adalet.az header logo
  • Bakı 12°C
16 Oktyabr 2017 16:59
17744
MƏMLƏKƏT
A- A+

Hacıqabul və Samaxı rayonlarında suvarma layihəsi yekunlaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar sahədə suvarma layihəsinin icrası yekunlaşmaq üzrədir.

Adalet.az xəbər verir ki, "Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihəyə əsasən, əkin sahələrinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğularının imkanları hesabına aparılacaqdır. Bu məqsədlə su mənbəyindən Padarçöl ərazisinə ümumi uzunluğu 27,5 km olan 2 ədəd magistral su xəttinin tikintisi layihələndirilib. 1400 mm diametrli polad borulardan ibarət xəttin artıq 26 km-lik hissəsi tikilib. İşlərin intensiv qaydada aparılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə nöqtədə paralel olaraq həyata keçirilib. Magistral xəttin Bakı-Tbilisi dəmir yolu və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişdiyi yerlərdə nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək üçün avtomobil və dəmir yollarının yatağında xüsusi tunelqazma maşınları vasitəsilə mikrotunellər inşa edilib. Magistral kəmərdə suyun tənzimlənməsi və idarə olunması məqsədilə 16 vantuz, 12 siyirtmə, 18 təxliyə xətti quraşdırılıb.

Bu kəmər vasitəsilə su Padarçöl ərazisində relyef baxımından yüksəklikdə yerləşən anbarlara vurulacaq. Hazırda anbar sahəsində hər birinin tutumu 25 min kubmetr olan 2 ədəd açıq tipli su anbarı inşa olunur. Magistral xəttə suyun vurulması məqsədilə hazırda Kür sutəmizləyici qurğular kompleksində mexaniki avadanlıqların istismar vəziyyətinin yoxlanması və enerji təchizatının yaxşılaşdırılması işləri də aparılır.

Qeyd edək ki, "Azərsu” ASC Hacıqabul və Şamaxı rayonları ilə yanaşı, Zərdab rayonunda da suvarma layihəsi həyata keçirib. Bu məqsədlə Kür çayının sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 mm olan 15 km magistral kəmər inşa edilib. Layihə üzrə işlər 2017-ci ilin iyun ayında başa çatdırılıb.