adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Noyabr 2017 16:14
16964
ELM VƏ TƏHSİL
A- A+

Odlar Yurdu Universitetində tələbə və məzunlar üçün əmək yarmarkası keçirilib

Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə "Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. 

Adalet.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir. Bu sahədə işlərin davamı kimi, cari ilin 9 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən münasib işlərlə təmin olunan 41,6 min nəfərdən 32,7 faizini (13 615 nəfər) gənclər təşkil edib. Nazirliyin xətti ilə həmin dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2 913 nəfərdən 57,2 faizi (1 666 nəfər) də gənclər olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri Mərkəzdə 1250 nəfərə yaxın gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul ediliblər. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün məşğulluq orqanları tərəfindən əsasən yuxarı sinif şagirdlərindən ibarət 67,7 min nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub.

"Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq, Dövlət Məşğulluq Xidməti tərəfindən hazırkı tədbir də daxil olmaqla, cari ildə respublikamızın 9 ali təhsil müəssisəsində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlər zamanı ümumilkdə 2,6 min vakant iş yeri təklif olunub, tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə onlar işəgötürənlərə öz şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Odlar Yurdu Universitetində "Karyerada ilk addım” devizi altında işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub. Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb. İşəgötürənlər isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbir zamanı iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib.