adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Oktyabr 2017 10:15
15127
MƏMLƏKƏT
A- A+

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”

Azərbaycan Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb. Həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcı hesab olunur. Eyni zamanda, bu sərəncamla Azərbaycanda məhkumların sayının azalacağı ehtimal edilir.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bu cür yanaşmanın yanlış olduğunu deyib:

"Söhbət cinayət qanunvericiliyinin humanistləşdirilməsindən gedir. Söhbət cənab prezidentin fundamental xarakter daşıyan və hüquqi islahatları müəyyənləşdirən yol xəritəsindən gedir. Burada həm cəzaların humanistləşdirilməsi, həm penitensiar sistemin təkmilləşdirilməsi, həm də böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibinin dekriminallaşdırılmasının tətbiqi prakstikasının genişləndirilməsi, məhkumların məşğulluğunun artırılması, korrupsiyanın qarşısının alınması nəzərdə tutulub. Eyni zamanda, bu sərəncamla yeni bir qurum yaradıldı.

Bütövlükdə sərəncam Penitensiar Xidmətdə yeni texnologiyaların tətbiqi, təhlükəsizlik məsələlərini əhatə edir. Bütün bu məsələlərin fonunda yalnız cəzaların yüngülləşdirilməsini vurğulamaq doğru yanaşma deyil. Bu istiqamətdə qanunvericiliyin tələbləri var, ölkə başçısı tərəfindən mütəmadi əfv sərəncamları imzalanır, eyni zamanda vaxtından əvvəl şərti azadlıqdan məhrumetmə institutu fəaliyyət göstərir. Bu da məhkumların sayının optimallaşdırılmasına gətirib çıxaran məsələlərdir. Bu geniş və fundamental sənəddir. Ona yalnız məhkumların sayının optimallaşdırılması kimi yanaşmaq doğru deyil”.


Ə.Nuriyev qeyd edib ki, dünən Milli Məclisin plenar iclasında sənəd müzakirə olunub və qəbul edilib:

"Müzakirədən əvvəl ictimai dinləmələr həyata keçirilib. Vətəndaşların mövqeyi nəzərə alınmaqla dəyişikliklər edilərək parlamentdə müzakirəyə çıxarıldı.

Ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı da qanunvericiliyə dəyişikliklərin edildi. Bütün hallarda Azərbaycan qanunvericiliyi ömürlük azadlıqdan məhrum edilənlərin azadlığa çıxmasını tanıyır. Cəzaların İcrası Məcəlləsinə görə ömürlük azadlıqdan məhrum edilən şəxs cəzasının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti azadlıqdan məhrumetmə ilə bağlı müraciət edə bilər. Yeni əgər şəxs cəzasının son beş ilində özünü nümunəvi aparırsa, qanunvericiliyin tələblərini pozmursa, onun vaxtından əvvəl şərti azad edilməsi və cəzanın dəyişdirilməsilə bağlı müraciət hüququ yaranır. Amma bu o demək deyil ki, ömürlük azadlıqdan məhrum edilmiş şəxs dərhal azadlığa çıxa bilər. Bu, sadəcə müraciət hüququnun yaranmasıdır. Son sözü yenə də məhkəmə deməlidir. Ömürlük azadlıqdan məhrum etmə amansız cinayətlər törədən şəxslərə tətbiq olunur. Əgər bu killerdirsə, ona qarşı humanist davranmaq özü yanlışdır. Ən vacib olan məsələ zərərçəkmişin mövqeyinin nəzərə alınmasıdır”.(modern.az)