ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: 80 MİN ERMƏNİ, 3 MİLYON KÜRD…

40609    |   2017-11-05 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bərzani İraq kürd muxtariyyatında bir referendum keçirtdi və muxtariyyatın müstəqilliyini elan elədi. Referendumda, deyəsən 1 milyon 350 min adam iştirak etmişdi. Muxtariyyatın əhalisinin sayını bilmirəm, əgər bu rəqəm seçicilərin təxminən 70 faizini əhatə edirdisə, deməli, bölgədə 3 milyona yaxın adam yaşayır.

Beləliklə, Orta Şərqdə daha bir qan ocağının əsası qoyuldu. Onsuz da İraq it günündədi. Ölkədə güllədən qorunmaq üçün daş üstə daş da qalmayıb. Bir tərəfdən də yeni bir münaqişə. Münaqişə yox ey, müharibə.

Bu, Bərzaninin ən böyük səhviydi. Yekə-yekə dövlətlər yeni bir savaş ortamı yaratmaq üçün onu aldadıb yoldan çıxartdılar.

Əslində İraqdakı kürd muxtariyyatı tam müstəqil idi, olmayan İraq mərkəzi hökumətini heç vecinə almırdı, istədiyi ölkələrdə həm siyasi, həm də iqtisadi əlaqələr qurmuşdu. Özünün dövlətlərə mənsub bütün orqanları fəaliyyət göstərirdi, nizami qoşunu da vardı. Neft də ki, öz yerində.

Bütün İraq od tutub yanırdı, amma kürd muxtariyyatında qurd quzuyla otlayırdı. Əhali xoşbəxt və əmin-amanlıqda yaşayırdı. Hətta Dubay kimi qara fəhlələri qonşu ölkələrdən gətirirdilər. Qardaş Türkiyənin şərq əyalətlərinin camaatının çörəyi də ordan çıxırdı.

Yekə-yekə dövlətlər razı olmaz axı hanısa bir bölgədə bir xalq adam kimi yaşasın?! Ona görə də tovlayıb yoldan çıxartdılar.

Bu da nəticəsi. Bərzani özü istefa verdi, parlamenti buraxıldı, üzünə bütün qapılar bağlandı, əmin-amanlıqda yaşayan xalq iki yerə bölündü. İndi qardaş qardaşa silah çəkir, gül kimi yaşayışları əldən getdi. İndi İraqın digər bölgələrindəki əhali kimi ac-yalavac yaşamağa məhkum ediliblər. Bu xəmir hələ çox su aparacaq. Çünki mayasız xəmirdi. Mayasını xalq özü yoğurmamışdı. Yuxarıda qeyd etdiyim kimi, yekə-yekə dövlətlər yoğurmuşdu. Ona görə də kündələri küt getdi.

Bəli, indi yekə-yekə dövlətlər yığışıblar, birləşiblər kürd muxtariyyatını qoz qabığına soxublar. Təbii ki, dünyada yeni bir müharibə meydanının qarşısını almağa çalışırlar, sağ olsunlar.

Amma nə böyük ikiüzlülük.

Bölgədəki 3 milyon kürd özünə dövlət qura bilməz. Amma Dağlıq Qarabağdakı 80 min erməni (özləri 120 min yazır, lap qudursun olsun 140 min, sonra?) özünə dövlət qura bilər! 1 milyon insanın ev-eşiyini yandıra bilər, çöllərə sala bilər, soyqırım törədə bilər. Özünə prezident seçə bilər, parlament yarada bilər, dövlətçün lazım olan bütün atributları yarada bilər .

Dünyanın yekə-yekə dövlətləri də , başda ABŞ və Rusiya olmaqla, nəinki buna göz yumar , hətta dəstək də verər. Silah verər, sursat verər. Hələ ABŞ departamenti bu terrorçu təşkilata rəsmi bir on milyon, qeyri-rəsmi Allah bilir nə qədər pul da ayıra bilər.

De-yure tanımasalar da, de-fakto tanıyarlar. Ölkələrində onların nümayəndəliklərinin açılmasına icazə verərlər.

Məmə deyəndən pəpə yeyənə qədər rəsmi dövlət şəxsləri Xankəndini az qala su yoluna döndəriblər. Hətta eşşək yarışlarını da izləməyə gəlirlər. Görünür, qan çəkir.

Qarabağlılar demiş, bu nətəər olur,ə ?..

O yekə-yekə dövlətləri atdım bir kənara, onları başa düşürük.

Bərzani məsələsində qardaş Türkiyə ilə dost İran birləşdilər və Bərzaniyə öz yerini göstərdilər.

Qadanızı alım, bəlkə Dağlıq Qarabağ məsələsində də bir araya gələsiniz?

Bu mümkün deyilmi?

Sualım çətin olmadı ki?!



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK