adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Noyabr 2017 13:45
25679
ƏDƏBİYYAT
A- A+

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.


Birinci fəsil

Uzun fasilədən sonra evə qayıtdım: burdan gedəndən yeddi il sonra. Bütün bu illər ərzində Avropada təhsil alırdım. Həmin yeddi illik ömrümdən çox şeylər qəlbimə köçərək, birdəfəlik mənimlə qalıb, çox şeylərsə unudulub gedib. Ancaq bu, təmiz başqa bir hekayətdir. İndi əsas məsələ odur ki, mən qayıtmışam. Nilin döngələrində itib-batan balaca bir kənddəki doğmalarımdan ötrü darıxaraq qayıtmışam.

İlk dəfə yaxınlarımı bağrıma basanda, canlarının hərarətini hiss eləyəndə içimdə nəsə titrədi və başa düdüm ki, bu insanlardan uzaqlarda keçirdiyim yeddi il, əslində, onlara qovuşmaq yolundakı sonsuz cəhdlərdən başqa bir şey deyilmiş. Mən hardasa içimin dərinliklərinə necə bir hərarət dolduğunu duyurdum: sanki adamın günəşin qızmar istisi altında qızışan canı yavaş-yavaş soyuqdan xilas olurdu. Həqiqətən, elə bil üstümə günəş doğmuşdu – yaxınlarımın yanında özümü necə də yaxşı və rahat hiss eləyirdim. Bu xoş duyğuların içində üzür və düşünürdüm: görəsən, axı, ilanların belə soyuqdan gəbərdiyi bir ölkədə bu qədər uzun müddət necə yaşaya bildim?!

Bu könüllü sərgərdanlıq dönəmində öz yerlilərim haqqında çox düşünürdüm. Ola bilsin elə ona görə də ilk görüş dəqiqələrində sanki aramızdan qatı dumana oxşayan bir sədd çəkilmişdi. Ancaq duman çox tez dağıldı, səhər tezdənsə mən uşaqlıq xəyallarımın və gicbəsərliklərimin sirlərini səssiz-zəmirsiz öz divarlarında qoruyub saxlamış otaqda, hələ uşaqkən yatdığım çarpayıda ayıldım.

Yuxudan qalxarkən başa düşdüm ki, heç bir sutka keçməmiş yenidən küləyin səsinə alışmışam. Bu səs mənə yaxşı tanış idi. Onun ruhunda xurma ağaclarının pıçıltısı, taxıl zəmilərinin xışıltısı var idi. Mən qumru quşunun qurultusuna qulaq asa-asa pəncərədən həyətimizin ortasındakı palmaya baxırdım. Onun möhtəşəm və şax gövdəsinə, torpağın içinə gedən köklərinə, yerə tökülən uzun yarpaqlarına tamaşa edirdim. Bu tablolar məni həyatın, onun adamın ruhunu sakitləşdirən füsunkar gözəlliyinin ağuşuna atmışdı. Mən artıq küləyin hər şıltaqlığına itaətkarlıq göstərən bir lələk deyildim. İndi mən küləyə tabe olmayan möhkəm, torpağın dərinliklərinə kök atmış bir palma ağacı kimiydim.

Anam içəri girdi. O mənə çay gətirmişdi. Atam da sübh namazını bitirib mənim otağıma gəldi. Bacım və iki qardaşım da gəldilər. Biz çay içə-içə söhbət eləyirdik. Hər şey lap əvvəllər olduğu kimiydi – ilk dəfə həyata göz açdığım vaxtlarda olduğu kimi. Allaha şükür ki, dünya onu ilk dəfə necə duymuşdumsa, eləcə də qalmışdı. O çox gözəl idi.

Birdən məni qarşılayan camaatın arasında ötəri gördüyüm bir adamın sifətini xatırladım. Orta boylu, əlli yaşlı, saqqalsız, çallaşmış, kənddəki adətlərin ziddinə olaraq qısa bığlı (kəndimizdə uzun bığ saxlamaq dəbdəydi) bu adamın kim olduğunu soruşdum. O məndə yaxşı təəssürat oyatmşıdı.

- Mustafaydı, – atam dedi.

Mən belə adam tanımırdım. Atam izah elədi ki, Mustafa bizim kənddən deyil, gəlmədir, ancaq artıq beş ildir ki, burda yaşayır, torpaq alıb, ev tikib, Mahmudun qızıyla evlənib... bir sözlə, özünə görə mövqeyi, imkanı olan adamdı...

Bütün bunlarla niyə bu qədər maraqlandığımı özüm də düz-əməlli anlamırdım. Sonra yadıma düşdü ki, Mustafa görüş vaxtı daim susur, bir kəlmə də dinib-danışmırdı. Ancaq başqaları dil-boğaza qoymur, durmadan məni sorğu-suala çəkir, Avropa haqqında soruşurdular: orda bahaçıllıqdırmı, avropalılar ərəblərə oxşayırlarmı, qışda onlar neyləyirlər, doğrudanmı, avropalı qadınlar adam içində üzlərini örtmür, kişilərlə rəqs eləyir və ümumiyyətlə, guya avropalıların qanunla evlənməməsi, günah içində yaşaması barədə deyilənlər düzdürmü...

Məni əsl sual yağışına tutmuşdular və bildiyim nə varısa, hamısı barədə həvəslə danışırdım. Ancaq söylədiklərim yerlilərimi çox təəccübləndirdi: sən demə, avropalılar ərəblərə oxşayırmış, onlar da öz qanunlarına və adətlərinə uyğun olaraq evlənirmiş, uşaqlarını böyüdüb tərbiyə edirlərmiş, ümumiyyətlə, yaxşı və xeyirxah insanlarmış.

-Orda da kəndlilər var? – deyə Məchub maraqlandı.

-Əlbəttə, – dedim. – Orda da bizdəki kimidir. Kəndlilər də, fəhlələr də var, həkimlər də, müəllimlər də...

Mən susdum. Hərçənd, demək istəyirdim ki, avropalılar da bizim kimi adamlardır. Onlar da uşaq doğur və ölürlər. Beşikdən qəbir evinədək böyük illüziyalarla yaşasalar da, ümidlərinin çox kiçik bir hissəsi gerçəkləşir. Onlar da bizim kimi tanımadıqları, yaxşı bələd olmadıqları şeylərdən qorxurlar. Ər-arvad münasibətləri onlar üçün də ülvi hisslərdir, uşaqlar bizdəki kimi onlara da sevinc bəxş eləyir. Onların da içində güclülər və zəiflər var, bəziləri haqlı olaraq həyatdan daha çox bəhrələnirlər. Başqaları haqsız olaraq səfil və bədbəxtdirlər. Əlbəttə, zəiflərin müsibəti daha çox olur...

Bunların heç birini Məhcuba söyləmədim, ancaq söyləyə bilərdim. O, ağıllı adam idi, hər şeyi bir-neçə kəlmədən başa düşərdi. Ancaq öz üstünlüyümü nümayiş etdirməkdən doğan abır-həya hissi danışmağıma mane olurdu. Birdən Bint Məhcub gülə-gülə dedi:

-Biz qorxurduq ki, sən evə kafir xristian qızıyla qayıdacaqsan!

Təkcə Mustafa heç nə danışmırdı. O dinməzcə qulaq asır, arabir dodaqlarında təbəssümə oxşar nəsə peyda olurdu. Bu çox müəmmalı bir təbəssüm idi. Elə bil, Mustafa öz fikirlərinə gülürdü.

Ancaq Mustafa barədə düşünməyə mənim vaxtım yox idi. Hələ ki köhnə tanışlıqlarımı bərpa eləməyə, yenidən kənd həyatına alışmağa çalışırdım. Həmin günlərdə ilk dəfə özümü güzgüdə görəndə xeyli xoşbəxt oldum. Anam öyüd-nəsihət verməkdən yorulmurdu. O, rəhmətə gedənlər haqqında mənə danışırdı ki, gedib onlara başsağlığı verim, xoşbəxt izdivac münasibətilə kimi təbrik eləməyin vacibliyini xatırladırdı. Bir neçə dəfə kəndi eninə-uzununa ölçə-ölçə kimlərəsə başsağlığı verdim, kimlərisə təbrik elədim. Nəhayət, çayın sahilindəki köhnə akasiya ağacının yanına getdiyim gün çatdı. Uşaqlıqda mən saatlarla bu ağacın altında oturaraq suya daş ata-ata xəyallar aləminə qapılır, uzaq üfüqlərdə cövlan edirdim! Mən sakiyanın[1] cırıltısını, sahədə işləyən adamların güclə bura gəlib çatan səslərini, kəllərin böyürtüsünü və eşşəklərin anqırtısını eşidirdim. Bəzən bəxtim gətirir, yanımdan üzüyuxarı və ya suyun axarı boyu üzüaşağı gəmilər üzüb gedirdi. Hər il mən bu gizli yerdə oturur və kəndimizin simasının yavaş-yavaş necə dəyişdiyini görürdüm.

Bir gün sakiyələrin cırıltısı birdəfəlik kəsildi. Hər biri yüz sakiyənin işini görən güclü mühərriklər peyda oldu. İlbəil suyun təzyiqiylə sahilin, torpağın təzyiqiyləsə çayın arxasındakı düzənliklərin suyunun necə geri çəkildiyini müşahidə edirdim. Bəzən ağlıma qəribə fikirlər gəlirdi. Sahillərin necə dəyişdiyini görür və hiss eləyirdim ki, bu elə həyatın özünə oxşayan bir hadisədir: bir əliylə verir, o biri əliylə alır. İndi ağlıma gələn bu hikməti tam mənada xeyli sonralar başa düşdüm. Hələ ki, ürəyimi xoş ümidlər bürüyür, dərimin altındakı əzələlər çevik və sözəbaxandır. Mən hətta zor gücünə olsa da, həyata olan haqqımı təsdiq etmək istəyirdim. Çünki bu həyata çox şey verməyə qadirəm. Qəlbimdə coşub-daşan sevgi və məhəbbət hissləri artıq öz bəhrəsini verməyə hazırdır.

Çay lilin təsirindən bomboz idi, deməli, Həbəşistan yaylasına yağış yağırdı. Mən kotanın üstünə əyilən, kətmən vuran kişiləri görürdüm. Sahələrin hüdudsuzluğu gözlərimdə əks olunmuşdu. Unutduğum, ancaq doğma səslərin əhatəsinə dümüşdüm: quş civiltisi, it hürüşməsi, ağac kəsən balta taqqıltısı. Uşaqlıqdan yaxşı tanış olan səslər mənə güc, qüvvət gətirir, qəlbimin təpərini, həyatımın mənasını və önəmini artırır, doğulduğum, dünyaya gəldiyim torpaqla daimi əlaqə hissi yaradır. Bütün varlıq məndə davam eləyir, mənsə özümü əhatə eləyənlərin davamına çevrilirəm və doğma torpaqla olan bu bütövlük duyğusu mənə mükəmməllik hissi bəxş eləyir... Yox, mən suya düşən daş deyiləm. Mən daha çox şum şırımlarına atılan toxumam, buğda dənəsiyəm!

Babamın yanına gedib onun adamların qırx, əlli, hətta səksən il bundan əvvəl necə yaşamaları barədəki söhbətlərinə qulaq asırdım. Onun yanında özümü həmişə arxayın və inamlı hiss edirdim. Hiss edirdim ki,babam məni bütün nəvələrindən fərqləndirir, elə mən özüm də onu həddindən artıq çox istəyirdim. Görünür, lap balaca yaşlarımdan keçmişə olan hədsiz marağım babamla aramızdakı dostluğu xeyli möhkəmləndirmişdi, çünki babam da olub-keçənləri xatırlamağı çox sevirdi. Bu illər ərzində babamdan ötrü bərk darıxır, onu tez-tez yuxumda görürdüm. Bunu ona söyləyəndə güldü:

-Yadımdadır, cavanlığımda bir falabaxan məni inandırmışdı ki, altmış yaşına – peyğəmbərimizin yaşına çatmağım kifayətdir, əgər bu yaşa çatsam, yüz il yaşayacam.

Biz hamımız birlikdə onun yaşını hesablayanda məlum oldu ki, yüz yaşına çatmağına on iki il qalıb.

Babam türklərin dövründə bizim mahalda at oynadan qəddar bir qubernator haqqında danışmağa başlayırdı ki, yenə də qəflətən Mustafa yadıma düşdü. "Görəsən, onun haqqında babamdan nəsə soruşummu?” – deyə öz-özümə sual verdim. Axı, o, kəndimizdə yaşayan adamların hər birinin cikinə-bikinə bələddir. Ancaq babam başını buladı və dedi ki, onun əslən Xartumdan olması, beş il əvvəl bura gəlməsi, bir qadından torpaq alması, sonra da Mahmudun qızıyla evlənməsindən başqa heç nə bilmir. Toydan artıq dörd il keçib.

Mustafanın Mahmudun hansı qızıyla evlənməsini soruşdum:

-Məncə, Hasanayla, – babam bir az fikirləşib dedi. – Oh, insanlar, insanlar – deyə dərindən nəfəs aldı və adəti üzrə başını buladı. – Baxmırlar ki, qızlarını kimə verirlər...

Dərhal da Mahmuda, bəlkə də özü-özünə haqq qazandırırmış kimi əlavə elədi ki, bu illər ərzində Mustafadan pis bir şey eşidib-görməyiblər. Ancaq yaxşı işinin də şahidi olmayıblar. Cümə günləri onu həmişə məsciddə görmək olar. Yəqin ki, xoş günlərində də, kədərli anlarında da öz badəsindən içən adamlardandır. Babamın belə bir sevimli məsəli var idi.

Bu söhbətdən iki gün keçdi. Günorta əlimə kitab götürüb kəllə otağa getdim. Evin o biri başından səs gəlirdi – anamla bacım qonşularla söhbət edirdilər. Atam yatmış, qardaşlarımsa harasa iş dalınca getmişdilər. Heç kim mənə mane olmurdu, ona görə də kitab oxumağa başladım. Birdən öskürək səsi eşitdim. Gözlərimi kitabdan ayırıb baxanda Mustafanı gördüm. Bir əliylə böyük bir qarpızı sinəsinə sıxmış, digər əlindəsə apelsin dolu səbət tutmuşdu. O mənim təəccübləndiyimi hiss elədi.

-Səni oyatmadım? Günorta, əlbəttə, qonaq getməkçün o qədər də yaxşı vaxt deyil. Üzr istəyirəm. Ancaq səninlə tanış olmaq istədim. Fikirləşdim ki, gedim bir baş çəkim, qoy, bağ-bağçamdan olan məhsulların dadına baxsın.

O çox nəzakətliydi. Kəndimizin sakinləri kefləri istəyən vaxt bir-birlərinin evinə gedir, amma heç vaxt buna görə üzrxahlıq eləmək, əzilb-büzülmək bir kimsənin ağlına gəlmirdi. Açığını deyim ki, Mustafanın belə bir mərifət sahibi olmağı çox xoşuma gəldi və özüm də onunla nəzakətlə davranmaq qərarına gəldim. Stola çay qoyuldu. Diqqətlə qonağın üzünə baxdım. O, mənim baxışlarımı hiss edib gözlərini kənara çəkdi. Mustafa qəşəng idi. Hündür alnı, hər iki tərəfə dartılıb uzanan yaraşıqlı qaşları, çallaşmış sıx saçları, möhkəm boynu olan qırğıburun bir kişiydi. Söhbət zamanı düz gözümün içinə baxanda, baxışlarında güclə zəifliyin qəribə bir qatışığın hiss elədim. Dodaqlarının azacıq aşağı sallanmış küncləri və qəmli gözləri ona qeyri-adi bir yaraşıq verirdi. Bərkdən danışmasa da, səsi sərt idi. Sifətindən güc, qüvvət yağırdı, ancaq təbəssümündə nəsə qadınsayağı bir zəriflik hiss olunurdu. Qolları əzələli, barmaqlarısa uzun və zərif idi. Əllərinə baxarkən gözlərin qəfil barmaqlarına sataşsa, sən elə gələcək ki, baxışların sanki sıra-sıra düzülmüş dağların sərt yamaclarıyla füsünkar bir vadiyə doğru sürüşüb düşür.

"Yaxşı, qoy danışsın, – deyə ona qulaq asa-asa fikirləşdim. – Hər halda nəzərə almaq lazımdır ki, elə məhz bundan ötrü gəlib. Başqa hansı məqsədi ola bilər ki?”

Üəyimdən keçən bu suala Mustafa özü cavab verdi:

-Bizim bu kənddə mən təkcə səninlə tanış olmaq şərəfinə nail olmamışam, – deyə yüksək bir nəzakətlə bildirdi.

Düzünü desəm, onun bu ədası mənə xoş gəlmədi. Axı, bizim kənddə kişilər bir-birləriylə dalaşarkən qarşısındakını "qancıq oğlu” adlandırmaqdan çəkinmirlər.

-Yaxın dostlarından sənin haqqında çox eşitmişəm. – deyə o bildirdi.

Boynuma alım ki, bu məni təəccübləndirmədi. Çünki hələ gənc yaşlarımdan kəndimizdə ən bərkgedən oğlan kimi tanınırdım.

-Deyirlər, sən çox mötəbər bir diplom almısan. Deyəsən, doktorluq? Bunu da danışırlar ki, hələ uşaqlıqdan hamı sənə çox böyük ümidlər bəsləyirmiş...

-Boşla, sən də – dedim. Hərçənd, həmin günlər mən bununla çox qüruq duyur və bunu gizlətməyə də çalışmırdım.

-Həkim olmaq böyük işdir, – deyə o sanki sözlərimi eşitməyibmiş kimi dedi.

Yalançı bir təvazökarlıqla Mustafaya bildirdim ki, elə bir mühüm iş-zad görməmişəm. Sadəcə, unudulmuş bir ingilis şairi haqqında üç il sərasər məlumat toplamaqla məşğul olmuşam. Bu səmimi sözlərimə gülməsi hövsələmi daraltdı və hirsimdən özüm ondan da bərk gülməyə başladım. Özü də necə güldüm! Boğazım cırılanadək qəhqəhə çəkdim!

-Lütfən, poyeziya bizim nəyinizə lazımdır, axı? – o ucadan dedi. – Əgər sən bu cür ciddi-cəhdlə aqronomluq, mühəndislik və ya təbabətlə məşğul olsaydın, onda bunu başa düşmək mümkün idi.

O "biz” dedi, poyeziya bizim nəyimizə lazımdır deyə sual etdi. Hərçənd, bu kəndin sakini Mustafa yox, mən idim, mən burda doğma, osa yad idi. Ancaq bu zaman o güldü və yenidən sifətinə lətif bir həlimlik qondu, gözləri qadın gözləri kimi nəcibləşdi.

-Əlbəttə, bütün elmlər lazımdır, – deyə sanki könlümü alırmış kimi fikirli-fikirli bildirdi. – Ancaq biz kəndlilərçün daha vacibi öz qayğılarımızdır.

O susdu, mənim beynimdəsə suallar burulğan kimi dolaşmağa başladı. Bu adam hardandır? Niyə burda məskunlaşıb? Əvvəlki həyatı necə olub? Ancaq bu sualları ona verməyə hələ tələsmədim.

-Bu yaxşı kənddir – o yenidən danışmağa başladı. – Adamları çox gözəldir. Onların arasında yaşamaq adama ləzzət verir.

-Hə, sən də onların xoşuna gəlirsən – dedim. – Babam deyir ki, sən ləyaqətli insansan.

O sevinc içində gülümsədi.

-Sənin baban nadir adamdır... Bəli... Doxsan yaşı var, amma eşşəyin belinə yeniyetmə oğlan kimi tullanır. Hələ gücü, qədd-qaməti, baxışları! Bəli... Nadir adamdır.

Mənə elə gəldi ki, o səmimi danışır.Niyə də səmimi olmasın? Axı həqiqətən babam kimi ikinci bir adam tapmaq çox da asan məsələ deyil və belə təriflərlə bizi təəccübləndirməz olmaz.

Qorxdum ki, Mustafa indicə çıxıb gedəcək, mənsə onun haqqında heç nə öyrənə bilməyəcəm. Marağım elə güc gəldi ki, özümü saxlaya bilmədim:

- Sən həqiqətən Xartumdansan – deyə soruşdum?

Bu sual, görünür, onu qəfil yaxaladı və xoşuna gəlmədi.Hər halda mənə elə gəldi ki, sifəti azca tutuldu. Ancaq tez özünü ələ aldı və sakit tərzdə cavab verdi:

-Hə, ancaq daha dəqiqi, Xartum ətrafından.

Bunu deyərkən necə süni şəkildə gülümsəməyi gözümdən yayınmadı. Sanki tərəddüd içindəydi: susmaq, yoxsa sözünə davam eləmək barədə bir qərara gələ bilmirdi. Ancaq bir az keçmiş tərəddüdünə son qoydu və düz gözlərimin içinə baxaraq əlavə elədi:

-Xartumda ticarətlə məşğul idim. Sonra əkinçiliklə məşğul olmağı qərara aldım. Bilmirəm niyə, amma bütün ömrüm boyu köçüb ölkənin bu hissəsində məskunlaşmaq iştəmişəm. Gəmiyə minib hara gəldi yollandım. Bu kəndin yanında dayandıq, baxdım ki, bura çox xoşuma gəlir. Sanki ömrüm boyu axtardığım torpağı tapmışdım. Və zənnim məni aldatmadı. Burda mənimçün çox yaxşıdır.

O, ayağa qalxaraq dedi ki, daha vaxtdır, sahəyə getməlidir. Ayrılarkən məni bir neçə gündən sonra evlərinə şam yeməyinə dəvət elədi. Qapının ağzında sanki özündən asılı olmayaraq dilləndi:

-Baban mənim haqqımda hər şeyi bilir.

Darmacalda babamın onun haqqında nəyi bildiyini soruşmağa, babamın məndən gizli sirrinin olmadığını izah eləməyə hazırlaşırdım ki, bir də gördüm cəld və iri addımlarla otaqdan çıxdı.

Mustafa gilə şam yeməyinə gedəndə məlum oldu ki, məndən başqa Məhcubu, ticarətçi Səidi və mənim atamı da çağırıb. Ev sahibi şam süfrəsi arxasında sən deyən əhəmiyyiətli bir söz danışmadı. Ümumiyyətlə, o daha çox danışmağa yox, qulaq asmağa çalışırdı. Söhbətə ara veriləndə, yaxud mənimçün maraqlı olmayanda hiss olunmadan otağı elə gözdən keçirdirdim ki, sanki Mustafayla bağlı yuxuma haram qatmış suallara divarlar cavab verəcəkdi.

Bu adi bir ev idi – kənddəki imkanlı adamların evindən nə yaxşıydı, nə də pis. Ənənəyə uyğun olaraq onun yarısı qadınlar, yarısı da kişilər üçün nəzərdə tutulmuşdu. Divan adlanan qonaq otağı da kişilər tərəfdəydi. Ordan sağ tərəfdə bişmiş kərpicdən hörülmüş yaşıl pəncərələri olan uzun bir otaq var idi. Həmin otağın tavanı düz deyildi, tağ şəklindəydi və öküzün bel sütununa oxşayırdı.

Yeməyimizi yeyb qurtaran kimi birinci mən, dalımcasa Məhcub ayağa qalxdıq. Digər qonaqlar orda qalsa da biz ikimiz çıxıb getdik. Yolda Məhcubdan Mustafa haqqında soruşdum. O mənim bildiklərimdən əlavə təzə bir şey demədi, ancaq sözünü belə bitirdi:

- Mustafa sadə adam deyil.

Mən iki ay kənddə qaldım və bütün bu müddət ərzində özümü xeyli xoşbəxt hiss elədim.

Müxtəlif səbəblərdən bir neçə dəfə Mustafayla bir araya gələsi olduq.

Bir dəfə məni kənd təsərrüfatı planlaşdırması üzrə komissiyaya çağırmışdılar. Mustafa da ordaydı. Sahələrin suvarılması üçün su bölgüsü məsələsi müzakirə olunurdu. Məlum oldu ki, bəzi komissiya üzvüləri də daxil bir neçə nəfər suyu öz sahəsinə vaxtından əvvəl buraxıb. Elə bir mübahisə qızışdı ki, az qala dava düşəcəkdi. Bu vaxt Mustafa ayağa qalxdı və dərhal hay-küy yatdı. Hamı Mustafaya qulaq verdi.

O, plan üzrə növbəliliyi gözləməyin əhəmiyyətindən danışdı. Əks-təqdirdə anarxiya və özbaşınalıq yarana bilər. Dedi ki, əgər komissiya üzvülərinin özləri qanunu pozurlarsa, onları da başqaları kimi cəzalandırmaq lazımdır.

Mustafa nitqini qurtardı və hamı onun dediklərini təsdiq edirmiş kimi başını yellədi.

Şübhəsiz ki, o, başqalrından bir pillə yüksəkdə dururdu, ona görə də komissiyaya rəhbərliyi Mustsfaya tapşırmaq yaxşı olardı. Ancaq yəqin ki, bizim kəndin köklü sakini olmadığına görə onu seçmədilər.

Bu hadisədən təxminən bir həftə keçmiş məni heyrətə salan görünməmiş bir hadisə baş verdi.

Məhcub bir-iki badə şərab içə-içə dərdləşmək üçün məni evlərinə dəvət elədi. Mustafa gələndə biz sakit-sakit söhbətləşirdik. O, kooperativlə bağlı hansısa məsələni aydınlaşdırmaq istəyirdi. Məhcub onu bizimlə birlikdə oturmağa dəvət edir, osa müxtəlif bəhanələrlə bundan boyun qaçırdırdı. Axırda ev sahibi sınaqdan çıxmış üsula əl atmalı oldu və ona and verdi. Hiss elədim ki, Mustafa qaşqabağını tökdü. Ancaq buna baxmayaraq təklifi qəbul eləmək qərarına gəldi və həmişəki kimi inamlı və sakit halda yanımızda əyləşdi.

Məhcub ona çaxır təklif elədi. Mustafa nə etmək istədiyini bilməyən karıxmış adam kimi ləng tərpəndi, sonra badəni alaraq dodağına belə vurmadan qabağına qoydu. Məhcub yenidən and-aman eləyəndən sonra şərabı başına çəkdi.

Mən Məhcubun çılğın xasiyyətinə yaxşı bələd idim və üstəlik, Mustafanın burda qalmağa zərrə qədər də marağının olmadığını nəzərə alıb müdaxilə edə bilərdim. Ancaq birdən ağlıma yeni fikir gəldi və dilimi dişlədim. Mustafa birinci badəni həvəssiz, dərman içirmiş kimi birnəfəsə ötürdü. Üçüncü badənisə ləzzətlə qurtumlamağa başladı. Get-gedə sifətinin gərgin ifadəsi yox oldu, ağzının ətrafındakı qırışlar hamarlaşdı. Fikirli, dalğın bir görkəm aldı. Həmişə vücudundan nəşət edərək ətrafa yayılan gücü, qüvvəti gözlərində və ağzının künclərində gizlənmiş qadın həlimliyi əvəz elədi. Mustafa dördüncü, sonra beşinci badəni içdi. Daha onu yola gətirməyə ehtiyac yox idi və Məhcub aradabir elə-belə, məzələnmək üçün and-aman eləyirdi. Mustafa kresloya yayxanıb, ayaqlarını qabağa