adalet.az header logo
  • Bakı 20°C
17 Oktyabr 2017 17:50
14673
SİYASƏT
A- A+

Əxlaqın ölçüsü və dəyəri

Respublika daxili işlər naziri cənab general-polkovnik Ramil Usubovun Avropa Şurasının insan hüquqları ilə bağlı komissarının müraciətinə verdiyi qətiyyətli cavaba münasibətini bildirən millət vəkili Tahir Rzayev demişdi:

- Sabahının necə açılacağını dəqiq bilmədiyimiz çox ziddiyyətli və ədalətsiz bir dünyada yaşayırıq. Elə bir dünyada ki, burada hər şey demokratiya, insan hüquqları, haqq-ədalət, əxlaqi dəyərlər, talelər böyük güclərə tabe edilir, alınıb, satılır, saxtalaşdırılır. Və çox vaxt təsir vasitəsinə çevrilir. Çevrilib zəif dövlətlərin məğzinə, təsir altına salınmasına yönəldilir. Müstəqil Azərbaycana münasibətdə bu özünü daha qabarıq şəkildə göstərir. Bir çox beynəlxalq təşkilatların, Avropa Birliyinin, AŞPA-nın və digər təşkilatların insan hüququ və azadlıqları ilə bağlı irəli sürdükləri tələbləri nəzərdən keçirərkən belə qənaətə gəlmək olur ki, əsasən onlar insanların dünyada mənəvi əxlaqi cəhətdən zənginləşməsinə, ailələrin, cəmiyyətin möhkəmlənməsinə, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına, sabitliyin, bərabərliyin bərpa edilməsinə deyil, bir çox hallarda bəşər övladının əxlaqının pozulmasına, saxtalaşdırılmasına, ailə dəyərlərinin sarsıdılmasına xidmət edirlər. Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun Bakıda cinsi azlıq nümayəndələrinin saxlanması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının insan hüquqları üzrə komissarı Niyes Misnijesin müraciət cavabını oxuyanda qənaətimdə yanılmadığımı bir daha anladım. İnsan hüquqları üzrə komissarın bir milyondan artıq qaçqın və köçkünün illərlə pozulan hüquqlarını bir kənara qoyub tez bir zamanda ictimai asayişi pozan, insanları narahat edən bir qrup cinsi azlığın hüquqlarının pozulması barədə hay-küy qoparması və buna görə respublikanın hüquq-mühafizə orqanlarından cavab istəməsi gülünc doğurur. Avropa Şurasının bir çox dairələrinin müraciətlərindən belə nəticəyə gəlmək olur ki, Azərbaycanda bəzi beynəlxalq təşkilatlara arxalanıb fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, birlik, hərəkatlar və eləcə də cinsi azlıqlar insan hüquq pərdəsi altında hər bir hərəkəti edə bilər və buna görə heç bir məsuliyyət daşımamalıdılar. Bu, yalnış və təhlükəli mövqedir, Azərbaycan xalqının və dövlətinin mənafeyinə ziddir. Başqa məsələləri demirəm, görəsən Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ölkədə olan cinsi azlıqların halına belə «ciddi acımaq»la nə demək və nəyə nail olmaq istəyir. Bu, insanları tutduqları eybəcər, xoşagəlməz yoldan çəkindirmək, hüquqlarını başa salmaq, yerlərində oturtmaq əvəzinə onlara müstəsna səlahiyyətlər verib başlarını tumarlamaq lazımdırmı? Axı əxlaqın ölçüsü və dəyəri olmalıdır. İnsan əxlaqına, hərəkətlərinə başqalarına sağlam münasibətlərinə görə seçilməli, dəyərləndirilməlidir. Özlərində təhlükəli infeksiyalar daşıyan, danışıqlarını, hərəkətlərini bilməyən, öz davranışları ilə Azərbaycan cəmiyyətində ikrah hissi doğuran insanların mühafizəsinə, müdafiəsinə qalxmaq isə ölkəmiz üçün, eləcə də sağlam bəşəriyyət üçün bir təhlükədir. Belə yaramazlıqları, əxlaqsızlığı təbliğ və müdafiə etməklə bəzi beynəlxalq təşkilatlar dünyanı, bəşəriyyəti sonsuzluğa, xaosa, qarşıdurmalara apardıqlarını yaxşı bilirlər. Ancaq hərəkətlərində, fəaliyyətlərində israrlıdırlar. Çünki bundan bəhrələnirlər, qazanırlar, başqalarını təsir altına salırlar. Belə insanlar üçün qazanc olan yerdə əxlaq, tərbiyə, mənəviyyat yoxdur.

Əbülfət