adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Noyabr 2017 17:25
18585
ELM VƏ TƏHSİL
A- A+

Millət vəkili UNEC-də BTQ layihəsinin dünya üçün əhəmiyyətindən danışıb

Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə UNEC-də mühazirə keçirilib.

Mühazirədə UNEC-in müəllim-tələbə heyətinə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr şərh edilib, layihənin ölkə, region və dünya üçün əhəmiyyətindən bəhs olunub.

Millət vəkili Tahir Mirkişili "Bakı-Tbilisi-Qars - Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi” mövzusunda məruzə ilə çıxış edib. BTQ dəmir yolunun siyasi özəyini Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyini diqqətə çatdıran millət vəkili, Ulu öndərin təşəbbüsü ilə TRASECA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş”in imzalandığını və Bakı Bəyannaməsinin qəbul edildiyini qeyd edib. Bildirib ki, 12 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanan saziş Bakı-Tbilisi-Qars layihəsinin siyasi əsasını təşkil edir. 2007-ci ildə isə Prezident İlham Əliyevin nüfuzu, siyasi iradəsi və Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb.

BTQ dəmir yolunun perspektivlərindən danışan millət vəkili layihənin Azərbaycan üçün iqtisadi tərəflərini şərh edib. Bunun Avropa, Qafqaz və Asiya koridorunun mühüm hissəsi olduğunu vurğulayaraq, Azərbaycan, o cümlədən region ölkələri üçün iqtisadi əhəmiyyətindən danışıb. Bildirib ki, BTQ dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından böyük canlanma yaradacaq. Yüklərin marşrutlar boyunca emal edilməsi, ixrac və xidmət üçün yeni sahələrin yaranması, ölkə ixracatçılarının bu dəmir yolu vasitəsilə Avropa və Asiya bazarlarına çıxış əldə etməsi insanların rifahının daha da artmasına gətirib çıxaracaq. Bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.