adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SAHİLƏ YAN ALAN GƏMİLƏR

VƏSİLƏ USUBOVA
32625 | 2013-03-16 11:29
Üçgünlük istirahətdən yadımda qalan tək şey nəvələrimlə "Apokalipsis" filminə baxmağım oldu. Sabahın gözü açılandan şil-küt olub yorğan-döşəyə düşənəcən ev-eşiyi alt-üst edən, söküb dağıdan uşaqları güc-bəlaynan dilə tutub divanda oturtmuşduq. Nisbətən ağlı kəsəni filmdə baş verənlərdən təsirlənir, böyük adamlar kimi "mən buna baxa bilmərəm" deyib qalxmaq, yarımçıq qoyduqlarını başa çatdırmaq istəyirdi.
- Baxarsan, baxarsang Gör, indi nələr olacaq...
  - O sağ qalacaq?
  - Hə, hə, sağ qalacaq. Ailəsinin yanına qayıdacaq...
   Düşmənin qəddarlığını, əsirlərə verilən əzabları gördükcə: "İnanmıram, inanmıram. Onu da öldürəcəklər..." deyib dururdu. "Bax, görürsən, İnsan necə güclüdü? Yaşamaq, azad olmaqçın nələr edə, nələrə dözə bilir?! Yurdunu, ailəsini düşünəndə gücü-qüvvəti birəbeş artır..." Təəccüblə üzümə baxır. Bilirəm ki, çox şeyi anlamır. Bir nigarançılığım daha var. Qorxuram nə demək istədiklərimi heç ömürboyu anlamasın. Demək istədiklərimin çoxunu dilimin ucundan qaytarıram. Yarıçılpaq, bədəni rənglənmiş, boynundan, qulağından, burnundan sümük "aksesuarlar" asılmış, uzunsaçlı kişilər kompüter əsrində yaşayan balacaya qəribə gəlir. Ona necə deyim ki, biz "sivil"lər onlardan çox şey öyrənməliyik. Sevgini, bağlılığı, qoruma instinktini... Hələ təbiətlə rəftarı demirəm. Torpağın üstündə yetişən nə varsa, hamısından həm qorunmaq, həm sağaltmaq, həm də düşmənin məhvi üçün istifadə etmək bacarığı. Onlardan ötrü təbiət hər şeydi. Torpaqdı, ailədi, Vətəndi... "Sən məni öldürə bilməzsən! Bura mənim torpağımdı!" deyə hayqırması da canındakı yanğının, yurdunda sərbəst gəzib-dolaşmaq istəyinin təzahürüdü...
   Bunları anlatmaqdan ötrü o qədər vaxt lazımdı ki... Elə film də kifayət qədər uzundu. Amma yorucu deyil. Baxdıqca düşünmək, düşündükcə baxmaq fürsəti verir tamaşaçıya. Necə sağlamdılar, dözümlüdülər. Nə tamahları var, nə də iddiaları. Yığdıqları meyvədən, ovladıqları heyvandan, quşdan, tutduqları balıqdan bir doyumluq yeməkdən artıq istəkləri yoxdu. Hamıya çatsın, hamı doysun. Sabah yenə olacaq. Təbiət səxavətlidi. Tanrı yaratdıqlarını yedizdirmək, doyuzdurmaq üçün hər şey verib ona. Öz həmcinsiynən tikəsini bölmək, qazana bilməyəni də dolandırmaq insan oğluna qalan tək vəzifədi. Deyəsən, elə belə də edirlər. Uğurlu ovdan, qida arxayınlığından sonra əylənməyi də bacarırlar. Hətta şit zarafatlar eləməkləri də var. Amma incimək, ürəkdə nəsə saxlamaq, kin-küdurət hələ yol tapmayıb beyinlərinə. Tək-tək bicliklər işlətsələr də, hələ bezdirici tövrlərdən, artıq tamahdan, saxtalıqlardan uzaqdılar... Amma...
    Daimi olan nəyi var ki, bu dünyanın?!. Onlardan bir qədər uzaqda "inkişaf"dadı həmcinsləri. Öz torpaqları, yeyəcəkləri, geyəcəkləri bəs eləmir onlara. Bunları bir az da artırmaqdan ötrü yan-böyürə əl uzatmaq, hələ saf, məsum dünyada yaşayanların qismətinə ya şərik olmaq, ya da tamam əlindən almaq fikrinə düşüblər. Niyə hamı onlar kimi yaşamalıdı ki?! Qoy kimlərsə əskik olsun! Az yesin, az doğub-törəsin! Tamam kökü kəsilsə, lap yaxşı olar...

***
Sakitləşib oturublar. Filmin elə yeridi ki, çəkdiyin nəfəs də qulaqlarına mane olar, gözlərini qırpsan, ən gərəkli səhnəni ötürə bilərsən. Cəza meydanı ən hündür yerdə qurulub. Qarışqa kimi qaynaşan kütlənin rahat seyr etməsiyçin. Əsirlərin diri-diri sinəsini yarıb ürəyini çıxarandan sonra başını vurub üzüaşağı dığırladırlar. Bir nəfər də bu başları ləzzətlə tutub setkaya yığır. Ehtizazdan coşan kütlənin isterik çığırtıları fələklərə ucalır...
   Deyəsən, Fövqəlqüvvələr Günəşin bu meydanı işıqlandırmasına dözə bilmirlər. Ətraf zülmətə qərq olanda məcbur olub "edam keyfi"nə son verirlər...
   Ağrıdan eybəcərləşmiş sifətlər, dəhşətdən hədəqəsinə sığmayan gözlər ekrandan çəkilir...
   Görəsən, adamlar nə vaxtdan bir-birlərinə əzab verməkdən, ələ salmaqdan, pis gününü görməkdən ləzzət almağa başlayıblar?!. Yəqin indi çoxları əli ürəyinin üstündə kanalı dəyişdi. bundansa, "Heyvanlar aləmi"nə baxmağı üstün tutdu... Heç olmasa, heyvanlar elə ibtidaidən bir-birlərini eyni qaydada məhv edirlər. Min illərdi, tutduqlarını parçalayıb yeyirlər, vəssalam. Daha ildən-ilə, əsrdən-əsrə işgəncə həzlərinin ömrünü uzatmaqdan ötrü yeni-yeni üsullar düşünüb tapmırlar. Heyvanlar aləmində güclülər zəifləri məhv edir. İnsan aləmində əksinədi; cılızlar, zəiflər min bir hiylə ilə güclü, qüdrətli olanları aradan götürürlər...
   
***
Sinəsində ox parçası, qan verən yarasını tuta-tuta gözdən, ayaqdan iti bir sürü adamın az qala axırına çıxmışdı. Bəs, niyə meşədən çıxandan sonra qaçmadı?! İrəlidə nə var ki, dizlərini quma atıb tövşüyə-tövşüyə gözlərini də qırpmadan  baxır. Sağ qalan iki nəfər də bir ayaq-bir ayaq arxadan yaxınlaşır. İndicə boynunu üzüb skalpını soyacaqlar... Nədənsə, bunu etmirlər, onlar da heyrətlə irəli baxırlar...
Sahilə üç-dörd gəmi yan alır. Göyərtəsində də geyimli ağdərililər...Təqibçilər gözlərini gəmilərdən ayırmadan qabağa keçəndə O... dönüb geri qaçır. Özünü quyuya çatdırır...
Boğazdan yuxarı yağış suyu dolmuş quyuda ikinci uşağı dünyaya gəlib...
Qadın gəmiləri göstərir:
- Onlar kimdi?
- Orada çoxlu kişi var...
- Səncə, onlara yaxınlaşa bilərik?
- Məncə, meşənin içinə girsək, yaxşıdı. Təzə həyata başlarıq...
Təzə həyat?!. Ətrafdakı sükutu görmürsünüz? Ən dəhşətli gurultudan da qorxuncdu bu səssizlik. Bunlar indiyəcən gördüklərinizin tayı deyillər. Elə bu sükutun özü kimi sakit-sakit, soyuqqanlılıqla qanınızı elə soracaqlar ki, gözlərinizin nə zaman qaraldığını da hiss etməyəcəksiniz. Nəyiniz var, götürəcəklər. Özləri də heç bir yana gedən deyillər...

***
İnsan həmişə keçmişinə can atır. Xəyalında hər kəsdən uzaqlaşıb cəngəlliklərdə yaşamaq istəyir. Bəzən bu cəngəlliklərin sonunda sahil, bu sahilə gözlənilmədən yan alan gəmilər olduğunu ağlına belə gətirmir...
Ömrümüz də belədi...
Bütün sükutlar müvəqqətidi...
Səssizlik hər şeydən qorxuludu...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV