adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2017 00:20
10321
GÜNDƏM
A- A+

MODERNLƏŞƏN QƏDİM ŞƏKİ

...Bu səda artıq neçə illərdir ki, xoş ovqat, sevinc, qürur bəxş edir. Bu səda uzaq keçmişlərin şöhrətini, qədim İpək Yolunun forpost varisliyini eləcə bu günlərə də daşıyır. Bu günlərə qovuşan qədimliyin şan-şöhrəti, əlbəttə, Şəkinin dağ qoynundakı duruşu, əzəməti ilə bütünləşib yeni vüsət, yeni tarix yaradır. Bu tarix müstəqilliyimizin də yeni səhifələridir, xalqımızın qürur mənbəyidir.
Böyük Şəkinin son vaxtlar bu səviyyədə inkişafı, təntənəsi, sosial-iqtisadi və mədəni uğurları təbii ki, böyük sevinc doğurur, yeni nailiyyətlərə ruhlandırır. Eyni zamanda bir məsələni də xüsusi vurğulamaq lazım gəlir ki, bu yüksəlişin nüvəsini məhz böyük dövlət qayğısı müəyyənləşdirir. Son illər Şəkinin sosial-iqtisadi və mədəni inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir sıra sərəncamları uğurla icra olunub və bu tədbirlər davam etməkdədir. Tikilən, ucalan yeni-yeni binalar, müxtəlif obyektlər öz modern görkəmi ilə heç də Şəkinin qədimliyinə, ənənəvi şəhər düzəninə xələllik gətirmir. Sanki bir memar, bir tarixçi, bir qurucu kimi zəngin təcrübəyə malik olan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov nə vaxt bu məsələdən söz düşürsə fikrini konkret bildirir: "Biz cənab Prezidentin tapşırıqlarını həm çoxəsirlik ənənələrin qorunması, həm də elmi-praktik üsulların vəhdətində dərin məsuliyyətlə yerinə yetiririk". Maraqlıdır ki, bu məsələlər təkcə tikinti-quruculuq və mədəniyyət sahəsində deyil, iqtisadiyyatın rayondakı mövcud sahələrində də diqqətə alınır və uğurla həyata keçirilir. Dövlət məmurunun - böyük bir rayonun icra başçısının işgüzarlıq, quruculuq təfəkkürü ilə yanaşı, onun ziyalılığı da mühüm rol oynayır təbii ki.
Şəkidə keçirilən 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov geniş məruzə ilə çıxış etmişdir. E.Usubov demişdir:

Dinamik inkişaf

- Oktyabrın 9-da cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2017-ci ilin 9 ayında Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, bu müddət ərzində qeyri-neft sektorunun 2,5, kənd təsərrüfatının 2,8 faiz artdığını bildirmişdir. Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezidentimiz demişdir: "İlin 9 ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur".

Prezidentin Sərəncamı

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, "Aşağı Karvansaray" kompleksi, "Şəki xanlarının evi" bərpa olunmuş, ən müasir tələblərə cavab verən "Şəki Saray", "Sheki Palace" və "Yaffle İnn" mehmanxanaları, "Şəki Park" istirahət mərkəzi, "Marxal" Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür. Şəhərimizdə müntəzəmliklə keçirilən beynəlxalq "İpək Yolu" musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.
Bu işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də "Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında" Sərəncam imzalayıb. "Kiş alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisini və yolboyu ərazinin abadlaşdırılmasını nəzərdə tutan Sərəncam Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz qısa müddət ərzində şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin aparılması üçün 12 sərəncam imzalamışdır.

Sosial-iqtisadi
göstəricilər

2017-ci ilin 9 ayında ilkin hesablamalara görə, rayonumuzda faktiki qiymətlərlə 279 milyon 786 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 92 faiz təşkil edir.
Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1511 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 245 manat olmuşdur. 2017-ci ilin 9 ayında Şəki rayonunda 2636 yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir. 2017-ci ilin 9 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 303 milyon 405 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi 0,5 faiz artmışdır. Hazırda rayonumuzda 19 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir. 2017-ci ilin 9 ayında Şəki rayonunda istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın 87,9 faizi dövlət mülkiyyətinin, 12,1 qeyri-dövlət mülkiyyətinin payına düşür...

Sosial müdafiə

E.Usubovun məruzə ilə çıxışından öyrənirik ki, bəhs olunan dövrdə Şəkidə əməkhaqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2017-ci ilin 9 ayı ərzində Şəki rayonu üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15482 ailənin 78885 ailə üzvünə 2 milyon 253 min 410 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ