adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Noyabr 2017 00:13
9797
GÜNDƏM
A- A+

MODERNLƏŞƏN QƏDİM ŞƏKİ

(əvvəli ötən sayımızda)

Kənd təsərrüfatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanmışdır.
Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımların atıldığını qeyd edərək demişdir:
"Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə bir çox müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır".
Avqust ayının 4-də Qax rayonunda cənab Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair müşavirə keçirilmişdir. Müşavirədə bu zonada kənd təsərrüfatının mühüm sahələrindən biri olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf tarixi haqqında geniş məlumat verilmiş, son illərdə əldə olunan nəticələr təhlil olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Ölkə başçısının müəyyən etdiyi aqrar siyasətin rayonda uğurla həyata keçirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyəti bütün daxili imkanları səfərbər etmiş və kənd təsərrüfatı məhsulları istehsalının dinamik inkişafına nail olunmuşdur.

Taxılçılıq

Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən ilin payızında əkilmiş 66634 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün rayon rəhbərliyi tərəfindən zəruri tədbirlər görülmüşdür.
Bu il taxıl sahələrindən 214 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil etmişdir. İstehsal olunan məhsul keçən illə müqayisədə 21 min ton çoxdur. 2018-ci ilin məhsulu üçün 65500 hektar sahədə payızlıq taxıl əkini proqnozlaşdırılmışdır.

Baramaçılıq

Məlum olduğu kimi Şəkidə əhalinin tarixən əsas məşğuliyyət sahələrindən biri baramaçılıq olub. "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" cənab Prezident tərəfindən imzalanmış Sərəncam ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addım olmaqla yanaşı barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır. Ötən ilin payız mövsümündə rayonda 50 min yerli, 25 min xaricdən gətirilmiş tut tingi əkilmiş, yeni kümxanalar qurulmuş, gənc kümdarların hazırlanması istiqamətində maarifləndirmə tədbirləri görülmüşdür. Həyata keçirilən bu və ya digər tədbirlər rayonda barama istehsalının inkişafına müsbət təsir göstərmişdir.
Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir. 2018-ci ildə baramaçılığın inkişafına nail olmaq üçün indidən geniş hazırlıq işlərinə başlanmalıdır. Ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün 2018-ci ildə rayonda 70 ton barama istehsal edilməsi nəzərdə tutulmuşdur.

Tütünçülük

Son illərdə ölkə başçısı tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artmış, rayonda tütünçülüyün inkişafında ciddi dönüş yaranmışdır. Nəticədə, əgər 2015-ci ildə Şəkidə cəmi 596 hektar sahədə tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 843 hektara çatdırılıb.
Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə məşğul olur. Bu il rayonda 2 min 600 ton quru tütün istehsalı proznozlaşdırılır. Son məlumatlara əsasən artıq 2238 ton məhsul istehsal olunmuşdur ki. bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də 164 ton çoxdur.

Fındıqçılıq

Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və başqa amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Cənab Prezidentin qarşıya qoyduğu vəzifədən irəli gələrək 2017-ci ilin yaz mövsümündə Şəkidə 58,5 hektar sahədə yeni fındıq bağı salınmışdır. Rayonda fındıq bağlarının ümumi sahəsi 1761, 5 hektara çatdırılmışdır. Bu ilin sonunadək rayonda 700 hektar əlavə fındıq bağı salınması nəzərdə tutulur.

Aqropark

Cənab Prezidentin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı texnikalarının alınması, iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir. Cənab Prezident demişdir: "Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqropakların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir".

(ardı gələn sayımızda)