onu təbrik etməyə tələsərkən, Dieqo həmklublarını dayandırdı və üzünü Kristinanın oturduğu tribunaya tərəf tutub, "Mənə yox, bax, ona təşəkkür edin” - deyə qışqırdı.

Yeri gəlmişkən, 10 il sonra Kristina Sinaqra adlı bir qadın Maradonadan oğlan uşağı dünyaya gətirdiyini və ona atasının şərəfinə Dieqo adı verdiyini bildirdi. Maradonanın həqiqətən də həmin uşağın atası olduğu sübuta yetirilmədi. Lakin o məlumdur ki, Dieqo Sinaqra "ata”sının yolu ilə getməyi qərara aldı və İtaliyanın çimərlik futbolu üzrə yığmasında çıxış etdi.



"Allahın əli”

18 yaşında ikən Maradona öz ölkəsinin milli komandasında debüt etdi. Sonra isə 1982-ci ildə İspaniyada keçirilmiş dünya çempionatında çoxlu oyun keçirdi, 1986-cı il Meksika mundialında 5 qol vurdu və komandasını dünya futbolunun liderinə çevirdi. 1986-cı il argentinalılar üçün ən parlaq illərdən oldu. Məhz həmin vaxt Maradonanın gözəl oyunu sayəsində Argentina millisi dünya çempionu oldu. Elə oradaca Dieqo əllə qol vurdu. Bu qayda pozuntusunu matçın hakimindən başqa hamı gördü. Hakim bütün qaydalara zidd olaraq vurulan qolu qeydə aldı. Dieqonun özü isə "Bu, Allahın əli idi” deyə vurduğu topa şərh verdi. O vaxtdan Maradonanı "Allahın əli” adlandırmağa başladılar.

Meksikadakı dünya çempionatından sonra Maradona İtaliyaya yollandı. Yerli azarkeşlər üçün bu, əsl bayram oldu. O vaxtlar Dieqo "Mən "Napoli”də oynadığım üçün xoşbəxtəm” dedi. Hətta argentinalı ulduz üçün italiyalı azarkeşlər xüsusi himn də bəstələdilər. Onun transferi isə "Napoli”yə 7,5 milyon dollara başa gəldi. Lakin Maradona bu klubu İtaliya çempionluğu, ölkə kuboku və UEFA Kubokuna qovuşdurduqdan sonra heç bir ağlasığmaz məbləğ bütün ölkənin keçirdiyi sevinc hissləri ilə müqayisə oluna bilməzdi. Oyunların birindən sonra Dieqonun qanından götürülən analiz nəticəsində kokain izləri aşkarlandı. Həmin vaxt argentinalı futbolçunu ilyarımlıq diskvalifikasiya etdilər. Bütün "günah”larına baxmayaraq, Maradonanı Neapolda səbirsizliklə gözləyirdilər. Bu arada o, 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında Argentina yığması ilə gümüş medal qazanmışdı. Lakin Dieqo Mundialdan bir il sonra "Napoli” ilə müqaviləni birtərəfli qaydada pozmağı və öz cibindən dəbbə pulu ödəməyi qərara aldı.


Qalmaqallı gediş

Dieqo İspaniyanın "Sevilya” klubunun heyətində də bir neçə oyuna çıxdı. Sonra isə o, vətəni Argentinaya qayıdaraq, 1994-cü il dünya çempionatına hazırlaşmağa başladı. Lakin gələcək karyerasına yenə narkotiklər mane oldu. ABŞ-dakı mundialda ikinci oyunundan sonra futbolçunun qanında efedrin tərkibli preparat izləri aşkarlandı. Beləliklə, Maradonanı dünya çempionatından kənarlaşdırdılar.

Sonradan o, özünü məşqçi kimi sınadı. Lakin futbolçu kimi qazandığı şöhrəti burada qazana bilmədi. Əvəzində əsas qalmaqallı "nyusmeker” kimi o, hamıdan çox gündəmdə qalmağı bacardı. 2004-cü ildə təyyarəyə gecikərkən, dostları ilə birgə Rio-de-Janeyro hava limanında VİP-personalar üçün zalda çaxnaşma törətdi. O, dəfələrlə "ürək aritmiyası” diaqnozu ilə xəstəxanaya düşdü. Lakin əsl-həqiqətdə diaqnozun bir qədər fərqli – kokainin dozadan çox qəbulu” kimi səsləndiyi aşkarlandı. Maradona bir neçə dəfə narkotik asılılıqdan müalicə olundu.

O, Argentina və İtaliya telekanallarında şərhçi kimi də çalışdı. 2008-ci ilin oktyabrından 2010-cu ilin iyununadək Maradona Argentina yığmasının baş məşqçisi oldu, komanda ilə dünya çempionatının ¼ finalınadək irəlilədi.

Dieqo ailəli olub. Sabiq rəfiqəsi Klaudiya Vilyafanya ondan 2 yaş böyükdür. Dieqo Klaudiya ilə 25 il yaşayıb. Bir dəfə həyat yoldaşını kiməsə dəyişib-dəyişmədiyi ilə bağlı jurnalistlərin sualına Dieqo belə cavab verib: "Heç vaxt. Amma bu, baş versəydi belə, heç vaxt etiraf etməzdim”.

"Mən Peledən yaxşı futbolçu olmuşam”

Amma dünya Maradonanın sözlərini ciddi qəbul etmir. Dieqo Maradonanın "Mən Peledən yaxşı futbolçu olmuşam. Argentina yığması isə Braziliya komandasından güclü olub" sözlərinə Pele öz münasibətini bildirib. Pele heyətində çıxış etdiyi Braziliya komandasının Argentina da, daxil olmaqla bir çox rəqiblərə qalib gəldiyini bildirib. Pele həmçinin Maradonanın sözlərini heç vaxt ciddi qəbul etmədiyini də, qeyd edib. Dieqo Maradonanın çılğın xarakterini nəzərə alsaq, onun Peleyə sərt cavab verəcəyini gözləmək olar.


Son

Futbol kralı Pele Argentina millisinin baş məşqçisi Dieqo Maradonanın ittihamlarına cavab verib. Hələ bu ilki dünya çempioantından əvvəl Pele Maradonanın məşqçi kimi ciddi heç nəyə nail olmayacağını demişdi. Maradona isə braziliyalıya "Peleni muzeyə qoymaq lazımdır" kimi maraqlı replikayla cavab vermişdi. "Bütün dünya bilir ki, Maradona məni sevir, onun məndən xoşu gəlir" - deyə Pele "Lance" nəşrinə müsahibəsində bildirib: "Nə vaxtkı Dieqo bir tədbir keçirəndə özünə diqqətin artmasını istəyir, o dəqiqə mənim personama müraciət edir".

Mişel Platini isə onun haqqında belə demişdi: "Maradona məndən də, Zidandan da dahi futbolçudur. Çünki bizim topla etdiyimizi o portağalla da edə bilir".



İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO