adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2017 12:09
13115
MƏMLƏKƏT
A- A+

İsmayıllıda dağçılıq turizmi yaradılacaq – İcra başçısı

"İsmayıllıda Qafqazda yeganə olan velosiped zavodu tikilib. Hazırda velosiped zavodunda böyük işlər görülür. 2 ay bundan əvvəl Batumidən dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi almışıq".

Bu sözləri İsmayıllıya səfər edən jurnalistlərə açıqlamasında rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib. O bildirib ki, İsmayıllı özünü maliyyələşdirən, dövlət büdcəsindən dotasiya almayan rayondur.

"İsmayıllı rayonu çox böyük təbii sərvətlərə, potensiala malikdir. İsmayıllıda tikiş fabriki var, xalça fabriki tikilir, kərpic zavodu işləyir, böyük maldarlıq kompleksi inşa olunub. Bütün bunlar insanların məşğulluğunun artırılması üçün atılan addımlardı. İsmayıllı 104 min ton taxıl verir, dəmyə taxıl istehsalına görə respublikada birinci yerdədir. İsmayıllı rayonunda 34 min hektar əkinə yararlı sahə var. Ağsu İsmayıllıdan 2 dəfə kiçik olsa da, orada 40 min hektardan çox əkinə yararlı sahə var. İsmayıllı rayonunun ərazisi 2074 km²-dir, rayonun 35 faizi meşə örtüyüdür. Bu da turizmin inkişafına şərait yaradır".

M.Sadıqovun sözlərinə görə, Qəbələdə yaradılan turizmin eynilə İsmayıllıda təkrarlanması düz olmaz.

"Biz çalışmalıyıq ki, bu şərait orta iqtisadiyyatı olan rayonlar üçün eyni olsun. Bizdə artıq dağçılıq turizmi üçün addımlar atılıb. Talıstan ərazisində yaradılan kompleksə atlar gətirilib. Əhalinin yaxşı dolanması üçün bütün imkanlardan istifadə edirik”.

İcra başçısı bildirib ki, Lahıc qəsəbəsi İsmayıllı turizmində ən önəmli yerlərdən birini tutur.

"Lahıc turistlərin diqqətini cəlb edir. Rəsmi rəqəmlərə görə, 2017-ci ildə 30 mindən çox turist İsmayıllıya səfər edib. Burada əhalinin rahat yaşayışı, pul qazanması üçün hər bir şərait var. Hamı öz evinin qarşısında hansısa işlə məşğul olur, pul qazanır. Lahıclı sənətkarların hazırladıqları əl işləri də bura gələn turistlərin marağını cəlb edir. Sənətkarlar çox uzağa getmədən həm pullarını qazanırlar, həm də ata-babalarımızdan gələn sənətkarlığı gələcək nəsillərə çatdırırlar".(modern.az)