adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Şeir təhlilləri

VURĞUN ƏYYUB
48058 | 2013-03-16 11:32
Abdulla Şaiq
Vətən

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Fikrim sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə dərd ilə toəm vətən, vətən!
Baxdıqca həsrət ilə o solğun camalına,
Çeşmimdə tar görsənir aləm, vətən, vətən!
Axşam-səhər o gül üzünü isladan nədir?
Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!
Dəhşət içində cismi şərifin donub durur,
Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!
Sənsən səbəb bəqayi-dilu cani-natəvan,
Canım kimi nolar səni sevsəm, vətən, vətən!
Gördükcə dərdini əriyir cismi-natəvan,
Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm, vətən, vətən!
Ey xaki-pak söndümü parlaq ziyaların?
Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?
Övladi-naxələfmi səni saldı bu günə?
Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!
Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal,
Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

Poeziyamızda "Vətən" mövzusuna qısa bir ekskurs

   Vətən millətin varlığını təşkil edən ünsürlərdən biridir. Bizim fərdi varlığımızla vətən arasında bir cövhər birliyi vardır. Varlığımızın mayası vətən torpağından yoğrulmuşdur. Bu səbəbdən də insan övladının vətəni sevməsi, onun şəninə nəğmələr qoşması, şeir söyləməsi, uğrunda iztirab çəkməsi və ölməsi tamamilə təbiidir. Vətənə olan sevgi hər zaman ədəbiyyatın baş mövzularından biri olmuşdur. Bizim yazılı ədəbiyyatımızda da vətən mövzusunun çox qədim tarixi və dərin kökləri vardır. Bu köklər şifahi xalq ədəbiyyatımızdan qidalanaraq klassik ədəbiyyatımızda yeni çalarlarla davam etdirilmişdir. Bir tərəfdən klassik şerimizdə təbiət-vətən hüsni-mütləqin (Allahın) təcəlləsidir, canlıdır, insanla bütünləşmiş şəkildədir, ona görə də mücərrəddir, simvolikdir. Təsəvvüf şairlərinə görə isə təbiət metafizik (aləmi-bəqa) dünyadır. Digər tərəfdən klassik romantik şeirimizdə vətən sevgilinin, məşuqun olduğu, yaşadığı yerdir. Füzulinin məşhur:

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim-
misraları dediyimizə ən parlaq sübutdur.

"Vətən sevgilidir" - klassik ədəbiyyatda rast gəldiyimiz bu fikir XX əsr Azərbaycan romantik lirikasında  daha sıx və ardıcıl şəkildə deyilmişdir. Romantik lirikada vətən mövzusu və ideyası qədim ədəbi ənənələrə söykənsə də, böyük ölçüdə fərqli və yenidir. Romantik poeziyamızda vətənə məhəbbət iki tip şeirlərdə əksini tapmışdır: a) mövzusu təbiətdən götürülmüş, vətənin təbii gözəlliklərini təsvir edən şeirlərdə; b) vətənin taleyindən bəhs olunan şeirlərdə. Birinci tip şeirlərdə romantik şair konkret obyektin, ayrıca götürülmüş təbiət mənzərəsinin, vətən torpağının bir parçasının təsviri ilə məşğul olur. İkinci tip şeirlərdə isə o, açıq şəkildə, monoloqvari vətənin taleyindən, halından, vəziyyətindən söhbət açmaqla özünün Vətənə olan sonsuz məhəbbətini ifadə edir. Birinci tip şeirlərdə təsvir üsulu əsasdırsa, ikincilərdə tərənnüm və çağırış aparıcı mövqedədir. Görkəmli romantik şair və maarifçimiz Abdulla Şaiq hər iki tipdə yaddaqalan şeirlər yazmışdır.  Şaiqin haqqında danışacağımız  "Vətən" şeiri ikinci tip şeirlərə parlaq örnəkdir.

"Vətən" şeirinin
məzmun və ideyası

 Romantik poeziyada vətənin taleyi barədə ilk "həyəcan təbili" A.Şaiqin "Vətən" və A.Səhhətin həmin şeirə yazdığı cavab məktubunda çalınır. Hər iki şeirdə Vətənin dərd və ələmlər məskəninə çevrilməsindən, onun zülmətə və möhnətə həmdəm olmasından, övladlarının naxələfliyindən hüznlü-hüznlü söhbət açılır. A.Şaiqin "Vətən" şeirində və eləcə də digər romantik şairlərmizin əsərlərində müşahidə olunan yeni keyfiyyətlərdən biri odur ki, vətənpərvər lirik qəhrəmanla vətən arasındakı münasibət aşiqlə məşuq arasındakı məhəbbəti xatırladır. Vətən - Leyli misallı bir ünvana, lirik qəhrəman isə onun səadət vüsalı, azadlıq eşqi ilə çağlayan Məcnuna çevrilir. Vətənə məhəbbət, onun taleyinin doğurduğu narahatlıq, ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı əsil Məcnun yanğısı ilə fəryad qoparmağa məcbur edir. Romantiklərin vətənin taleyindən bəhs edən şeirlərində bir qayda olaraq, qəm-qüssə, pərişanlıq motivləri qabarıqdır. Bu, vətənin taleyini düşünən,  onu azad və cah-cəlallı görmək istəyən vətənpərvər, vətəndaş şairin kədəridir.
 A.Şaiqin "Vətən" şeiri birinci misradan birbaşa Vətənə xitabla başlayır:
Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!
   Bu misradakı "mücəssəm" sözünün məcazi mənası "xəyalən cisim halına girmiş, canlanmış bir şey" deməkdir. Bir coğrafi ərazi, yurd, məmləkət anlamı verən "Vətən" kəlməsi Şaiqin şerində şəxsləşmiş, insana məxsus keyfiyyətlər qazanmışdır. O da insan kimi ağlayır, qəmlənir, həsrəti çəkilir və s. Vətən və şairin qəlbi eyni zərbələrə məruz qalmış, eyni dərdlərə həmdəm olmuşdur. Klassik sevgi şeirlərində məşuqəyə sual edərdilər ki, "gül üzünü isladan" "göz yaşıdır, ya şəbnəm?" Şaiqin şerində isə üzü göz yaşlarından, ya da şəbnəmdən islanan Vətəndir. Klassik şair sevgilinin solğun camalına həsrət ilə baxardısa, Şaiq o sevgilinin yerində Vətəni görür. Şair klassik ədəbiyyatda gözələ edilən müraciətlərə,  məşuqəyə şamil edilən bənzətmələrə yeni məzmun aşılayaraq ünvanı  dəyişir. Füzulinin qəhrəmanı "Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm, Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm" deyirdisə, Şaiq vətənin dərdlərini gördükcə qəmli ürəyinin ney tək sızıldadığını söyləyir. Aşiq məşuqundan ayrı yaşaya bilməyəcəyini vurğulayırdısa, Şaiqin lirik qəhrəmanı vətənin dərd və möhnətlərinə dözməyəcəyini söyləyir. Şeirin sonuna yaxın vətənin belə dərdli olmasında onun parlaq ziyalarınınmı söndüyünü, nankor övladlarınınmı günahkar olduğunu soruşan şair həm də özünün məsuliyyət və borcunu dərk etdiyini bildirir. Beytdən beytə şairin ideyası daha da açılır, vətənə sevgisi daha artıq təzahür edir. Şeirin sonu Vətənlə qəhrəmanın bir-birinə sarılması, bütünləşməsi arzusu ilə bitir. Şeirdən hasil olan ideya budur ki, Vətənin xoşbəxtliyi olmadan fərdin, vətəni sevən insanın xoşbəxtliyi mümkün deyildir.

Şeirin sənətkarlıq xüsusiyyətləri

"Vətən" şeiri başdan-başa lirizmlə yoğrulmuş, ilk misrasından son misrasına qədər hüznün, kədərin, pərişanlığın hakim olduğu bir şeirdir. Sözlərdəki incə  ə  saitinin, s, ş, z, ç, c samitlərinin çoxluğu və ardıcıl təkrarlanması üsluba həzinlik gətirmişdir.
 Şairin subyektiv münasibəti onun bütün misralarında qabarıqdır. Şeirdə Vətənin dərdlərinin nədən ibarət olduğu hər hansı hadisə ilə göstərilməmişdir. Şair ümumi şəkildə Vətənin möhnətə düçar olmasından, qəm, kədər xəzinəsinə (məxzəni-məlal) çevrilməsindən söhbət açmışdır.  Vətənin "solğun camalına", "matəmə batmasına", "qanlı kəfənə bürünməsinə", "zülmə, möhnətə həmdəm olmasına" səbəb olan hadisə və ya fəaliyyətə dair ən kiçik mənzərə, detal belə yoxdur. Bu da təbii ki, şeirin əyanilik və inandırıcılıq keyfiyyətinə xələl gətirmişdir.
    Şeirini vətən-mən paralelləri üzərində quran,  düşüncə və duyğularını konkret bu iki subyektin timsalında açıqlayan şair, sonra "adəm" kimi ümumi, mücərrəd ünvana üz tutur:

Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!

Şeirin bəzi beytlərində fikir dolğunlaşmır, Şaiq birinci misrada deyilən fikri ikinci misrada məntiq və hissiyyat baxımından bir-birilə bağlaya, tamamlaya bilmir.

Sənsən səbəb bəqayi-dilu cani-natəvan,
Canım kimi nolar səni sevsəm, vətən, vətən!

Və yxud:

Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm, vətən, vətən!-

beytlərindəki ikinci misra birincidə deyilən fikri qüvvətləndirmir, təsvir edilən mənzərəni tamamlaya, onu aça bilmir, yaxud da zəif şəkildə açır. Məlum olmur ki, "dərd, matəmə batmış gözəl mələk" deyəndə kim nəzərdə tutulur. Bu vətəndirsə, o zaman belə çıxır ki, vətən özü-özünü "həzin səda ilə" səsləyir?
Şeirin söz ehtiyatının zəngin olduğunu söyləyə bilmərik. Dərhal görünür ki, şair vətənin faciəsini tam ifadə etmək üçün zəngin və rəngarəng söz ehtiyatına malik deyildir. Şeirin 150 kəlmədən ibarət söz fondunun çoxu (26 dənə "vətən", 5 dənə "o", 4 dənə "dərd", 3 dənə "ilə", 3 dənə "möhnət" və s.) təkrarlanır. Lakin qeyd edək ki, bu qüsur ümumi fikrin və ideyanın çatdırılmasına mane ola bilməmişdir. Şeirdə işlədilən mənaca yaxın, bəzi hallarda isə sinonim olan dərd, möhnət, natəvan,  qəm, ələm, məlal, matəm sözləri vətənin durumunun şair qəlbində oyatdığı duyğular  barədə müəyyən təsəvvür yarada bilir. Şeirdə ərəb-fars tərkiblərindən istifadə nisbətən azdır, şair çalışıb ki, daha çox xalq dilindən gələn ifadələrə yer versin. Hətta ərəb-fars tərkibləri də, bəzi istisnalarla,  o zaman üçün asan anlaşılan sözlərdən yaradılmışdır. Şeir bədii təsvir və ifadə vasitələri baxımından da zəngin hesab edilə bilməz. Orijinal, parlaq təşbeh və mübaliğələr yox dərəcəsindədir. Təşbehlər əsasən klassik ədəbiyyatdan gələn sadə təşbehlərdir.
Hər misranın sonunda  birbaşa edilən xitabın ünvanı vətəndir. Rədif yerində işlədilən "vətən" kəlməsi hər misradakı fikri bağlayır, bütün fikirlərin vətənə bağlanmasını təmin edir, oxucunun fikrini başqa səmtə yönəltməyə imkan vermir. Misraların sonunda  "vətən" sözünün iki dəfə təkrarlanması şeirdəki ahəngi ağırlaşdırsa, ritmi pozsa da, oxucunun diqqətini mövzuya daha artıq cəmləyə bilmiş, hissi dolğun şəkildə çatdırmağa yardımçı olmuşdur.
    Şeirdə bir çox hallarda hər misra özü ayrıca fikir ifadə edirsə, bəzən fikir iki misrada  ifadə olunur. İki misranın başlanğıcında "ey" müraciəti şeirə bir çağırış ruhu da gətirir. Ümumən, şeirdə çağırış, bədii sual, xitab mühüm yer tutur. Şeirdəki suallar nə qədər ritorik səslənsə də, ekspressivliyi, emosionallaığı artırır, şairin daxili dünyasını açmağa xidmət edir.
   Şeirin qafiyə sistemi də mükəmməl deyildir. Qafiyələr isim, sifət və feldən ibarət olub, üç dilin - ərəb, fars, türk dilinin imkanlarından istifadə edilərək yaradılmışdır. Ancaq açıq görünür ki, şair ərəb-fars sözlərinə uyğun türkcədən kök qafiyələr tapmaqda çətinlik çəkmiş, bu zaman şəkilçilərin yaratdığı qafiyəyə üz tutmuşdur (sevs+əm, dözm+əm, bilm+əm). "Bilməm", "sevsəm", "dözməm" sözlərinin qafiyələnməsi birinci şəxsin təkinin şəxs şəkilçiləri hesabına baş vermişdir. Söz köklərindən yaranan qafiyələr də tam və qüvvətli hesab oluna bilməz.  "Həmdəm" qafiyəsi ikinci və iyirminci misralarda təkrarlanmışdır.
    Şeir bizə bəlli olan qəzəl janrında yazılmışdır. Qəzəlin forma tələblərinə tamamilə cavab verən şeir məzmun baxımından yenidir. Şeirdə biz ağlın oyunları, şair beyninin quramaları ilə rastlaşmırıq. Şeir bütünlükdə səmimiyyətdən yoğrulmuş, duyğu və düşüncələr sanki şairin ürəyindən qəfil püskürmüşdür. Onda quruluş, ifadə baxımından da qüsurlar tapmaq mümkündür. Amma bu şeirin içindəki səmimiyyət duyğusunu zədələmir. Şeirin əsl qiyməti də bundadır.  

VURĞUN ƏYYUB
Filologiya üzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV