adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Oktyabr 2017 18:26
15768
SİYASƏT
A- A+

Qarabağ danışıqlarında dönüş ola bilər

"Azərbaycan və Ermənistan dövlət başçıları arasında BMT-nin İsveçrədəki ofisində keçirilən növbəti görüş onunla əlamətdardır ki, sonuncu Sankt-Peterburq görüşündən bir ildən çox vaxt keçdikdən sonra prezidentlər yenidən danışıqlar masası arxasına əyləşmişlər". Bunu politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, yayılan bəyanatda əsas diqqətçəkən məqam odur ki, tərəflər danışıqları davam etdirmək iradəsində olduqlarını və təmas xəttində gərginliyin azaldılmasının zəruriliyini bəyan etmişlər. "Görüşdən sonra İsveçrədəki erməni diasporunun üzvləri qarşısında çıxış edən Sarkisyan bildirmişdir ki, əsas məsələ Dağlıq Qarabağın təhlükəsizliyidir.

Lakin onun bu fikri yeni bir məsələ deyildir və Sarkisyanın sadəcə olaraq diasporun özünə qarşı olan nifrətini zəiflətmək cəhdlərundən başqa bir şey deyildir. Azərbaycan onsuz da hər zaman ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsində Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təminatına söz verir. Bu məsələ BMT-nin məlum dörd qətnaməsində və digər beynəlxalq təşkilatların münaqişəyə dair bəyanatlarında daima öz əksini tapmışdır. Bu cür cəfəng bəyanatlar verməklə Ermənistan prezidenti sadəcə 2018-ci ilin mart ayınadək vaxt qazanmaq istəyir. Bildiyimiz kimi həmin vaxt Ermənistanda seçkilər keçiriləcəkdir və ölkənin başına artıq prezident deyil, parlament və onun təyin etdiyi hökumət gələcəkdir. Bu ölkənin siyasi sistemində baş verən dəyişikliklərlə əlaqədardır. Bu konstitusiya dəyişikliklərinin Ermənistan ucun nə kimi nəticələr doğuracağı sual altındadır. Eyni zamanda, gələn ilin mart ayında Rusiyada da prezident seçkiləri keçirilməlidir. Rusiyadakı seçkilərin nəticələrinin heç şübhəsiz ki, onun birbaşa təsiri altında olan Ermənistana da müəyyən təsirləri olacaqdır. Ermənistan rəhbərliyi göründüyü kimi, danışıqlarda irəliləyişlərdə, münaqişənin həllində maraqlı deyildir. Ona sadəcə xarici siyasətdə dünya ictimaiyyətinə və ATƏT Minsk qrupunun həmsədr ölkələrinə danışıqlardan imtina etməyən, sülh tərəfdarı olan ölkə imici yaratmaq, daxili siyasətdə isə öz əhalisinə Qarabağ məsələsində güzəştə getməyən bir yalançı obraz yaratmaq lazımdır.

Azərbaycan isə təbii ki, danışıqlarda irəliləyiş olmasında maraqlıdır. Çünki ərazisinin işğaldan azad olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtması dövlətin qarşısında duran başlıca məsələdir”.

N.Məmmədova onu da deyib ki, Ermənistan konstitusiya islahatları apararaq siyasi sistemində müəyyən dəyişikliklər edib və 2018-ci ilin martında bu məsələ seçkilərdə öz əksini tapacaqdır:  "İslahatların mövcud Sarkisyan rejiminin və ya ona yaxın qüvvələrin hakimiyyətinin saxlanılmasını təmin edəcəyi nəzərdə tutulur. Bu, Rusiyanın da maraqlarına uyğundur. Belə bir şəraitdə ölkədə çevriliş cəhdindən, "rəngli inqilab"dan qorxan, Qərbpərəst qüvvələrin hakimiyyətə gətirilməsindən ehtiyat edən indiki Ermənistan iqtidarı beynəlxalq təzyiqlərdən yaxa qurtarmaq üçün Cenevrə danışıqlarına getməyə məcbur olsa da, faktiki konstruktiv mövqe tutmamışdır. Sarkisyanın BMT Baş Assambleyasındakı bu ilki çıxışında Türkiyə ilə imzalanmış protokolları ləğv etmək bəyanatı onun əslində destrukriv mövqeyindən xəbər verir. Siyasi karyerası başa çatmaq ehtimalı olan Ermənistan prezidenti ölkə daxilində və diasporanın yaddaşında danışıqlarda güzəştə getməyən prezident kimi qalmaq istəyir. Lakin Nalbandyanın işğal olunmuş rayonların Azərbaycana geri qaytarılması ilə bağlı danışıqların aparıldığını etiraf etməsi Ermənistana güclü beynəlxalq təzyiqlərin olduğunu deməyə əsas verir. Çox güman ki, danışıqlarda dönüş 2018-ci ilin mart ayında Ermənistanda keçiriləcək seçkilərin nəticəsi ilə birbaşa bağlı olacaqdır”.