adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Oktyabr 2017 00:11
11709
GÜNDƏM
A- A+

NOVATOR


əməkdar artist, tarzən Həmid Vəkilovun "sənət tablosu"ndan fraqmentlər

Rafiq HACIYEV,
yazıçı-publisist, Cəfər Cabbarlı
Mükafatı laureatı, Azərbaycan
Rəssamlar İttifaqının üzvü


(əvvəli ötən sayımızda)

KONSERVATORİYADA
TƏHSİL İLLƏRİ. ÜMUMİTTİFAQ MUSABİQƏ QALİBİ.
TARDA ƏSASLI İSLAHATLAR APARMAĞIN ZAMANI

1967-ci ildə qəbul imtahanlarını "əla" qiymətlərlə verib Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tələbələri sırasına qoşulub. Həmidin çalğısı, biliyi, istedadı bu müqəddəs musiqi ocağında daha da canlanıb, püxtələşib. Tələbkar sənət müəllimləri Sərvər İbrahimovdan və Əhsən Dadaşovdan aldığı mükəmməl dərslər onun istedadını, geniş yaradıcılıq imkanlarını vahid məqsədə doğru istiqamətləndirib.
Xasiyyətində başlıca keyfiyyət olan çalışqanlıq professional ifaçılıq sənətinin sirrlərini qavramaqda ona yaxın köməkçi olub. Kursdan kursa keçdikcə bir sənətkar kimi püxtələşib, onun ifaçılıq üslubu formalaşıb.
Konservatoriyadakı təhsil illərində yüksək ifaçılıq sənətkarlığı tələb edən klassik muğamları, eləcə də konsert janrında yazılımış bir sıra böyük həcmli mürəkkəb əsərləri, rus və Qərb bəstəkarlarının tar üçün köçürülmüş müvafiq pyeslərini qüsursuz çalmaq bacarığı və məharəti ilə fərqlənib.
Həmin ifalar zamanı qarşıya çıxan passajların və mürəkkəb xalların (mizrabların) lazımi səviyyədə icrası musiqi ictimaiyyəti tərəfindən tar ifaçılıq tarixində yeni addım kimi yüksək dəyərləndirilib. Yuxusuz gecələr, yorulmaz novator axtarışları, böyük inadcıllıqla çalışmaq ona sənət aləmində "öz sözü"nü deməyə əsas verib.
Xalq artisti, professor Səid Rüstəmovun dəvəti ilə gənc tarzən hələ tələbə ikən Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinə qəbul olunub. Bir müddət orkestrdə çalışıb.
Beş il sonra Konservatoriyanı 3 ixtisas üzrə (Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru, solist konsert ifaçısı və müəllim) "əla" qiymətlərlə bitirən Həmid əvvəl Uşaq Musiqi Məktəbində, daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tardan (ixtisas və muğam sinifləri üzrə) dərs deyib. Müəllimliklə yanaşı ifaçılıq fəaliyyətini, tar üzərində axtarışlarını davam etdirərək bir sıra yeniliklər həyata keçirib. Tar üçün əsərlər işləyib. Azərbaycan Musiqi-Estrada Birliyi xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş drijoru olarkən 1978-ci ildə ixtisas fənnindən dərs demək üçün Konservatoriyaya tar müəllim vəzifəsinə təyin olunub.
Estrada artistlərinin 1979-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilmiş altıncı Ümumittifaq müsabiqəsində minədək gənc ifaçının arasında tarzən Həmid Vəkilov da müvəffəqiyyətlə yarışıb, dinləyicilərin bədii-estetik tələbini ödəyən musiqi nömrələri çalaraq tamaşaçıları heyran edib, onlara əsl sənət möcüzəsi yaşadıb.
Tarzənin kamil not savadı, ağlın və hissin vəhdətinə əsaslanan çalğısı müsabiqənin münsiflər heyətinin üzvü məşhur rus bəstəkarı Mark Fradkini aşağıdakı sözləri deməyə "məcbur edib": "Biz çox şadıq ki, Azərbaycan müsabiqədə bir nəfərlə təmsil olunsa da əsl mahir ifaçı göndəribdir".
Həmid müsabiqədə klassik muğam ifaçılığı təcrübəsinə dərindən yiyələndiyi, xalqımızın muğamdakı bədii duyum xüsusiyyətlərini yeni orjinal boyalarla dinləyicilərə aşıladığı üçün xüsusi fərqlənib və yarışmanın birincisi olub. O, "Mahur hindi" muğamının ifası ilə dinləyicilərin diqqətini özünə çəkib. D.Şostakoviçin "Romans"ını, A.Zeynallının "Muğamsayağı"sını, "Korobeyniki" rus xalq mahnısı əsasında variasiyaları səsləndirməklə bir tərəfdən özünün bədii maraq dairəsinin genişliyini, məharətini və hazırlığını, digər tərəfdən isə tarın imkanlarını, onun ahəngindəki əsas keyfiyyəti - ifadəliliyi nümayiş etdirib.
Sonrakı turlarda tarzən "Çahargah" və "Orta mahur" muğamlarını, Q. Qarayevin "İldırımlı yollarla" baletindən "Ehtiraslı rəqsi" və C. Cahangirovun "Rondo"sunu ifa edib və yüksək sənətkarlıq keyfiyyətləri ilə hamıda dərin maraq doğurub.
Onun ifasında hər əsər, o cümlədən muğamlar vahid məzmun əsasında səslənib, dinləyiciləri məftun edib. Nəticədə münsiflər heyətinin sədri, SSRİ xalq artisti Arkadi Raykin Həmidin adını lauretalar sırasında birinici çəkib, Azərbaycan tarı müsabiqədə qalib gəlib!
Bax, bu yerdə siz onun insan düşüncəsinin fövqündə olan mükəmməl sənətini və çalğısını daha da geniş təsvir edəcəyimi düşünürsünüzsə, məndən həddən artıq çox şey gözləyirsiniz.
Uğurlu (olduqca uğurlu!) müsabiqədə Həmidin çalğısı o dərcədə orjinal və bənzərsiz olub ki, bu yazıda bunun təhlilini vermək və bağışladığı təəssüratlardan (bunu həmin illərin müxtəlif qəzet materialları da təsdiq edir) danışmaq mümkün deyil.
Leninqradda qazandığı yüksək sənət nailiyyətindən sonra Həmid tarı təkmilləşdirməyin labüd olduğunu dərk edib, bu alətdə əsaslı islahatlar aparmağın zamanı çatdığını qətiləşdirib və müəllimlərindən mənimsədiyi təcrübəyə arxalanıb axtarışlarını cəsarətlə davam etdirmək üçün həvəslə bu işə girişib.
Sual verə bilərsiniz ki, tardakı bu problemlər, çatışmazlıqlar nədən ibarət olub axı?
Sualınıza cavab verməyin bu məqamında Həmid Vəkilovun özü söhbətimə qoşulur:
- Azərbaycan tarının inkişafı əsasən ustad tarzən Mirzə Sadıq Əsədoğlunun və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Tarixən çox gözəl tarzənlərimiz olub və şükür ki, bu gün də var. Ancaq onlar tarda texniki imkanlar sahəsində yeniliklər etməyiblər. Nə üçün? Çünki buna ehtiyac duymayıblar. Niyə ehtiyac duymayıblar? Ona görə ki, onlar ya sələflərinin çaldıqlarını (muğamlar, rənglər, diringilər və s.), ya da tar üçün xüsusi yazılımış əsərləri çalıblar. Yaxud da tarın mövcud imkanlarına əsaslanaraq Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini tara uyğunlaşdırıblar.
Mən yuxarıda "mövcud" sözünü təsadüfən vurğulamadım. Tar üçün köçürmələri həyata keçirən musiqiçilər və yaxud da bəstəkarlar əsərləri tara uyğunlaşdırıblar. Amma tarı əsərin orjinalına, bədii-estetik gözəlliyinə və fəlsəfi mənasına uyğun olaraq dəyişməyə (kiçicik olsa da belə) cəhd göstərməyiblər. Maraqlıdır, bəs görəsən, başqa sənətkarlar tərəfindən tarda dəyişikliklər etmək təşəbbüsü olubmu? Əlbəttə, müxtəlif dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər etsələr də bu reformalar ifaçılıq həyatında kütləvi hal ala bilməyib. Ona görə ki, bu çalışmalar müəyyən bir klassik musiqinin bədii-estetik və fəlsəfi dəyərinin tam dolğunluğu ilə tarda ifa edilməsi arzusuna əsaslanmayıb. Bu baxımdan həmin çalışmaları bir laboratoriya təcrübəsinə bənzətmək olar...
...Alətin diapazonunu genişləndirdikdən sonra bu istiqamətdə Həmid ilk olaraq, tarın kəllə hissəsini təkmilləşdirməkdən başlayib.
PROFİL. TARIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ GÖRÜLMÜŞ İŞLƏRİN SƏCİYYƏVİ
XÜSUSİYYƏTLƏRİNİ
ƏKS EDƏN ESKİZLƏR

"Həmid yüksək texnikaya malik olan bir nömrəli tarzəndir. İfaçılıq aləmində belə sənətkarları barmaqla saymaq olar. Onun əldə etdiyi səslənmələr, ürəyəyatan xalları, xırdalıqları elə ilk andan seçilir. Tarın gələcəyi üçün Həmid çox işlər görüb. Mən, şəxsən bunu alqışlayıram".
Əliağa Quliyev,
xalq artisti, tarzən.

...Tarın köklənməsində (simlərin tənzimlənməsində) 9 aşıq və 11 sim önəmli rol oynayır. Tənzimlənmə zamanı bu aşıqların və metal simlərin əl üsulu ilə təxmini, gözəyarı köklənməsi kimi həssas bir işin yerinə yetirilməsi tələb olunur.
11 simin 11 aşıqla deyil, 9 aşıqla tənzimlənməsi bəlkə də dünyada bənzəri olmayan bir haldır. Tarın kəllə qismi simlərin ahəndar köklənməsində önəmli əhəmiyyət kəsb edir. Tar kamanla çalınan (yaylı) alətlərdən fərqli olaraq mizrabla çalındığı üçün ifa zamanı simlərə böyük yük düşür. Məsələn yarım not uzunluğunda bir səsi kamanla çalarkən kamanın simə təması nəticəsində sim bircə dəfə kiçik zərbə alır. Ancaq həmin yarım notu tarda, balalaykada, mandolina və s. mizrablı alətlərdə tremola şəklində çaldıqda sim ən azı 32 mizrab zərbəsinə məruz qalır. Bu halda tarın kəllə qisminin nə dərəcədə etibarlı olduğuna nəzər salaq.
Tarın aşıqları və onlar üçün kəllədə açılan oyuqlar xüsusi dəqiq alətlərlə deyil, əl üsulu ilə gözəyarı və təxmini hazırlanır. Aşıq qutusu ayrı-ayrı hissələrdən ibarətdir. Bu hissələri bütöv bir hala gətirib simmetrik vəziyyətdə tarın qolu ilə həssaslıqla birləşdirmək çox çətin işdir. Bundan başqa tardakı zəng simlərin hər bir cütü bir aşıqla tənzimlənir. Belə vəziyyətdə zəng simlər bir müddət çalındıqdan sonra üst simə mizrabla vurulduğundan üst sim boşalıb bəmləşir, alt sim isə gərilərək zilləşir. Nəticədə uyğunsuzluq yaranır və simlər kökdən düşür.
Digər simlərin köklənməsinə maneə yaradan ünsürlərdən biri də aşıqların və kəllənin taxtadan olmasıdır. Eyni növ ağaclardan hazırlanmış aşıq və aşıqlıq (aşıq qutusu) simlərin keyfiyyətli köklənməsi üçün heç də lazımi təlabata cavab vermir.
Belə ki, hava quru olduqda aşıqlar quruyub incəlir, aşıq oyuqları isə genişlənir. Və yaxud havanın nəmliyi artdıqda aşıqlar şişir, aşıq oyuqları isə daralır. Havadakı dəyişikliklər tardakı mövcud kəllə sisteminə mənfi təsir göstərir. Başqa sözlə desəm, tardakı mövcud kəllə sistemi ətraf mühitin təlabatına lazımınca cavab verə bilmir. Bundan əlavə qısa zaman daxilində aşıqların aşılanaraq incəlməsi, aşıq oyuqlarının genişlənməsi tarın kökünün pozulmasına və tez-tez təmirə ehtiyac duyulmasına səbəb olur.
Göstərilən problemləri aradan qaldırmaq üçün Həmid tarın kəllə hissəsini yeni prinsipə əsasən təkmilləşdirib. Ən əvvəl taxta aşıqlardan imtina edib. Əvəzinə müasir dünyada mizrablı alətlərdə istifadə olunan və Arximedin sonsuz vintinə əsaslanan qurğular tətbiq edib (yeri gəlmişkən bu qurğuları "aşıq" deyil, simi ayarlayan mənasını verən "simayar" adlandırmağı məqsədəuyğun sayıb). Bu halda hər bir sim bir simayarla tənizimlənmiş olur.
Zəng simlərə gəldikdə isə tara bələd olanlar bilirlər: zəng simlər böyük xərəkdən sonra "diş"lərdən (qol pərdələri üzərindəki xərəkciklərdən) keçir, daha sonra bəzi qol pərdələrinin altından keçərək hər bir cütü bir aşıqla bağlanırdı. Zəng simlərin məruz qaldığı bu maneələri aradan qaldırmaq üçün Həmid simləri ayıraraq tək-tək pərdənin altından deyil, qolun üzərilə kiçik ötürücü çarxlardan keçirib və simayarlarla bağlayıb.
Bütün bu dəyişikliklərdən sonra tarın kəllə hissəsi təbii ki, şəklini dəyişib və 11 simayara malik keyfiyyətli, etibarlı və müasir tələblərə cavab verə biləcək bir sistemə qovuşub. Bir məsələni də xüsusi vurğalıyım ki, tardakı bu yeniliklər çalğı üslubuna və səs tembrinə heç bir mənfi göstərməyib, əksinə, tar yeni yaradıcılıq imkanları ilə (zəng simləri istənilən səslənməyə uyğun kökləmək mümkündür) daha da zənginləşib.
Həmid hələ Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin sonucu sinfində oxuduğu vaxtdan tarın təkmilləşdrilməsi ilə bağlı davam edən fəaliyyətini, əldə etdiyi yenilikləri, nəhayət, ustanın məharətli işi ilə birləşdirib. 1981-ci ildə novatorluğu özündə əks etdirən yeni, professional tar sifariş verib. Tarzənin iştirakı və nəzarəti altında çalışan usta doqquz ay müddətində bir tar hazırlayıb. Daha sonra bir neçə tar da tələbələr üçün sifarış edilib.
Həmid həmin tarla uzun illər respublikamızda və dünyanın bir çox məşhur ölkələrində konsertlər verib, xalqımızın bu gözəl musiqi alətini və milli mədəniyyətimizi böyük uğurla təbliğ edib.
O, ifaçılıq aləminə, tar sənətinə yeniliklər gətirdiyi kimi, tarı həmişə ayaq üstə çalıb, ənənəvi qaydalara da təzəlik gətirib.
(ardı var)