adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Oktyabr 2017 16:25
13943
ƏDƏBİYYAT
A- A+

Nəsiminin yeni əsərləri tapılıb

Nəsiminin iki əlyazma divanının surəti əldə edilib.

Adalet.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli xətlə yazılıb. Bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir.

Divanın əvvəlində "Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” ("Həzrət Seyid Nəsiminin (qəbri pak olsun divanı) sözləri yazılıb. Bura 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib.

Nəsimi divanının yeni tapılmış əlyazma nüsxələri böyük şairin irsini araşdıranlar üçün dəyərli töhfədir.