adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Oktyabr 2017 09:04
11878
GÜNDƏM
A- A+

Əlahəzrət yalan - o, nə vaxt müqəddəsləşir?

Hüseyn Əsgərov
Naxçıvan Muxtar
Respublikasının
Əməkdar jurnalisti

Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tutulur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərini yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoca rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikri haqqında ona danışır. Qoca rəssam bu sərsəm fikri axmaqlıq adlandıraraq:
- Belə bir şey mümkündürmü-hansısa lənətə gəlmiş sarmaşığın yarpaqlarının düşməsinə görə ölmək! İlk dəfədir ki, belə sərsəm şey eşidirəm. Siz necə rəvac görürsünüz ki, o, bu axmaq fikri ağlına gətirsin. Ah zavalı kiçik miss Coanna!
Gecə küləkli və yağışlı keçir. Səhərisi gün sarmaşığın neçə yarpağının qaldığını bilmək üçün, Coanna rəfiqəsindən pəncərənin pərdəsini açmağı xahiş edir. Kərpic divara sarınmış sarmaşığın hələ də yarpağının qaldığını görən Coanna əmindir ki, bu son yarpaq düşən gün, onun da son günü olacaqdır. Sonrakı günlər də yarpaq sarmaşıqdan asılmış qalır. Coanna özünə ölüm arzu etməklə günah işlətdiyini hesab edir. Gündüz Coannaya baş çəkən həkim onun sağalma ehtimalının artdığını bildirir, sonra o, daha bir Berman soyadlı ağciyər sətəlcəminə tutulmuş halsız xəstəyə baş çəkəcəyini deyir. Səhərisi gün həkim Coannanın tam sağaldığını müəyyən edir. Həmi axşam Syu rəfiqəsinə xəbər verir ki, qoca rəssam Berman xəstəxanada vəfat etmişdir:
O, cəmi iki gün idi ki, xəstələnmişdir. Xəstələnən günün səhəri şvestar yazıq qocanı onun otağında döşəmə üzərində tapmışdır. O, huşunu itirmişdir. Onun ayaqqabıları və paltarı yaş, özü isə buz kimi soyumuşdur. Onun yanında hələ də yanan bir fənər, nərdivan, bir neçə fırça və sarı, yaşıl rəngli palitra tapılmışdır. Sarmaşığın sonuncu yarpağına pəncərədən bir bax. Səni təəccübləndirmir ki, o küləkdən titrəmir və tərpənmir. Bəli, əzizim, budur Bermanın şah əsəri - o, onu sonuncu yarpaq düşən gecə çəkmişdir.
Bu, dünya şöhrətli amerikan yazıçı O. Henrinin "Sonuncu yarpaq" hekayəsidir. Müqəddəs yalan ölüm gözləyən xəstənin həyatının xilas edilməsi ilə nəticələnir. Bədii ədəbiyyatda belə motivlərə arabir rast gəlinir. Məsələn, Sədi Şirazinin "Gülüstan" əsərində belə bir rəvayət var:
Padşah bir əsirin öldürülməsini əmr etmişdi. Yazıq əsirin ümidi kəsildikdə, ağlına gələni deyib padşaha söyüşlər yağdırmağa başladı. Məsəl var, deyərlər canından əl çəkən ağzına gələni danışmaqdan qorxmaz.

Beyt

Yoxsa bərk ayaqda qaçmağa imkan,
Kəsərli qılıncı qarmalar insan
Şeir

Ümidsiz qalsa hər insan
Açar dil, qorxmaz aləmdə
Hücum eylər itə birdən
Pişik məğlub olduğu dəmdə.

Padşah yanındakılardan əsirin nə danışdığını soruşdu. Xeyirxah vəzirlərdən biri dedi:
-Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən adam, başqalarının da günahını bağışlaya bilər.
Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi:
-Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi.
Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi:
-Onun yalanı sənin doğrundan xoş idi, çünki o, xeyirxahlıq məqsədilə deyilmiş, səninki isə bədxahlıq. Ağıllı adamlar demişlər: "Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır".
O yalan ki, insana həyat bəxş edir, o, çılpaq həqiqətdən üstündür. Xüsusən səhiyyə sistemində. Məsələn, xəstəliyi ölümlə nəticələnəcək xəstəyə ümid verərək onun xəstəliyinin sağalacağına xəstədə ümid yaratmaq. Bu yalanı "Müqəddəs yalan" adlandırırlar. Bəzən həkim və tibb bacısının xəstənin yanında onun doğmaları ilə asta danışığı, sirli baxışları, sifətlərinin ifadəsi də xəstədə öz sağlamlığı barədə şübhələr yaradır. Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Əli Kərimin "Vəsiyyət" şeirində olduğu kimi:
Yeri oldu-olmadı
həkim ki
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarının qulağına
onda həkim,
Salam əleykim!

Həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağlamlığına inamını artırır. Təbabətdə yatrogen xəstəliklər adlandırılan xəstəliklər vardır. Bu xəstəliklər tibb işçisinin xəstələrə düşünmədən dediyi sözlərdən əmələ gəlir və müalicəsi çətinləşir. Odur ki, əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar nəzərə alınaraq 2017-ci il iyunun 29-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən "Həkimlərin etik davranış qaydaları" hazırlanaraq təsdiq edilib və avqustun 1-dən icrasına başlanılıb. Bu, həm də deantologiyanın bir elm kimi yenidən aktuallaşmasına şərait yaradıb.
Deantologiya əslində bütün insan cəmiyyəti yaranandan bəri aktuallığını itirməyən yeganə elm sahəsidir. O, tibb işçisi ilə xəstə arasında olan münasibətləri, tibb işçisinin nümunəvi davranışını öyrənən bir elm kimi bu gün səhiyyə sistemində xüsusi aktuallığa malikdir. Hər bir tibb işçisi deontologiyanın nə olduğun bilməli və ona riayət etməlidir. Çünki xəstə ilə özü arasında qarşılıqlı səmimi münasibətlər yarada bilən tibb işçisi müalicə prosesində uğur qazanır. "Həkimlərin etik davranış qaydaları" hazırlanıb icraya götürülərkən məhz bu amillər nəzərə alınıb. Qaydalar muxtar respublika ərazisində mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün səhiyyə işçilərinə şamil olunur. Əsas məqsəd səhiyyənin nüfuzunun artırılmasından, səhiyyə müəssisələrinə və həkimlərə ictimai etimadın yüksəldilməsindən, həkimlərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasından, həkimlər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən, həkimlərin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir. Əhalinin sağlamlığının qorunması dövlətin və cəmiyyətin xüsusi qayğısıdır. Bu sosial məsələnin həyata keçirilməsində həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin1böyük2rolu3vardır.
Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədi ilə həkim, tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daimi təkmilləşdirməli, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ vardır.
Qaydalara əsasən, həkim səhvlərə yol verilməsi və ya müalicə prosesində gözlənilməz ağırlaşmalar zamanı xəstəni və təcrübəli həmkarını məlumatlandırmalı, bu barədə göstərişləri gözləmədən zərərli nəticələrin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə başlamalıdır. Lakin heç bir halda onu bədbinliyə düçar etməməlidir. Qaydalara görə, xəstəni bilərəkdən evtanaziyaya, yəni ölümünü sürətləndirməyə meyl etdirən şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Tibb işçisi xəstənin vəziyyəti ağırlaşan zaman öz həyəcanını büruzə verməməlidir. Başqa şöbədə olan hadisə haqqında danışmamalıdır. Əks təqdirdə xəstədə qorxu, həyəcan yarada bilər.
Tibb işçisinin zahiri görünüşü, geyimi, hətta danışığı, mimikası da xəstəyə təsir edir. Tibb işçiləri bilməlidirlər ki, xəstələr onun geyiminə də fikir verirlər. Təmiz ütülü ağ xalatda, başında ləçək, sifətində təbəssüm, savadlı, qabiliyyətli tibb bacılarını xəstələr daha çox sevirlər və onlara daha çox inanırlar. Belə görkəm xəstəyə psixoterapevtik təsir edir.
Əksinə, səliqəsiz geyinmiş çirkli xalatda olan, dağınıq saçlı, dırnaqları uzun və boyalı tibb bacıları xəstələr tərəfindən yaxşı qarşılanmır. Tibb bacısı bilməlidir ki, işə gələn zaman kəskin iyli ətirlərdən istifadə etmək allergiyası olan xəstələrdə boğulma tutulmalarına və onların vəziyyətinin pisləşməsinə səbəb ola bilər.
Yaxud bir də görürdün ki, tibb işçisi xəstə ilə məşğul olmaq əvəzinə smartfon telefonu ilə uzun-uzadı şəxsi söhbətlə məşğuldur, yaxud sosial şəbəkələrdədir, yaxud başı telefon oyunlarına qarışıb. Çəkilişlər aparır, səs yazır. Odur ki, belə hallar nəzərə alınaraq səhiyyə müəssisələrində iş zamanı smartfon telefonlardan istifadə qadağan edilmişdir.
Qaydalara uyğun olaraq tibb işçisi həmişə öz həmkarları ilə hörmətlə rəftar etməli, yoldaşları ilə mehriban olmalı, hündürdən danışmamalı, lazım gələrsə onları müdafiə etməlidir. Öz praktik işində deantologiyanın prinsiplərinə riayət edən, öz sənətini sevən, ona sadiq bacarıqlı tibb işçiləri xəstələr tərəfindən həmişə sevilmişlər.
Tibb işçisi canı ağrıyan xəstənin halını anlamalı, xəstə ilə münasibətində təlqin etməlidir ki, ağrı xəstəlik deyil, vücudun həyəcan təbilidir. O, orqanizmin hansısa hissəsində problemin olması ilə bağlı xəbərdarlıq siqnalıdır və sizi qorumağa kömək edir. Ən önəmlisi - heç bir ağrı daimi deyil. Ona görə də ən dözülməz ağrının, çarəsiz hesab edilən xəstəliyin belə, sizi ümidsizliyə sürükləməsinə yol verməyin, sadəcə, güclü olun və hər şeyin yaxşı olacağına inanın! Hətta Əlahəzrət yalanın müqəddəsliyinə də.