adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Noyabr 2017 00:18
29023
LAYİHƏ
A- A+

QAX: BU VƏTƏNİN TORPAĞINA, SUYUNA...

(əvvəli ötən saylarımızda)

Hesabat dövründə Qaxbaş kənd 1 nömrəli tam orta məktəbinin dam örtüyü əsaslı təmir olunmuş və fasad hissəsi rənglənmiş, Rayon Uşaq Şahmat məktəbinin dam örtüyündə və otaqlarında əsaslı təmir işləri aparılmışdır.
Ağyazı kənd uşaq bağçasında təmir işlərinə başlanılmış, Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilmişdir. Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin, İlisu kəndində 3 ulduzlu otelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının tikintisi işləri davam etdirilmiş, Qax Elektrik Şəbəkəsinin yeni inzibati binasının və Heydər Əliyev Fondu tərəfindən Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə tikilən fərdi yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Cari ilin doqquz ayı ərzində rayonda 28 ədəd fərdi yaşayış evi və 8 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 36 fərdi tikinti aparılmışdır.
Məlum olduğu kimi, ölkə başçısının 19 may 2017-ci il tarixli sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4.5 milyon manat ayrılmışdır. Hesabat dövründə Damazlıq İpəkçilik Stansiyasının bərpası ilə bağlı işlərə başlanılmışdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli Sərəncamı və Təhsil Nazirinin müvafiq əmrinə əsasən rayonun Olimpiya İdman Kompleksində zona üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Diaqnostik qiymətləndirmədə iştirak etmiş rayonun 1129 nəfər müəllimindən 3 nəfəri - şəhər 1 nömrəli məktəbin biologiya, şəhər 2 nömrəli məktəb-liseyin və Cəlayir kənd tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimləri maksimum nəticə göstərərək - 60 bal toplamışlar.
Məktəblərdə təmayül siniflərin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən şəhər 2 nömrəli məktəb-liseydə texniki və təbiət fənləri üzrə - 2, 4 nömrəli məktəbdə riyaziyyat-iqtisadiyyat fənləri üzrə - 1 və 5 nömrəli tam orta məktəbdə texniki və humanitar fənləri üzrə - 2 sinif olmaqla, cəmi 5 təmayül sinfi təşkil olunmuşdur. Hesabat dövründə rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 436 nəfər məzundan 280 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və 177 nəfər tələbə adını qazanmışdır. Onlardan 17 nəfəri 600-dən çox, 48 nəfəri isə 500-700 arası bal toplamışdır.
2017-ci ilin doqquz ayı ərzində rayon Mərkəzi Xəstəxanasının 110 nəfər həkim və 396 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən il olduğu kimi bu il də rayonda fevralın 15-dən may ayının 15-dək əhalinin 18 yaşdan yuxarı 42730 nəfərdən 40546 nəfərinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur. Müayinə zamanı 4917 nəfər ambulator, 62 nəfər stasionara cəlb olunmuş, 9 nəfəri isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Cərrahiyyə şöbəsində müddət ərzində 417 əməliyyat aparılmışdır ki, bunlardan 42-si təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. Cari ilin doqquz ayı ərzində 20 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 109 nəfər orta tibb işçisi isə ixtisasartırma kursunda olmuş, 18 nəfər həkim və 52 nəfər orta tibb işçisi sertifikasiya komissiyasından keçmişdir. Müddət ərzində 1 uşaq ölümü qeydə alınmışdır.
Hesabat dövründə 96.4 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 46.5 min manatlıq dərman preparatları verilmişdir. Vərəmli xəstələr Azərbaycan Respublikası Ağ ciyər Xəstəlikləri İnstitutu tərəfindən pulsuz dərmanlarla təmin olunmuşlar.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən peyvəndlərin tətbiqinə daim nəzarət olunmuş və rayonun müalicə profilaktika müəssisələrinə praktik köməklik göstərilmişdir. Peyvəndləmə işləri 98 faiz həyata keçirilmişdir.
Hesabat dövründə Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən "Novruz" şənliklərində iştirak etmiş, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən "Novruz festivalında" Rayon Uşaq İncəsənət məktəbinin "Tumurcuq" rəqs kollektivi və Əlibəyli kənd mədəniyyət evinin "Pesvebi" rəqs qrupu uğurla çıxış etmişdir.
İ.Dağıstanlı adına xalq teatrı Akademik Milli Dram teatrın səhnəsində II Respublika Xalq teatrları festifalı çərçivəsində Ü. Hacıbəylinin "Ər və arvad" tamaşası ilə çıxış etmişlər.
Regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən hər il sentyabrın 15-i respublikamızda kino mövsümünün başlanğıc günü kimi qeyd olunur. Bu münasibətlə hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Mədəniyyət Mərkəzində Azərbaycan filmləri nümayiş etdirilir.
Məlum olduğu kimi Qax rayonu respublikanın turizm potensialına malik olan rayonlarından biridir. Hər il rayona gələn turistlərin sayı artmaqdadır. Belə ki, cari ilin 9 ayı ərzində rayonda 29000 nəfər turist istirahət etmiş, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1491 nəfər çox olmuşdur. Onlardan 26900 nəfəri yerli, 2100 nəfəri isə xarici turist olmuşdur.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsi üzrə yaşa görə 5743, əlilliyə görə 2192, ailə başçısını itirməyinə görə isə 569 əmək pensiyası işi hərəkətdə olmuşdur.
"Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq cari ilin doqquz ayı ərzində 111 nəfərə yaşa görə, 91 nəfərə əlilliyə görə, 14 nəfərə ailə başçısını itirməyinə görə və 18 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa aylıq müavinət təyin olunmuşdur. Müddət ərzində uşağın doğulmasına görə 594 nəfərə, penitensiar xidmətdən azad olunan 15 nəfərə, dəfn üçün 10 nəfərə və 14 nəfər Çernobıl əlilinə birdəfəlik müavinət verilmişdir. 01 oktyabr 2017-ci il tarixə şöbə üzrə 620 ünvanlı sosial yardım işi hərəkətdə olmuşdur.
Qax rayonunda 2017-ci ili uğurlarla başa vurmaq üçün bütün istiqamətlər üzrə tədbirlər davam etdirilir.