adalet.az header logo
  • Bakı 13°C
06 Noyabr 2017 13:05
12854
MƏMLƏKƏT
A- A+

ƏT UCUZLAŞDI…

Artıq bir ildən çoxdur ki, ölkə bazarlarında mal ətinin qiyməti bahalaşıb. Təxminən 2 il bundan əvvəl dana ətinin 1 kiloqramı 8 manata satılırdı. Qısa zaman kəsiyində get-gedə mal ətinin qiyməti qalxdı. Əvvəllər onun kiloqramı 9 manata satışa çıxardılar, sonra 10 manat, bir müddətdən sonra isə həmin ətin kiloqramı 11 manat yarım, 12 kiloqrama çatdı. Təbii ki, ildırım sürəti ilə artan mal ətinin qiyməti heç də təsadüfən baş vermədi. Başqa sözlə demiş olsaq, ətin qiymətinin artmasının obyektiv və subyektiv səbəbləri oldu. Bununla yanaşı, respublikamızda ət satışını bir əldə cəmləşdirmək istəyən inhisarçı qüvvədə peyda oldu.

Əlbəttə, bizim millət həddindən çox ət yeyən millətdi. Yəni sözün açığı, bir çoxlarımız gündə evdə ət bişirilməsə, xörək yemək istəmirik. Deməli, ölkəmizdə ətə təlabat daha da artıb. Bu tələbatı ödəmək üçün isə aydındır ki, yerli istehsal kifayət eləmir. Ona görə də məmləkətimizə əcnəbi ölkələrdən ət idxal olunur. Onu da başa düşmək və anlamaq o qədər çətin deyil. Ən azından ona görə ki, ölkəyə daxil olan ət və ət məhsulları da kimlərinsə monopoliyasındadır.

İndi qayıdaq ölkəmizdə mal ətinin bahalaşmasının səbəblərinə. Bunu mütəxəssislər müxtəlif amillərlə izah edirlər. Məsələn, tanıdığım qəssablardan biri deyir ki, mən bir danadan 300 manat pul qazanmasam, dünyasında bu işə əl qoymaram. Çünki mal kəsmək, onu təmizləmək və satmaq o qədər də asan məsələ deyil. İndi təsəvvür edin, bir qəssab bir danadan bu qədər pul qazanmaq istəyirsə, onda görün bu işlə məşul olanlar nə düşünürlər.

Mütəxəssislərdən biri də qeyd edir ki, hər hansı rayondan mal gətirilən zaman bunun üçün sürücüyə 50 manat pul verilir. 50 manat sürücüyə pul ödəniləndən sonra təbii ki, həmin adam bir deyil, ona yaxın qaramalı - daha doğrusu, dananı, düyəni, cöngəni həmin maşına yüklətdirir. Deməli, yolxərci də o qədər pul tələb eləmir. Hansı ki, həmin qaramalları Bərdədən, Beyləqandan Bakıya gətirirlər və orda da həmin ətin kiloqramını 8 manat civarında hesablayırlar. Hələ biz onu demirik ki, bəzi işbazlar kimlərinsə alın təriylə ilboyu yetişdirdiyi mal-qoyunun «qiymətini öldürür», sonra da onu çox ucuz qiymətə alırlar.

Bununla yanaşı, qocalmış və bir neçə dəfə doğmuş inəkləri işbazlar daha ucuz qiymətə əldə edə bilirlər. Bu da onunla bağlıdır ki, o ucuz qiymətə əldə edilən mallar ya yarmarkalara, ya da bazarlara çıxarılır. Hətta belə malların ətinin 1 kiloqramını 9 manata satışa çıxarırlar. Hansı ki, onu yerində dəfələrlə ucuz qiymətə işbazlar əldə edirlər. Aydındır ki, bu cür «qabaqcıl metodla» işləyən alverçilər bundan qaz vurub qazan doldururlar.

Məsələnin bir tərəfi isə ondan ibarətdir ki, müəyyən qüvvələr Bakı şəhərində ətin qiymətini ucuzlaşmağa imkan vermirlər. Daha doğrusu, bu qüvvələr bazara necə diqtə edirsə, hər şey də o qiymətə satışa çıxarılır. Bəs onda bu cür neqativ halların qarşısı niyə alınmır? Əlbəttə, kimlərinsə əlində ixtiyar varsa və güclüdürsə, hər şey də onun istəyi və diqtəsiylə reallaşır.

Ekspertlərdən biri bildirir ki, çox təəssüf bu gün ölkəmizdə əksər sahələrdə olduğu kimi, ət satışında da monopoliya mövcuddur. Elə bütün bəlalar da məhz burdan qaynaqlanır. Əgər o monopoliya, inhisarçılıq aradan qaldırılsa, dediyimiz nöqsanlar olmaz. Əfsuslar olsun ki, bu monopoliya bu gün də var və sabah da olacaq.

Ekspertin fikirlərində həqiqətə uyğun məqamlar kifayət qədərdir. Məsələn, artıq 3-4 gündür ki, Bərdə bazarında dana ətinin 1 kiloqramı 10 manatdan 9 manat 50 qəpiyə düşüb. Hələ deyilənə görə, ətin qiyməti rayonda bir qədər də ucuzlaşa bilər. Çünki qarşıdan qış gəlir və eləcə də yemin qiyməti get-gedə bahalaşır. Məsələn, ötən il bir bağlama adi otun və yoncanın qiyməti 2 manat 50 qəpik idisə, indi 3-4 manata çatır. Mütəxəssislər bildirirlər ki, dekabr-yanvar-fevral aylarında otun qiyməti daha da bahalaşacaq. Elə bundan da qorxuya düşən bir çox kənd adamları mal-qoyunlarını bazara daha ucuz qiymətə çıxarırlar. Deməli, həmin adamlar qışın sərtliyindən və yemin bahalaşacağından ehtiyatlanaraq bu addımı atırlar.

Bəs onda nə üçün bu gün Bakı şəhərində 1 kiloqram mal ətinin qiyməti 11 manat yarımla 12 manat arasındadır? Bax, burda istər-istəməz xoruzun quyruğu yavaş-yavaş görünməyə başlayır. O xoruzun ki, onun quyruğunu çoxları görsə də, özünü görməməzliyə vurur. Çünki onlara belə sərf edir.

Ancaq gəlin onunla razılaşaq ki, bu gün Bakıda da mal ətinin qiymətini aşağı salmaq mümkündür. Çünki artıq bəzi yerlərdə bu ucuzlaşma var və bundan sonra da olacaqdır. Sadəcə olaraq, həmin məsələlərə bir balaca can yandırmaq lazımdır ki, kimlərsə bazara diqtə eləməsin və qaz vurub qazan doldurmasın. Axı, yazımızın əvvəlində qeyd etdik ki, bizim millət ət yeyəndir. Hamının balası və övladları ət yemək istəyir. Lakin qiymətlər baha olduğuna görə, çoxları bazardan ət ala bilmir.

Tanıdığım adamlardan biri deyir ki, təqaüdümü alanda elə birinci 2 kilo ət alıram və evdə də xanımıma deyirəm ki, bu 2 kilo ətlə bu ayı başa vurmalıyıq. İndi görün aylarla ət yeməyən insanlar hansı çətinliklə üzləşirlər. Onların da qazanları qaynasa, balaları ət yesə, dünya dağılmaz ki?!

Həkimlər deyirlər ki, payız və qış aylarında insanlar daha çox kalorili qidalar qəbul etməlidilər. Təbii ki, ət də həmin kalorili qidaların siyahısına daxildir. Çünki hər hansı insan həftələrlə, aylarla ət yemədikdə o zəfiləyir, immunitet aşağı düşür və hər hansı xəstəliyə daha tez yoluxur. Ona görə də arzulayaq ki, ölkəmizdə ətin qiyməti aşağı düşsün və bundan hər bir ailə alıb övladlarına, balalarına yedirdə bilsin. Axı, ətin ləzzəti başqa cür olur…


Faiq QİSMƏTOĞLU