adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Noyabr 2017 13:30
100730
MƏMLƏKƏT
A- A+

BALIĞIN QİYMƏTİ KƏLLƏ-ÇARXA QALXIB

Deyirlər ki, balıq əti çox dadlı olur və bu qidanın qəbulu insan üçün həddindən artıq xeyirlidir. Təbii ki, bu deyimə heç kəsin şübhəsi olmaz. Ən azından ona görə ki, çoxlarımız balığın necə dadlı olduğunu yaxşı bilirik.

Biz uşaq vaxtı olanda rəhmətlik Yusif əmim Araz çayından balıqlar, naxalar tutardı. Özü də o balıqlar və naxalar o qədər dadlı idi ki, yeməklə doymaq olmurdu. Və Yusif əmi çox vaxt balığı özü bişirərdi. Düzdür, rəhmətlik Suruş bibim də yaxşı balıq bişirə bilirdi. Ancaq Yusif əmi kimi heç kim dadlı balıq bişirməzdi. Bəlkə də kimsə elə balıq bişirə bilərdi. Amma Yusif əminin bişirdiyi balığın özgə dadı vardı. Sazan balıqların ağırlığı 5 kilodan çox olardı. Hələ mən naxanı demirəm. Naxa balığı isə 40-50 kq çatardı. Hər iki balığın qızartması və soyutması çox dadlı olardı. Özü də Arazın balığının dadını başqa çayların balığı verə bilməzdi.

İndi də dəniz və çay balığı var. Və həmin dəniz və çay balıqları heç də biz uşaqlıq vaxtı yediyimiz balıqların tamı qədər dadlı deyil. Bilmirik bu nədən belədi, ancaq bir onu bilirik ki, 40 il bundan öncəki balıqların özgə cür dadı vardı.

Təbii ki, bir çoxlarımız balığı daha çox xoşlayırıq. Amma gəlin onunla razılaşaq ki, bu gün dadlı balıq ətinə çoxumuz tamarzı qalmışıq. Çünki indi bazar-dükanda satılan əksər balıqlar süni yolla yaradılmış göllərdə yetişdirilir və onlar da inqibator toyuqları kimi müxtəlif yemlərlə böyüdülür. Elə ona görə də bu balıqlar 40 il bundan qabağın balığı qədər dadlı deyillər.

Bir fikirlə razılaşmaq olmur ki, bir çoxları deyir: indi yetişdirilən balıqlar göllərdə süni surətdə böyüdülür. Bu fikir heç də həqiqətə uyğun deyil. Belə ki, həmin balıqlar təbii balıqlardı. Yalnız sadəcə olaraq onlar süni yaradılmış göllərdə yemlə böyüdülür.

Aydındır ki, təbii yolla dənizdə yetişə balıqlar da var. Məsələn, insanlar ən çox bu gün dənizdə böyüyən kütüm balığının dadından xüsusilə danışırlar. Mütəxəssislər də deyirlər ki, başqa balıqları süni göllərdə yetişdirmək mümkün olsa da, kütümü həmin yerlərdə böyütmək mümkün deyil. Elə ona görə də bu balıqdan xoşu gələnlər kütümü dəniz balığı kimi böyük həvəslə alırlar.

Payız və qış mövsümündə balığın özgə bir ləzzəti var. Yəni bu aylarda balıq yemək insanı müxtəlif xəstəliklərdən qorumaqla yanaşı, həm də immuniteti gücləndirir. Ümumiyyətlə, həkimlər bildirirlər ki, payız və qış mövsümlərində nə qədər çox balıqdan istifadə edilsə, insan bir o qədər özünü gümrah hiss edər.

Biz hamımız balıq yemək istəyirik. Amma yeyə bilirikmi? Çünki əvvəlki vaxtlara nisbətən bazar-dükanlarda balığın qiyməti çox bahalaşıb. Məsələn, 1 kiloqram sazanın və eləcə də xanı balığının qiyməti 5 manatdan aşağı deyil. Hələ biz qiymətli balıqları – kütümü, qızıl balığı, nərəni, ziyad balığını demirik. Elə 1 kiloqram kütümün qiyməti bu gün bazarlarda 10 manatdan aşağı deyil.

Bir çox sahələrdə olduğu kimi, bu gün ölkəmizdə balıq məhsullarının satışında da monopoliya var. Hətta məmləkətimizə xarici ölkələrdən müxtəlif növ balıq məhsulları idxal olunur. Aydındır ki, xaricdən gətirilən balıq məhmulları da, kimlərinsə nəzarətindədir. Və eyni zamanda ölkəmizdəki balıq məhsulları da ayrı-ayrı inhisarçıların nəzarəti altındadır.

Təbii ki, belə olanda qiymətlər də vahid mərkəzdən idarə olunur. Məsələn, indi 1 kiloqram nərə balığının qiyməti 50 manatdan aşağı deyil. Bax, başa düşmək olmur ki, dənizdə olan bu balığın qiyməti niyə 50 manatdı? Hansı ki, 15-20 il bundan qabaq həmin balığın 1 kiloqramının qiyməti 5-10 manat arasında idi. İndi birdən-birə hansısa inhisarçının diqtəsi ilə balığın qiyməti 10-15 dəfə bahalaşıb.

Məgər bu balıqlar Xəzər dənizində yetişmirmi? Bu dəniz də bu xalqın, bu millətin sərvəti deyilmi? Görünür, bəzi inhisarçılar kasıb və imkansız adamları bu balıq ətinə tamarzı qoymaqla nədənsə zövq alırlar. Yaxşı, bunu başa düşdük, o balıqlar varlılar üçündür. Heç olmasa kasıb adamlara digər balıq növləri ucuz satıla bilməzmi?

Əlbəttə, hamı istəyir ki, payız və qış mövsümündə öz rasionuna balıq ətini də daxil eləsin. Ancaq imkanı olmadığına görə, onu bazar-dükandan bəzi insanlar ala bilmirlər. Bayaq dedik ki, bu gün bazarlarda ən ucuz balıq növünün 1 kiloqramı 5 manatdan aşağı deyil. Təbii ki, belə olan təqdirdə təqaüdlə və cüzi əmək haqqı ilə dolanan insanlar o balığı ala bilmirlər.

Hansı ki, həm dənizdən, həm də süni göllərdən hər gün on tonlarla balıq bazara çıxarılır. Bəs, belə olan təqdirdə balığın qiyməti niyə kəllə-çarxa qalxıb? Deməli, yenə bu fikrin üstünə qayıtmalıyıq ki, ayrı-ayrı inhisarçılar bütün sahələrdə olduğu kimi, balıqçılığı da bir əldə cəmləşdiriblər. Hər şey bir əldə cəmləşəndə isə onda qiymətlər bax, belə ceyran belinə qalxacaq.

Hər halda, bir balaca daş ürəklər yumuşalmalı, inhisarçılar insafa gəlməlidirlər. Gərək onlar qaz vurub qazan doldursunlar? Balığın qiyməti heç olmasa 50 qəpik, 1 manar aşağı düşsə, bundan ən çox sevinən imkansız adamlar olacaq. İmkansız adamları isə sevindirmək vallah, Allaha da xoş gedər!..


Faiq QİSMƏTOĞLU