adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2017 09:31
11950
ƏDƏBİYYAT
A- A+

Sağlamlıq keşikçilərinə minnətdaram

Həkimlik nəcib və məsuliyyətli peşədir. Əzizlərimizin səhhətində yaranan problemlərdən qayğılanırıq. Xəstələri sağaldıb, bizi bu sızıntılardan, qayğılardan həkimlər qurtarır. Ömrümə çökən belə narahatlığı mən də yaşayırdım.
Qardaşımın qəfil xəstələnməsindən yaranan, uzun sürən narahatlıqdan sonra ürəyimin rahatliqla döyünməsi mənə anlatdı ki, həyat insanların xeyirxahlığıyla gözəlləşir. Qürrələnirik ki, həkimlərimizdə İbn Sinalıq var. Sağlamığımızın keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlər xəstə və yaxınlarının ömründə də yaşayır. Bugünkü duruma, bugünkü yaşama görə, özümü mənən borclu bildiyim tibb heyətinə sonsuz minnətdarlığımı bildirmək üçün bu məktubu yazıram, hörmətli redaksiya!
Mən uzun illər Müdafiə Nazirliyi Mənəvi Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində işləmişəm. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi tibb sahəsinin də sürətli inkişafı, əldə edilən nailiyyətlərlə yaxından tanış idim. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da bir daha bunun şahidi oldum. Müasir avadanlıqlar, diaqnostik aparatlar hərtərəfli müayinələr və əməliyyatlar aparılmasına imkan verir. Bilikli, peşəkar həkimlərimizin sorağı respublikanın hüdudlarından uzaqlara da yayılıb.
Bir bacının həyatinda qardaşın yeri əvəzedilməzdir. Qardaşım Mirnağı Kamilov kəskin ürək ağrılarından əziyyət çəkirdi. Baş Klinik Hospitalın Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Anar Əmraha müraciət etdik. Müayinələrdən sonra məlum oldu ki, açıq ürək əməliyyatı yeganə çıxış yoludur.
Beş saat çəkən əməliyyatda qardaşımın dörd damarı dəyişdirildi. Təcrübəli cərrahın apardığı əməliyyat çox uğurla keçdi. Qardaşım indi özünü çox yaxşı hiss edir. Onun çöhrəsinə təbəssümü, ağrıyan ürəyinə sevinci, fərəhi ömrüm boyu unutmayacağım Anar Əmrah, Anar Əmrahın rəhbərliyiylə Baş Klinik Hospitalın peşəkar və məsuliyyətli tibb heyəti qaytardı. Bir daha əmin olduq ki, həkim üçün ən böyük sevinc həyata qaytardığı xəstənin həyat eşqini, yaşam istəyini görməkdir. Şöbənin təcrübəli, savadlı həkimlərinin, mehriban tibb bacılarının xəstəyə qədərsiz qağıkeşliyi unudularmı?!
Şöbədə sözün həqiqi mənasında hərbçi dəqiqliyi hiss olunur. Səliqə-səhman insanın ürəyinə də, ruhuna da rahatlıq verir. Mühitin, tibb işçilərinin xoş rəftarı xəstəyə xəstəliyini unutdurmaq qüdrətindədi.
Mirnağının yaxınları olaraq Müdafiə Nazirliyinin, Baş Klinik Hospitalın rəhbərliyinə, həyatını sağlamığımızın qorunmasına həsr edən nəcib peşə sahiblərinə - hərbçi həkimlərimizə minnətdarlığımızı bildiririk. Qürurla deyə bilərik ki, Azərbaycanın belə bir hospitalı var!
Kərimovlar ailəsi adından,
Seyiddursun Abbasova,
Bakı şəhəri