adalet.az header logo
  • Bakı 17°C
08 Noyabr 2017 00:39
14679
ƏDƏBİYYAT
A- A+

MARAL MƏŞƏDİLƏRİN HEKAYƏTİ, YAXUD NATAŞANIN MƏHƏBBƏTİ

Allahverdi Eminov

(əvvəli ötən saylarımızda)

Ə.Haqverdiyev özünə hesabat verən yazıçı idi və özünü yaradıcılıq anlarında xoşbəxt hiss edirdi, yəni psixoloji ovqatını nəzərdə tuturdu. Əlbəttə, ruhdan düşmə, narahatçılıq, yalqızlıq hissləri istisna olunmurdu. Başlıcası: həyat və insanlar haqqında mülahizələrində qalırdı, ali ədəbi düşüncələrini əsərlərində əks etdirirdi. Amma obrazları onu narahatçılığa gətirəndə əsəbləri dözmürdü, yürütdüyü mühakimələrin xalqa təsirini fikirləşirdi. "Şeyx Şəban", "Mirzə Səfər", "Qoca tarzən", "Ovçu Qasım" kimi hekayələrin obrazları yazıçının obyektiv prinsipinin əsas aspektlərini müəyyənləşdirirdi: həm həyatda, həm də ədəbiyyatda insanın hüquqları, vəzifələri təsdiqini tapmalıdır adi baxışdan və bu aspektdən varlıqda baş verən hadisələri işıqlandırmaq tələbidir; daha doğrusu, bədii yaradıcılığın ideya-fəlsəfi əsasları prinsipiydi. Hansı ki, Mirzə Cəlil bu "səddi" keçmişdi. Ə.Haqverdiyev ədəbiyyatşünas olduğundan, xüsusilə, yığcam hekayələrində dərin mətləbləri həll etməklə nəsrin poetikasının tələblərini gözləyirdi. Bədii strukturu nəzərdə tuturdu ki, müəllif müdaxiləsinə - şərhinə üstünlük verirdi. "Qiraət" hekayəsi haqqında qismən danışdıq, onun qəhrəmanı Məşədi Qulam sadə təbiətli obraz deyil və professor T.Mütəllimovun: "Haqverdiyevin nəsrində Məşədi Qulam psixoloji dərinliyi və komikliyilə bəlkə ən qüvvətli satirik tipdir" - yazdığı obyektiv yanaşmadır.
Məşədi Qulam feodal mühitinin təzələndiyi bir zamanın obrazıdır; bir dükançının şəhərdə pis yaşamayan rus qadını ilə eşq macərasını ifa etmək məharətini görürük, əcnəbi qadınlar da sərvət, pul qoparmaq niyyətini güdməzsə, ona yad kişilər sərf etməz. Bu məsələdə Məşədi Qulam üçün əxlaqi və hüquqi tənzimetmə anlamı yoxdur, ailə-nikah qanunvericiliyi formaldır. Nataşaların məşədilərdən zahiri həzz almaları absurddursa, onlarla münasibətlər qurması - ali sosial əxlaqi sərvəti puldur, qiymətli əşyalardır. Yazıçı sakit məcrada, iqtisadi mühakimə yürütmədən fərdin - Nataşanın (əcnəbi qadınların) əxlaqi uyğunlaşmasını, onun əxlaqilik meyarını göstərir. Məşədi Qulamın davranışında cinsi fantaziyası ilə əxlaqilik dərəcəsi bərabərləşir və ona qadın meyli həqiqi, real keyfiyyətlərinə görə yox, sərvətinə, puluna görədir. Məşədi Qulamların, eləcə də tarixdən tanıdığımız milli burjuaziyanın milyonçuları əcnəbi xanımlarla oturub-durmağı fəzilət sayırdılar.
Məşədi Qulamın satirik hekayənin qəhrəmanı olduğu istisna olunmur tərəfimizdən və sonra ibrətli komik vəziyyətə düşür. Lakin bu obrazı daha başqa aspektlərdə təhlil etməyə ehtiyac vardır.
Ə.Haqverdiyev süjet qurarkən səy edirdi ki, hadisələr yazıçını həyəcanlandıran əxlaqi problemi yetərincə aşkara çıxarsın, xarakterlərin toqquşmasında özünü büruzə versin. Bədii ümumiləşdirmədə obrazların fərdiliyi, təkrarsızlığı oxucunu yormasın, əyləndirsin, əvvəlcə məntiqə varmadan gülsün, sonra kədərlənsin. "Çeşmək" hekayəsində fabula sadədir, ilk baxışda ciddi heç nə vəd etmir. Məşhur advokat Mahmud bəy kefcil adamdır və bütün şəhər adamları onun nikbin lətifələrinə, lağlağına aludədir. Bu mənada Mahmud bəyin mənzili dolu olardı. Amma "iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işlə məşğul olardı". Bir sözlə, Mahmud bəy şəhərdə qabil şəxsdi...
Oxucu əhvalatın məhz bu advokatla davam edəcəyini gözləyir. Lakin hekayədə Mahmud bəyin səpdiyi "toxum" çürümür, hətta Tiflisə, Türküstana, Gəncəyə cücərə-cücərə çıxır. Cəmiyyətdə məsləksiz, sosial məqsədsiz, məzmunsuz həyata aşinaların taleyini bir çeşmək həll edir.
Mirzə Əhməd Mahmud bəyin dostlarından sayılır və bir gün qəzet oxumaq üçün Mahmud bəygilə gəlir, bir-iki saat qəzet oxuyandan sonra xudahafizləşib gedir. Mahmud bəy lağlağaçı, şayiə buraxan olsa da, bu dəfə o, çeşməyi masanın üstündə görməyib zənn edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparıb, dərhal nökərini Əhməd bəyin dalınca göndərir. Nökərin gedişindən sonra çeşmək tapılır və əhvalatın əxlaqi mahiyyəti - davranışın obyektivləşdirdiyi münasibətlər müəllif ideyasını açır. Yeni "aparıcı-icraçı" personajlar hekayəyə daxil olur: Kosa Baxşalı, Nalbənd Paşa, Səməd yüzbaşı, Karvansaraçı Qurbanov, Dadaşın qardaşı Ələkbər.
Kiçik bir haşiyə çıxaq: Yuxarıda xatırlatdığım kimi, Z.Freydin nəzəriyyəsindən - psixoanalizindən irəli gələrək elmdə belə bir tapıntı mövcuddur ki, insanlar açar deşiyindən, pərdə arxasından xəlvətcə tamaşa edəndə ayrıca həzz alır və bundan xoşallanan həmin adam gördüyünü şayiə kimi ətrafına, mühitə buraxır. Bu, "vuarizm" adlanır. Vuarizmə görə, insan eyni səhnəyə açıq-aşkar tamaşa edəndə daha çox həzz alır. Şayiələri dinləmək, qulaq asmaq geniş əks-səda verir, barəsindəki geniş yayılan şayiə əsəbləri oynadır, tarıma çəkir.
Mahmud bəyin buraxdığı şayiə sürətlə yayılır və hədəfi bir adamdır: Əhməd bəy!
Birinci şayiə: "Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını taqqıldat! Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin".
Bu, Əhməd bəyin xətrinə dəyir və gəlir Mahmud bəyin evinə: "Sabah gedirəm vağzala, oradan da oyana gedirəm. Hər nə bilirsən bundan sonra elə". - Bu, Mahmud bəyin şakəri üçün kifayət etdi.
İkinci şayiə: Kosa Baxşalı Əhməd bəylə rastlaşır və sifarişi çatdırır: "Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək, əlbəttə, mənim çeşməyimi ondan alıb göndərərsən".
Üçüncü şayiə: Nalbənd Paşa Əhməd bəylə qarşılaşır: "Bağışlayın, siz Əhməd bəy deyilmisiniz?
- Mənəm, necə?
- Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa ver, gedən adam var, göndərim".
Dördüncü şayiə: Karvansaraçı Qurbanov vağzalda Əhməd bəylə görüşür, salamlaşır və Mahmud bəyin çeşməyini istəyir.
Beşinci şayiə: Açıqkəndli Səməd yüzbaşı gecə ikən Əhməd bəyin başqa yerdə qapısını döyür, açırlar:
"- Əhməd bəy buraya düşüb?
- Bəli.
- Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim.
Əhməd bəy dəli kimi yerindən qalxır".
Bu, onun əsəb xəstəliyinə gedən əyani vəziyyətidir.
Altıncı şayiə: Sövdagər Məşədi Dadaşın qardaşı Ələkbər qış gecələrinin birində soyuqdan titrəyə-titrəyə Əhməd bəyə sifarişi çatdırmaq istəyir:
"- Çe..., Çe..., çeşmək!"
Bu keyfiyyət Əhməd bəyin bilmərrə halətindən çıxardır və otaqda başlayır əsəbi halda gəzişməyə, öz-özünə deyinməyə.
Bu, onun dəliliyə növbəti addımıdır.
Ə.Haqverdiyevin özü danışmır, hərəkətdə olanlar Mahmud bəyin nüfuzunu qəbul edib həqiqət kimi qəbul edilən şayiəni - çeşmək məsələsini ciddiləşdirirlər.
Personajlardan gələn təhkiyə üsulu yazıçının gülüş hədəfinə çevirdiyi Əhməd bəyin də, Mahmud bəyin də amalını, dünyagörüşünü təyin edir. Müəllif müdaxilə etmir, təsvir etdiyi hadisələrin dərkini istəyir - məşhur advokat, hansı ki, insanların taleyinə bir növ cavabdehlik daşıyır - bir insanı şayiəyə büküb ləzzət alır. Çeşməyi bədii fakt kimi götürən yazıçı ondan bədii taxt kimi də istifadə edir, əhvalatların, görüşlərin dəqiq duyumunu yaradır. Müəllif müdaxiləsi - təhkiyəsi olsa idi bəlkə də hekayənin bədii bütövlüyü pozulardı, oxucunu yorardı.
Ə.Haqverdiyev zavallı Əhməd bəyin yaşamasını artıq hesab edir, hərçənd, Mahmud bəyin - aşinasının əlində giriftardır, başını götürüb uzaqlara aparırsa da. Ona sakit, səssiz ölümü rəva görür: xeyli müddət evində "dustaq olur, heç yana çıxmır, hətta şəhərdə başqa bir şayiə gəzib-dolaşır ki, Əhməd bəyin başına hava gəlib. Çox keçmir, Əhməd bəy vəfat edir. Ən çox ağlayan isə Mahmud ağa idi. Dostunun dəfni üçün hətta yüz manat pul da verir.
Sual fikrimdən keçdi: Ağır itkinin baiskarı olduğunu anlayan advokat Mahmud bəy haqqında cəza tədbiri görmək mümkünmü? Mümkün! Belə təqdirdə başqa bir advokat Mahmud bəyi müdafiə edərmi?
Ə.Haqverdiyev qəhrəmanlarının həyatda mənasız yaşamalarından əzab çəkirdi; onlar kəndbəkənd, şəhərbəşəhər, məhəllə-məhəllə çoxalırlar. Onlar özlərini qəribə, əcaib, başı havalı kimi aparırlar. Belələri "dəli oynatmaqdan" zövq alırlar: "Məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi olsun ki, onu oynatmaqla camaat vaxtını keçirsin" - bu müəllif "şərhi"ni "Uca dağ başında" hekayəsindən götürmüşük. Yazıçı bu ideya-niyyətinin təcəssümü üçün bədii vasitə tapmışdı, amma bəzi hekayələrində olduğu lokal məişət səhnəsi deyildi. Bədii təsvir istirahət istəyən şəhər əhalisinin əyləncə obyekti tapması idi.
Ə.Haqverdiyev təsvir məkanını təsadüfən mənzərəli, səfalı yerdə seçməmişdir. Belə guşələrdə yaşayanlar bədəncə də, ruhca da, xasiyyətcə də sağlam olurlar. Çün, təbiət o adamların başını yaxşı şeylər üçün qarışdırır: "Uca dağ başında, mədəniyyət məkrəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər... Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məşum uşaq qəlbi kimi pak..." Lakin bu şəhər necə ki, payızlaşdı, bar-bəhrə - məhsul sovruldu, qaynar həyat tükənir, camaat bikarlaşır və özlərinə məşğuliyyət axtarıb tapırlar. Bəs bu məşğuliyyətin adı və özü nədir: dəli oynatmaq. Və ilk qurbanı - divanəni tovlayıb şəhərə gətirirlər. Həmən divanəyə deyirlər: "İndi get özünə çörək tap!"
Bəlli olur ki, şəhərin dəlilərinin hamısının tərcümeyi-halı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən köklənib türd, təlx olmaları tamam əhaliyə məlumdur". Və Ə.Haqverdiyev içərisində heyfsilənərək, millətinin sırasında belə məşğuliyyətdən feyziyab olan və uşaqları bu işə qoşan soydaşlarını oxuculara təqdim edir. Sual edirəm: camaatdan marallar hansılardır - ağıllı dəlilərdir, yoxsu bu dəlilərdən zövq alanlardır, bunu özlərinə əyləncə seçənlərdir?
Ə.Haqverdiyev istəmir sağlamları dəli kimi təsvir etsin, ifşaya tuş gətirsin. Yazıçı gülüşü "dəlilərini" yaxınına buraxmır, daxilindən püskürən etiraz ifşa ruhunu sakitləşdirir, onlar məhəbbət ideyasının təsirinə düşür. Yazıçı bu hekayəsini qələmə alanda da həyata baxışlarını yoxlamaq istəyirdi, yaradıcılıq əzabını personajlarla paylaşırdı. O, faciəli bir həyatın fəlsəfəsini təsvir etdiyini başa düşürdü. Onu da unutmurdu ki, dəli oynatmaq ayrı-ayrı adamların xarakterinə düşməmişdir, bütün şəhər əhalisi bu mənəvi-sosial ağrıya yoluxmuşdur. Və ilk qurbanları dəllək - Hacı kişi olur. Bu adam xeyirxahdı: qan alır, həcəmət qoyur, diş çəkir, zəli salır - o dövrün müalicə üsulları bunlardı. Hacı kişi az-maz rusca da danışardı. Onun sadəlövhlüyü kifayət edir ki, "dəlilik statusuna" nail olsun.
(ardı gələn sayımızda)