BÜDRƏMƏYƏN ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
58692 | 2017-10-24 00:25
BAXIŞ BUCAĞI

Xalq şairi, unudulmaz Rəsul Rzanın şeirlərindən biri adamla, adamlıqla bağlıdır. Həmin şeirin mahiyyəti və məna çalarları son dərəcə çoxdur. Və mən mahiyyəti son dərəcə şaxəli olan həmin şeirin məhz sözün bütün mənalarında layiqli, ləyaqətli Adama - İnsana aid olan hissəsini götürürəm, gözümün önünə gətirirəm və baxıb görürəm ki, 1988-ci ildən bu günə qədər şəxsən tanıdığım, fəaliyyətini, imzasını izlədiyim tək-tək şəxslərdən biri olan Vurğun Əyyub BÜDRƏMƏYƏN ADAMdı! Və mən bu yerdə çox hörmətli professorumuz Vurğun müəllimdən rica edirəm ki, ona birbaşa müraciətimi səmimi qəbul etsin. Çünki bu müraciətdə mən - siz yox, mən-sən özülünə söykənmişəm. Bunun də səbəbi Səni hər yerdə bütöv görməyimdi, tam görməyimdi. İstər Milli Azadlıq Hərəkatında, Azadlıq meydanında, istər hakimiyyət kürsüsündə, vəzifə başında, istər masa arxasında qələmlə, vərəqlə baş-başa qalanda... Və nəhayət, həm də ictimai yerlərdə...
Açığını deyəcəm. Hərdən mənə elə gəlir ki, Sən gecələr özünü sabahkı gün üçün, sabahkı tədbirlər üçün, sabahkı görüşlər, hətta oxuyacağınız mühazirələr üçün xüsusi proqramla hazırlayırsan. Ona görə də Səndə hər şey kompleks formasında olur... heç nə artıq görünmür... heç nə şit alınmır... heç nə reklam xarakteri daşımır... və nəhayət, heç nə yarınmaq üçün edilmir. Deməli, Sən, əvvəldə dediyim kimi, o Büdrəməyən Adamsan! Özülün və o özül üzərində ucalan bütövlüyün zərbələri də istər haqlı, istər haqsız atmacaları da, hətta günahlandırmaları da o qədər rahat bir şəkildə qarşılayıb və elə qarşıladığın kimi də yola salırsan ki, adamın ruhu incimir. Və adam onda hiss edir ki, həyatda öz məqamını, öz yerini, öz sözünü, öz həqiqətini deməyin Vurğun Əyyubu olmaq lazımdır. Belə olanda büdrəmək təhlükəsi ötüb keçir və bəzən heç adamın ağlının ucuna da gəlmir...
Mən Səni bir məqamda daha çox yaddaşıma yazdım. Gözəl şairimiz rəhmətlik Vaqif Səmədoğlu ilə birlikdə Azadlıq Hərəkatının bir görüşünü keçirirdiniz. Mən də həmin o Səni dinləməyə gələnlərin arasında idim. Onda insanların içində püskürmə varıydı. Hamı hər şeyə daha tez qovuşmaq üçün, hər şeydən daha tez xəbərdar olmaq üçün necə bacarırdısa, çabalayırdı. Görüşə gələnlər içərisində "göndərilənlər" də var idi. Sən öz cavablarınla o göndərilənləri də könüllü gələnlərin sırasına qatdın. Bax, onda bildim ki, uzaqdan dayanıb şöhrətini seyr etdiyim, gözlərindən od tökülən bu arıq bədəndə dünya boyda bir ürək yerləşir. Bax, o ürək Səni sevdirdi mənə də, hamıya da...
Vəzifə kürsüsündə oturdun... təhsilimizə yenə nəfəs gətirdin... Ölkədən kənarda yenə təhsilin içərisindəsən. Türk qardaşımız demiş, öyrəncilərlə çalışırsan, yenə öyrədirsən. Ordan da səsin-sorağın Büdrəməyən Adamın səsi-sorağı kimi gəlir. Mətbuatda yazdıqlarını oxuyuram, şərhlərini gözdən keçirirəm, dilimizlə bağlı araşdırmalarına göz yetirirəm. Və...
Vurğun müəllim, inanın ki, mən "bəy" sözünü dilimin ucundan qaytardım. Çünki Sən büdrəməyən adam, həm də mükəmməl bir müəllimsən - həqiqi müəllim! Müəllimlikdən böyük vəzifə, müəllimdən böyük işıq, od-alov daşıyıcısı olan güc sahibi yoxdu. Ona görə ki, siz öyrədirsiniz. Və mən Sənin bir öyrəncin kimi, Sənin bir oxucun kimi bu doğum günündə, bu yubiley məqamında ürəkdən təbrik edirəm. Sənə - mənim gözümdə, mənim yaddaşımda Büdrəməyən Adam kimi qalmış Vurğun Əyyuba bundan sonra da həyat sükanını elə bu cür saxlamağı arzu edirəm.
Doğum günün mübarək olsun!
P.S. Bu təbrikə "Ədalət" qəzetinin bütün əməkdaşları da qoşulur və Sizi ürəkdən təbrik edirlər.



TƏQVİM / ARXİV