adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AYDIN SABAH ÜÇÜN ŞƏHİDLİK

FƏRİDƏ RƏHİMLİ
31581 | 2017-10-21 09:15
Şəhidim, yurdsevər ərənim, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərim, qoçağım, nərim, igidim... qarı düşməndən öc almağa can atan təpərlim, Qeyrətlim, Təəssübkeşim, Vətənin Ən layiqli oğlu... Cənnət sakini...
Şəhid atası redaksiyamıza gəlmişdi. Oğlu haqqında kitab yazılır. Bəzi suallara cavab verməli, şəkilaltı sözlərin yazılmasına yardım etməliydi. Amma içəri girəndən özünü güclə təmkinli tutmağa çalışsa da, buna nail ola bilmirdi. Çənəsinin, əllərinin əsməsi, gözlərinin yaşarması içində çağlayan əzab, ağrı təlatümünün, nisgil, qübar selinin hər an çağlamağa hazır olduğunu göstərirdi. Redaksiyadakı kövrək auradan təsirləndiyindən verilən sualları anlayacaq durumda da deyildi. Sakit təbiətə malik olduğu hər halından bəlli olan atanın ağır bir yükü - oğul dağını zorla daşıdığı hamımıza bəlli idi. O böyük dərdin qarşısında otaqdakı hər kəs susmuşdu, heç kim təskinlik üçün söz tapmırdı. Əslində deyiləcək, onu ovuda biləcək bir söz də yoxdu lüğətimizdə... Əli sevimli balasından üzülən, böyük ümidlərlə sabahını düşündüyü övladının keçmişi haqda xatirələr danışmaq məcburiyyətində qalan ataya hansı söz təskinlik verə bilərdi ki... Sülh dövründə atalar oğulların, müharibə dövründə oğullar ataların çiynində o dünyaya gedir, deyirlər və məncə, bir ata üçün dünyada bundan ağır dərd ola bilməz. "Vətən sağ olsun, Vətən üçün böyütdük" və sair, desələr də, dərd içdən qurd kimi yeyir ürəklərini.
Masanın üstündə qalaqlanmış şəkillərə baxaraq susub qalır Əmirsoltan kişi. Dili kilidlənib sanki. Kitabda qəhrəmanın hansı şəkli nə zaman çəkdirdiyi, yanındakıların kimlər olması haqda məlumat almalıydıq ki, şəkilaltı sözləri yazaq. Amma o sanki, oturduğu stulda "Şəhid atası" heykəlini yaratmışdı. Nəhayət, belini qıran bala dağından bir cüt çeşmə açıldı:

Bala dağı
Gözəldir lala dağı
Hər yara sağalsa da,
Sağalmaz bala dağı...

Bu ağır yükdən çiyinləri əyilən şəhid atası xanımının daha betər olduğunu - nadir bir xəstəliyə tutulduğunu sakit, hüzünlü şəkildə söylədi bizə, ümidsiz, böyütdüyü ağacdan meyvə dərmək arzusunda olan, lakin əliboş, peşiman dönən bağban sayağı... danışırdı.
Atanın qəlbinin göynərtisini, sızıltısını hər birimiz içimizdə hiss edirdik - nəfəsimiz daralır, içimiz sızlayır, atanın üzünə baxmaq gücümüz qalmırdı. Susan insandan qorx, deyirlər. Hər an partlamağa hazır olan bomba kimi olurlar. O qədər söyləyəcəkləri olur ki, belə adamların, içindəkiləri çatdırıb boşalda bilməyəcəklərini, yaxud dinləyicinin buna səbri çatmayacağını düşünərək susurlar. Şəhid atası da o haldaydı... sanki ətrafdakılara:

Yara sızlar
Qan verər yara, sızlar
Sızlayaram yaradan
Nə bilər yarasızlar...

- deyirdi.
Uşaq yaşlarından başlamış, şəhid olduğu günlərə qədər müddətdə çəkilmiş şəkillərinə baxırıq şəhidin. Kiçik dostları arasında, məktəb illərində, toy şənliklərində, qohum-əqraba ilə, idmanla məşğul olduğu anlarda və əsgərlik-müharibə illərində çəkilən şəkillər şəxsən tanımadığım, əslində indi hamının tanıdığı bu Vətən oğlunun qısa həyat yolunun anonsu oldu mənim üçün.
Pəhləvan nəslindən genlə gələn cüssəli bədəni, qartal baxışları, məğrur çöhrəsi şəhid gizir Aydin Abdullayevin düşmən gözünə ox olduğunu açıq-aydın göstərir. Cəbhənin Tərtər rayonu istiqamətində düşmənin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir A.Abdullayevin şəhidliyinin 4 ili oktyabrın 25-də olacaq. Bu dörd ildə qırx il qocalıb ata-anası...
Belə oğul itirən ata-anaya da, canından çox sevdiyi Vətənə də "Başın sağ olsun!", deməkdən başqa söz tapmıram və ümid edirəm ki, Aydın da daxil olmaqla bütün şəhidlərimizin qisası alınacaq, torpaqlarımız azad ediləcək və bu gün oğul itkisindən beli bükülən şəhid valideynləri o azadlıqda övladlarının payı olduğun üçün qürür duyacaqlar və o qələbə bugün ürəklərini yandırıb-yaxan bala yanğısının üzərinə su səpəcək, sərinlik gətirəcək...
Şəhidlər onsuz da Allahın rəhmətindədirlər. Bütün şəhid valideynlərinə səbir diləyirəm!

TƏQVİM / ARXİV