adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

UZUN ALLAHVERƏN

MƏMMƏD DƏMİRÇİOĞLU
43506 | 2013-03-16 11:30
Möhtərəm oxucular, ötən saylarımızda İncəli Uzun Allahberənin portretinə işıq salacaq bir neçə mənzərə yazılarıyla sizləri tanış etmişdik. On doqquzuncu yüzilliyin sonlarında dünyaya gəlib, iyirminci əsrin ortalarına qədər mənfur çar və rus imperiyasına, gürcü menşeviklərinə, mənfur erməni daşnaqlarına qarşı amansız və mübariz həyat yolu keçmiş bu məğrur insanın keçdiyi həyat yollarından bəhs edən etüd yazıların davamı ilə yenidən görüşünüzə gəldik. Ümidvarıq ki, bu mənzərələr də sizləri yormayacaq.

Yaxvıllılar tayfası

Allahverən koxa Yaxvıllı tayfasının ən urvatlı ağsaqqalı, salğarı-sanbalı ilə kəndin ən hörmətli şəxslərindən biri idi. Oğlu İsəyə toy edib evləndirdikdən sonra qocalığı boynuna alaraq səbirsizliklə adını, var-dövlətini əmanət edəcəyi oğul nəvəsinin dünyaya gəlişini gözləyirdi.
Allahverən koxa gəncliyində igidliyi, cəsurluğu ilə ad-san qazanan, qonşu kafirlərə qarşı amansız, qəddar bir igid, yaşlanandan sonra isə gəncliyində olduğu amansızlığının əksinə olaraq  yaşadığı elatın, ədalət ölçüsü, böyük iman sahibi kimi tanınan ağsaqqalından biri olmuşdur.
Oğlu İsə koxa da atasının uca ləyaqətinə güvənib, öz dədə-baba ənənələrinə sadiqlik göstərən Yaxvıllı gənclərindən biri idi. Bu gün onun evində toy-bayram günü idi. İlk oğul övladı dünyaya göz açmışdı. Allahverən koxanın sevinci yerə-göyə sığmırdı. O, qurban deyib damda bordanan qara qoçu üzü qibləyə  özü kəsərək Uca Tanrıya şükürlər edirdi. Qohum-əqrabalar gözaydınlığına gəlmiş, sevinib, gülənlərin hay-harayı bir-birinə qarışmışdı...
Körpənin qırxı çıxan gün Allahverən koxa bir qurban da kəsərək çəkisi və boyuyla fərqlənən nəvəsinə öz adını qoydu. Qırx günü təzəcə tamam olmuş körpə, bir yaşlı uşaq təsiri bağışlayırdi.
Allahverən koxa fəxrlə:
- Bakılıyam, Şəkiliyəm, adım Allahverən koxa, yeddi oymağın vəkiliyəm. Mən koxa kimi tanındım, nəvəm isə boy-buxunu, igidliyi və cəsurluğuyla Uzun Allahverən kimi tanınsın. Adını Uzun Allahverən qoydum, - deyib oğlu İsə koxanın alnından öpdü.
Sanki ölümdən möhlət almışdı Allahverən koxa. Nəvəsinin heç bir yaşını görmək belə nəsibi olmadı.
Eynən nağıllardakı kimi, ayla-illə yox, günlə, saatla böyüyürdü Uzun Allahverən. Babasının adına yaraşdırdığı anadan gəlmə təxəllüsə rəğmən onun boyu yaşını qabaqlayır, 13-14 yaşlarında kəndin ən uca boylu ərənlərini belə ötüb keçirdi. Hələ lap kiçik yaşlarında ikən atası İsə koxa - "Baban Allahverən koxa öz adını sənə əmanət edib, gərək onun adına layiq oğul olasan" - demişdi. Uzun Allahverən başını bir az da yuxarı qaldıraraq - "Elə mən də böyüyəndə koxa olacam" - deyə cavab vermişdi.
Zamanın sərt gərdişi İsə koxanın da cərxini cevirdi. Övlad toyu, nəvə sevinci görmədən, dünyasını dəyişdi. Uzun Allahverənin 14 yaşı vardı atasını itirəndə. Elə o gündən ailə qarğaçası, evin-eşiyin kişi işləri onun boynunda qaldı. Dəcəlliyi, kürlüyü ilə həmyaşıdlarından ciddi fərqlənən Uzun Allahverən atasından əmanət qalmış beşaçılanı götürmək istəsə də, anası Xədicə xanım icazə vermirdi. "Dəliqanlıdı, dəlisovdu, əlindən bir xata çıxarar" -deyib silanı verməyə qorxurdu. Bütün bunlara baxmayaraq o anasının qılığından girib silahla bir neçə dəfə ova getmiş və bir dəfə də olsun əli boş qayıtmamışdı. Amma bu çox nadir hallarda mümkün olurdu.
Zamanın, dövrün qarışıq vaxtıydi. Quduz erməni qonşular tez-tez İncə dərəsinə basqınlar edir,  açıq- aşkar talançılıqları ilə camaatı zinhara gətirir, kəndlərin mal-qoyununu örüşlərdən oğurlayır, nəticədə araya nifaqlar düşürdü. Dədə-babadan ermənilərə qənim kəsilmiş Yaxvıllı nəslinin törəmələrindən olan Uzun Allahverən çox gənc olmasına baxmayaraq, hələ təcrübəsiz və dəliqanlı olduğuna görə anası Xədicə xanım mümkün qədər onu nəzərində saxlayırdı. Amma bu o qədər də asan iş deyildi. Gözdən oğurlanan kimi Aveyin ətəyində yerləşən Yaxvıllıların yataq yerinə qaçar, sürülərinə, naxırlarına baxan çobanların yanına gedib, gününün çoxunu orada keçirərdi. Anası artıq başa düşürdü ki, onun qadağaları əbəsdi, buna görə də yalnız Yaxvıllı yatağına getməyə ona icazə verirdi.
Atası İsə koxa dünyasını dəyişəndən sonra var-dövlət olaraq 500 qoyunu, 50 inəyi, 15 atı qalmışdı. Sürülərə baxan çobanlar elə ailələri ilə birlikdə yataqda yaşayır, yayda isə yaylaqlara hamıdan erkən gedərdilər.
Uzun Allahverənin ən çox sevdiyi əyləncə at minmək, silah oynatmaq idi. Çoban Qəmnalı onun at minməyindən xüsusi zövq alar, öz doğma balasından da onu çox istəyirdi. Əslində, Allahverən 9-10 yaşlarından dördnala at çapmaqda xüsusi məharət göstərərdi. Atası İsə koxa oğluyla fəxr edər, qürurla" şükür, İlahi, yurdumun arxası qalnıyır," - deyib, tez-tez fəxrlə dodaqaltı pıçıldayardı.
Qəmnalı əmisi çiynindən bir an da olsun yerə qoymadığı silahını ancaq ona əmanət edər, bir dəfə də olsun xahişini yerə salmazdı.  Onun at belində oturmağına, atını dördnala  çapa-çapa çilovu buiraxıb silah atmasına heyranlıqla tamaşa edər, damağından əsgik olmayan müştüyünü ləzzətlə tüstülədərdi.
(ardı gələn sayımızda)
Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV