adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2017 14:56
41576
MÜSAHİBƏ
A- A+

«HƏR DANIŞIĞA GÖRƏ SÜRÜCÜ CƏRİMƏ EDİLƏ BİLMƏZ»

Bu fikri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirdi

- Cənab polkovnik, bu gün hərəkətin təhlükəsizliyinin təmin ediməsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının üzərinə böyük vəzifə düşür. Bu vəzifəni həmin əməkdaşlar indi hansı səviyyədə yerinə yetirə bilir?

- Öncədən onu deyim ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi elə bir gün olmaz ki, hər hansı dövlət tədbirində hərəkətin təhlükəsizliyini təmin eləməsin. Təbii ki, bu vəzifənin yerinə yetirilməsi əməkdaşlarımızdan çox yüksək məsuliyyət tələb edir. Yəni həmin tədbirlərin keçirilməsi heç bir nöqsan və qüsur olmadan hərəkətin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Başqa sözlə demiş olsaq, bu tədbirlər zamanı yol polisi öz peşəkarlığını lazımi səviyyədə yetirən yetirir.

- Amma gəlin onunla razılaşaq ki, bir çox halda Bakı şəhərində nəqliyyat vasitələrinin idarə olunması zamanı qəzalar qaçılmaz olur. Yəni bəzi hallarda hətta ölümlə nəticələnin hadisələr baş verir. Buna necə baxırsınız?

- Bir faktı qeyd edim ki, bu gün Bakı şəhərində yüz minlərlə nəqliyyat vasitəsi avtomobil yollarında hərəkət eləyir. Aydındır ki, bu hərəkət zamanı həm sürücülər, həm də piyadalar yol hərəkət qaydasını tez-tez pozurlar. Təbii ki, belə olanda da hər hansı qəza qaçılmazdır. Amma mən bir o şeylə razılaşa bilmirəm ki, hər hansı yol-nəqliyyat hadisəsi baş verəndə bunun məsuliyətini birmənalı olaraq çoxları polisin üzərinə atır. Məsələn, deyir ki, polis hərəkətin təhlükəsizliyini təmin eləsəydi, bədbəxt hadisədə də baş verməzdi. Bax, bu cür fikirlər istər-istəməz ədalətsizlik yaradır. Yəni hər hansı qəzanın baş verməsində ilk növbədə hadisələr araşdırılmalı, aydınlaşdılımalı və bundan sonra konkret nəticəyə gəlmək mümkündür. Əlbəttə, sükan arxasında əyləşən hər bir sürücüdən çox şey asılıdır. Əgər sürücü peşəkardırsa, təcrübəsi varsa, o hər hansı qəza vəziyyətindən da çıxmağı bacaracaq. Amma elə hadisələr var ki, o vəziyyətdən sağ-salamat çıxmaq və xilas olmaq mümkün deyil.

- Cənab polkovnik, sizin sözünüzə qüvvət olaraq bir fikri xatırlatmaq istəyirik ki, hər hansı avtoxuliqan, yaxud da «atasının gül balası» sürət həddini aşaraq saatda 180-190-la hərəkət edirsə, aydındır ki, belə bir məqamda onu hər an ölüm gözləyir…

- Mən də onu demək istəyirəm da. Elə sürücü var ki, yol hərəkəti qaydasına qətiyyən əməl eləmir. Daha doğrusu, bu cür sürücülər birmənalı olaraq elə avtoxuliqan adlandırılmalıdır. O yüksək sürətlə nəqliyyat vasitəsini idarə edir, polisin «saxla!» əmrinə tabe olmur, digər avtomobillər üçün qaza şəraiti yaradır, əyləci qəfil basmaqla qulaqbatırıcı səslər çıxarır və nəticədə yol polisinin süni yaratdığı tıxacla saxalınılr. Təbii ki, bu cür sürücünün başını yol polisi tumarlamayacaq və onun barəsində çox ciddi ölsü götürəcək və hətta işlər tədbir görülmək üçün məhkəməyə göndəriləcək.

- Məhkəmə dediniz, yadımıza avtoxuliqanlarla bağlı çıxarılmış məhkəmə qərarları düşdü. O məhkəmə qərarlarına baxanda neçə-neçə avtoxuliqan 15-30 gün müddətinə azadlıqdan məhrum edilib. Sizcə, bu cür sərt addımların atılması «ataların gül balalarının» qarşısını alırmı?

- Xüsusən gecə reydləri vaxtı əməkdaşlarımız sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən və eyni zamanda polisin əmrinə tabe olmayan çoxlu sayda sürücülər saxlayır. Bəzən elə olub ki, əməkdaşlarımız gecə saatlarında keçirdikləri reydlər zamanı 50-yə yaxın sərxoş sürücü saxlayıblar və onlar müayinə edilərkən spirtli içki qəbul etməkləri aşkarlanıb. Üstəlik də, bu cür ərköyün sürücülər polisə tabe olmayıb, aradan çıxmağa çalışıblar və digər nəqliyyat vasitələrinin sürücüləri üçün qəza şəraiti yaradıblar. Siz deyin, belə sürücüyə qarşı biz nə etməliyik? Onları ancaq sərt cəzalar nəticəsində intizama dəvət etmək mümkündür.

- Cənab polkovnik, təkrarən avtoxuliqanlıq edən sürücülər olubmu? Daha doğrusu, bu cür sürücülər ikinci dəfə saxlanılarkən nə deyiblər? Heç hərəkətlərindən, əməllərindən utanıb-qızarıblarmı?

- Nə gizlədim, əgər onları da bir balaca məsuliyyət hissi və yaxud mədəniyyət olsaydı, ikinci dəfə spirtli içki qəbul edərək avtoxuliqanlıq eləməzdilər. Əgər bunlar ikinci dəfə bu addımı atırlarsa və məhkəmə də təbii ki, onlar barəsində daha ciddi cəzalar təyin edir. Belə ki, həmin sürücülər bir neçə il sürücülük hüququndan məhrum edilir, üstəlik də barələrində otuz sutkadan çox həbs cəzası müəyyənləşdirilir. Hələ siz onu bilmirsiniz ki, elə sürücülər var üçüncü dəfə də avtoxuliqanlıq eləyirlər…

- Vaqif müəllim, hərəkətin təhlükəsizliyinin təmin edilməsində piyadaların da bu və ya digər dərəcədə məsuliyyətləri var. Məsələn, onlar yeraltı və yerüstü keçiddən deyil, birbaşa Bakıda hərəkətin intensiv olduğu yerdən keçmək istəyirlər və bu zaman da piyadavurma halları baş verir.

- Sizin özünüz də bizim keçirdiyimiz reydlərdə dəfələrlə işitrak etmisiniz və görmüsünüz ki, keçid olduğu yerdə əksər piyadalar ordan istifadə eləmirlər. İstər uşaq olsun, istər gənc olsun, istərsə də yaşlı adam. Elə hamısı yolun hərəkət hisəsindən keçməyə çalışır. Onlara irad tutmağa çalışanda biri deyir xəstəyəm, biri deyir tələsirəm, biri də deyir ki, fikirliyəm. Amma onlar bilmirlər ki, hər an nəqliyyat vasitəsi onları vura bilər.

- Cənab polkovnik, səhv eləmiriksə, bu ilin doqquz ayı ərzində onminlərlə piyada barəsində inzibati tədbirlər görülüb…

- Yox, səhv eləmirsiniz. Sizin fikrinizə bir aydınlıq gətirmək istəyirəm: bu ilin doqquz ayı ərzində yüz minə yaxın piyada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən cərimə olunublar. Onların hər biri iyirmi manat məbləğində cərimə edilib. Amma gəlin görək, cərimə edilən piyadaların hamısı o cəriməni ödəyibmi? Təəssüflə deməliyik ki, cərimənin böyük hissəsi piyadalar tərəfindən ödənilməyib. İndi biz gələcəkdə düşünürük ki, o cəriməni ödəməyən piyadalar məhkəməyə verilsin və məhkəmənin qərarından sonra həmin adamlar yəqin ki, o cəriməni ödəyərlər.

- Son vaxtlar mətbuatda və müxtəlif saytlarda belə bir fikir səsləndi ki, sürücülər sərnişinlə danışdığına görə, cərimə ediləcəklər. Sözün düzü, bu xəbər sürücülər arasında müəyyən narazılıqlar yaradıb.

- Hər hansı məsələ bəzən media tərəfindən çox qabardılır və şişirdilir. Bu məsələ indinin söhbəti deyil. Çünki «Yol hərəkəti haqqında» Qanunda sürücünün nəqliyyat vasitəsini idarə edərkən fikrinin yayınması ilə bağlı koknkret maddə var. Və həmin maddə də qüvvədədi. Bu o deməkdir ki, sürücü avtomobili idarə edərkən fikrini cəmləmirsə, geri dönüb kiminləsə söhbət edirsə, bax, bu zaman qanun pozuntusu yaranır. Yoxsa hər söhbətə görə, sürücü cərimə edilə bilməz. Bunu da hər bir sürücü başa düşməli, anlamalıdır və narahatlığa da heç bir əsas yoxdur.

- Gecə reydləriniz davam edirmi? Çünki gecə reydləri zamanı çoxlu sayda sərxoş sürücülər və avtoxuliqanlar aşkarlanıb…

- Elə bir gün olmaz ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reydlər keçirməsin. Gecə reydləri də mütəmadi olaraq davam eləyir. Amma əvvəlki vaxtlara nisbətən spirtli içki qəbul edən sürücülərin sayı xeyli azalıb. Yəni keçirilmiş reydlər hadisələrin aşağı enməsində önəmli rol oynayıb. Birincisi, bəzi sürücülər maariflənib, ikincisi isə spirtli içki qəbul edən sürücü «Ayıq sürücü» xidmətindən istifadə eləyir. Və eyni zamanda artıq bir çox sürücülər düşünür ki, sükan arxasında sərxoş vəziyyətdə olsa, yol polisi tərəfindən saxlanılacaq və cərimə ediləcək. Ona görə də elə bəribaşdan spirtli içki qəbul eləmir. Gecə reydlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 11-ci tağımının (komandir Mərdan Əliyev) və 8-ci tağımının (komandir Nurlan Əliyev) əməkdaşları daha fəal mübarizə aparırlar. Belə ki, hər iki tağım reyd zamanı sərxoş sürücülər və avtoxuliqanlar aşkar etməkdə peşəkardılar.

- Vaqif müəllim, yol polisi intizamsız sürücülərə qarşı həmişə ciddi mübarizə aparır. Amma yaxşı olmazmı ki, bir mükafat təsis eləyəsiniz və onun da adını qoyasınız «İlin ən yaxşı sürücüsü». Təbii ki, intizamlı, mədəni və insanlara hörmət bəsləyən sürücülər də var. Bax, onları qiymətləndirsəniz, bu özü də ən yaxşı təcrübə və metod sayıla bilər…

- Biz bu cür sürücüləri də yaddan çıxarmırıq. Xüsusən səkkiz martda xanım sürücüləri yada salır, onları mükafatlandırırıq. Şəhərin bir neçə yerində intizamlı sürücülər saxlanılaraq onlara gül dəstəsi verilir və müxtəlif hədiyyələr bəxş edilir. Təbii ki, bu ənənə hər il davam eləyir. Qaldırdığınız məsələ də çox önəmli bir işdir və gələcəkdə çalışacağıq ki, həmin o «İlin ən yaxşı sürücüsü»nü də aşkarlayaq və mükafatlandıraq.

- Biz «Ədalət» qəzeti olaraq yol polisinin həmişə yanında olmuşuq. Yəni sürücülərin və hərəkət iştirakçılarının maarifləndirilməsində onların keçirdiyi reydləri işıqlandırmışıq. Sizə elə gəlmir ki, bu gün yol polisinin tədbirlərinin ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyəti var…

- Mən yol polisisnə kömək elədiyinə görə, «Ədalət» qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil Abbasa və yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm. «Ədalət» qəzeti yeganə mətbuat orqanıdır ki, təmənnasız olaraq yol polisinin bütün tədbirlərini mütəmadi olaraq diqqətdə saxlayır və onu cəmiyyət arasında təbliğ edir. Bu da hərəkət iştirakçılarının maariflənməsində və savadlanmasında çox böyük rol oynayır. Mən bir daha «Ədalət»ə rəhbərlik və öz adımdan təşəkkürümü bildirirəm.

- Cənab polkovnik, yazımızın sonunu bir lətifə ilə tamamlamaq istəyirik:

- Bir dəfə yol polisi reyd keçirir və fikirləşir ki, ən yaxşı sürücünü mükafatlandırsın. Ona min manat məbləğində mükafat versin. Bir sürücü stasionar postda saxlanılır. Yol polisi əməkdaşı görür ki, bu sürücü kəməri taxıb, normal sürətlə hərəkət edir və çox mədənidi. Yol polisi sürücüyə müraciət edərək deyir:

- Siz ən intizamlı sürücü kimi min manat mükafata layiq görülürsünüz, buyurun, mükafatı qəbul edin! Amma deyin görək, bu pulu alanda hara xərcələyəcəksiniz?

Sürücü başını qaşıyır və dillənir:

- O pulu alan kimi özümə «prava» alacam.

Yanındakı xanımı hərəkətə gəlir:

- Rəis, bunun sərsəm-sərsəm danışdığına fikir vermə. Həmişə araq içəndə belə qatıqlayır.

Arxada oturan başqa sərnişin isə deyir:

- A kişi, sizə demədim ki, oğurluq maşınla uzağa getməyəcəksiniz?

Maşının yük yerində olan adamın səsi gəlir:

- Bəs postu keçməmişik?!


Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU