ÜRƏK DÖZSƏ...

FAİQ QİSMƏTOĞLU
77239 | 2013-03-16 11:31
...Dan yeri söküləndə Əli kişi yuxudan oyandı. Onsuz da həmişə səhər saatlarında yuxudan qalxardı. Gözünə də yuxu çox gec gələrdi. Bəzən elə olurdu ki, saatlarla yerində eşələnər, elə bil ki, yorğan-döşəyə qor tökülərdi. Amma bu dəfə nədənsə Əli kişi axşamdan rahat yatmışdı. Dan yeri söküləndə birbaşa ata minib örüşə getməliydi. Örüşün yaxınlığında onların pambıq sahəsi vardı. Pambıq sahəsində görüləsi işlər o qədər idi ki, onu başa çatdırmaq, yoluna qoymaq üçün gərək səhər saatlarından tər tökməli idin...g
Əvvəl özü  o sahəyə gedərdi. Gün çıxmamışdan pambıq sahəsinin yaxınlığındakı otlaq yerində dəryazla ot çalırdı. Otu da o qədər gözəl, o qədər səliqəli çalırdı ki, çoxları Əli kişinin ot biçməyinə məəttəl qalırdı. Çünki onlar da ot çalırdı, amma Əli kişi kimi səliqəli çala bilmirdi. Dəryazın ağzına otu elə verirdi ki, elə bil zərgər dəqiqliyi ilə hər şeyi bir göz qırpımında biçilib yerə tökülürdü. Yenidən dəryazı əlinə götürdü. Onun ağzını əlindəki bülövlə möhkəm-möhkən itilədi. Sonra da dayandığı yerdən dəryazla ot çalmağa başaldı...
...Bir neçə cərgə çalıb qurtarandan sonra həyat yoldaşı Bilqeys arvad və oğlu Süleyman gəldi. Gün hələ çıxmasa da, hava çox isti idi. İsti havada ot çalmaq o qədər ağır idi ki, bunu hər adam başa düşmürdü. Heç cavanlar yay vaxtı ot çalmaqda çətinlik çəkirdilər. Amma Əli kişi dəryaza necə öyrəşmişdisə, bir anın içində otu çalır və cərgə ilə kənara atırdı...
Arvadı Bilqeys dilləndi:
- A kişi, cumculuq tərin içindəsən, heç olmasa paltarını dəyiş, təzəsini gey! Belə ot çalmaqla sətəlcəm olarsan ha...
Əli kişi dəryazı yaxınlıqdakı ağaca söykədi. Sonra da dedi:
-    Ciyərim susundan yanır, bir qab su ver içim! Sonra paltarımı dəyişərəm!..
Bilqeys arvad:
-    Bulaqdan buz kimi su gətirmişəm. Amma tərli-tərli içəcəksən, sonra da deyəcəksən ki, arvad məni xəstələndirdi. Bəlkə çay verim içəsən, - deyib termosu göstərdi.
Əli kişi:
-    Mənə çay-zad lazım deyil! Bulaqdan gətirdiyin suyu ver mənə, yoxsa dodağım susuzluqdan çat-çat olub!
Bilqeys arvad bulaqdan gətirdiyi suyu ömür-gün yoldaşına verdi. O da bir qab suyu başına necə çəkdisə, arvadın gözləri bərələ qaldı. Çünki buz kimi suyu bir nəfəsə içmək hər adamın işi deyildi. Amma Əli kişi ot çalanda həmişə neçə qab su içərdi. İçdikcə də buz kimi sudan doymurdu...
Böyük  oğlu Süleyman dədəsinə yaxınlaşaraq dedi:
- Ay dədə, indi də dəryazı ver, mən ot çalım!
Əli kişi əsəbi görkəm alıb diqqətlə oğlunun çöhrəsinə baxdı:
- Ay oğul, sən mənim kimi ot çala bilməzsən. Get, ananla pambıq sahəsinə alağını elə! Sahənizi alaq basıb! Briqadir Nəsib kişi deyir ki, uşaqlar yaxşı işləmir. Kolxoz sədri də pambığı alaq basdığına görə, məni çox danlayır. Ona görə də tez kətməni götürüb pambıq alağı eləyin! - dedi.
Böyük oğlu Süleyman və anası Bilqeys pambıq sahəsində kətmənlə alaq eləməyə başladılar. Elə bu vaxt da kolxoz sədri Məhərrəm kişi atın belində göründü və sonra da onlara tərəf gəldi. Atdan düşüb Bilqeys arvada dedi:
- Sabahınız xeyr, işiniz avand olsun!
Bilqeys arvad:
-    Çox saq olun, a Məhərrəm qardaş! Bəlkə də bizdən narazısan ki, pambığı alaq basıb, amma çox yox, üç gündən sonra görəcəksən, burda hər şey tər-təmizdi: sahədə pambıqdan başqa bir dənə də alaq yoxdur!
Məhərrəm kişi:
-    Elə mən də onu istəyirəm. Əgər  pambıq sahəsi alaqdan vaxtında təmizlənməsə, biz çox şeyi itirə bilərik. Mən də istəyirəm k, siz yaxşı dolanasınız və qazancınız da çox olsun!
Bilqeys arvad:
- Məhərrəm qardaş, hər şey yaxşı olacaq. Bircə pambıq sahəsi vaxtında suvarılsın, gübrə verilsin, onda görəcəksən ki, Allah qoysa, avqustda nə qədər bol pambıq yetişəcək...
Kolxoz sədri Məhərrəm kişi onlara bir neçə də söz dedi. Yadda qalan o oldu ki, əziyyət çəkən, tər tökən adam heç vaxt çörəksiz qalmaz. Bu sözləri Bilqeys arvada və uşaqlarına çatdırandan sonra Məhərrəm kişi yenidən atın belinə qalxıb, əlindəki şallaqla atın arxasına bir şallaq vurdu. At yerindən necə götürüldüsə, bir də gördülər ki, Məhərrəm kişi gözdən itib...
...Günorta vaxtı olanda ailənin bütün üzvləri pambıq sahəsində olardı: Əli kişi, arvadı Bilqeys, oğlanları Süleyman, Mehman, Bəhmən, Şirvan və qızları. Bir işləyəridlər, sonra da günorta çağı ağacın kölgəsində əyləşib süfrə açardılar. Evdən gətirdikləri pendiri, şoru, qatığı, doşabı, pomidoru, xiyarı elə şirin-şirin yeyərdilər ki, hər şey onların canına yatardı.
Bu ailə bir tikə çörəyi həmişə rahatlıqla qazanıb yeyərdi. Zəhmət çəkdikləri kimi, onun bəhrəsini də görərdilər. Düzdür, Əli kişinin bir çətən uşaqları vardı. Onları yedirtmək, içirtmək, geyindirmək elə də asan deyildi. Hələ oxumaqları, məktəbə gedəndə hər uşağa təzə paltar almaq, kitab, dəftər, qələm əldə eləmək çətin idi. Bu çətinliyə baxmayaraq, o, həyat yoldaşı Bilqeys arvadla hər cür əziyyətə dözər, yayda tarlada, pambıq sahəsində işləməkdən yorulmaz, baramaqurdu saxlayar, mal-qoyun bəsləyərdilər. Elə bu təsərrüfatla da onlar uşaqları boya-başa çatdırardılar.
Çoxları da o ailəyə paxıllıq eləyərdi. Deyərdilər ki, filankəsin var-dövləti var, amma uşaqları çox fərsizdir. Üstəlik də hər gün bu varlı adamın evində dava-dalaşdı, yeyib-içdikləri zəhərdir. Əli kişi isə hər səhər atını minib sahəyə gedəndə, ona çoxları qibtəylə baxardı. Deyərdilər ki, bu kişi çox bəxtəvərdir. Maşallah olsun, ağıllı uşaqları, övladları ona başucalığı gətirib. Əli kişi nə qazanardı, nə əldə eləyərdi, hamısını əlinin qabarı hesabına qazanardı. Ev tikərdi, həyət əkərdi, məhsul becərədi və hamısını da halal yolla düzüb-qoşardı. Alıntəri ilə, zəhmətlə böyütmüşdü uşaqların hamısını. Uşaqlar da bunu yaxşı bilirdi. Bilirdi ki, başqaları kimi onların dədəsinin var-dövləti yoxdur. Bu uşaqlar halal zəhmətə necə alışmışdılarsa, özləri də bunu başa düşmürdü. Başa düşdükləri o idi ki, dədələri Əli kişi onları zəhmətə alışdırmışdı.
Böyük oğlu Süleyman orta məktəbi bitirib həkim oldu. Sonra Bəhmən də böyüdü və ali məktəbə qəbul oldu. O, da yaxşı həkim kimi yetişdi. Elə bil ki, bu ocağa Allah-Təala hər şeyi vermişdi. Allah-Təala hər şeyi verdiyi üçün də bu ocağın bərəkəti vardı, ruzusu boluydu. Uşaqlar böyümüşdü, Əli kişi isə get-gedə qocalırdı. Üçüncü oğlu da Tibb İnstitutuna qəbul olanda yenə çoxları Əli kişiyə bəxtəvərlik oxudu. Dedilər ki, filankəsin, bir meşoq pulu var, oğlunu bir tərəfə, bir ali məktəbə qoya bilmir. Amma Əli kişi bir dəryazla, bir kətmənlə nə qədər işlər görüb. Uşaqlarına ali təhsil verib!
Hamı da yaxşı bilirdi ki, Əli kişinin bir Allahdan başqa heç kimi yox idi. Əli kişinin arxasında bir Allah vardı, bir də getdiyi yol. O yol ki, Əli kişini və onun övladlarını üzü işığa və üzü günəşə aparırdı. Əli kişi uşaqlarının xoş sədasını və yaxşı səsini eşidəndə ürəyi dağa dönürdü. Ürəyi dağa dönən Əli kişini dünya malında gözü yox idi. Elə həyat yoldaşı Bilqeys arvadla söhbət eləyəndə də iki əlini yuxarı qaldırıb Allaha razılığını bildirirdi və deyirdi:
-    İlahi, sənə min şükür! Bu uşaqları vermisən, onların bəxtini də göndərmisən. Zəhmət çəkmək bizdəndir, ruzi səndən!
Bilqeys arvad:
-    A kişi, xəbərin var, kənddə hamı bizim uşaqlardan danışır?! Deyirlər ki, Əli kişinin uşaqları çox fərasətli çıxdı. Nə yaxşı bu uşaqları balaca yaşlarından zəhmətə öyrətdin. Uşaqlar harınlayıb, yolunu azmadılar.
Əli  kişi:
- Mənim başım həmişə iş-gücə qatışıb, ay arvad! Uşaqların tərbiyəsi ilə sən məşğul olmusan. Allah üzünü ağ eləsin! Məni üzü qara qoymadın bu kənd camaatı qarşısında.
Əli kişinin uşaqları böyümüşdü. Ailə sahibi olmuşdu. Allah-Təala hər şeyi verdiyi kimi, bir-bir də ondan çox şeyi almaq istəyirdi. Günlərin bir günündə qəflətən Süleyman həkim dünyasını dəyişdi. Əli kişi dözdü. İki-üç ildən sonra o biri oğlu Mehman Bakıda metroda partlayış olarkən həlak oldu. Ondan üç-dörd il sonra oğlu Bəhmən həkim avtomobil qəzasına düşərək dünyasını dəyişdi. Əli   kişi onlara da dözdü.
Onun yaşı 90-a çatmışdı. Yaşı 90-na çatan Əli kişinin Allahdan savayı, heç kimi  yox idi. Kənddə ona  bəxtəvərlik oxuyan adamların indi yazığı gəlirdi. Amma Əli kişi heç vaxt özünü yazıq kimi aparmırdı. Yenə dəryazını götürüb otlaq sahəsinə gedər və ot biçərdi. 90 yaşda da cavanlığında olduğu kimi, otu elə biçərdi ki, çoxları ona qibtə edərdi. Əli kişini ölməyə qoymayan Süleymanın oğlu idi... Əli kişini ölməyə qoymayan Bəhmənin oğlu Şaiq idi... Əli kişinin ölməyə qoymayan bir də rəhmətlik həyat yoldaşı Bilqeys arvadın ruhu idi... O, ruh heç vaxt Əli kişini sınmağa, əyilməyə və əzilməyə qoymurdu...
Süleymanın oğlu həkim oldu. Bəhmənin oğlu həkim oldu. Oğlu Natiq həkim olaraq atasına arxa durdu. Çətin anlarda və çətin günlərdə o biri oğlanları və nəvələri Əli kişini sevindirdi. Süleymanın oğlunu görəndə Əli kişi nəvəsindən Süleymanın iyisini duyurdu... Bəhmənin oğlun görəndə Bəhməndən oğlunun ətrini hiss eləyirdi... Əli kişinin tay ürəyi da ağrımırdı. Əli kişinin dərdi də azalmışdı və Allahına şükür eləyirdi ki, ilahi, nə yaxşı, aldığının əvəzinə, başqa mükafat vermisən!..
Sübh namazına qalxanda Əli kişi əl-üzünü yudu. Yaxınlıqdakı artezandan evinə qayıdanda özünü quş kimi yüngül hiss eləyirdi. Hiss eləyirdi ki, bu artezanın, bu bulağın  suyu ona bu yaz günündə yeni bir nəfəs və yeni bir hava gətirib. Elə yeni bir nəfəs, yeni bir hava ilə səhər namazını qıldı və yenidən dəryazını götürüb örüşə getdi...
FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV