adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2017 12:43
49706
MÜSAHİBƏ
A- A+

Mənim kəndim - “Hamı elə bilmişdi ki, məni sel aparıb” - Fəxri Uğurlu

Modern.az-da kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin"Mənim kəndim”rubrikasına davam edirik. Bu dəfə çağdaş nəsrimizin ən güclü imzalarından sayılan, eləcə də, məhsuldar jurnalist, publisist fəaliyyəti ilə seçilən yazar Fəxri Uğurluata yurdu olan Laçın rayonunun Oğuldərə kəndindən və ora ilə bağlı xatirələrindən danışacaq.

Bu müsahibə deyil, daha çox "ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Fəxri Uğurlu o yerləri, o illəri belə xatırlayır:

"Mən həmin oğlanam, a dağ yolları”

-Bizim iki kəndimiz olub: ana tərəfdən Ağdamın Quzanlı, ata tərəfdən isə Laçının Oğuldərə kəndləri... Biz adətən, uşaq vaxtı ailəliklə kəndə yollananda birbaşa Laçına getmirdik. Əvvəlcə Quzanlıda ayaq saxlayar, orada müəyyən qədər ləngiyər, daha sonra isə Oğuldərəyə gedərdik. Qayıdanda da həmin qayda isə Bakıya geri dönərdik.

Oğuldərə Laçından təqribən, 70 km uzaqlıqda yerləşir. Ora aparan yollar təmirsiz və narahat olduğundan bu məsafəni 3-4 saata ancaq çata bilirdik. Möhkəm yağış yağanda isə çox zaman yollarda qalası olurduq. Özü də ora adi minik maşınları ilə yox, UAZ taksilərlə gedə bilərdik. Ümumiyyətlə, ucqar dağ kəndlərinə o cür maşınlarla gedərdilər. Hətta elə olub ki, biz kəndin ayağına çatmışıq və maşın hava şəraitinə görə, daha ondan sonra irəliləyə bilməyib. Kəndçimiz var idi, Hümmət dayı- elə bu yaxınlarda 90 yaşında rəhmətə getdi - o, mənim nənəmmin qohumu idi. Məcburən, gecəni onlarda keçirib, səhəri öz evimizə getmişik. Söhbət cəmi yarım kilometrlik yoldan gedir. Yəni, yağış o qədər güclü olub ki, biz bu məsafəni də gedə bilməmişik.

Yarımçıq qalmış bayram

-Amma bizim kəndə gedib çıxmağımız ayrı bir dastan idi. Atamı camaat, el-oba çox sevərdi. Biz kəndə çatanda səhəri xəbər yayılardı ki, Ağa müəllim ailəsi ilə birlikdə gəlib, onda hamı həyətimizə axışardı. Həyət deyəndi ki, dağ evləri bir–birinə sıx tikilərdi. Aralarında çəpər görməzdin. Kimsə bəzən öz bostanını-bağını çəpərləyərdi, amma evlər arasında xüsusi çəpər, arakəsmə heç zaman olmazdı. Evin qarşısındakı boş həyətyanı sahəyə hamı yığışardı. Bu, həm onlar, həm bizim üçün bayram kimiydi. Camaat bizi çox sevər, əzizləyərdi. Qadınlar, gəlinlər, qızlar çoxusu əlində payla bizimlə görüşməyə gələrdilər.

Bal vaxtıdırsa, biri əlində bal, o biri qaymaq-qatıq gətirərdi. Kimin qolundan nə qopurdusa, kimin əlində nə olardısa, böyük həvəslə pay verərdi. Qapıda samovar sönməzdi. Çay süfrəsi arxasında maraqlı söhbətlər, zarafatlar edilərdi. Təkrar edirəm, bu, bir bayram idi. Bizim ömrümüzün, həyatımızın bayramı... Gəldi və getdi... Bir də heç vaxt olmayacaq.


Haşiyə-1: 1992-ci ilin Laçını...

"Mən sizə 1992-ci ilin avqustundan danışıram. O zamandan ki, Laçın artıq üç ayıdı işğal olunmuşdu, bizim kəndin camaatı Kəlbəcər üzə adlamışdı, qonşu rayonda da bənd almayıb Murovun Gəncə üzünə aşmışdı, dağların dumanlı-çiskinli ətəyində, günün eyni açılmayan acı bir yurdda, taleyin yolu üstündə alaçıq qurub xəbər gözləyirdi. Bir azdan o camaat arxayınlaşıb gəldiyi yolla geri qayıdacaqdı, qışı kənddə çıxarıb, yazda bu dəfə Kəlbəcər işğal olunanda öz ocağının qırağındaca mühasirəyə düşüb, yalnız möcüzə sayəsində girov düşməkdən qurtulacaqdı…

Onda hələ bir neçə ay sonra Kəlbəcərin də əlimizdən gedəcəyi ağlımıza gəlməzdi və yatsam yuxuma da girməzdi ki, doqquz il sonra Laçının ikinci dəfə – bu dəfə sənədli-sübutlu düşmənə təhvil verilməsi təhlükəsi qarşısında qala bilərik. Onda hələ düşmənin bu gün-sabah ölkədən qovulacağını gözləyirdik və mən dağların çiskindən göz açılmayan ətəyində kənddən ötrü bərk darıxdığımdan yola çıxıb, "İstisu” şüşəsi daşıyan bir yük maşınıyla Murovu aşmışdım, maşın dəyişə-dəyişə gəlib kəndimizə çıxmışdım. Mal-heyvan dırnağı dəyməyən yamacların, yastanaların, kərənti ağzına düşməmiş biçənəklərin otu özünə boy vermişdi, ayağıma dolaşırdı. Cığırlar iz itirməyə başlamışdı. Torpaq üz-gözünü saç-saqqal basmış səfilə oxşayırdı. (Fəxri Uğurlu, "Vətənim adamlar” essesi.

Ucqarlarda bir kənd vardı – Oğuldərə

-Kəndə çatanda ilk ona çalışardım ki, tezcənə tay-tuşlarımı görüm. Bir yazımda da yazmışdım ki, kəndə təzə çatanda bizi dağ suyundan içməyə, çayda çimməyə qoymazdılar. Yəni, havamız dəyişib deyə, qızdırıb- xəstələnməyimizdən qorxardılar. Bunun üçün tədricən dağ havasına alışmaq lazım idi. Birdən-birə arandan dağa gedəndə iqlim kəskin şəkildə dəyişərdi. Bizim dağlarımız da ki, ən ucqar, ən hündür dağlar... Oğuldərə Kəlbəcərə daha yaxın kənddir... Laçın böyük rayondur, bir tərəfi Qubadlıdır, bir tərəfi Kəlbəcər... Biz Kəlbəcərə yaxın idik. Oraların çox gözəl təbiəti vardı; yaşıl dağlar, göy çəmənlər, otlaqlar, biçənəklər...

Əhali əsasən maldarlıq , qoyunçuluqla məşğul idi. Amma bostan salıb, dirrik əkənlər də vardı. Oralarda hər əkdiyin bitməzdi, qarpız, yemiş olmazdı. Amma kartofdan, lobyadan, kələmdən istədiyin qədər olardı. Xiyar, göy-göyərti çox qəşəng məhsul verərdi. Amma yenə də bağçılıq maldarlığa, qoyunçuluğa baxanda o qədər də yaxşı inkişaf eləməmişdi. Çünki dədə-babadan camaatımız bu işlərlə məşğul olmuşdu.

"Bahar fəsli yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar”

-Biçənəklərin yaz vaxtı-may ayında camaat yavaş-yavaş dağa, daha doğrusu, dağımızın da öz "dağ”ına - yaylağa köçərdilər. Yaylaqlar kənddən o qədər də uzaq deyildi. Kəndin bütün ətrafı göy biçənəklər olduğu üçün, onları heyvanlar otlamasın deyə, el yaylağa köçərdi. Elə həmin biçənəklər yavaş-yavaş qalxmağa başlayanda bizə yaylağın yolu görünərdi. Kənddə tirələr, nəsillər olur. Orada da hər nəslin öz yaylaq yeri vardı. Çünki bütün kəndin bir yaylağa, bir yurda sığınmağı mümkün deyildi. Bizim tirəmizin –Elyas uşaqlarının, yəni İlyasovların Pirimboynu deyilən çox gözəl yaylaq yeri vardı. Sonradan camaat bir az da uzağa köçdü ki, biçənək yerləri daha da genişlənsin.

Mən o yaylaqlardakı alaçıqlarda o qədər olmuşam ki.... Tay-tuşlarımla meşəyə oduna da getmişəm, at da minmişəm. Özümün bir atım var idi...

Dağ reyhanı qoxuyan illər...

-Haraya getsəm, özümlə kitab aparardım. Elə yaylaqlara da kitabsız getməzdim. Gecələr arxacda –heyvanların yatdığı yerdə qarovulda durardılar. Alaçıqların arasında, heyvanların saxlandığı geniş yer idi arxac... Adamlar növbə ilə qarovula durardılar ki, gecələr heyvanlar oğurlanmasın. Dağlarda çox usta oğrular olardı ki, itlərin, gözətçilərin arasından keçib heyvanları, atları oğurlaya bilirdilər. Gecələr olub ki, səhərə qədər tay-tuşlarımla arxaclara gözətçi qalmışıq.

Qadınlar-bibimgil, qonşular əvəliyə gedəndə biz də onlara qoşulardıq. Əvəliklik çox məşhur yer idi. Yaylaqdan çox uzaqda yerləşərdi. Balacaydım, amma onlara qoşulub o mənzərəni mən də seyr edərdim. Qadınların əvəlik yığması, ondan sonra günorta oturub çörək yeməyimiz, o dağ xatirələri heç zaman yaddaşımdan çıxmır.


"Qoruyar bu el məni
Apararsa, sel məni...”

-1982-ci il idi... Göy üzünün aydınlıq vaxtıydı. Havada qara buludlar gözə dəymirdi. Gördüm ki, atı aparıb hörükləməyiblər. At kənddə olardı adətən, hərdən hörükləyib yaylağa sürər, oradan da geri dönərdilər. Hər səhər də atı adətən, mən özüm hörükləyirdim. Bir səhər də oyanıb gördüm ki, artıq gün qalxıb, at isə hələ qapıdadır. At o vaxta gərək qalmaya, işıqlaşanda hörükləmək lazımdı. Açıb-buraxa bilməzdin, gedib biçənəyə girərdi. Qarşıdakı Çalbar dağında aparıb hörükləyirdik. Orada biçənək olmazdı, otlaq yeri idi deyə, atları hörükləyə bilirdik. At məni görcək, yaxın gəlib qollarımı iylədi. Kırıldadı, elə bil ağlansınmış kimi bir səs çıxardı. Ata rəhmim gəldi, özüm-özümü danladım. Dedim buna bax e, indiyə qədər atı ac qoymuşam. Onu elə çılpaq-çılpaq minib Çalbarın sinəsinə çıxarıb hörüklədim. Qısaqol köynəkdə idim. Orada bir az məndən böyük ya da eyni yaşda olan tay-tuşlarım var idi; biri mal otarır, o biri at hörükləyirdi. Birlikdə dörd nəfər idik. Elə oturub bir az onlarla da söhbətləşdim. Fikirləşdim ki, evdə də səhər çayı qaynasın, ondan sonra düşüb gedim. Elə bunu demişdim ki, göy üzünü qəfil qara buludlar aldı. Çay yuxarıya nə təhər buludlar gəldisə, göyün üzü qaraldı, örüşdəkilərdən birinin yapıncısının altına girdim. Dedim, indi keçib gedər də...

Amma bir yağış, bir tufan başladı ki, qocalar deyirdilər, biz yaşımız boyunca belə şey görməmişik. Təqribən 3-4 saat o qədər dəhşətli bir yağış, güclü bir tufan oldu ki, biz elə o mal-heyvanların yanındaca başımızı yapıncının altına salıb, yağışın-tufanın altında qaldıq. Yağış 3-4 saat fasiləsiz yağdı. Yer üzündə demək olar ki, bir quru çöp qalmadı. Çaylar daşdı, sel bütün körpüləri apardı. Dağların da belə dəlilikləri var... Elə oldu ki, sel daşdı, üç gün çaydan keçmək mümkün olmadı. Biz də daha kəndə qayıda bilmədik. Yuxarı alaçıqlara, yurdlara çıxdıq. O dəhşətli yağışdan sonra çox möcüzəli, qırmızı bir gün çıxdı. Alaçıqlarda həmin günün gözəlliyi ikiqat hiss olunurdu. Daha kəndə qayıda bilmədiyim üçün elə biliblər ki, məni də sel aparıb. Bibim çox çətinliklə çayı adlayıb yaylaqlara tərəf "ay Fəxri, ay Fəxri” deyə-deyə qışqırırdı. Mən də yuxarıdan qışqırırdım ki, "qorxma, sağam”. Gözünün qabağında idim, amma məni görmürdü. Elə bil havalanmışdı. Handan-hana toxtadı. Daha sonra yaylaqlara tərəf getdik. Gördük ki, alaçıqlarda arvadlar nə qədər mitil-ədyal varsa, hamısını çölə töküblər. Bir salamat döşək, bir quru yorğan qalmamışdı. Alaçıqlarda nə var idisə, hamı islanmışdı. Hamısını da Günəşin altına sərmişdilər. Həmin gecə biz nəm yorğan-döşəkdə, nəm alaçıqlarda yatdıq. İndi heç bir saat da o nəmdə yata bilmərəm. O zaman həm cavan idik, həm də canımız sağlam idi. 13-14 yaşımın söhbətidir...

Bircə ondan qorxurdum ki...

-Dağda-dərədə çox yağışa-tufana düşmüşəm. Amma o günün yağışı heç yadımdan çıxmaz. Başını qaldırıb göyə baxsaydın, dolu gözünü çıxarardı.

Mən dağda heç nədən qorxmazdım, ildırımdan başqa. O zaman da elə ildırım çaxırdı ki, dağlar silkələnirdi. Fikirləşirdik ki, kaş bizi ildırım vurmasın. O elə bir ani şey, dəhşətli qüvvədir ki, qarşısını heç nə ala bilməz. Deyim var ki, ildırım tək ağac altında vurar adamı. Mal-heyvan yanında səni haqlayar. Belə bir inanc var ki, ildırım çaxan zaman gərək atdan enəsən. Atın qulağı ildırımı çəkir. Əslində, bu, qulaq çəkmək məsələsi deyil. İldırım həmişə hündür yeri vurar. Sən də at üstündə hündürdəsən axı.. Odur ki, gərək, vaxtında düşəsən... Bir var meşə, bir var, tək ağac. Həmin tək ağac ildırımı özünə çəkir. O gündən beləcə salamat çıxdıq. Amma indi hətta o günün özünü də həsrətlə xatırlayıram.

Kənddəki günlərdən...

-Əmimgillə təsərrüfatımız bir idi. Sən deyən, bir o qədər də qoyunumuz olmazdı. Bir neçə inəyimiz vardı:onları da yaylaqda örüşə buraxar, hava qaralanda özləri geri qayıdardılar. Qoyun-quzumuz çox da olmazdı. Sonradan artdı. Əmimin uşaqları böyüyəndən sonra qoyun-quzunun sayını da artırdılar. Amma o da qismət olmadı, hamısı işğaldan sonra orada qaldı.

Biçənəklərə tez-tez gedərdim. Sovxozun işinə yollanardım. Mənim kəndin sovxozunda öhdəliyim yox idi. Amma tay-tuşların hamısı gedirdilər deyə, mən də onlara qoşulardım. Biçənlər biçir, yığanlar yığırdı. Mən də oğlanlara, qızlara qarışıb ot yığmağa gədərdim. Yadımdadır ki, bir dəfə əmim Bakıya gələndə dedi ki, sənə sovxozda bir az qonarar yazmışdılar, onu da mən aldım. Təbii ki, simvolik məbləğ idi, amma saymışdılar, işə qiymət vermişdilər.


Bulaq ruhlu insanlar...

-Hər il gedəndə kənddə ayrı bir qıza vurulurdum. Çox vaxt da həmin qızın eşqinə dağa-biçənəyə gedərdim. Həm də tay-tuşlarım, dostlarım da mənə maraqlı idi. Kəndimizdə mövhumat, xurafat olmayıb. Oğlanlarla qızlar arasında çox səmimi, saf münasibət vardı. Hər şey çox şəffaf, aşkar idi. Sənə deyim ki, bizim ana kəndimiz Quzanlıda bir oğlanla bir qız açıq-aşkar söhbət eləsə idilər, bu, yaxşı qarşılanmazdı.Ya onların arasında bir qohumluq əlaqəsi, ya da sinif yoldaşlığı olmalı idi. Amma dağ camaatı daha azad olur. O demək deyil ki, onlar komplekslərdən xalidirlər. Əksinə, orada bəzi qaydalar daha sərtdi. Ümumi mənada səmimiyyət güclüydü. Sovxozun otunu yığmağa gedəndə çox səmimi zarafatlarımız, deyib-gülmələrimiz olurdu. Başımıza müəllimlər təhkim olunmuşdular. Elə onlarla birgə deyib-gülürdük, birlikdə çörək yeyirdik, bulaq üstə gedirdik. Yəni, həyat çox şən idi...

Əslində, indiki şəhər uşağınının, bu qədər texnologiyanın əhatəsində olan uşağın gözü ilə baxanda deyərsən ki, bunda nə var ki? Amma sənə deyim ki, mən heç vaxt o ortamda darıxmadım. Hər il evdəkilərə yalvarırdım ki, bu ili qalıb kənddə oxuyum. Oradakı uşaqlardan, tay-tuşlarımdan ayrılmaq istəmirdim.

"Ən çox dağlar yadımda qalıb...”

-Həm də dağlardan dünya başqa cür görünürdü. Mən oradan baxanda dünyanı tam ayrı cür görərdim. Əgər yadındadırsa, mən "İsgəndərin qanunu” adlı hekayəmdə elə onu ifadə eləmişəm: İsgəndər dünyanı alır, hər şey onun əlindədir. Belə deyək ki, materiya Allahıdır, hər şey onun ixtiyarındadır. Yəni, simvolik mənada... Materiya qanunlarının hamısı ona tabedir. O adam bütün dünyanı alıb, amma darıxır. Çünki heç kimlə bir mənəvi ünsiyyəti yoxdu, əslində təkdi. Bədənini böyüdüb, ruhu isə tək qalıb. Günün birində bir kitab oxuyub olimp dağına çıxır. Həmin dağdan baxanda dünyanı tamam ayrı cür görür. Ondan sonra xoşbəxtliyin açarını tapır, özünün bütün qanunlarından imtina edir və s.


O, əslində mən özüməm. Mən birdən olurdu ki, təkcənə dağlara çıxardım, "qu” desən, qulaq tutulan yerlərə qalxardım. Daşların arasında oturardım. Elə bil nəsə bir möcüzənin olacağını gözləyirdim. Bu barədə də, "Şeyx Sənan” adlı hekayəmdə yazmışam. Şeyx Sənan Allahı axtarırdı, meşələrdə dağlarda, buludların arasında gəzirdi. Elə sanırdı ki, Allah haradasa öz camalını ona göstərək. Bax, onların hamısı mənim yaşantılarımdı. Mən o yolları çox keçmişəm. Dağlardan baxanda dünya tamamilə fərqli görünür. Dağ təbiətin ən böyük möcüzəsidir.

Dağlarda böyük qüdrət var. Doğrudur, birinin yaxşı insan olması dağdan asılı deyil. Səhradan da yaxşı adam çıxa bilər. Sadəcə, dağların ilahi enerjisinə üçüncü gözümüzlə baxdıqda qarşımızda tamam ayrı möcüzəli mənzərələr açılır. Əksər yazıçılar dağların sehirli qüvvəsindən ilham alıb. Məsələn, Dostoyevskinin "İdiot” əsərinə nəzər salanda Knyaz Mişkinin dağlarla bağlı xatirələrini oxusaq, bunu görərik. Dostoyevski dağdan ən çox uzaq olan yazıçılardan biridir. Onun məkanları Peterburqun rütubətli küçələri, dalanlarıdır. Amma orada da gör dağlar haqqında nələr deyib. Yaxud Floberin "Madam Bavari”sində dağların magik qüvvəsi haqqında gör nələr deyilir... Dağlarda elə bir sehr var ki, onu ancaq yaza bilərsən, onları demək mümkün deyil.

İtmiş tərəf müqabili, itirilmiş sevgilər...

-Həm dostlarımla, həm də dağlarla söhbətləşirdim. Bu gün də həmin dostlar var, amma həmin dağlar yoxdu. Uşaqlıq yoldaşlarımla hələ də keçmiş günləri xatırlayırıq. Təəssüf ki, həmin anları o yerlərdə xatırlamaq imkanımız yoxdur. İndi arzulayırıq ki, kəndimiz geri qaytarılsaydı, oralarda keçmişdəki günləri yad edərdik.

O dağlarda aşiq olmamaq olmazdı... Bu hislərimi dostlarımla bölüşürdüm. O yaşlarda belə hissləri dilimizə gətirməyə də utanırdıq. Bunlar ötəri hissləriydi . Bir yay gedirdim hansısa qıza vurulurdum. Sonra bütün ilboyu payızı, qışı o qızın həsrəti ilə keçirərdim. Ona görə kəndə getməyi arzulayırdım. Lakin növbəti il kəndə gedəndə ona deyil, başqa qıza vurulurdum. İnsan çoxunu istəyə bilər, qismətdə nədirsə o olar.

Kəndin "iclas zalı”

-Bizim kəndimizin ətrafında xeyli bulaqlar vardı. Bulaqların suyu da bir-birindən fərqli tamda olardı. Qadınlar bulaqların ətrafında çox toplanmırdılar. Ancaq təbii ki, söhbət etmədən də dayanmırdılar. Toy, yas məsrasimləri üçün toplaşıb məsləhətləşirdilər.



Oğuldərə oğulları – atam, əmim və bizlər...

-Atam Ağa Laçınlı hər zaman kəndə bağlılığı aşılayırdı. Fürsət olan kimi bizi kəndə aparırdı. Sevinirəm ki, o zamanlar kəndlə daimi əlaqəmiz olub. Hər yayı səbirsizliklə gözləyirdik ki, kəndə gedəcəyik.

Əmim, mərhum Əli müəllim 6 yaş atamdan kiçik olub. Atam Bakıya gələndən sonra əmimi də gətirdi. Əmim o zaman Moskvada oxuyurdu. Atam onun qərib diyarda qalmasına razı olamamışdı. Əmim Moskva Dövlət İnstutundan Bakı Dövlət Universitetinə - filologiya fakütəsinə köçürüldü. Kamal Abdulla, Niyazi Mehdi kimi tanınmışlar da əmimlə qrup yoldaşı olublar. Universiteti bitirdikdən sonra ata ocağına qayıdıb kənddə müəllim kimi çalışmağa başladı.

Əmimin ailə qurmağı da yadımdadır. 1977- ci ildə oldu toyu… Məclis 2-3 gün çəkdi. Babamın evi balacaydı. Sonradan əmimlə atam köməkləşib, o evi sökərək yerində daha genişini tikdilər. Yeni evin tikintisi bir neçə il çəkdi. Əmimin həmin ev üzərində əziyyəti çox oldu. Övladları, xüsusən də böyük oğlu İmdad böyüdükdən sonra təsərrüfat işlərində ona kömək oldular. İşğala az qalmış əmimgil təsərrüfatlarını genişləndirmişdilər. Təəssüf ki, işlərini axıra çatdırmaq mümkün olmadı.

"Vətənim adamlar”

-1992-ci ildə Laçın işğal olunanda ermənilər bizim kəndləri yandırıb çıxdılar. Laçın rayonunun yarısı bizdə, yarısı ermənilərdəydi. İnsanlar evlərindən ayrılıb, mal-qarası ilə birlikdə müvəqqəti yaşayış yeri düzəldirdilər. Mən də orada əmimgillə qaldım. Həmin vaxt yaşadıqlarımı 2001-ci ildə "Vətənim adamlar” adlı yazımda qeyd etmişəm. Kəndlərdə heç kim yoxuydu. Adam özünü yad kimi hiss edirdi. Onda başa düşdüm ki, vətən ilk növbədə el-oba , dost-tanış deməkdir. Son dəfə el-obanı başdan-başa gəzdim:

"…Çınqılın başından fermaya enəndə qabağımızdan bir it qaçdı, bizi görən kimi səssiz-səmirsiz, hürmədən, zingildəmədən bir göz qırpımında yox oldu. Heç qorxmağa da macal tapmadıq. Ancaq mən o iti tanımağa macal tapdım – fermanın itlərindən idi. O itlər bir neçə ay irəliyəcən atlını atdan salırdı, uçan quşa sıçrayırdı. İndi o itlərin qalanı hardaydı – köçəköç vaxtı mal-heyvana qoşulub getmişdimi, acından ölmüşdümü, düşmən buralara "əl gəzdirəndə” güllə qabağına çıxmışdımı – bilmirəm, ancaq nəydisə, qabağımızdan qaçan itin gözü möhkəm qırılmışdı, bəlkə də gözünün qabağında itləri hürdüyünə görə öldürmüşdülər. Burası bəlliydi ki, o it daha özünü bu yerin-yurdun yiyəsi saymır, qorumağa obası, hürməyə doğma adamı qalmayıb, yuvası bir gecədə yağı düşərgəsinə dönüb, zənciri qırmağına qırıb, ancaq azad ola bilməyib, getməyə yer tapmayıb və indi heç acından ölmək qorxusu da onun insana etibarını, sədaqətini geri qaytara bilməz…

Kəndə çataçatda işğalın ilk gördüyüm əlaməti bu oldu. Sonra ot basmış qəbiristanlıq, ortasında ağac pöhrələmiş yol, alaqlamış divarlar, cəngəl basmış bostan yerləri. Çardağı üstünə uçmuş evlər…”(Fəxri Uğurlu "Vətənim adamlar” essesi).


Ağa Laçınlının Laçın həsrəti

Laçının işğalı ən çox atam Ağa müəllim üçün böyük zərbə oldu. Torpağa-yurda bağlı bir insanın ondan məhrum qalması dəhşətli haldır. Atamın şeirində belə misralar var:"İlahi, sən məni o kəndə yetir, İlahi sən məni o kənddə bitir”.

Bu şeirini hələ işğaldan əvvəl yazmışdı. Yaşlı vaxtlarını kənddə keçirməyi arzulayırdı.Şəhərə heç vaxt alışa bilmədi. Hətta kəndə ailəmizçün ev də tikməyi planlaşdırırdı. Ancaq işlər elə tərsinə döndü ki, biz kəndə yox, kənd bizə tərəf gələsi oldu…

Əgər bir gün biz kəndə tərəf gedəsi olsaq, ilk varacağım yeri bilmirəm. Ancaq kəndin hər qarışını dolaşardım. Torpağın qoxusun alardım.Hər bulağın suyundan içərdim.

Haşiyə-2, yaxud, son söz əvəzi…

"İndi Laçın böyüyüb Azərbaycan boyda olub. Mənim kəndlilərim neçə-neçə bölgəyə dağılıb. Hərdən onların arasında oluram. Ancaq doğma üzlər içində özümü yenə də qəriblikdəki kimi hiss eləyirəm; onlarsız kənddə necəydisə, eləcə. Çünki vətən təkcə doğma üzlər, doğma səslər demək deyil. Vətən insandan başlayır, ancaq insanda qurtarmır. O insanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayanda cəmi VƏTƏN eləyir. Vətənim adamın mindiyi at da vətəndi, o atın gəzdiyi dağlar da vətəndi, o dağlara yağan yağış, o yağışı gətirən bulud, o buludu saxlayan göy, o göydə süzən quş, o quşun qonduğu budaq da vətəndi. Əgər bu halqalardan biri qırılıb düşübsə, deməli, vətən zədəlidi, yarımçıqdı, şikəstdi. Laçınlıların yaşamadığı Laçın kimi. Və yaşadığı yerdə Laçın qura bilməyən laçınlılar kimi…”(Fəxri Uğurlu: "Vətənim adamlar” essesi).