adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Noyabr 2017 17:54
13252
İDMAN
A- A+

“Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli

"Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Qol.az saytının suallarını cavablandırıb. Cəzalı olduğu üçün Topaz Premyer Liqasının XI turunun "Kəpəz”lə oyununu (2:0) buraxan 35 yaşlı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib. Aqolli "Qarabağ”ın Çempionlar Liqasındakı çıxışına da toxunub.

-"Səbail”lə oyunda gördüyün qırmızı vərəqə yə görə "Kəpəz”lə matçı buraxmalı oldun. Qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsən?

-Vacib qələbə qazandıq. Çünki Gəncə şəhər stadionunun örtüyü futbol oynamağa çətinlik yaradırdı. Bu mənada qazanılan xalların önəmli olduğunu hesab edirəm.

-Qarşıda milli komandaların oyunları ilə bağlı 10 günlük fasilə var. Bundan necə yararlanmağı düşünürsünüz?

-Fasilənin olması yerinə düşdü. Bu, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq üçün fürsətdir. Fasilə bizim üçün çox vacibdir.

-Bir az geriyə qayıdaq. Çempionlar Liqasının qrup mərhələsində çoxlarının gözləmədiyi halda hər iki oyunda "Atletiko” kimi komandadan xal almağı bacardınız…

-Bu, bizim üçün çox yaxşı nəticələrdi. "Atletiko” kimi böyük komanda ilə oynamaq özümüzü inkişaf etdirmək baxımından xüsusu əhəmiyyət daşıyır.

-Çempionlar Liqasında 50-60 minlik azarkeş auditoriyasının önündə oynayırsınız. Bu cür oyunlardan sonra 500-1000 azarkeşin gəldiyi çempionat matçında meydana çıxmaq sizə çətinlik yaratmır?

-Biz peşəkar futbolçularıq. Oyun keçirilən istənilən stadionda meydana çıxmalıyıq. Düzdü, bizim üçün asan deyil. Ancaq bunu etməliyik. Bakı Olimpiya Stadionundakı atmosferi unuda bilmirəm. Azarkeşlər möhtəşəm idilər.

-Qitənin bir nömrəli klub turnirində növbəti oyununuzu "Çelsi”yə qarşı Bakıda keçirəcəksiniz. Səncə, ilk oyundakı 0:6 hesablı məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?

-Bu, revanş oyunu deyil. Bizim üçün qrupda keçirdiyimiz oyunlardan biri olacaq. Nəticənin necə olacağını indidən deyə bilmərəm. Sadəcə, onu deyim ki, əzmlə çalışıb, oyuna maksimum dərəcədə hazır olmalıyıq.

-Yəqin ki, "Atletiko” ilə oyunlarınızdan sonra "Çelsi” "Qarabağ”a daha ciddi yanaşacaq…

-Çempionlar Liqası ciddi turnirdi. Düşünürəm ki, bütün komandalar hər bir oyundan maksimum nəticə ilə ayrılmağa çalışırlar. Eləcə də "Çelsi”. Digər oyunlara olduğu kimi, buna da həddindən artıq ciddi hazırlaşmalıyıq.

-Son olaraq, Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bilmək istərdim. Uzun müddətdir bu mütəxəssisin başçılığı altında oynayırsan. Qurban Qurbanov "Qarabağ”dakı uğurlarını millidə də təkrarlaya bilər?

-Məncə, bu təyinat Azərbaycanda futbolun inkişafı üçün ən düzgün seçim idi. Qurban müəllimə karyerasının yeni səhifəsində hər şeyin ən yaxşısını arzu edirəm. İnanıram ki, Qurbanov bu təcrübə ilə millinin inkişafına öz töhfəsini verəcək.