Facebookda yas mərasimi quranlar

OĞUZ AYVAZ
40993 | 2017-10-29 14:42
Bizim cəmiyyətin bəlkə də dünyada tayı-bərabəri yoxdur. Bəzən elə adamlarla, hadisələrlə qarşılaşırsan, əlin üzündə qalır...

Son vaxtlar sosial şəbəkələrdə paylaşılan bəzi fotoları heç cürə başa düşə bilmirəm. Ağlım kəsmir ki, insan bu qədər cılız, bu qədər məzmunsuz düşüncə yiyəsi ola bilərmi.

Deməli, bu adamların sevdikləri dünyalarını dəyişir, yaxud özləri xəstəxanaya düşür, əməliyyat olurlar. Bura qədər tamam. Ancaq adamlar acılarını feysbuk profillərinə tökür, guya dərdlərini insanlarla bölüşürlər. Baxırsan yazar adamdı, yazır ki, "anam öldü, yas mərasimi filan gündə, filan saatda, filan ünvanda olacaq, dostlar.” Mən başa düşə bilmirəm insanın anası dünyasını dəyişəndə niyə fesbukda status yazsın? Bu insanın hissləri, duyğuları bu qədərmi kiçikdi?

Güman edirəm, bu insan da internetin köləsi olaraq, öz hisslərini tamamilə itirib, göstəriş üçün, cəmiyyət üçün yaşayır...

Yaxud da əməliyyata girən adamlar... Əli, ayağı gipsdədi, yazır, "dualarınıza ehtiyacım var, ay millət,” üstəlik də fotosunu paylaşır. Adamlar təfəkkürlərini internetə qurban veriblər. Düşüncələri, hissləri ağır formada qəzaya uğrayıb...

İnternet əsri yaşayırıq. İnternetdə üz-üzə ünsiyyət qurulmadığı üçün insan rahat yalan danışır. Canlı ünsiyyətdə olduğu kimi yalan danışanın üzü qızarmır, əli-ayağı əsmir. Alimlər belə qənaətə gəliblər ki, virtual söhbətlər və internet vasitəsilə qurulan ünsiyyətdə yalan daha çox olur. Onlar araşdırmanın nəticələrini açıqlayarkən bildiriblər ki, bu gedişlə internet əsri yalan çağına çevriləcək.

Hələ qarşıdakı 50 ildə bizi ünsiyyətsiz, qeyri-səmimi, depressiv dövr gözləyir. Danışdıqlarım bunun ilkin cücərtiləridir. Daha duyğusuz, daha hissiz dövrlərdə görüşmək üzrə...

TƏQVİM / ARXİV