adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Sentyabr 2018 15:56
32156
ƏDƏBİYYAT
A- A+

Hər an partlayış qorxusuyla yaşayıram...

Borxesin məşhur "Şekspir yaddaşı” adlı hekayəsi var. Qəhrəman arzulayır ki, Şekspir kimi olsun. Dahi sənətkarın yaddaşı qəhrəmana yüklənir və adam bu yaddaşdan xeyli əziyyət çəkir.

Adalet.az yazıçılara sorğu ünvanlayıb - Sizcə, yaradıcı yaddaşla yaşamaq çətindirmi? Yazıçı yaddaşını başqasına vermək istəyərdinizmi?


Yazıçı Səfər Alışarlı: "Yaradıcı yaddaşla yaşamaq bir qədər çətin olsa da maraqlıdı. Başqalarının ağrısı, problemi, bəzən cahilliyi istər-istəməz sənə təsir eləyir, incidir. Belə daimi ağrılar vasitəsilə insan təmizlənir, katarsis yaşayır, bəsirətə doğru gedir. Bu hissin korşaldığı və ya tamam yox olduğu andan sonra yaradıcılıq bitir. Bunu qanqrena ilə müqayisə etmək olar: necə ki yara ağrıyır, sağalacağına ümid var, ağrı qurtarıbsa, çarə yoxdur.

Bu şəhərdə elə yerlər var ki, mən onlardan hamının keçdiyi laqeydliklə keçə bilmirəm. Təkrar və mənasız ağrıları yaşamamaq üçün çox vaxt yolumu dəyişirəm. Bununla belə, mən yaradıcı yaddaşdan imtina etmək haqqında heç zaman düşünməmişəm, əksinə, birini də borc almağa həmişə ehtiyac duymuşam.”



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Yaradıcı yaddaşla yaşamaq həddən artıq çətindi. Çünki bu ilahinin bəxş elədiyi spesifik yaddaşdı, dünyanın bütün ağrı-acılarını, dərd-sərini maqnit kimi özünə çəkir. Belə adamlar daha həssas, daha tez inciyən, daha tənha olurlar. Xüsusilə yazıçı üçün yazmaq elə yaddaşın dözülməz yükündən xilas olmaq cəhdidi. Yazıçı hər əsərdən sonra bir qədər yüngülləşmirsə, deməli, o, öz içini yazmayıb, qələmindən çıxanlar da başqalarını tərpətməyəcək. Ağır da olsa, bu yaddaşı başqalarına vermək istəməzdim. Çünki bətnində ancaq mənə məxsus olan məhrəm şeylər var. X.L.Borxedsin "Şekspir yaddaşı" adlı bir hekayəsi var, yaddaşı başqasına verməyin mənasızlığı barədədi. Məncə, Borxes bu məsələyə müdrikcəsinə yanaşıb.”



Yazıçı Şərif Ağayar: "Bu barədə Borxesin "Şekspir yaddaşı” adlı hekayəsi var. Çox maraqlı hekayədir. Məğzi bundan ibarətdir ki, hətta dahi insan olsa belə onun yaddaşı başqa heç kimə fayda verməz. Əksinə, yük olar. Dəqiq təsbitdir. Yazıçı dediyin elə yaradıcı yaddaşdan ibarətdir. Bu yoxdursa, heç nə yoxdur. Yazıçılıq yaddaş üzərində gəzişmələrdir. Yaddaş əzab da verə bilir, ancaq bu əzabı yaradıcı enerjiyə çevirəndə qəribə şəkildə zövq yaşayırsan. Əzab yalnız yaradıcılıqla çulğaşanda gözəlləşir və hətta deyirsən ki, nə yaxşı bu əzab varmış! Yazıçılıq həm də ağrıları ovsunlamaq, ondan zövq alıb, zövq vermək sənətidir.”



Yazıçı Murad Köhnəqala: "Çox həssasam. Bəzən bu xarakterimlə yanımdakı adamları bezdirdiyimi də hiss eləyirəm. Xüsusən təcrübəsiz adamların səhv elədiklərini görüb narahat olur, onlara elə eləmə, belə elə, onu yemə, bunu ye, elə bağlama, belə bağla deyə-deyə zəhlələrini tökürəm. Məsələn, gəzintiyə çıxardığı itinin kəmərini kobudca dartıb onu incidən adam görəndə əsəbləşirəm. Yaxud, səkilərdə gövdəsini beton bardyorlar sıxmış ağacların yerinə ürəyim darıxır. Zibilli küçə görəndə pis oluram. Evdə böcək görəndə tutub çölə buraxıram ki, qoy öz həyatını davam eləsin. Körpə uşaqlara yersiz qalın skafandra kimi paltar geyindirmiş ana görəndə bağırmaq istəyirəm. Eşitdiyim, gördüyüm hər şey avtomatik olaraq beynimin müşahidə süzgəcindən keçir, ötürülən yaxşı duyğular mənə həzz, pis duyğular isə əzab verir. Təbii ki, əzablar daha çox süzülüb gəlir. Sualınıza cavab olaraq deyim ki, özümə aşırı hissiyatlı olub əzab çəkməyi yox, soyuqağıllı komersant olub kef eləməyi arzulayardım.”


Yazıçı Pərviz Cəbrayıl: "Burada "Yaradıcı yaddaş" ifadəsi mənə tam aydın olmasa da, özümçün bir məna çıxardım. O mənaya əsasən deyim: o yaddaşla, yəni özünü yazıçı hesab edərək yaşamaq dəhşətli dərəcədə məşəqqətli bir işdir. Ancaq mən o yaddaşı heç əziz balama da vermərəm. Təsəvvür elə ki, Tanrı tanrılığından imtina edir... Hətta o, heç nəyin karı olmasa belə, bu bəxşiş ölümdən betərdi.”





Yazar Alpay Azər: "Mənə çətindi, mən özüm həssas, yaddaşa bağlı adam olduğumçün həyatın ağrılı məqamları yadıma düşəndə, pis oluram. Amma yaddaşımın yaradıcı olması onları kağıza köçürməyə imkan verir deyə, yazı prosesi mənə yüngüllük gətirir. Bu baxımdan, yaradıcı yaddaşımı kiməsə vermək fikrində deyiləm.








Yazar Ayxan Ayvaz: "Yaddaşım minalanmış sahəyə bənzəyir. Hər dəfə orda gəzişəndə ehtiyatla davranıram, hər an partlayış qorxusuyla yaşayıram. Bu yaddaş nə gecələr yatmağa, nə də doğru-dürüst həyat yaşamağa imkan vermir. Mən sevə-sevə yaddaşımı başqa birinə verərdim. Amma əminəm ki, sonradan o yaddaş üçün darıxacam. Əzab versə də, yaşamağı çətinləşdirsə də, o yaddaş bircə mənə məxsusdur. Nə qədər qəribə səslənsə də, yaradıcı adamlar faciələrə meylli olur. Mən bu yaddaşla yaşamağa çoxdan razı olmuşam. Və bilirəm ki, həyatı gözümdə çətinləşdirsə də, yaddaşım mənə lazım olanı da verir. Yazmaq və yaratmaq eşqini...



Yazar Sevinc Elsevər: "Bəzən çox xoşbəxt hiss edirsən, bəzən bədbəxt. Bəzən istəyirsən tamam başqa adam olasan. Amma düşünürəm hər dəfəsində təkcə yazıçılarmı yaddaşlarından, öz mənliklərindən əziyyət çəkir? Hər kəsdə özündən qaçma çabası var. Olduğumuz yerdən getmək istəyi, hətta insan yox, quş, daş, böcək olma arzusu. Amma yaradıcı adamda bu daha tez-tez baş qaldırır. Daha çox əziyyət verir. Nənəm də tez-tez deyirdi kaş quş olub uçaydım. Nənəm elə bilirdi quşlar hamısı xoşbəxtdi. Məncə quşun da quş dərdi var. Yenidən doğulsam, yenə özüm olardım. Hər kəs özünü sevir. Özünü sevmədiyin an gedib intihar edirsən. Mən də bir neçə dəfə özümə nifrət edib intihara cəhd eləmişəm. Sonra özümlə barışıb yaşamağı öyrənmişəm. Hətta özümü yenidən sevmişəm. Əvvəlkindən də artıq. Nəinki yaradıcı yaddaşı, ümimiyyətlə, yaddaşını itirmək özünü itirməkdi. Bunu istəməzdim.”


Yazar Günel Natiq: "Mən dünyada ən çox yaradıcı yaddaşımı itirməkdən qorxuram. Bilirsiniz ki, Heminquey psixoloji xəstəlikdən əziyyət çəkirdi və həkimlər onu bu bəladan xilas etmək üçün müəyyən tibbi cihazlarla yaddaşını sildilər. Bu prosedurdan sonra o yaza bilmir və əzab çəkirdi. "Kaş ki, xəstəlikdən əzab çəkərdim, yaradıcı yaddaşımı itirməkdən deyil,”-o deyirdi. Elə intiharının səbəbi də bu idi. Yaza bilməmək onun üçün faciə idi.

Yaradıcı yaddaşımı itirmək mənim üçün də faciəyə bərabər ola bilər. Heminquey kimi hərəkət etməsəm belə, əzab çəkərəm.

Yaddaşımı kiməsə vermək mübahisəli məqamdır. Onsuz da yazaraq yaradıcı yaddaşımın diqtə etdiklərini bölüşürəm. Məncə bu, kifayət edər.