adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Oktyabr 2017 09:24
24625
ƏDƏBİYYAT
A- A+

Xanım İsmayılqızı


***
Canının ağrısı tutar qəfildən,
Oyanarsan, əlin belində qalar.
Görərsən ki, yenə yatağındasan,
Bir körpə nəfəsi telində qalar.

Göz yumarsan, səni yuxu aparar,
Bir doğma səs yenə çağırar səni.
Baxarsan ki, anan durub həyətdə,
Qaçarsan üstünə, aparar səni.

Aparar atanın olduğu yerə,
Özünü qoynuna itələyərsən.
Ayağı altından torpaq götürüb,
Qartopu əvəzi kündələyərsən.

Dilin topuq çalar, barmaqlarının
Uzunluğu örtər qum qapısını.
Təpədən-dırnağa tozun içində,
Göyə tullayarsan qum topasını.

Atanın qaşları düyün bağlayar,
Ananın gözünü yaşa çəkərsən.
Həmişəki kimi bir sual gələr...
- Ay bala, hələ də böyüməmisən?..

Küləyin əlində qum dənələri
Fırlanar, dolanar, göylərdən enər.
Başına, gözünə, üzünə dəyib,
Düşüb bapbalaca otağa dönər.

Əllərin, böyüdən əllərdən qopar,
Bu təzə mənzilə doğru qaçarsan.
Üstündən bir ovuc torpaq götürüb,
Bir də yumurlayıb göyə atarsan.

Qayıdıb bəxtini örtər dənələr,
Dönüb görərsən ki, hamı yox olub.
Ağappaq köynəyin sıxar boynunu,
Səsin də kəsilər içinə dolub.

Üzünə şillələr dəyib çatlayar,
Deyərlər - qayıtmaq arzusu yoxdu...
Hardansa bir soyuq kəlmə açılar
- Bu uşağın alın yazısı yoxdu...

Sancının içində çapalayarsan,
Ayılıb, bayılıb, yıxılıb, durub...
İşıqları sönən səs eşidərsən,
- Bu ki, canlı deyil, ölü doğulub...

...Canının ağrısı tutar qəfildən,
Oyanarsan, yükün belindən düşər...
...Görərsən ki, yenə yatağındasan,
Bir körpə nəfəsi əlindən düşər...

***
Ay da gecəsinə qaçır,
Günəş də gündüzünə.
Qumlar belə qaçıb gedir
Səhraların düzünə.
Yarpaq da qaçır budaqdan,
Söz - kilidlənən dodaqdan,
İşıqlar - yatan otaqdan,
Adamlar - öz Özünə.

Əqrəblər saata qaçır,
Fikirlər hər qata qaçır,
Ümidlər həyata qaçır,
Gözlərimsə gözünə.

Bu tayımın o tayından,
İlin olmayan ayından,
Udmayacağım oyundan,
Gəl qaçaq göy üzünə.

***
Söz dilini qıfıllayıb,
Qulaqları kar edəsən.
Pərdəni gözlərdən çəkib,
Ömrü füsunkar edəsən.

Ruhların qidası olub,
Gözəllik libası olub,
Allahın duası olub,
Canını inkar edəsən.

Yaşatmayasan tab kimi,
Oxunasan kitab kimi,
Bir müqəddəs xitab kimi,
Hamını əfkar edəsən.

Qanadlarını gərərək,
Bu aləmə döndərərək,
Fəhmini göydən dərərək,
Rəbbi səbəbkar edəsən.

Söz dilini qıfıllayıb,
Qulaqları kar edəsən.
Pərdəni gözlərdən çəkib,
Ömrü füsunkar edəsən.

***
Bir dəfə də ölmüşdüm...
Yoldaşım ürəyimi o ki var çırpmışdı...
Ürəyim ağrıdan oyanmışdı...
Nəfəsini içimə atmışdı...
Uşaqların səsinə diksinmişdim...
Doğulub ayılmışdım...

Bir dəfə də ölmüşdüm...
Artıq gedib çatmışdım O yerə...
Elə bir həzz almışdım ki, dilə gəlməz...
Canlı rənglər, məsum hava, çəkisizlik və işıq...
Hər tərəf nəfəs verirdi...
O zaman da anam məni ordan geri göndərmişdi...
Hələ vaxtı deyil - demişdi.
Üzü göyə asdığım gözlərimi
Sonsuzluqdan yığışdırıb qalmışdım...

Bir dəfə də ölmüşdüm...
Qaranlıq tunelə düşüb getmişdim...
Atamın əllərini görmüşdüm...
Burda məndən əl üzənlər, ora əl uzatmışdı...
Ağ xalatlılar üzümdən acıqlarını çıxmışdı...
Ruhum bədənimə yıxılmışdı...
Yanaqlarım şillədən ağrımışdı...
Ağlamışdım...

Bir dəfə də ölmüşdüm...
Bir dəfə də...
Beş dəfə də...
On dəfə də...
Nə bilim...
Sayını itirmişdim...

...Bu dəfə də ölmüşdüm...
Gözümə heç nə görünməmişdi...
Ürəyimə, nəfəsimə, gözlərimə, əllərimə
Adam əli dəyməmişdi...
Köməyimə Allah özü gəlmişdi...
...Gözlərimi açanda,
Gözlədiyim gözləri görməmişdim...
...Heç belə ölməmişdim...

***
Hərə bir cür qocalır...
Kimisi dava kimi, kimisi yuva kimi,
kimisi də dua kimi...

Hərə bir cür qocalır...
Kimisi mərd kimi, kimisi şərt kimi,
kimisi də dərd kimi...

Hərə bir cür qocalır...
Kimisi üzdən düşür, kimisi sözdən düşür,
kimisi də gözdən düşür...

Hərə bir cür qocalır...
Kimisi bağ kimi, kimisi dağ kimi,
kimisi də sağ kimi...

Hərə bir cür qocalır...
Kimisi yaşa dolur, kimisi boşa dolur,
kimisi də daşa dolur...

Hərə bir cür qocalır...
Kimisi qənim kimi, kimisi sənin kimi,
kimisi də mənim kimi...

***
Bilsəydik böyümək böyütmək imiş
Bütün sevgilərin balalarını,
Hələ dil açmadan titrəyib qalan
Hisslərin, açmazdıq qanadlarını.

Bilsəydik ananın əlləri belə
Bir gün üzüləcək sığallarından,
O böyük aləmin içində yatıb,
Heç vaxt ayrılmazdıq nağıllarından.

Bilsəydik həyatın iki əli var,
Biri soldan vurur, biri də sağdan,
Heç vaxt canımızı ona tapşırıb,
Asılıb qalmazdıq çəkdiyi dağdan.

Bilsəydik bu ömür axsaq at kimi
Yarı yola çırpır adamlarını,
Gözümüzü açıb daşa basardıq
Şeytanın havalı salamlarını.

Bilsəydik cütlükdən təklik doğulur...
Bilsəydik dünyayla barışmaq olmur...
Boğardıq büdrəyən arzuları da...
Allahın işi var - danışmaq olmur...

***
Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...

Bağrımda uyuduram nadinc hissləri,
Qucağımda yırğalayıram nənnisini,
Ovuclarımda gəzdirirəm dünyasını,
Başına dolanıram havasının,
Dodaqlarımla isidirəm buz kəsən savaşını,
Nəfəsimə bələyirəm titrəyişləri.
Sevəndə, elə sevirəm ki...

Unudulmaz sakinim olur,
Toxunulmaz edirəm kimliyini,
Bütün rəngləri çəkirəm gözünün üstünə,
Çiyinlərim yuva olur yaşaya biləcəyi.
Sevəndə, elə sevirəm ki...

Yol, dəniz, səma var gizlinimdə,
Qatarında get də, dənizində üz də, göyündə uç da,
Azadlığa aşiq olmaq var, aşiqə hüzur kimi.
Vətənsizlik unudulur vətən olmağımda,
Gözlərimdən su içir özündən köçən də.
Sevgim elə bir gücdədir ki,
Ölümə də, ölənə də həyat verir içimdə.
Sevəndə, elə sevirəm ki...

Küçələrin uşaqlarını, yalqız qocalarını,
Ağacların damarlarını, quşların dodaqlarını,
Şəhərlərin, kəndlərin, yaxınların, uzaqların qanadlarını,
Bu aləmin bağlı və açıq həyatlarını,
Kimsəsizlərin yollarını, məscidlərin azanlarını,
Kilsələrin şüalarını, gözlərin dualarını,
Qürbətin doğmalarını, doğmaların yadlarını,
Bütün gözəlliklərin adlarını, dadlarını,
Nakamların həyatlarını
Sevəndə, elə sevirəm ki...

Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Sevgi canından keçir...

***
Göylərin göz yaşını yer üzü içib gedər,
Sonsuzluğun üzünə damla da köçüb gedər.

Ağaclar yarpağına, xəyallar otağına,
Ayrılıq dodağına həsrəti biçib gedər.

Gecələrin dilindən, xoşbəxtliyin əlindən,
Ürəyinin telindən sığallar uçub gedər.

İməkləyən arzular, alın üstü yazılar,
Əldən düşən ruzular, yanından qaçıb gedər.

Öz dünyanı üzərsən, taleyinə düzərsən,
Göydə qapı gəzərsən, Allahım açıb gedər.

Bəxtinə verdiyini, yollara sərdiyini,
Gözünə girdiyini, Tanrı da seçib gedər.

Çətini yaşamaqdı, yaşını daşımaqdı,
Özünə oxşamaqdı, darıxma, keçib-gedər.

***
Səhər deyilsən, gözümü sənin üçün aça bilim,
Yuxularından ayılıb, gerçəyinə qaça bilim.

Günəş deyilsən, könüllü oxlarından keçmək olmur,
Ya dünəni, ya sabahı bu gün üçün seçmək olmur.

Hava deyilsən, verərək, sonra geri almaq ola,
Dərinliyinə baş vurub, nəfəsində qalmaq ola.

Qapı deyilsən, qıfılın yoxdu ki, açarım düşə,
Bu dörd divar arasından sənə yoxum-varım düşə.

Küçə deyilsən, dolaşıb düyün salım bəlkələri,
Qarışdırım gözə girən, ələ gələn döngələri.

Dəniz deyilsən, sahilin gəmilərlə dolu olsun,
Yola salıb, yola düşən ürəklərin yolu olsun.

Üfüq deyilsən, uzağın işığını bölə bilmir,
Nə arzularım doğulur, nə ümidim ölə bilmir.

Səhər deyilsən... Günəşin havalı qapısı ol da -
Küçədən dənizə dönən üfüqün baxdığı yolda...