adalet.az header logo
  • Bakı 20°C
16 Oktyabr 2017 14:00
14292
ƏDƏBİYYAT
A- A+

II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda

Oktyabrın 13-də Bakı Dövlət Universitetində II Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və BDU-nun dəstəyi ilə keçirilib. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, "6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsinin başlıca məqsədi müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. 

Eyni zamanda, qeyd olunub ki, festivalın təşkili həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaq məqsədi daşıyır. Rektor müvafiq layihəyə türk dünyasının müxtəlif yerlərindən bir çox qurumların, o cümlədən ali məktəblərin dəstək verdiyini diqqətə çatdırıb. Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli ölkələr arasında əlaqələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, 2016-cı ildə beş ölkədən təqdim edilən yeddi filmlə keçirilən festivalın builki ikinci tədbirində artıq yeddi ölkədən 18 film nümayiş olunur. Digər çıxış edənlər də festivalın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, uğurlar arzulayıblar. Sonra TRT-nin hazırladığı "Sırac” sənədli filmi nümayiş etdirilib. Filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar. Daha sonra Nizami Kino Mərkəzində II Türk Dünyası Sənədli Filmlər Festivalı çərçivəsində növbəti mərasim baş tutub olub. Əvvəlcə festivalla bağlı videoçarx nümayiş etdirilib. 

 Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxış edərək festivalın müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək baxımdan əhəmiyyətini vurğulayıblar. Vurğulanıb ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə xüsusi mükafat təyin edilib. Mükafata Başqırdıstandan Kirsten Qaynetin "7 Maidens Theatre” filmi layiq görülüb. 

 Daha sonra "Sıraç” nümayiş etdirilib. Qeyd edək ki, Türkiyəli rejissor Gülşən Sarunun "Sıraç” filmi festivalda üçüncü yerə layiq görülüb. Film bakılı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.