ANA SƏHİFƏ / ƏDƏBİYYAT

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

8257    |   2017-11-07 13:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.


Birinci fəsil

Uzun fasilədən sonra evə qayıtdım: burdan gedəndən yeddi il sonra. Bütün bu illər ərzində Avropada təhsil alırdım. Həmin yeddi illik ömrümdən çox şeylər qəlbimə köçərək, birdəfəlik mənimlə qalıb, çox şeylərsə unudulub gedib. Ancaq bu, təmiz başqa bir hekayətdir. İndi əsas məsələ odur ki, mən qayıtmışam. Nilin döngələrində itib-batan balaca bir kənddəki doğmalarımdan ötrü darıxaraq qayıtmışam.

İlk dəfə yaxınlarımı bağrıma basanda, canlarının hərarətini hiss eləyəndə içimdə nəsə titrədi və başa düdüm ki, bu insanlardan uzaqlarda keçirdiyim yeddi il, əslində, onlara qovuşmaq yolundakı sonsuz cəhdlərdən başqa bir şey deyilmiş. Mən hardasa içimin dərinliklərinə necə bir hərarət dolduğunu duyurdum: sanki adamın günəşin qızmar istisi altında qızışan canı yavaş-yavaş soyuqdan xilas olurdu. Həqiqətən, elə bil üstümə günəş doğmuşdu – yaxınlarımın yanında özümü necə də yaxşı və rahat hiss eləyirdim. Bu xoş duyğuların içində üzür və düşünürdüm: görəsən, axı, ilanların belə soyuqdan gəbərdiyi bir ölkədə bu qədər uzun müddət necə yaşaya bildim?!

Bu könüllü sərgərdanlıq dönəmində öz yerlilərim haqqında çox düşünürdüm. Ola bilsin elə ona görə də ilk görüş dəqiqələrində sanki aramızdan qatı dumana oxşayan bir sədd çəkilmişdi. Ancaq duman çox tez dağıldı, səhər tezdənsə mən uşaqlıq xəyallarımın və gicbəsərliklərimin sirlərini səssiz-zəmirsiz öz divarlarında qoruyub saxlamış otaqda, hələ uşaqkən yatdığım çarpayıda ayıldım.

Yuxudan qalxarkən başa düşdüm ki, heç bir sutka keçməmiş yenidən küləyin səsinə alışmışam. Bu səs mənə yaxşı tanış idi. Onun ruhunda xurma ağaclarının pıçıltısı, taxıl zəmilərinin xışıltısı var idi. Mən qumru quşunun qurultusuna qulaq asa-asa pəncərədən həyətimizin ortasındakı palmaya baxırdım. Onun möhtəşəm və şax gövdəsinə, torpağın içinə gedən köklərinə, yerə tökülən uzun yarpaqlarına tamaşa edirdim. Bu tablolar məni həyatın, onun adamın ruhunu sakitləşdirən füsunkar gözəlliyinin ağuşuna atmışdı. Mən artıq küləyin hər şıltaqlığına itaətkarlıq göstərən bir lələk deyildim. İndi mən küləyə tabe olmayan möhkəm, torpağın dərinliklərinə kök atmış bir palma ağacı kimiydim.

Anam içəri girdi. O mənə çay gətirmişdi. Atam da sübh namazını bitirib mənim otağıma gəldi. Bacım və iki qardaşım da gəldilər. Biz çay içə-içə söhbət eləyirdik. Hər şey lap əvvəllər olduğu kimiydi – ilk dəfə həyata göz açdığım vaxtlarda olduğu kimi. Allaha şükür ki, dünya onu ilk dəfə necə duymuşdumsa, eləcə də qalmışdı. O çox gözəl idi.

Birdən məni qarşılayan camaatın arasında ötəri gördüyüm bir adamın sifətini xatırladım. Orta boylu, əlli yaşlı, saqqalsız, çallaşmış, kənddəki adətlərin ziddinə olaraq qısa bığlı (kəndimizdə uzun bığ saxlamaq dəbdəydi) bu adamın kim olduğunu soruşdum. O məndə yaxşı təəssürat oyatmşıdı.

- Mustafaydı, – atam dedi.

Mən belə adam tanımırdım. Atam izah elədi ki, Mustafa bizim kənddən deyil, gəlmədir, ancaq artıq beş ildir ki, burda yaşayır, torpaq alıb, ev tikib, Mahmudun qızıyla evlənib... bir sözlə, özünə görə mövqeyi, imkanı olan adamdı...

Bütün bunlarla niyə bu qədər maraqlandığımı özüm də düz-əməlli anlamırdım. Sonra yadıma düşdü ki, Mustafa görüş vaxtı daim susur, bir kəlmə də dinib-danışmırdı. Ancaq başqaları dil-boğaza qoymur, durmadan məni sorğu-suala çəkir, Avropa haqqında soruşurdular: orda bahaçıllıqdırmı, avropalılar ərəblərə oxşayırlarmı, qışda onlar neyləyirlər, doğrudanmı, avropalı qadınlar adam içində üzlərini örtmür, kişilərlə rəqs eləyir və ümumiyyətlə, guya avropalıların qanunla evlənməməsi, günah içində yaşaması barədə deyilənlər düzdürmü...

Məni əsl sual yağışına tutmuşdular və bildiyim nə varısa, hamısı barədə həvəslə danışırdım. Ancaq söylədiklərim yerlilərimi çox təəccübləndirdi: sən demə, avropalılar ərəblərə oxşayırmış, onlar da öz qanunlarına və adətlərinə uyğun olaraq evlənirmiş, uşaqlarını böyüdüb tərbiyə edirlərmiş, ümumiyyətlə, yaxşı və xeyirxah insanlarmış.

-Orda da kəndlilər var? – deyə Məchub maraqlandı.

-Əlbəttə, – dedim. – Orda da bizdəki kimidir. Kəndlilər də, fəhlələr də var, həkimlər də, müəllimlər də...

Mən susdum. Hərçənd, demək istəyirdim ki, avropalılar da bizim kimi adamlardır. Onlar da uşaq doğur və ölürlər. Beşikdən qəbir evinədək böyük illüziyalarla yaşasalar da, ümidlərinin çox kiçik bir hissəsi gerçəkləşir. Onlar da bizim kimi tanımadıqları, yaxşı bələd olmadıqları şeylərdən qorxurlar. Ər-arvad münasibətləri onlar üçün də ülvi hisslərdir, uşaqlar bizdəki kimi onlara da sevinc bəxş eləyir. Onların da içində güclülər və zəiflər var, bəziləri haqlı olaraq həyatdan daha çox bəhrələnirlər. Başqaları haqsız olaraq səfil və bədbəxtdirlər. Əlbəttə, zəiflərin müsibəti daha çox olur...

Bunların heç birini Məhcuba söyləmədim, ancaq söyləyə bilərdim. O, ağıllı adam idi, hər şeyi bir-neçə kəlmədən başa düşərdi. Ancaq öz üstünlüyümü nümayiş etdirməkdən doğan abır-həya hissi danışmağıma mane olurdu. Birdən Bint Məhcub gülə-gülə dedi:

-Biz qorxurduq ki, sən evə kafir xristian qızıyla qayıdacaqsan!

Təkcə Mustafa heç nə danışmırdı. O dinməzcə qulaq asır, arabir dodaqlarında təbəssümə oxşar nəsə peyda olurdu. Bu çox müəmmalı bir təbəssüm idi. Elə bil, Mustafa öz fikirlərinə gülürdü.

Ancaq Mustafa barədə düşünməyə mənim vaxtım yox idi. Hələ ki köhnə tanışlıqlarımı bərpa eləməyə, yenidən kənd həyatına alışmağa çalışırdım. Həmin günlərdə ilk dəfə özümü güzgüdə görəndə xeyli xoşbəxt oldum. Anam öyüd-nəsihət verməkdən yorulmurdu. O, rəhmətə gedənlər haqqında mənə danışırdı ki, gedib onlara başsağlığı verim, xoşbəxt izdivac münasibətilə kimi təbrik eləməyin vacibliyini xatırladırdı. Bir neçə dəfə kəndi eninə-uzununa ölçə-ölçə kimlərəsə başsağlığı verdim, kimlərisə təbrik elədim. Nəhayət, çayın sahilindəki köhnə akasiya ağacının yanına getdiyim gün çatdı. Uşaqlıqda mən saatlarla bu ağacın altında oturaraq suya daş ata-ata xəyallar aləminə qapılır, uzaq üfüqlərdə cövlan edirdim! Mən sakiyanın[1] cırıltısını, sahədə işləyən adamların güclə bura gəlib çatan səslərini, kəllərin böyürtüsünü və eşşəklərin anqırtısını eşidirdim. Bəzən bəxtim gətirir, yanımdan üzüyuxarı və ya suyun axarı boyu üzüaşağı gəmilər üzüb gedirdi. Hər il mən bu gizli yerdə oturur və kəndimizin simasının yavaş-yavaş necə dəyişdiyini görürdüm.

Bir gün sakiyələrin cırıltısı birdəfəlik kəsildi. Hər biri yüz sakiyənin işini görən güclü mühərriklər peyda oldu. İlbəil suyun təzyiqiylə sahilin, torpağın təzyiqiyləsə çayın arxasındakı düzənliklərin suyunun necə geri çəkildiyini müşahidə edirdim. Bəzən ağlıma qəribə fikirlər gəlirdi. Sahillərin necə dəyişdiyini görür və hiss eləyirdim ki, bu elə həyatın özünə oxşayan bir hadisədir: bir əliylə verir, o biri əliylə alır. İndi ağlıma gələn bu hikməti tam mənada xeyli sonralar başa düşdüm. Hələ ki, ürəyimi xoş ümidlər bürüyür, dərimin altındakı əzələlər çevik və sözəbaxandır. Mən hətta zor gücünə olsa da, həyata olan haqqımı təsdiq etmək istəyirdim. Çünki bu həyata çox şey verməyə qadirəm. Qəlbimdə coşub-daşan sevgi və məhəbbət hissləri artıq öz bəhrəsini verməyə hazırdır.

Çay lilin təsirindən bomboz idi, deməli, Həbəşistan yaylasına yağış yağırdı. Mən kotanın üstünə əyilən, kətmən vuran kişiləri görürdüm. Sahələrin hüdudsuzluğu gözlərimdə əks olunmuşdu. Unutduğum, ancaq doğma səslərin əhatəsinə dümüşdüm: quş civiltisi, it hürüşməsi, ağac kəsən balta taqqıltısı. Uşaqlıqdan yaxşı tanış olan səslər mənə güc, qüvvət gətirir, qəlbimin təpərini, həyatımın mənasını və önəmini artırır, doğulduğum, dünyaya gəldiyim torpaqla daimi əlaqə hissi yaradır. Bütün varlıq məndə davam eləyir, mənsə özümü əhatə eləyənlərin davamına çevrilirəm və doğma torpaqla olan bu bütövlük duyğusu mənə mükəmməllik hissi bəxş eləyir... Yox, mən suya düşən daş deyiləm. Mən daha çox şum şırımlarına atılan toxumam, buğda dənəsiyəm!

Babamın yanına gedib onun adamların qırx, əlli, hətta səksən il bundan əvvəl necə yaşamaları barədəki söhbətlərinə qulaq asırdım. Onun yanında özümü həmişə arxayın və inamlı hiss edirdim. Hiss edirdim ki,babam məni bütün nəvələrindən fərqləndirir, elə mən özüm də onu həddindən artıq çox istəyirdim. Görünür, lap balaca yaşlarımdan keçmişə olan hədsiz marağım babamla aramızdakı dostluğu xeyli möhkəmləndirmişdi, çünki babam da olub-keçənləri xatırlamağı çox sevirdi. Bu illər ərzində babamdan ötrü bərk darıxır, onu tez-tez yuxumda görürdüm. Bunu ona söyləyəndə güldü:

-Yadımdadır, cavanlığımda bir falabaxan məni inandırmışdı ki, altmış yaşına – peyğəmbərimizin yaşına çatmağım kifayətdir, əgər bu yaşa çatsam, yüz il yaşayacam.

Biz hamımız birlikdə onun yaşını hesablayanda məlum oldu ki, yüz yaşına çatmağına on iki il qalıb.

Babam türklərin dövründə bizim mahalda at oynadan qəddar bir qubernator haqqında danışmağa başlayırdı ki, yenə də qəflətən Mustafa yadıma düşdü. "Görəsən, onun haqqında babamdan nəsə soruşummu?” – deyə öz-özümə sual verdim. Axı, o, kəndimizdə yaşayan adamların hər birinin cikinə-bikinə bələddir. Ancaq babam başını buladı və dedi ki, onun əslən Xartumdan olması, beş il əvvəl bura gəlməsi, bir qadından torpaq alması, sonra da Mahmudun qızıyla evlənməsindən başqa heç nə bilmir. Toydan artıq dörd il keçib.

Mustafanın Mahmudun hansı qızıyla evlənməsini soruşdum:

-Məncə, Hasanayla, – babam bir az fikirləşib dedi. – Oh, insanlar, insanlar – deyə dərindən nəfəs aldı və adəti üzrə başını buladı. – Baxmırlar ki, qızlarını kimə verirlər...

Dərhal da Mahmuda, bəlkə də özü-özünə haqq qazandırırmış kimi əlavə elədi ki, bu illər ərzində Mustafadan pis bir şey eşidib-görməyiblər. Ancaq yaxşı işinin də şahidi olmayıblar. Cümə günləri onu həmişə məsciddə görmək olar. Yəqin ki, xoş günlərində də, kədərli anlarında da öz badəsindən içən adamlardandır. Babamın belə bir sevimli məsəli var idi.

Bu söhbətdən iki gün keçdi. Günorta əlimə kitab götürüb kəllə otağa getdim. Evin o biri başından səs gəlirdi – anamla bacım qonşularla söhbət edirdilər. Atam yatmış, qardaşlarımsa harasa iş dalınca getmişdilər. Heç kim mənə mane olmurdu, ona görə də kitab oxumağa başladım. Birdən öskürək səsi eşitdim. Gözlərimi kitabdan ayırıb baxanda Mustafanı gördüm. Bir əliylə böyük bir qarpızı sinəsinə sıxmış, digər əlindəsə apelsin dolu səbət tutmuşdu. O mənim təəccübləndiyimi hiss elədi.

-Səni oyatmadım? Günorta, əlbəttə, qonaq getməkçün o qədər də yaxşı vaxt deyil. Üzr istəyirəm. Ancaq səninlə tanış olmaq istədim. Fikirləşdim ki, gedim bir baş çəkim, qoy, bağ-bağçamdan olan məhsulların dadına baxsın.

O çox nəzakətliydi. Kəndimizin sakinləri kefləri istəyən vaxt bir-birlərinin evinə gedir, amma heç vaxt buna görə üzrxahlıq eləmək, əzilb-büzülmək bir kimsənin ağlına gəlmirdi. Açığını deyim ki, Mustafanın belə bir mərifət sahibi olmağı çox xoşuma gəldi və özüm də onunla nəzakətlə davranmaq qərarına gəldim. Stola çay qoyuldu. Diqqətlə qonağın üzünə baxdım. O, mənim baxışlarımı hiss edib gözlərini kənara çəkdi. Mustafa qəşəng idi. Hündür alnı, hər iki tərəfə dartılıb uzanan yaraşıqlı qaşları, çallaşmış sıx saçları, möhkəm boynu olan qırğıburun bir kişiydi. Söhbət zamanı düz gözümün içinə baxanda, baxışlarında güclə zəifliyin qəribə bir qatışığın hiss elədim. Dodaqlarının azacıq aşağı sallanmış küncləri və qəmli gözləri ona qeyri-adi bir yaraşıq verirdi. Bərkdən danışmasa da, səsi sərt idi. Sifətindən güc, qüvvət yağırdı, ancaq təbəssümündə nəsə qadınsayağı bir zəriflik hiss olunurdu. Qolları əzələli, barmaqlarısa uzun və zərif idi. Əllərinə baxarkən gözlərin qəfil barmaqlarına sataşsa, sən elə gələcək ki, baxışların sanki sıra-sıra düzülmüş dağların sərt yamaclarıyla füsünkar bir vadiyə doğru sürüşüb düşür.

"Yaxşı, qoy danışsın, – deyə ona qulaq asa-asa fikirləşdim. – Hər halda nəzərə almaq lazımdır ki, elə məhz bundan ötrü gəlib. Başqa hansı məqsədi ola bilər ki?”

Üəyimdən keçən bu suala Mustafa özü cavab verdi:

-Bizim bu kənddə mən təkcə səninlə tanış olmaq şərəfinə nail olmamışam, – deyə yüksək bir nəzakətlə bildirdi.

Düzünü desəm, onun bu ədası mənə xoş gəlmədi. Axı, bizim kənddə kişilər bir-birləriylə dalaşarkən qarşısındakını "qancıq oğlu” adlandırmaqdan çəkinmirlər.

-Yaxın dostlarından sənin haqqında çox eşitmişəm. – deyə o bildirdi.

Boynuma alım ki, bu məni təəccübləndirmədi. Çünki hələ gənc yaşlarımdan kəndimizdə ən bərkgedən oğlan kimi tanınırdım.

-Deyirlər, sən çox mötəbər bir diplom almısan. Deyəsən, doktorluq? Bunu da danışırlar ki, hələ uşaqlıqdan hamı sənə çox böyük ümidlər bəsləyirmiş...

-Boşla, sən də – dedim. Hərçənd, həmin günlər mən bununla çox qüruq duyur və bunu gizlətməyə də çalışmırdım.

-Həkim olmaq böyük işdir, – deyə o sanki sözlərimi eşitməyibmiş kimi dedi.

Yalançı bir təvazökarlıqla Mustafaya bildirdim ki, elə bir mühüm iş-zad görməmişəm. Sadəcə, unudulmuş bir ingilis şairi haqqında üç il sərasər məlumat toplamaqla məşğul olmuşam. Bu səmimi sözlərimə gülməsi hövsələmi daraltdı və hirsimdən özüm ondan da bərk gülməyə başladım. Özü də necə güldüm! Boğazım cırılanadək qəhqəhə çəkdim!

-Lütfən, poyeziya bizim nəyinizə lazımdır, axı? – o ucadan dedi. – Əgər sən bu cür ciddi-cəhdlə aqronomluq, mühəndislik və ya təbabətlə məşğul olsaydın, onda bunu başa düşmək mümkün idi.

O "biz” dedi, poyeziya bizim nəyimizə lazımdır deyə sual etdi. Hərçənd, bu kəndin sakini Mustafa yox, mən idim, mən burda doğma, osa yad idi. Ancaq bu zaman o güldü və yenidən sifətinə lətif bir həlimlik qondu, gözləri qadın gözləri kimi nəcibləşdi.

-Əlbəttə, bütün elmlər lazımdır, – deyə sanki könlümü alırmış kimi fikirli-fikirli bildirdi. – Ancaq biz kəndlilərçün daha vacibi öz qayğılarımızdır.

O susdu, mənim beynimdəsə suallar burulğan kimi dolaşmağa başladı. Bu adam hardandır? Niyə burda məskunlaşıb? Əvvəlki həyatı necə olub? Ancaq bu sualları ona verməyə hələ tələsmədim.

-Bu yaxşı kənddir – o yenidən danışmağa başladı. – Adamları çox gözəldir. Onların arasında yaşamaq adama ləzzət verir.

-Hə, sən də onların xoşuna gəlirsən – dedim. – Babam deyir ki, sən ləyaqətli insansan.

O sevinc içində gülümsədi.

-Sənin baban nadir adamdır... Bəli... Doxsan yaşı var, amma eşşəyin belinə yeniyetmə oğlan kimi tullanır. Hələ gücü, qədd-qaməti, baxışları! Bəli... Nadir adamdır.

Mənə elə gəldi ki, o səmimi danışır.Niyə də səmimi olmasın? Axı həqiqətən babam kimi ikinci bir adam tapmaq çox da asan məsələ deyil və belə təriflərlə bizi təəccübləndirməz olmaz.

Qorxdum ki, Mustafa indicə çıxıb gedəcək, mənsə onun haqqında heç nə öyrənə bilməyəcəm. Marağım elə güc gəldi ki, özümü saxlaya bilmədim:

- Sən həqiqətən Xartumdansan – deyə soruşdum?

Bu sual, görünür, onu qəfil yaxaladı və xoşuna gəlmədi.Hər halda mənə elə gəldi ki, sifəti azca tutuldu. Ancaq tez özünü ələ aldı və sakit tərzdə cavab verdi:

-Hə, ancaq daha dəqiqi, Xartum ətrafından.

Bunu deyərkən necə süni şəkildə gülümsəməyi gözümdən yayınmadı. Sanki tərəddüd içindəydi: susmaq, yoxsa sözünə davam eləmək barədə bir qərara gələ bilmirdi. Ancaq bir az keçmiş tərəddüdünə son qoydu və düz gözlərimin içinə baxaraq əlavə elədi:

-Xartumda ticarətlə məşğul idim. Sonra əkinçiliklə məşğul olmağı qərara aldım. Bilmirəm niyə, amma bütün ömrüm boyu köçüb ölkənin bu hissəsində məskunlaşmaq iştəmişəm. Gəmiyə minib hara gəldi yollandım. Bu kəndin yanında dayandıq, baxdım ki, bura çox xoşuma gəlir. Sanki ömrüm boyu axtardığım torpağı tapmışdım. Və zənnim məni aldatmadı. Burda mənimçün çox yaxşıdır.

O, ayağa qalxaraq dedi ki, daha vaxtdır, sahəyə getməlidir. Ayrılarkən məni bir neçə gündən sonra evlərinə şam yeməyinə dəvət elədi. Qapının ağzında sanki özündən asılı olmayaraq dilləndi:

-Baban mənim haqqımda hər şeyi bilir.

Darmacalda babamın onun haqqında nəyi bildiyini soruşmağa, babamın məndən gizli sirrinin olmadığını izah eləməyə hazırlaşırdım ki, bir də gördüm cəld və iri addımlarla otaqdan çıxdı.

Mustafa gilə şam yeməyinə gedəndə məlum oldu ki, məndən başqa Məhcubu, ticarətçi Səidi və mənim atamı da çağırıb. Ev sahibi şam süfrəsi arxasında sən deyən əhəmiyyiətli bir söz danışmadı. Ümumiyyətlə, o daha çox danışmağa yox, qulaq asmağa çalışırdı. Söhbətə ara veriləndə, yaxud mənimçün maraqlı olmayanda hiss olunmadan otağı elə gözdən keçirdirdim ki, sanki Mustafayla bağlı yuxuma haram qatmış suallara divarlar cavab verəcəkdi.

Bu adi bir ev idi – kənddəki imkanlı adamların evindən nə yaxşıydı, nə də pis. Ənənəyə uyğun olaraq onun yarısı qadınlar, yarısı da kişilər üçün nəzərdə tutulmuşdu. Divan adlanan qonaq otağı da kişilər tərəfdəydi. Ordan sağ tərəfdə bişmiş kərpicdən hörülmüş yaşıl pəncərələri olan uzun bir otaq var idi. Həmin otağın tavanı düz deyildi, tağ şəklindəydi və öküzün bel sütununa oxşayırdı.

Yeməyimizi yeyb qurtaran kimi birinci mən, dalımcasa Məhcub ayağa qalxdıq. Digər qonaqlar orda qalsa da biz ikimiz çıxıb getdik. Yolda Məhcubdan Mustafa haqqında soruşdum. O mənim bildiklərimdən əlavə təzə bir şey demədi, ancaq sözünü belə bitirdi:

- Mustafa sadə adam deyil.

Mən iki ay kənddə qaldım və bütün bu müddət ərzində özümü xeyli xoşbəxt hiss elədim.

Müxtəlif səbəblərdən bir neçə dəfə Mustafayla bir araya gələsi olduq.

Bir dəfə məni kənd təsərrüfatı planlaşdırması üzrə komissiyaya çağırmışdılar. Mustafa da ordaydı. Sahələrin suvarılması üçün su bölgüsü məsələsi müzakirə olunurdu. Məlum oldu ki, bəzi komissiya üzvüləri də daxil bir neçə nəfər suyu öz sahəsinə vaxtından əvvəl buraxıb. Elə bir mübahisə qızışdı ki, az qala dava düşəcəkdi. Bu vaxt Mustafa ayağa qalxdı və dərhal hay-küy yatdı. Hamı Mustafaya qulaq verdi.

O, plan üzrə növbəliliyi gözləməyin əhəmiyyətindən danışdı. Əks-təqdirdə anarxiya və özbaşınalıq yarana bilər. Dedi ki, əgər komissiya üzvülərinin özləri qanunu pozurlarsa, onları da başqaları kimi cəzalandırmaq lazımdır.

Mustafa nitqini qurtardı və hamı onun dediklərini təsdiq edirmiş kimi başını yellədi.

Şübhəsiz ki, o, başqalrından bir pillə yüksəkdə dururdu, ona görə də komissiyaya rəhbərliyi Mustsfaya tapşırmaq yaxşı olardı. Ancaq yəqin ki, bizim kəndin köklü sakini olmadığına görə onu seçmədilər.

Bu hadisədən təxminən bir həftə keçmiş məni heyrətə salan görünməmiş bir hadisə baş verdi.

Məhcub bir-iki badə şərab içə-içə dərdləşmək üçün məni evlərinə dəvət elədi. Mustafa gələndə biz sakit-sakit söhbətləşirdik. O, kooperativlə bağlı hansısa məsələni aydınlaşdırmaq istəyirdi. Məhcub onu bizimlə birlikdə oturmağa dəvət edir, osa müxtəlif bəhanələrlə bundan boyun qaçırdırdı. Axırda ev sahibi sınaqdan çıxmış üsula əl atmalı oldu və ona and verdi. Hiss elədim ki, Mustafa qaşqabağını tökdü. Ancaq buna baxmayaraq təklifi qəbul eləmək qərarına gəldi və həmişəki kimi inamlı və sakit halda yanımızda əyləşdi.

Məhcub ona çaxır təklif elədi. Mustafa nə etmək istədiyini bilməyən karıxmış adam kimi ləng tərpəndi, sonra badəni alaraq dodağına belə vurmadan qabağına qoydu. Məhcub yenidən and-aman eləyəndən sonra şərabı başına çəkdi.

Mən Məhcubun çılğın xasiyyətinə yaxşı bələd idim və üstəlik, Mustafanın burda qalmağa zərrə qədər də marağının olmadığını nəzərə alıb müdaxilə edə bilərdim. Ancaq birdən ağlıma yeni fikir gəldi və dilimi dişlədim. Mustafa birinci badəni həvəssiz, dərman içirmiş kimi birnəfəsə ötürdü. Üçüncü badənisə ləzzətlə qurtumlamağa başladı. Get-gedə sifətinin gərgin ifadəsi yox oldu, ağzının ətrafındakı qırışlar hamarlaşdı. Fikirli, dalğın bir görkəm aldı. Həmişə vücudundan nəşət edərək ətrafa yayılan gücü, qüvvəti gözlərində və ağzının künclərində gizlənmiş qadın həlimliyi əvəz elədi. Mustafa dördüncü, sonra beşinci badəni içdi. Daha onu yola gətirməyə ehtiyac yox idi və Məhcub aradabir elə-belə, məzələnmək üçün and-aman eləyirdi. Mustafa kresloya yayxanıb, ayaqlarını qabağa uzatdı. Badəni hər iki əliylə tutmuşdu. Baxışları əsrarəngiz ənginliklərə dikildi. Və qəflətən ingilis dilində şeir söyləməyə başladı.Tələffüzü əlaydı. Bu, birinci dünya müharibəsinə həsr olunmuş, çox sonralar hansısa şeirlər kitabında rastıma çıxan bir ingilis sonetiydi. Nəhayət, o, dərindən nəfəs alıb susdu. Barmaqları hələ də badəyə sıxılıb qalmış, gözlərisə sanki öz qəlbinin dərinliklərinə baxırdı.

Etiraf edim ki, əgər düz qarşımda yer yarılsaydı və ordan gözlərindən alov saçan bir cinin çıxdığını görsəydim bu qədər heyrətlənməzdim. Məni qorxu bürüdü və birdən elə hiss elədim ki, biz yaşamırıq, mövcud deyilik, biz sadəcə, öz təxəyyülümüzün məhsuluyuq.

Mustafaya tərəf əyilib düz onun sifətinə qışqırdım:

-Sən nə söyləyirdin? Bu nə şeir idi?

O, içində nifrətmi, peşmançılıqmı gizlənmiş donuq gözlərini üzümə zillədi və məni kənara tələyərək otaqdan bayıra çıxdı. Mən onun yaylı fiqur kimi başını dik tutub möhkəm addımlarla necə getdiyini gördüm.

Öz söhbətlərinə başları qarışmış Məhcub və digər qonaqlar gülürdülər. Onların heç biri nə baş verdiyinin fərqində olmadı.

Səhəri birtəhər açıb, Mustafanın yanına getdim. O çox böyük bir cöşquyla limon ağacının dibini belləyirdi. Əynində toz-torpağa bulaşmış xaki rəngli tuman və dizlərinin üstünə kimi sallanan köynək var idi. Sifəti his-pas içindəydi.

O məni adi qaydada salamladı.

-Gör, bu ağac necə maraqlı bar verir, – dedi. – Həm limon, həm də apelsin gətirir...

-Qəribədir! – deyə ingiliscə cavab verdim.

-Mustafa sualedici nəzərlərlə mənə tərəf baxdı və soruşdu:

-Nə? Nə?

Mən təkrar elədim.

-Ey-ey, sən, deyəsən, ərəbcəni unutmusan! – deyə güldü. – Yoxsa, elə hesab edirsən ki, biz avropalı-zadıq.

-Axı, dünən sən ingiliscə şeir dedin! Ümumiyyətlə, sən indiyədək özünü olduğun kimi qələmə verməmisən. Bu, gün kimi aydındır. Yaxşısı budur, mənə həqiqəti danış.

Sözlərimin arxasında gizlənmiş hədə-qorxu hissi sanki ona heç bir təsir göstərmədi. O, ağacın dibini belləməyə davam elədi. İşini qurtarıb, səliqəylə əllərini sildi və mənə tərəf baxıb dedi:

-Bilirsən, mən dünən nə dediyimi çox yaxşı xatırlamıram. Sərxoş adam dediyi sözlərə cavabdeh deyil. Bu boş cəfəngiyyatdır, xəstə adamın sayıqlamasıdır. Belə şeylərə əhəmiyyət vermək lazım deyil. Bax, sənin qarşında necəyəmsə, məni necə görürsənsə, eləyəm. Burda məni hamı belə tanıyır. Xəyallara qapılma, fantaziyana güc vermə. Mənim gizlətməli bir şeyim yoxdur.

Nə baş verdiyini anlamağa çalışaraq evə yollandım. Mustafanın böyük ciddi-cəhdlə hansısa sirri gizlətdiyinə daha heç bir şübhəm qalmamışdı.

Mən axı, dünən sayıqlamırdım. O, ingilis soneti söyləyirdi. Bu həqiqətən beləydi. Mən sərxoş deyildim, onun kresloya söykənib necə oturduğunu, badəni hər iki əliylə necə tutduğunu çox yaxşı xatırlayıram.

Bəlkə atamla məsləhətləşim? Yoxsa Məhcubla? Bəlkə elə o ədalət mühakiməsindən gizlənən bir qatildir? Hər şey ola bilər. Di bəsdir – deyə mən özümü cilovladım, – balaca bir kənddə nə sirr-filan! Bəlkə o, sadəcə, yaddaşını itirib? Deyilənə görə, amneziya adlı belə bir xəstəlik var. Sonda mən iki-üç gün gözləməyi qərara aldım. Əgər bu müddət ərzində həqiqəti söyləməsə, bir əncam çəkərəm.

Çox gözləməli olmadım. Elə həmin axşam Mustafa özü yanıma gəldi. Atama və qardaşlarıma dedi ki, mənimlə təklikdə danışmaq istəyir. Sonra çölə çıxdı və sabah axşam məni evlərində gözləyəcəyini bildirdi. Atama dedim ki, Mustafa Xartumun ətrafında ona məxsus olan bir torpaq sahəsinin mülkiyyət aktındakı hansısa dolaşıq məsələylə bağlı məsləhətləşmək istəyir.

Səhərisi gün mənə elə gəldi ki, axşam heç vaxt düşməyəcək. Gün batan kimi Mustafa gilə yollandım. O qarşısına bir çaynik çay qoyaraq təkcə oturub çay içirdi. Çatan kimi mənə də çay təklif elədi, amma mən imtina etdim. Səbirsizlik içimi didib-dağıdırdı. Onun mümkün qədər tez danışmasını istəyirdim. Adama bir siqaret yandırdıq. Mustafa siqaret tüstüsünü adət elədiyi şəkildə havaya buraxırdı. Çox sakit və inamlı təsir bağışlayırdı. Mən onun qatil olduğunu təsəvvür eləyə bilmirdim. Axı, zorakılığa meyl insanın sifətində və davranışında mütləq öz əksini tapırdı. Bunu gizlətmək mümkün deyildi. Ancaq yaddaşın qəfil itirilməsi versiyasını istisna eləmirdim.

Nəhayət, Mustafa danışmağa başladı:

-İndi sənə söyləcəyim şeyləri heç vaxt heç kimə danışmamışam. Danışmağa ehtiyac da olmayıb. Görürəm, çox odlu-alovlusan, qızğın təxəyyül sahibisən, ona görə sənə danışmağı qərara aldım. Yəqin ki, mənim kimliyimi öyrənmək məqsədilə bütün kəndi sorğu-suala çəkəcəksən, deyəcəksən ki, o heç də özünü qələmə verdiyi, göründüyü kimi bir adam deyil. Səndən təkcə bir xahişim var. İndi məndən eşitdiklərini heç kəsə danışmayacağına and iç. – Sözünün sonunda sınayıcı nəzərlərlə düz gözlərimin içinə baxdı.

-Baxır, nə danışacaqsan? Sənin nə söyləyəcəyini bilmədən necə belə bir vəd verə bilərəm, axı?

-Sənin eşidəcəklərinin bu kəndə heç bir dəxli yoxdur. Mənim ağlım yerində, yaddaşım da möhkəmdir. Burdakı adamlara da böyük hörmətim var, onlara xöşbəxtlik arzulayıram, allah işlərini avand eləsin.

Bu şərtlə dərhal razılaşmadım, götür-qoy elədim. Ancaq Mustafanın sirri məni elə maraqlandırırdı ki, dözmədim və süsmaq barədə kişi sözü verdim.

O bir dəstə sənədi qarşıma itələdi və əlinin işarəsiylə məni onlara baxmağa dəvət elədi. Birinci sənəd doğum haqqında şəhadətnaməydi.

Mustafa Səid 16 avqust 1898-ci ildə Xartumda doğulub. Atası rəhmətə gedib. Anasının adı Fatimə Abd as-Sadıqdır. Sonra onun xarici pasportunu götürdüm. Adı, doğum yeri... filan... Məşğuliyyəti – tələbə. Pasport 1926-cı ildə Qahirədə verilib. 1926-cı ildə Londonda vaxtı uzadılıb. İçində hansı ölkələrin möhürü yox idi! Fransa, Almaniya, Çin, Danimarka... Pasportu yerə qoyub o biri sənədləri geri itələdim. Mustafa siqaretdən bir qullab sümürüb tüstünü çölə buraxdı və danışmağa başladı.

İKİNCİ FƏSİL

"Bu çox uzun əhvalatdır! Ancaq hamısını sənə danışmaq fikrində deyiləm. Artıq Xartumda doğulduğumu bilirsən. Yetim olmuşam. Atam mənim doğulmağıma bir neçə ay qalmış vəfat eləyib. O, ticarətlə məşğul olurdu və bizə kiçik kapital miras qoymuşdu. Nə qardaşlarım, nə bacılarım var idi. Anamla ikimiz yaşayır və elə bir maddi sıxıntı çəkmirdik. Anamın canlı surəti, üz-gözünə qətiyyət verən sıx, incə dodaqları indi də gözlərimin qabağındadır. Sifəti bəzən donuq maskaya oxşayır, bəzənsə dənizin küləkli günlərdəki rəngi kimi hissedilmədən dəyişir, müxtəlif çalar alırdı. Onun qohum-əqrəbası yox idi. Ana-bala bu dünyada tək idik. Ancaq anam mənimçün tamamilə yad bir varlıq kimiydi. Biz təsadüfü cığırdaşlar kimi yaşayırdıq. Ola bilsin ki, mən adi oğlanlardan nəyləsə fərqlənirdim, ola da bilsin ki, anam qeyri-adi qadın idi. İndi bu barədə fikir yürütmək çətindir. Ancaq bizdə hər şey xeyli fərqliydi, başqa ailələrdə olduğu kimi deyildi.

Demək olar ki, bir-birimizlə danışmırdıq. Belə sərbəstlik və asudəlikdən ləzzət alırdım. Heç kimin mənim üzərimdə ağalıq eləməməsi çox xoşuma gəlirdi. İstəyəndə yatır, istəyəndə kitab oxuyurdum. Kefimə düşəndə evdən gedir, küçələrdə veyillənir, kefimə düşəndə evə qayıdırdım. Nə mənə bir göstəriş verən var idi, nə də qadağa qoyan. Öz tay-tuşlarıma oxşamadığımı özüm də hiss eləyirdim. Yoldaşlarım məni incidəndə ağlamırdım, müəllimlərin tərifini eşidəndə vecimə də almırdım. Bir sözlə, yeniyetmə uşaqlara xas olan adi həyat tərzi məni o qədər də ilgiləndirmirdi. Suya atılanda batmayan, yerə vuranda göyə tullanan rezin top kimiydim. Həmin illərdə bizdə məktəblər təzə-təzə açılmağa, ibtidai təhsil sistemi tətbiq olunmağa başlamışdı. Təsəvvür eləyə bilməzsən ki, o vaxt adamların əksəriyyəti məktəb haqqında heç eşitmək belə istəmirdi. Çoxları, sadəcə olaraq, uşaqlarını gizlədirdilər. Ərəblər məktəbləri işğalçılar tərəfindən onlara sırınan müdhiş bir şər yuvası hesab edirdilər. Yadımdadır, uşaqlarla bizim evin yaxınlığındakı meydançada oynayırdıq. Birdən gördük ki, hərbi formalı bir süvari atını saxlayıb bizə baxır. Uşaqlar hərəsi bir yana götürüldü, amma mən heç yerə qaçmadım. Durub eləcə ata və atlıya baxırdım. O mənim adımı soruşdu. Dedim bilmirəm. Yaşımı soruşdu. Dedim bilmirəm. Sonra birdən dedi:

-Məktəbdə oxumaq istəyirsən?

Mən heç nə başa düşmədim

-Məktəb nədir? – soruşdum.

-Nilin sahilindəki böyük bağda qəşəng bir ağ ev, – deyə o izah elədi. – Zəng çalınacaq və sən başqa uşaqlarla birlikdə sinifə girəcəksən. Oxumaq, yazmaq, saymaq öyrənəcəksən...

-Və sizin çalma kimi çalma qoyacam, eləmi?

-Yox, bu heç də çalma deyil! – o güldü. – Bu panamadır. Onun adı "silindr”dir.

Bunu deyib tez-tələsik silindri mənim başıma qoydu və o, düz qulaqlarımın üstünə düşdü.

-Bax, məktəbi qurtarıb dövlət məmuru olandan sonra sən də silindr qoyqcaqsan – deyə yad adam bildirdi.

-Gedəcəm, məktəbə gedəcəm! – deyə bərkdən qışqırdım.

O məni öz atının tərkinə alıb harasa apardı. Bir müddətdən sonra bayaq söylədiyi həmin yerə çatdıq: Nilin sahilində ağ ev, hər tərəf güllük və ağaclıq. Biz cübbə geyinmiş hansısa saqqallı bir kişinin yanına girdik.

Həmin kişi mənim başımı tumarladı.

-Atan hardadır? – deyə soruşdu. Cavab verdim ki, atam ölüb.

-Bəs sənə kim baxır?

Təkidlə bildirdim ki, mən artıq böyümüşəm və məktəbə getmək qərarını özüm vermişəm.

Baxışlarından hiss elədim ki, sözlərim xoşuna gəldi. Adımı jurnala yazdılar, hərçənd, neçə yaşım olduğunu heç cür izah eləyə bilmədim.

Birdən zəng çalındı. Mən tələsik kənara çəkildim və boş bir otaqda gizləndim. Ancaq onlar məni taparaq oğlanlarla dolu olan qonşu otağa apardılar.

Evə günortadan sonra döndüm. Anam harda itib-batdığımı soruşdu və mən hər şeyi ona danışdım.

Birdən mənə elə gəldi ki, indicə məni qucaqlayıb öpüşlərə qərq eləyəcək. Onun sifəti işıqlaşdı, gözləri alışdı, dodaqları təbəssümlə aralandı: sanki nəsə demək istəyirdi. Ancaq adəti üzrə susdu, heç nə danışmadı.

Bu hadisənin həyatımın ən böyük dönüş nöqtəsi olduğunu çox-çox sonralar başa düşdüm – həyatımda ilk dəfə müstəqil qərar qəbul eləmişdim.

Əlbəttə, sən mənim dediklərimə inanmaya bilərsən. Ancaq bütün bunları səndən daha çox özümə danışıram. Addım-addım arxamca düşən xatirə-kabuslar məni hər tərəfdən əhatəyə alıb. Ancaq, sadəcə olaraq, mən sənin əsas məsələni başa düşməyini istəyirəm. Həmin andan etibarən mən bütün varlığıma hakim kəsilən öz əlahiddə həyatımı yaşamağa başladım. Məktəbə yollandığım ilk günlərdəcə qeyri-adi yaddaşımın olması üzə çıxdı. Hər hansı kitabı bir dəfə oxuyan kimi sanki tam şəkildə beynimdə əks olunurdu. Hesab dərsi mənimçün su içmək qədər asan idi, az müddətdən sonra bütün məsələ və misalları dərhal həll eləyirdim. Yazmağı iki həftəyə öyrəndim. İrəliyə doğru elə can atırdım ki, sanki stayer finiş xəttinə doğru qaçır. Müəllimlərmin məndən dolayı keçirdikləri heyranlıq, yoldaşlarımınsa paxıllıq hisslərinə qarşı eyni dərəcədə etinasız idim.

Müəllimlər mənə möcüzə kimi baxırdılar. Şagirdlər mənimlə dost olmaq üçün əldən-ayaqdan gedirdilər.

Ancaq bütün bunlar mənə zərrə qədər də olsa təsir eləmirdi. Mən büsbütün öz aləmimdəydim, öz işlərimlə məşğul idim.

İbtidai məktəbi iki ilə qurtardım. Natamam orta məktəbdə qarşımda başqa cəzbedici sirlər açıldı, onların arasında ingilis dili başlıca yer tuturdu. Kotanın gavahını şumluq torpağı didişdirən kimi mənim ağlım da acgözlüklə elm gəmirirdi. Cəbr və həndəsədə yüksək poeziya kəşf etmişdim. Söz və cümlələr mənə riyazi tənlikləri xatırladırdı. Dünyanın genişliyi ilk dəfə coğrafiya dərslərində gözlərimin önündə açıldı. Həmin illərdə xalq təhsili sistemində natamam orta məktəbdən yüksək heç nə yox idi. Üç ildən sonra məktəbin inspektoru (o, ingilis idi) mənə dedi:

-Sənin qabiliyyətini inkişaf elətdirmək üçün bu ölkə heç də ən yaxşı yer deyil. Sən Misirə, Livana və ya İngiltərəyə getməlisən. Biz bundan artıq sənə heç nə verə bilmərik.

Dedim ki, Qahirədə oxumaq istəyərdim.

O xeyli əlləşib-vuruşaraq mənə Qahirənin ikinci dərəcəli məktəbinə təqaüd düzəltdi və onun sayəsində arzum gerçəkləşdi.

Etiraf edim ki, yaxşı insanlar sarıdan həmişə bəxtim gətirib. Tale məni dəfələrlə belə adamlara ürcah eləyib və onlar əllərimdən tutub bir pillədən digərinə yüksəlməyimdə yardımçım olublar. Bu köməkləri mən az qala öz haqqım hesab edirdim – elə bil həmin yad adamların mənə nəsə borcu var imiş.

Qahirəyə gedəcəyimi anama deyəndə o yenə öz qəribə və müəmmalı baxışlarıyla mənə baxdı. Dodaqları sanki gülümsəmək üçün açılmaq istəyirdi ki, özünü yığışdırdı, ağzını bərk yumdu və sifətinə həmişəki yad, qapalı ifadə çökdü. O, içi dolu pul qabını ovcuma qoyub dedi:

-Atan sağ olsaydı səninçün başqa yol seçərdi. Necə bilirsən elə də et. İstəyirsən get, istəyirsən qal. Özün qərar ver. Hər halda bu sənin öz həyatındır. Sən onu öz istədiyin kimi qurmaqda sərbəstsən. Hansı qərarı qəbul eləməyindən asılı olmayaraq bu pul qabı sənə kömək edəcək...

Biz bu cür vidalaşdıq. Öpüşmədən, göz yaşları tökmədən. Təsadüfi yol yoldaşları ayrıldı və hər kəs təklikdə öz yoluna davam elədi. Həqiqətən bu mənim anamdan eşitdiyim son söz oldu. Həmin vaxtdan sonra onu bir daha görmədim.

İndi, neçə illər sonra bizim birlikdə keçirdiyimiz həmin son dəqiqələri göz yaşları axıtmadan xatırlaya bilmirəm. Ancaq o vaxt mən öz adi təmkinimi qoruyaraq yalnız özümlə məşğul idim. Şey-şüylərimi yığdığım balaca çamadanı götürərək stansiyaya yollandım və qatara mindim. Ardımca heç kim ağlamadı, heç kim əl eləmədi. Qatar səhraların arasıyla şütüdükcə arxada qalan kəndimiz ətəyində səyyar çadır qurduğum dağ kimi təsəvvürümdə canlanmağa başladı. Özümsə sanki gecəni həmin çadırda keçirən, səhər tezdən onu söküb dəvəyə yükləyəyərək yoluna davam eləyən yolçuya bənzəyirdim. Qahirə mənim yolumdakı növbəti, ancaq daha yüksək dağ idi. Onun ətəyində mən başqa gecə keçirib yenidən yola çıxacaqdım.

Yadımdadır, qatarda əyninə cır-cındır geyinmiş, sinəsindən böyük xaç asılmış bir kişiylə üz-üzə oturmuşdum. O gülümsəyərək mənimlə ingiliscə danışdı. Mən cavab verdim. Onun əvvəlcə gözlərini necə bərəltdiyini, sonra məni başdan-ayağadək süzüb neçə yaşımın olduğunu soruşması indi də olduğu kimi gözlərimin qabağındadır. Dedim ki, on beş yaşım var, halbuki onda cəmi on iki yaşındaydım. İkinci dərəcəli məktəbə girmək üçün Qahirəyə getdiyimi də ona danışdım. Məni heç kimin müşayiət eləməməsi bu yad adamı çox təəccübləndirdi, ancaq heç nədən qorxmadığıma, təkbaşına səyahət eləməyin vurğunu olduğuma onu inandırdım. Osa yalnız bunu dedi:

-Görürəm ki, ingiliscə əla danışırsan.

Qahirə vağzalında məni cənab Robinson və onun arvadı qarşıladılar. Gəlişim barədə onlara məni bura göndərən həmin inspektor xəbər vermişdi.

-Siz necə gəldiniz, mister Səid? – deyə cənab Robinson soruşdu.

-Əla, mister Robinson – deyə cavab verdim və birdən zərif qadın əllərinin məni qucaqladığını, sifətimə yumşaq dodaqların toxunduğunu hiss elədim. Bu yad qadının ətrindən bihuş oldum, təmasından başım gicəlləndi. Mən vağzal meydançasında dayanmışdım. Qulaqlarım səs-küydən batır, sərnişinlərin və onları qarşılayanların hay-küyləri içimdə əvvəllər mənə tanış olmayan həyəcanlı duyğular oyadırdı. Qahirə mənə ağzınadək səs-küylə dolmuş nəhəng bir piyaləni xatırladırdı. Həmin şəhər haqqındakı dumanlı təsəvvürlərimsə missis Robinsonun timsalında öz təcəssümünü tapmışdı. Onun ala gözləri var idi və mənə elə gəlirdi ki, bu gözlər qaranlıqda mütləq bərq vurub parıldamalıdır. Bax, mən əvvəllər Qahirəni də beləcə yaşıl, parlaq, əsrarəngiz bir yer kimi təsəvvür eləyirdim.

Daim qarqabaq olmağıma görə missis Robinson məni tez-tez məzəmmət eləyirdi. "Nəsə nikbin bir şey haqqında fikirləş”, – deyə gülə-gülə məndən tələb edirdi. Old-Beylidə yeddi illik həbs cəzasına məhkum ediləndə onun çiyni böyrümdəydi, başımı onun üstünə qoya bilərdim. "Ağlama, mənim zavallım”, – deyə mənə təsəlli verirdi. Onun öz uşaqları yox idi.

Mister Robinson ərəbcə əla danışırdı, islam fəlsəfəsini öyrənir, müsəlman memarlığıyla maraqlanırdı. Robinsonlarla birlikdə Qahirənin məscid və muzeylərində olmuş, çoxsaylı tarixi abidələrə baş çəkmişdim. Onlar Qahirənin əl-Əzhar universitetinin yerləşdiyi rayonu daha çox xoşlayırdılar. Şəhərdə uzun müddət gəzəndən sonra ayaqlarımız sızıldamağa başlayanda, adətən, əl-Əzhar məscidinin yanındakı kafeyə gedirdik. Biz tamarind şirəsi içir, mister Robinsonsa əl-Məarrinin[2] şeirlərini oxuyurdu. Ancaq öz aləmimə elə qapılmışdım ki, Robinsonların məni necə çox sevdiklərini hiss eləmirdim.

Missis Robinsonun mütənasib bədən quruluşu var idi. Dərisi bürüncü rəngə çalırdı. Çox məlahətli, əlahiddə bir zəriflik nümunəsiydi. Mən heç vaxt onun kimi mehriban qadın görməmişəm. Mənə əsl ana nəvazişi göstərir, özünü elə aparırdı ki, guya ona bir qadın gözüylə baxdığımı hiss eləmirdi.

Onlar birlikdə məni İsgəndəriyyəyə yola saldılar. Uzun müddət yaylığını arxamca yellədən missis Robinson arada onu gözlərinin üstünə sıxırdı. Mənə elə gəlirdi ki, onun gözlərinin şəffaf təmizliyini görürdüm. İçimdə zərrə qədər də olsa kədər hissi yox idi. Londona, Qahirənin üstündə yüksələn növbəti zirvəyə daha tez çatmaqdan başqa heç nə arzulamırdım. Heç bu barədə də düşünmürdüm ki, görəsən, onun ətəyində neçə gecə keçirmək alnıma yazılıb?

On beş yaşım olsa da, iyirmi yaşlı oğlan kimi görünürdüm. Yeganə silahım ağlım idi, qəlbimsə sanki qranit parçasıydı.

Ancaq ilk dəfə dənizdə başa düşdüm ki, mənim daş qəlbim də duyğulardan məhrum deyil, o da hiss eləməyə qadirdir. Mən dənizi sevdim. Onun nəhayətsizliyi qəlbimə sevinc gətirirdi, onun genişliyinin cəzbedici ilğımları arasındakı kosmik tənhalığım mənə ləzzət eləyir, ruhumu nəşələndirirdi. Sonsuzluğa doğru irəli uzanan su səhrası məni səsləyir, lap uzaqlara çağırırdı.Mən sadəlövhcəsinə bu çqğırışa boyun əyir, osa məni Duvrun sıldırımlarına, Londona, həyatımın faciəsi oynanılan yerə səsləyirdi.

Xeyli sonralar, hər şey baş verib qurtarandan sonra mən xəyalən daim keçdiyim yolun əvvəlinə qayıdır, fikirləşir və bir şeyi anlamaq istəyirdim: görəsən, başıma gələn bu olaylar baş verməyə bilərdimi?!

Əgər yay dartılıbsa, deməli, ox atılacaq... Beləliklə, mən Duvrda sahilə çıxdım. Anqlosaks kəndlərinin təpələrin ətəyinə sığınmış tünd qonur rəngli bağ-bağatını gördüm. Evlərin damı inək beli kimi tünd qırmızı və qozbel idi. Hər tərəf çırtaçırtla yanan sobaların bacalarından çıxan yaşımtıl rəngli parlaq tüstüyə bürünmüşdü. Ətrafda nə vardısa hamısısının canına missis Robinsondan gələn zərif ətir hopmuşdu. Hələ səslər! Elə aydın, elə təmiz idi ki! Bura öz səliqə-sahmanıyla məni məftun eləmişdi. Elə bil ağacların harda bitməsini, evlərin harda olmasını, çayların hardan axıb getməsini kimsə əvvəlcədən dəqiqliklə hesablamış və planlaşdırmışdı.

Qatar bir neçə dəqiqədən sonra yola düşməlidir. Sərnişinlər tez-tələsik minib-düşür və o, yerindən tərpənir. Bütün bunlar sanki yuxulardakı kimi səssiz-səmirsiz baş verir.

Qahirədəki günlərimi, yeni həyata necə alışmağımı xatırlayıram. Başıma kiçik macəralar gəlmişdi. Bir tanışım qızğın ehtirasla mənə vurulmuş, sonrasa ondan daha alovlu ehtirasla nifrət eləmişdi. Bir dəfə o mənə dedi: "Sən adam deyilsən, maşınsan”. Qahirənin küçələri, teatr və operaları gözlərimin qabağında durdu. Nədənsə, bir dəfə Nili üzüb keçməyim barədə fikirləşdim. Əlahiddə bir şey baş verməmişdi, sadəcə olaraq, yay çox bərk gərilmişdi. Ox naməlum üfüqlərə uçmağa hazır idi.

Təkərlərin taqqıltısı altında yuxuma Qahirə girdi. Gördüm ki, Qahirə qalasındakı məsciddə tək, tamamilə tək dayanmışam. Qırmızı mərmər minlərlə şamın işığında bərq vurur, mənsə təkəm, tək-tənha.

Qahirə missis Robinson kimi şən, gülərüz şəhərdir. O istəyirdi ki, mən onu Elizabet adıyla çağırım. Ancaq bu məndə heç cürə alınmırdı. O, mənə Baxı və Kitsi sevməyi öyrətdi, Mark Tven haqqında ilk dəfə ondan eşitdim.

Tüstü qoxusu məni yuxudan oyatdı. Qatar Londona yaxınlaşırdı.

...Baş verən hadisənin qarşısını almaq olardımı? Bir dəfə, hələ Qahirədə yaşadığım dövrdə mən bir keşişlə rastlaşmışdım. Biz xeyli söhbət etmişdik, ancaq həmin uzun söhbətdən bir şey yaddaşıma ilişib qalmışdı: "Mənim balam, biz hamımız öz yolumuzun sonunu tənha keçib gedirik”. Keşişin əlləri adfəti üzrə sinəsindəki xaçı dartışdırırdı. O mənim ingiliscəmi təriflədi.

Qatar Viktoriya vağzalının tağtavanları altına girdi. Hələ ki, Ceyn Morrisin təsir dairəsinə düşməyimi hiss etmədən perrona çıxdım. Bəli, mənim hökmüm hələ onu öldürməmişdən çox-çox əvvəl verilmişdi.

...Onu Çelsidəki bir ziyafətdə görəndə iyirmi beş yaşım var idi. Qapını, uzun dəhlizi xatırlayıram... Axşamın tutqun işıqları arasında o mənə səhradakı ilğım kimi görünürdü. Mən iki qızla gəlmişdim və kefim çox kök idi. Həmin qızlara üstörtülü şəkildə ədəbsiz şeylər danışır, onlarsa gülürdülər. O iri, qətiyyətli addımlarla bizə tərəf gəlib lovğa, dikbaş ədayla qarşımda dayandı, soyuq, xudbin baxışlarla məni süzdü. Ağzımı açıb salamlaşmaq istəyirdim ki, artıq mənə qarşı olan bütün marağını itirərək geri döndüyünü gördüm.

-Bu kim idi? – deyə yanımdakı qızların birindən soruşdum.

Bu, Londonun dünya müharibəsinin yaralarını sağaltdığı, viktorian dövrünün toz-torpağını üst-başından çırpıb tökdüyü vaxtlar idi. Mən Çelsi pivəxanalarının daimi sakiniydim. Xempsted klubuna gedir, Polbsberinin müəssisələrinə baş çəkirdim. Poeziyayla maraqlanır, dindən danışır, fəlsəfi mövzularda mübahisələr aparır, rəssamlığı tənqid eləyir, Şərqin mənəvi dəyərləri barədə mühakimələr yürüdürdüm. Bu qaynar və maraqlı həyat xeyli, həmin qadın yolumda duranədək davam elədi. Mən qızları ovlamaq, tora salmaqla məşğul idim... Qurtuluş ordusundakı qızlarla Fabian cəmiyyətindən olan qızların arasına təfriqə salırdım. Liberallar və ya leyboristlər bir yerə yığışan kimi öz dəvəmə minib ova çıxırdım.

İkinci görüşümüzdə Ceyn Morris məni murdar adlandırdı: "Həyatım boyu bu cür kifir, əndrəbadi sir-sifət görməmişəm” – dedi. Özümə söz verdim ki, vaxtı gələndə bu təhqirin cavabını ona artıqlamasıyla yedirdəcəm.

Həmin axşam həddindən çox içdim. Ayılanda gördüm ki, Enn Himmend yanımda yatıb. Bilmirəm, bu qız məndə nə tapmışdı? Onun atası mühəndis qoşunlarında zabit idi, anasısa zəngin Liverpul ailələrindən birinin qızıydı. Biz tanış olanda heç iyirmi yaşı yox idi. Ağıllı, oynaq sifətli bu şən qızın qəlbi həyat eşqiylə aşıb-daşırdı. Enn Oksfordda şərq dillərini öyrənirdi. Ekvatorial Afrikaya getməyi arzulayır, isti, başgicəlləndirici günəşdən ötrü darıxırdı. Onu al-qırmızı ənginliklər və üfüqlər cəzb eləyirdi. Mən onun bütün bu coşqulu xəyallarının simvoluydum. Ancaq məni daha çox Şimal, şimal şaxtası özünə çəkirdi.

Ennin uşaqlığı monastr məktəbində keçib. Onu tovlayıb yoldan çıxartmaq mənimçün elə də çətin olmadı. Bir az bacarıq, bir az da ehtiyatlı tərpənmək kifayət elədi.

Yataq otağımın parka açılan pəncərəsi çəhrayı rəngli qalın pərdəylə örtülmüşdü. Üstündə dəvəquşu lələyindən yastıqlar olan çarpayının ayaqları yumşaq xalçanın içində itib-batmışdı. Divarlara vurulmuş rəngbərəng bralar iri güzgülərin arasında görünməz olmuşdu. Otağa yanmış səndəl və aloe ətri çökmüşdü. Vanna otağında içində cövhər, pomada, boya və kremlər olan şüşə qablar var idi. Bilmirəm nəyə görəsə bütün bunlar bahalı bir xəstəxananı xatırladırdı.

Bir gün onun ölüsünü tapdılar. Özünü qazla zəhərləyərək öldürmüşdü. Yanında bir cümləlik kağız var idi: "Allah sənə lənət eləsin, mister Səid”.

Londonun məhkəmə zalında çox uzun günlər yaşadım. İttihamçı və müdafiəçilərin mənim haqqımda dediklərinə qulaq asdıqca elə hiss eləyirdim ki, onlar qətiyyən mənə dəxli olmayan hansısa yad adamın işindən danışırlar. Prokuror ser Artur Xokins adlı ağıllı və adamı vahiməyə salmağı, ona qorxu hissi aşılamağı bacaran bir adam idi. Mən onu yaxşı tanıyırdım. Artur Xokins istintaqı qurtarıb müttəhimləri rahat buraxanda mən onların necə hönkürüb özündən getdiyini görmüşdüm. Ancaq bu dəfə onun qarşısındakı insan yox, canlı meyit idi.

-Deməli, Enn Ximmend intihar eləmişdi?

-Bilmirəm.

-Bəs, Şeyla Qrinvurd?

-Bilmirəm.

-İzabella Seymur?

-Bilmirəm.

-İzabella Seymuru siz öldürmüsünüz?

-Bəli, mən.

-Qəsddən öldürmüsünüz?

-Bəli.

Sanki onun səsi cəhənnəmdən gəlirdi.

O, andlıların qarşısında heç bir mənəvi keyfiyyətlərə malik olmayan, ardıcıl qətllər törədən və bu əməllərindən həzz alan, nəşələnən canavar xislətli vəhşi insan obrazını çox məharətlə yaratmışdı. Arqumentlərini ustalıqla və çox inandırıcı şəkildə formalaşıdırmışdı. Məni dar ağacından xilas eləmək üçün keçmiş professorum Maksvell Foster Kin şahid qismində ifadə verərkən mən tam trans vəziyyətindəydim. Ancaq birdən necə oldusa, yerimdən qalxıb var gücümlə qışqırmaq istədim: "Siz nə çərənləyirsiz? Heç bir Mustafa Səid-zad yoxdur. O mövcud deyil və heç vaxt mövcud olmayıb. Hamısı boş illüziyadır, böyük, boş mənasız bir yalandır. Hökmümü, lap istəyirsiniz ölüm hökmümü oxuyun, vəssalam”.

Ancaq heç bir hərəkət eləmədim, heç yerimdən tərpənə bilmədim, səsim boğazımda boğulub qaldı, içimdəki atəş sönmüş kül topası kimi soyudu. Professorsa bu vaxt qeyri-adi keyfiyyətlərə malik bir insanın portretini cızır və onu cinayətə sövq edən səbəbin şərait olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxırdı. Mənə elə gəlirdi ki, bütün bunları fasiləsiz olaraq cəhənnəmdə göstərilən köhnə, qədim bir film kimi artıq min dəfədir görmüşəm; hamı dəfələrlə eşitdiyi üçün onun hər sözünü çoxdan əzbər bilir. Professor danışır, hey danışırdı, mənsə gözümü yumub sakitcə oturmuşdum. O deyirdi ki, iyirmi dörd yaşında məni siyasi-iqtisaddan mühazirə oxumaq üçün London universitetinə dəvət etmişdilər. O özünün belə bir fikrində israr edirdi ki, Enn Hemmend və Şeyla Qrinvud xəstəhal adamlar kimi öz ölümlərini arzulayırdılar, necə deyərlər, ölüm düşgünüydülər və onların intihar eləməsində qəribə heç nə yoxdur. Onsuz da bu, gec və ya tez baş verməliydi. Burda Mustafa Səidlik bir şey yoxdur.

-Cənab andlılar, – deyə professor yüksək pafosla qışqırırdı, – Mustafa Səid hörmətə layiq insandır. O öz ağlıyla qərb sivilizasiyasına qucaq açdı, ancaq bu sivilizasiya onu qəbul eləmədi, onun qəlbini sındırdı. Bu qızları Mustafa Səid öldürməyib. Onları min ildir öz qanlarında yaşayan sağalmaz, öldürücü mikrob məhv eləyib.

Yerimdən qalxıb hamının ağzını yummaq istəyi məni üzüb əldən salmışdı. "Siz nə istəyirsiniz ?! Nə cəfəngiyyat danışırsınız. Bəsdir. Bunlar hamısı yalandır. Onları bir başqası deyil, mən öldürmüşəm. Mən Otello deyiləm, susuzluqdan yanıb qovrulan səhrayam. Hamısı təxəyyülün məhsulu olan şirin yalandır, ürəklərə təskinlik gətirsə də, reallığa heç bir dəxli yoxdur. Axı niyə, niyə siz məndən, mənimlə birlikdə bu yalandan yaxa qurtarmq istəmirsiniz?” Professor Foster Kin məhkəmə zalını iki dünyanın, iki sivilizasıyanın mübarizə maydanına, mənisə sadəcə, bu mübarizənin qurbanına çevirmişdi.

...Qatar məni Viktoriya vağzalına, Ceyn Morrisin dünyasına gətirdi. Gün-gündən oxun yayı gərilir, tuluqda su tükənir, karvanımı susuzluq üzüb əldən salır, ilğım məni öz cazibəsinə alır. Hədəf aydındır, sadəcə, oxu atmaq lazımdır ki, faciə baş versin. Bir dəfə Ceyn mənə dedi: "Sən vəhşi kəl kimi tərsin birisən. Mən daha bacarmıram, mən sənin təqiblərindən bezmişəm, səndən uzaq durmağa cəhd eləməkdən cana doymuşam. Mənimlə evlən, məsələ birdəfəlik bitsin”.

Və mən evləndim.

Bizim yataq otağımız əsl döyüş meydanıydı. Yatağımız cəhənnəmə dönmüşdü. Bilmirdim qucağımdakı bulud, yoxsa sönüb yerə doğru şütüyən ulduzdur. Özümü sanki Prussiya hərbi marşınının ixtiyarına verərək şərə təslim olmuşdum. Onun acı və etinasız gülüşünü görməmək üçün hər şeyə hazır idim! Birinci gecə gözümü də yummadım, öz silahlarımı – qılıncı, nizəni, yayı, oxu işə saldım. Səhər yenə də onun sifətində həmin təbəssümü gördüm. Dərhal başa düşdüm ki, bu dəfə də uduzmuşam. Mən bazardan bir dinara alınmış Şəhriyara – qula oxşayırdım. Vəbanın tüğyan elədiyi şəhərin xarabalığında veyillənən Şəhrizadla təsadüfən görüşən Şəhriyara. Gündüzlər Keyns və Toynbin nəzəriyyələriylə yaşayır, gecələrsə yenidən qılınc, nizə, yay və oxlarla döyüşə can atırdım.

Mən səngərlərdə müharibədən cana doymuş, xəstəlikdən sozalmış, bit-birə basmış əsgərlərin qorxu və dəhşət içində necə evə qayıtdıqlarını görmüşəm. Mən gələcək mühüribənin toxumunu səpən Versal müqaviləsinin müasiriyəm, Lloyd-Corcu öz gözlərimlə görmüşəm. Onun ümumi rifah dövləti yaratdığına, bu dövlətin özülünə kərpiclər düzdüyünə inanmışam. Mənim yaşadğım şəhər alnında sirli nişanə olan və adamı öz məftunedici baxışlarının cazibəsinə salan qeyri-adi bir qadına çevrilmişdi. Bu qadından ötrü xüsusi olaraq onun xoşladığı yemək – dəvənin qara ciyəri hazırlanırdı. O özünün azğın, ipə-sapa yatmayan istəkləriylə az qala məni öldürmüşdü.

Mənim yataq otağım kədər və qəm-qüssə mənbəyi, sağalmaz xəstəliklər bağçasıydı. Ancaq özümü inandırmışdım ki, bu xəstəlik qadınları min il qabaq məhv eləyib, mənsə, sadəcə olaraq, onun məşum bir nöqtəyə qədər inkişaf edərək öldürücü həddə çatmasına yardım göstərmişəm.

Estradalarda müğənnilər sevginin ülviliyi haqqında oxuyur, hey oxuyur, mənim qəlbimsə susurdu. Kimin ağlına gələrdi ki, Şeyla Qrinvurd intihar edə bilər? Soxodakı kafenin xörəkpaylayanı. Sadə, zərif, qəşəng ağzı, şirin danışıq tərzi olan bir qız. Onun valideynlərinin ferması var idi. Mən onu hədiyyələrlə ələ aldım, xoş sözlərlə və iti baxışlarla yoldan çıxardım. O vaxt baxışlarımın hər şeyi dəlib keçdiyinə, hər şeyi real şəkildə, olduğu kimi gördüyünə inanırdım.

Mən Şeylanı öz dünyama, ona yad olan dünyaya cəlb elədim. Yanmış səndəl və aloe ətri onu məftun eləmişdi. Qız öz əksini güzgüdə görərkən sağa-sola fırlanır, fil sümüyündən olan və kəmənd kimi gözəl boynuna taxdığım boyunbağıyla oynayaraq bərkdən gülürdü. O mənim yataq otağıma təmiz, bakirə qız kimi girdi, oranı qanına yoluxmuş sağalmaz xəstəlik rüşeymləriylə tərk elədi. O heç bir kağız yazmadan, izahsız-filansız öldü.

Gördüyün kimi, mənim həyat boxçam bu cür əhvalatlarla doludur. Hər bir təntənəli hadisəyə uyğun geyimim var, tuluğumsa bilir ki, onu nə vaxt stola gətirəcəklər.

-Sən təsdiq edirsənmi ki, 1922-ci ilin oktyabrından 1923-cü ilin fevralına kimi eyni vaxtda beş qadınla yaşamısan?

-Bəli, bu düzdür.

-Onların hər birinə bu və ya digər şəkildə adırmısan ki, onunla evlənmək istəyirsən?

-Bəli.

-Və özünü hər birinə başqa bir adla təqdim eləmisən, özün haqqında uydurma məlumatlar vermisən?

-Bəli.

-Sən özünü Həsən, Çarlz, Əmin, Mustafa və Riçard adlandırmısan?

-Tamamilə doğrudur.

-Bəs bütün bunlar iqtisadi mövzuda məqalələr yazmaqda, mühazirə oxumaqda, elmi dairələrdə tanınmaqda sənə mane olmurdu?

-Xeyr, mane olmurdu.

...Otuz il. Parklarda və bağlarda söyüdlər çiçəkləyib yarpaqlayır, yarpaqlar saralır və tökülür. Hər il qu-qu quşu öz "qu-qu”suyla yazın gəlişini salamlayır. Otuz ildir Albert-holl hər axşam Bethovenin və Baxın pərəstişkarlarıyla ağzına kimi dolu olur, mətbəələrsə incəsənət və fəlsəfə haqqında minlərlə kitab buraxır. Kral teatrında və Haymarketedə Bernard Şounun pyesləri oynanılır. Edit Stoul səsini uzada-uzada öz zərif ruladalarını oxuyur, Uels şahzadəsinin teatrında gəncləin əlindən tərpənmək olmur. Brayton və Portsmutda gün ərzində iki dəfə qabarma çəkilməylə əvəz olunur. Göllər diyarı ilbəil gözəlləşir. Bütün ada eyni zamanda nikbin və kədərli hisslər oyadan xoş bir lirik melodiya kimi dəyişir, ilin fəsilləri kimi dondan-dona girir.

Otuz il mən bu dünyanın əsl, həqiqi gözəlliyini hiss eləmədən onun canlı bir hissəciyi olmuş, orda yaşamışam. Məni yalnız bir şey düşündürüb: bugünkü gecəni kimlə keçirdəcəm.

İndi söyləyəcəyim hadisə yayda baş vermişdi. Deyilənə görə, düz bir əsrdən çoxdur ki, bu cür yay olmamışdı. Şənbə günü hava almaq üçün evdən çölə çıxdım və birdən hiss elədim ki, bu gün məni böyük ov gözləyir.

Hayd-parkın natiqlər yığışan hissəsinə getdim. Orda adamlar qaynaşırdı. Mən bir az aralıda dayandım. Karib dənizindəki hansısa adadan olan bir natiq çıxış eləyirdi. O, hinduların, qaraların vəziyyətindən danışırdı. Qəflətən baxışlarım natiqi daha yaxşı görmək üçün barmaqlarının ucunda dayanıb qabağa bolanan bir qadının üzərində dayandı. Onun donunun ətəyi yuxarı dartıldığından gün altında qaralıb bürüncü rəngə düşmüş yaraşıqlı dizləri çöldə qalmışdı. Dərhal öz içimdə qərar verdim: bu mənim olmalıdır. Və çay kandarlarının arasıyla üzən qayıq kimi adamları yara-yara kütlənin arasından həmin qıza tərəf soxuldum. Düz onun arxasında dayanaraq, demək olar ki, kürəyinə yapışdım. Hərarəti içimə od saldı.

Qızdan gələn ətir mənə Qahirə vağzalının platformasında dayanmış missis Robinsonu xatırlatdı. O arxada kiminsə dayandığını hiss elədi və geri döndü. Mən onun gözlərinə baxaraq gülümsədim. Bütün bunların nəylə qurtaracağını hələ bilməsəm də, sifətindəki təəccübün kin-kidurətlə əvəzlənməməsi üçün gülümsədim. Cavabında o da gülümsədi.

Təxminən on beş dəqiqə onun yanında dayandım. O güləndə bunun bizi yaxınlaşdıracağı ümidiylə mən də gülürdüm. Elə bir anı gözləyirdim ki, biz çiyin-çiyinə, yan-yana qaçan at və qulan olacağıq. Birdən qeyri-ixtiyari olaraq ağzım açıldı, özüm də bilmədən təxminən aşağıdakı kəlmələri söylədim:

-Bəlkə kütlədən bir az aralı yerə gedək, hardasa oturub çaydan-zaddan içək? Sizcə necə təklifdir?

O, təəccüblə mənə tərəf döndü, dodaqlarına yenə şən, sadəlövh bir gülüş qondu. Hər halda hiss eləyirdim ki, müəyyən maraq oyada bilmişəm. Diqqətlə sifətinə baxır, baxdıqca da tezliklə mənim qurbanım olacağına daha çox inanırdım.

Təcrübəli və ehtiraslı bir oyunçu kimi həlledici anı tutmağı öyrənmişdim. Ancaq onun cavabını eşidən kimi az qala cilovu əlimdən salacaqdım:

-Niyə də yox?

Və ikimiz birlikdə xiyabana yollandıq. Yol boyu mənə elə gəlirdi ki, sanki iyul günəşinin qızılı-bürüncü rəngə çalan gözqamaşdırıcı parlaq bir möcüzəsiylə yanaşı addımlayıram. O, mənim təsəvvürümdə sirlərlə, xoşbəxtlik və nəşəylə dolu bütöv bir dünya kimi canlanırdı. Onun təbii, insan qəlbinin dərinliyinə sirayət edən gülüşü məni ovsunlamışdı. Avropada qorxu bilməyən, həyata şövqlə, sevinc və həvəslə yanaşan belə qadınlar çoxdur. Mənsə həyata keçməyən arzuların burulğanında əbədi olaraq iztirab çəkən susuz səhraya bənzəyirdim.

Çay içərkən hardan oluğumu soruşdu. Bu sualın cavabında bir allah bilir ki, nələr söyləmədim. Səhranın qızıl qumları, ekzotik quşların səs-səsə verib oxuduğu cəngəlliklər haqqında hər cür yalanlar uydurdum. Vətənimin baş şəhərinin küçələrində fillər və şirlərin necə gəzdiyini, günorta saatlarında timsahların günəş şüaları altında qızındığını təsvir elədim. O inanıb-inanmasından asılı olmayaraq, nəyin həqiqət, nəyin yalan olduğunun fərqinə varmadan maraqla mənə qulaq asırdı. Tez-tez gözlərini qıyaraq gülür və bu zaman yanaqları qızarırdı. Bəzən sifəti ciddi və dalğın görkəm alır, gözlərisə şəfqət hissilə alışıb-yanırdı.

Nəhayət, çoxdan gözlənilən an çatdı və hiss elədim ki, artıq mən ondan ötrü təsadüfi bir tanış yox, şəxsiyyətəm, bir əlində nizə, digər əlində oxla yay tutmuş, vur-tut bir neçə dəqiqədən sonra tropik meşənin dərinliklərində fillər və şirlər ovlamağa yollanacaq çılpaq bir vəhşiyəm. Əla. Deməli, adi bir maraq hissi artıq rəğbətə çevrilmişdi. İndi yalnız sakit-sakit xumarlanan gölü ən dərin qatlarına kimi coşdurmaq lazımdır. Bundan sonra rəğbət istəklə əvəzlənəcək və... gerisi daha yalnız mənim özümdən asılıdır.

-Hər halda deyin görüm, siz kimsiniz? Afrikalı, yoxsa Asiyalı? – deyə o soruşdu.

-Mən elə Otello kimiyəm, – deyə cavab verdim. – Afrika ərəbi!

-O mənim sifətimə baxıb dedi:

-Lütfən, sizin burnunuz fotolarda gördüyüm ərəblərin burnuna oxşayır. Ancaq saçlarınızsa? Ərəblərin saçı qara, yumşaq olur, sizin saçınızsa tamam fərqlidir.

-Nə etmək olar? Necə varamsa, eləyəm. Sifətim Rub əl-Xali səhrasından olan ərəb sifəti. Saçlarımsa uşaqlığı ağır keçmiş bir Afrikalının saçlarıdır.

Sonra mənim ailəm haqqında danışmağa başladıq. Bu mövzuda söhbət eləyərkən özümdən heç nə quraşdırmadım, həqiqəti söylədim. Dedim ki, döğmaları və yaxınları olmayan yetiməm. Ancaq birdən yenə yalana güc verdim, atamı necə itirməyim barədə bir-birindən dəhşətli tarixçələr uydurmağa başladım. Dedim ki, atam və onunla birlikdə bərəylə Nili keçən daha otuz nəfər insan çayda boğulub öləndə mənim altı yaşım var idi. Bunu söyləyərkən gözləri yaşla doldu. Bu artıq adi bir canıyananlıq yox, nəsə daha güclü bir hiss idi.

-Nildə? – deyə o sanki məst olmuş adam kimi qışqırdı və gözləri parıldamağa başladı.

-Hə, Nildə.

-Deməli, siz Nilin sahilində yaşayırsınız?

-Düz suyun kənarında. Bəzən gecənin bir aləmi oyanır, yataqdan qalxmadan əllərimi pəncərədən uzadaraq onun sərin suyunda isladır, sonra yenidən yatırdım. – Yalanı necə şövqlə danışırdımsa özüm də cuşə gəlir və hiss eləyirdim ki, quşcuğaz artıq tələdədir.

Nil atəşfəşanlıq içindəydi, onun qurbangahına daha bir qurban uzanmışdı... Şəhər yenidən adi bir qadına çevrilmişdi. Budur, mən yenə də dağın zirvəsində çadır qura-qura özüm haqqında düşünürəm: "Xanım, yəqin, Tutanxamonun sərdabəsinə girən lord Karnarvon[3] kimi siz də bilmirsiniz ki, ölümcül xəstəlik sizi düz ürəyinizdən vuraraq məhv eləyəcək. Bu xəstəliyin hardan peyda olub çıxdığı bilinməsə də, sənin bütün varlığına hakim kəsildi. Sən birinci deyilsən. Mənim tuluğum özünə hansı məcməyinin lazım olduğunu bildiyi kimi, mən də cilovu əlimdə möhkəm tutduğumu yaxşı bilirəm. Dartsam dayanacağıq, boşaltsam yenidən çapacağıq, yırğalasam ildırım sürətiylə uçub gedəcəyik”.

-Fikir ver, – dedim, – iki saat bir göz qırpımında keçdi, mən bunu heç hiss eləmədim. Çoxdan belə xoşbəxt anlar yaşamamışdım. Ürəyini boşaltmaq adama ləzət eləyir. Getmək vaxtıdır. Yolda davam eləyərik.

Mən gözləmə mövqeyi tutaraq susdum. Uğur qazanacağıma şübhə yox idi. Cinağımın altına şiddətli bir istilik yayıldı, busa qələbəni mənimlə olacağının qəti əlamətiydi. Onun "yox” deməyi mümkün deyildi.

-Qəribədir, – deyə dilləndi. – Qətiyyən tanımadığım bir nəfər məni dəvət eləyir və mən razılaşıram. Bütün nəzakət qaydalarının ziddinə olaraq. Ancaq... niyə də axı yox? Hər halda, zahirən sən adamyeyənə oxşamırsan.

-Görünür, elə zənn edirsiniz ki, – deyə qəlbimi bürüyən şadyanalıq hisslərinin təsirindən məst ola-ola cavab verdim, – mən dişləri büsbütün kütləşmiş və ya tökülmüş yaşlı, vayxır bir timsaham və istəsəm də sizi dişləyib uda bilmərəm.

Fikirləşdim ki, ondan ən azı on beş yaş kiçiyəm. Bu qızın hardasa qırxa yaxın yaşı var idi. Ancaq həyat onunla mərhəmətli davranmış, yola saldığı illər sifətində dərin izlər qoymamışdı. Alnında və ağzının küncündə güclə hiss olunan qırışların sanki yaşa heç bir dəxli yox idi, bu qırışlar daha çox qarşımda dayanan şəxsin yetkinlik yaşına təzəcə qədəm qoymuş yeniyetmə bir qadın olduğundan xəbər verirdi. Yalnız indi onun adını soruşmağa risk elədim.

-İzabella Seymur, – deyə cavab verdi.

Bu adı iki dəfə təkrarladım və ağzımda sulu armud tamı hiss elədim.

-Bəs sizin adınız?

-Mənim?.. Amin... Amin Həsən.

-Etiraz etməsəydin, səni Həsən çağırardım. – Üzündəki qırışlar hamarlaşdı və sir-sifəti qəfildən bütün varlığına çökən bir sevginin işığına boyandı, onu əhatə eləyən hər şeyə və mənə qarşı olan bir sevginin işığına. Ancaq onun dünyaya olan sevgisindən mənə nə?! Vaxtaşırı sifətini dumanlandıran kədər buludlarından mənə nə? Məni onun yarımçıq açılmış ağzı, yumru dodaqları cəzb eləyirdi. Onların arasında əsrarəngiz sirlər yatdığını görürdüm. Mən fantaziyama güc verərək xəyalən onu soyundururdum.

-Bizim həyatımız əzab və iztirablarla doludur, – deyə qulağıma sanki uzaqlardan gələn bir səs çatdı, – bizi yalnız ruhumuzun möhkəmliyi, mətinliyi xilas eləyə bilər...

...İndi artıq bilirəm ki, dərin və aydın hikmət, adətən, sadə adamların qəlbində doğulur. Bizim xilas olmaq yolundakı ümidimiz də onlardır. Ağac necə bitir. Öz-özünə... Sənin baban uzun ömür yaşayıb və tezliklə öləcək. Bütün müəmma da bundadır.

"Əzizim, sən mərdliyə inanırsan, sənin qəlbin nikbinliklə dolub-daşır. Mənə gəlincə, nə qədər ki, zəiflər və gücsüzlər torpaq almayıb, nə qədər ki, sayı milyonlarla ölçülən orduları dağıdıb evə buraxmayıblar mən optimist ola bilmərəm. Quzu canavarla yan-yana otlaya bilməz, heç kim timsahla su polosu oynayan hansısa oğlan uşağının adını çəkə bilməz. Bir sözlə, nə vaxta kimi xoşbəxtlik və məhəbbət səltənətinin hökmranlığı gəlib çatmayıb, mən özüm haqqında əvvəlki kimi bu cür qeyri-adi tərzdə danışacağam. Yalnız yorğunluqdan nəfəsi təngiyə-təngiyə, büdrəyə-büdrəyə yuxarı dırmaşaraq, dağın ən yüksək zirvəsinə çatandan, döyüş bayrağını ora sancaraq nəfəsimi dərib özümə gələndən, bütün qüvvəmi toplayandan, bəli yalnız bundan sonra məndən ötrü həqiqət anı çatacaq və sevgi və xöşbəxtlikdən sərxoş olmağın nə demək olduğunu anlayacaq, onun dadına baxa biləcəyəm. Bax, məhz buna görə də dənizçilərin gəmisini dağıdıb para-para eləyən dəniz həmin dənizçilərin, ağacı iki yerə bölən ildırım həmin ağacın qarşısında günahsız olduğu kimi mən də sənə edəcəyim pisliyə görə sənin qarşında günahkar deyiləm”.

Qızın saçları çay sahilindəki ot kimi sıx və yumşaq idi. Mən uzun müddət diqqətlə onun sağ biləyindəki, qadınlarda çox nadir hallarda rast dəlinən qara tüklərə baxdım. O mənim nə barədə düşündüyümü başa düşdü:

-Siz bir şey haqqında düşünməyə başlayanda qəmli olursunuz.

-Qəmli? Siz nə danışırsız! Mən çox xoşbəxtəm, heç vaxt bu qədər xoşbəxt olmamışam.

Onun gözləri şəfqət hisslərilə doldu, əlimdən tutub dedi:

-Bilirsən, mənim anam ispan qızıdır.

-Belə de! Bu çox mətləblərin, bizim təsadüfi tanışlığımızın, belə asanlıqla bir-birimizi başa düşməyimizin üstünə işıq salır, elə bil min ilin tanışlarıyıq. Ola bilsin, mənim on arxa dönənim, ulu babam Tarix ibn Ziyadın[4] döyüşçüsü olub. Ola bilsin ki, sizin ulu nənəniz Sevilya bağlarında üzüm yığarkən ulu babam onu görüb və ilk baxışdan vurulub. Nənəniz də ona müsbət cavab verib. Ancaq bir müddətdən sonra babam onu orda qoyaraq Afrikaya qayıdıb və evlənib. Mən onun Afrikadakı, sizsə İspaniyadakı nəslindən törəmisiniz.

-Yox, siz sadəcə olaraq, adamı yoldan çıxardan şeytansınız! – deyə o qışqırdı!

Təxəyyülümsə mənə işğalçı ərəblərin İspaniyada qarşılaşdığı anları canlandırırdı. Yəqin ki, o vaxt da hər şey eyniylə indi mənimlə İzabella Seymur arasında baş verənlər kimi olmuşdu: Avropaya ağılsız həmlə ölkənin şimalındakı dağların arasında itib-batmış və şöhrət çələnginə bürünməmişdi. Mən də şan-şöhrət axtarmıram.

Şiddətli ehtiras yanğısıyla yanıb-yaxıldığım uzun bir ay keçəndən sonra, nəhayət, qəsrin açarını tapdım. Yanımdakı odur, bərəkətli Əndəlus. Balaca dəhlizlə onu yataq otağına aparıram. Yanmış səndəl və aloenin ətri bir anın içində onu məftun elədi və ağlını başından çıxartdı. O bilmirdi ki, bu ətir özüylə ölüm gətirir. Mənisə əsl faciəvi bir rahatlıq, arxayınçılıq bürümüşdü. Sanki kənardan durub özümə baxırdım. Axırıncı ayın aşırı gərginliyi qəfildən arxayınçılıqla əvəz olunmuşdu. Skalpeli xəstənin dərisini və əzələlərini kəsən cərrah da bu cür rahat olur.

Hiss eləyirdim ki, yataq otağının qapısına kimi mənimlə getdiyi qısa bir yol onunçün işıq və sevgiylə dolu bir yol idi. Ancaq mən yenidən xudbinliyin, eqosentrizmin zirvəsinə can atırdım.

Çarpayının yanında qəfil ayılan və nə baş verdiyini anlamağa çalışan adam kimi bir balaca ləngidim. Baxışlarım pərdələrin, iri güzgülərin, otağın künclərindəki solğun şamların üstüylə gəzişərək qarşımda donub qalmış tunc rəngli canlı heykəlin üstündə dayandı. Dramın kulminasiyası başlayır.

O, güclə eşidiləcək bir səslə qışqırdı:

-Yox, yox!

Ancaq dayanmaq anı artıq ötmüşdü.

Mən səni qəfil yaxaladım və sənin "yox” deməyə gücün çatdı. İndisə hadisələrin təbii axarı ona inanan, özünü bu axara təslim edən hər kəsi necə aparırsa, səni də eləcə aparacaq. Əgər insan dayanmağın, növbəti addım atmamağın vaxtını və yerini bilsəydi, dünyada nə qədər talelər başqa cür olardı. Məgər milyonlarla insan ürəyinin qum dənələrinin bir-biriylə döyüşdüyü, bülbüllərin boğazının quruduğu yanmış səhraya çevrilməsində günəşmi günahkardır? Mən hər toxunuşdan, hər öpüşdən sonra onun inamsızlığının necə əriyib yox olduğunu hiss eləyirdim. Onun sifəti bərq vurur, gözləri işıq saçırdı. O uzun müddət mənə baxır, məni dəqiq tanımaq istəyirdi. Və birdən itaətkarcasına, yalvarış dolu bir səslə dedi:

-Mən səni sevirəm.

Hardasa şüurumun dərin qatlarından sanki bu sözə cavab kimi bir səs gəldi: "nə qədər ki, gec deyil dayan. Mənim nəfəsim təngidi...”



[1] Sakiya – aətən kələ qoşulan təkərli suvarma qurğusu.

[2] Əbu-l- Əla əl-Məarri (973-1057) orta əsrlərin məşhur ərəb şairi.

[3] Karnarvon – ingilis misirşünası və arxeoloqu.

[4] Tarix ib Ziyad – ərəb sərkərdəsi. VIII əsrdə ərəblər onun komandanlığı altında vesqottları darmadağın edərək İspaniyanı zəbt etmişdilər.



İmza:
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK