adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Noyabr 2017 14:46
11359
MƏMLƏKƏT
A- A+

ERKƏKLƏRİ YAYLAĞA GÖNDƏRMİŞİK

Sovet dönəmində Azərbaycanla Özbəkistan pambıqçıları dostluq yarışları keçirərdilər. Bizimkilər Özbəkistana gedərdilər, özbəklər də bura gələrdilər. «Görüş» filmində bunu görmüsüz. Bu həm də təcrübə mübadiləsi idi.

Özbəklər gəlirlər kolxozların birinə, baxırlar ki, sahədə pambıq yığanların hamısı qadınlardı. Pambığı da adətən bizdə qadınlar yığar.

Özbəyin biri təəccüblə kolxoz sədrindən soruşur:

- Bəs, erkəklər hardadı?

Özbəklər kişiyə «erkək» deyirlər, Türkiyə türkləri kimi.

Kolxoz sədri deyir:

- Əkə, erkəkləri göndərmişik yaylağa.

Özbək yenə təəccüblə:

- Qadınlara pambıq yığdırırsız, erkəkləri də istirahətə göndərirsiz?

İndi kəndləri gəzirdim. Bol pambıq var, yığıb başa çatdıra bilsələr təxminən 300 min ton pambıq istehsal etmək olar. Bu da 70-ci ilin rekordu deməkdi.

Sahələrdə isə yenə həmişəki kimi qadınlarıydı. Kəndin erkəkləri isə çayxanalarda vurhavur domino oynayırdılar.

Bu da belə.