adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Uzaqlarda qalan arzular

SAMİRƏ ƏŞRƏF
49663 | 2013-03-16 11:31
Hər gənc nəslin məhəbbətlə sevdiyi qəhrəmanlar olur. Bizim gəncliyimizin də öz qəhrəmanları vardı. Bizim deyəndə səksənlərdən üzü bərini nəzərə tuturam. Kimisi "Çalıquşu"ndakı Kamranı, Fəridəni, kimisi Vandamı, kimisi də Brüs Lini sevirdi. Mənim sevdiyim film qəhrəmanı isə Roben Qud olmuşdu. Nə zaman bu adı  eşitsəm yadıma bütöv bir nəhs rəqəm düşür. On yaşımın on üç ili. Bu on üç ildə mənim nələrim qalmayıb ilahi... Uşaqlığım, xatirələrim, qara rəngli pianinom, kitablarım, rəngbərəng qızılgüllərim, yasəmənlərim və ilk məhəbbətim...  
İlk məhəbbətim altıncı sinifdə oxuyanda ağ-qara rəngli köhnə televizordan qurtulub təzəcə aldığımız rəngli "Foton" televizorunun ekranından gördüyüm Roben Qud olmuşdu. İndi sayını dəqiq  xatırlamasam da, xeyli hissəli film idi. Hər dəfə o film başlayanda valideynlərimə yalvar-yaxar edib o filmə baxırdım. Bir neçə epizoddan başqa yadımda heç nə qalmayıb. Bir də Roben Qud rolunda gedən uzun, qarayanız aktyorun adının Maykl Pare olduğunu xatırlayıram. Bilmirəm, bəlkə də başqa soyad idi. Amma adının Maykl olduğunu dəqiq xatırlayıram. Yadıma gəlir film tam bitəndən sonra bir ay sərsəri kimi gəzib dolaşmışdım. Hər yerdə "sevgilimin" adını sayıqlayırdım.
Platonik sevgi  elə bir hissdi ki, bunu ancaq yaşayanlar bilər. Uzun zaman tanımadığın, bilmədiyin xəyali insanı əzizləyirsən. Onunla görüşdüyünü, söhbətləşdiyini təsəvvür edirsən. Əslində isə o, sənin varlığından xəbəri olmayan biridi.  Səndən çox-çox uzaqlarda yaşayır, filmlərə çəkilir, yaxşı pul qazanır, qadınlarla gəzir, bəlkə də narkomanlıq, əyyaşlıq edir. Sənsə, hər şeydən xəbərsiz ürəyinin aramsız ritmləri ilə böyüyürsən.
O zaman bizim indiki gənclərin əlində olan imkanlarımız yox idi. Əgər hansısa aktyora platonik məhəbbət bəsləyirdinsə, bunu ancaq ürəyində edə bilərdin. Ürəyindən kənara çıxmaq şansların yox idi. Nə dvd diskləri vardı ki, alıb filmlərinə baxasan, nə internet vardı ki, onları anındaca sosial şəbəkələrdən izləyəsən.  Nə mobil telefonlar vardı ki, heç olmasa, şəkillərini televizordan çəkib, sonra  çıxartdırıb otağının divarlarına yapışdırasan və s.   
Indi çox sevdiyin kumirlərinlə virtual da olsa, ünsiyyət qura bilərsən. O vaxt isə bunlar yox idi.   
Bilmirəm bəlkə də vaxt gələcək bizim uşaqlarımız da iyirmi il geriyə boylananda, indiki dövrlərini yarımamış hesab edəcəklər. Amma hər halda bizim qədər öz yeniyetməlik dövrlərini bəxtsiz dövr kimi anacaqlarına inanmıram. Biz hamımız müharibənin, qaçaqaçın, dəyişilmələrin şahidi olduq. Gözlərimiz önündə nələr baş vermədi ki...  
"Əsgər marşı" ilə addımladığımız illərin ətəyindən düşərkən, birdən-birə çevrilib "ay canı yanmış" rəqsinin oyunçuları olduq. Nəysə... O vaxtı, başbilən rəfiqələrimdən öyrənmişdim ki, Maykl ingilis adıdı və həmin aktyor İngiltərədə yaşayır. Həmin operativ məlumatı əldə edən kimi də başladım ki - böyüyən kimi İngiltərəyə gedib, Mayklı tapacam. Evdəkiləri o qədər bezdirmişdim ki, anam mənə Mayklın "m" hərfini belə qadağan eləmişdi.  
Anam bəlkə də bütün ömrü boyu ən uğurlu qadağalarını mənim üzərimdə tətbiq eləmişdi: Saçını kəsdirmə, rəngləmə, son zəngə getmə, kitab oxuma, televizora çox baxma, sinif uşaqları ilə bayram tədbirlərinə, şəhər gəzintilərinə getmə və s. Və bütün bu qadağaların içərisində bir ingilis aktyorunu sevən qızcığaz bir neçə il filmlərin titrlərində Maykl Pare adını axtara-axtara böyüdü. Böyüdükcə də anladı ki, sən demə İngiltərəyə gedib çox sevdiyi aktyorla görüşmək o qədər də asan başa gələn məsələ deyil...
Bu yaxınlarda, lap elə təzəlikcə google saytında Maykl Pare adını axtarış verdim. Doğurdan da həmin adda aktyor var imiş. Yaddaşım məni yanıltmamışdı. Amma bu aktyor, mənim o vaxtkı aktyorumdan çox fərqli idi.  Qırmızısifət, çilli əlli yaşlarında bir kişi idi. İndi onun şəkillərini tapıb otağımın divarlarına yapışdıra bilərdim. Amma nə o qızcığazı, nə də onun qəlbindəki Roben Qud məhəbbətini heç bir yerdən tapa bilməzdim. O məhəbbət hardasa çox uzaqlarda qalmışdı, arzular kimi.
İllər keçdikcə, ağrılar çoxalıb, sevinc azaldıqca, həyat rəngləri də mənim gözlərimdə dəyişməyə başladı. Anladım ki, dünya heç də çəhrayı, narıncı rənglərdən ibarət deyilmiş. Yaşadığımız bu günlərin bataqlıq rəngləri də varmış. Və zaman-zaman mən qoca dilənçinin gözlərində, kasıb uşağın kirli oyuncaqlarında, dəniz kənarında qarmağına balıq düşməyən uğursuz insanların baxışlarında bu rənglərlə rastlaşdım.  
Oxuduğum kitablardakı qəhrəmanlarla, baxdığım filmlərdəki aktyorlarla doğmalaşdım. Onları daha dərindən, daha duyğulu sevməyə başladım...  
...Moskvalı, mavi gözlü, qızılı saçlı o aktyoru ilk dəfə yeddi il əvvəl Yesenin obrazında görmüşdüm. Minlərlə insanın qəlbindəki Yesenin məhəbbətini təzələmişdi. O filmə baxana qədər Yeseninin ancaq adını eşitmişdim. Həmin filmdən sonra isə böyük şairin kitablarını axtarıb tapmağa, şeirlərini oxumağa başladım.  
Çoxlarının  ləyaqətlə gedib çıxa bilmədiyi otuz doqquz yaşda  Sergey Bezrukov çoxdan Rusiyanın xalq artisti adını da özü ilə aparmışdı. On iki ilə yaxındır ki, özündən səkkiz yaş böyük olan qadınla ömür sürən, hələ də övlad sahibi ola bilməyən aktyor özünün adını teatr və kino sənətinə qızıl hərflərlə yazmağa davam edir. Çoxları onun övladının olmamasını arvadının yaşının çoxluğu ilə əlaqələndirsələr də o, bunu hər zaman ilahi bir lütf kimi dəyərləndirdi.  
Daxilindəki güclü enerji, mükəmməl mütaliə Bezrukova istənilən rolun öhdəsindən gəlməyə imkan verir.
Rejissor və aktyor olan atası Vitali Bezrukov  Sergey Yeseninin şərəfinə ona Sergey adını qoyur. İllər keçəndən sonra o, böyüyür, özü də atası kimi Yesenin vurğunu olur, rus və dünya ədəbiyyatını dərindən mənimsəyir, Yeseninin onlarla şeirlərinin ifa edir, musiqilər yazır və günün birində Yesenin obrazını canlandırır. Və mənə elə gəlir uzun illər keçəcək, onun qədər Yesenin obrazını yaradan, sevdirən aktyor ortalığa çıxmayacaq.  
Oyandığı rollarında zərrə qədər də  olsun süniliyə yol verməyən aktyor Yesenin obrazını öz daxili dünyasının bütün süzgəclərindən keçirir.
Orta məktəbi bitirən kimi Moskva Bədii Teatrının kurslarına qatılan Bezrukov, nəhəng aktyor Oleq Tabakovun rəhbərliyi altında teatr kurslarını bitirir. Öz müəllimi Tabakovdan sənətin çox sirlərini öyrənir. Moskvanın ən qabaqcıl teatrlarında onlarla rollar yaradan Bezrukov, eyni zamanda öz teatrını yaradır, filmlərə çəkilir, televiziyada verilişlər aparır, bir çox siyasət və sənət adamlarını parodiya edir.   
Rus tamaşaçıları Bezrukovun vurğunu olsalar da, onu həddindən artıq aktiv yaradıcılıqda qınayırlar. Çoxları onu məhz bu aktivlikdən dolayı yaşından xeyli yaşlı görsəndiyini irəli sürürlər. Bəlkə də haqlıdırlar. Daima yorğun, torbalanmış göz altları, simasındakı qırışlar, kədərli baxışlar onu həddindən artıq "qocalmış" göstərir. Lakin məncə bunun əsl səbəbi onun oynadığı rolların çoxluğu ilə bağlı olsa da, həm də bu rollara nə qədər ürək qoyduğunun da göstəricisidir. Çünki, onun rollarında pafos, yalançılıq yoxdur. O, bütün obrazlarını yaşayaraq canlandırır. Bu canlandırma isə insan üçün o qədər də asan başa gəlmir.
Möhtəşəm yaradıcılıq insandan onun həyatını, ömrünü tələb edir. Bezrukov isə bu tələbə artıqlaması ilə cavab verən bir sənətkardır!
İnsan bir vaxtlar ona dünyanın sevməli, yaşamalı yer olduğunu göstərən, ona sevməyi öyrədən qəhrəmanların, ağrılarını anlamaqda köməklik edən kitabların, dinlədiyi musiqilərin, baxdığı filmlərin borcunu qaytarmağı bacarmalıdır. Bu yazı isə hələlik mənim kiçik bir borcumuydu. Maykl Pareyə, Sergey Yeseninə və Sergey Bezrukova.
Samirə Əşrəf

TƏQVİM / ARXİV