adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Oktyabr 2017 14:05
22543
ƏDƏBİYYAT
A- A+

II “Məmməd Araz Poeziya günü”nə həsr olunmuş yekun tədbir keçirilib

Oktyabrın 14-də əvvəlcə Fəxri Xiyabanda unudulmaz şairin məzarı ziyarət edilib. Millət vəkili Aqil Abbas, BDU-nun professoru Cahangir Məmmədli, Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı, Pespublika radiosunun əməkdaşı Tahir Talıblı, həmçinin şairi yaxından tanıyanlar çıxışlarında bənzərsiz Məmməd Araz poeziyasına tükənməz xalq sevgisindən söz açıblar. 

Həmin gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Məmməd Araz Poeziya günü”nün yekun tədbiri keçirilib. Tədbirdə əvvəlcə böyük sənətkarın öz səsində "Ana yurdum” şeiri dinlənilib. Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şairin qızı, "Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay və başqaları çıxış edərək böyük sənətkarın həyatından, zəngin yaradıcılığından söz açıblar. Bildirilib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir. Onun "Azərbaycan – dünyam mənim”, "Vətən mənə oğul desə”, "Məndən ötdü, qardaşıma dəydi”, "İlhamım”, "Qoruyun dünyanı”, "Ya rəbbim, bu dünya sən quran deyil” şeirləri ən yaxşı əsərlər kimi dillər əzbəridir. Sonra məktəblilər şairin poeziyasından nümunələr söyləyib. Əməkdar Artist Yaqub Zurufçunun və vokalist İlham Əsgəroğlunun ifasında şairin sözlərinə yazılmış mahnılar səslənib. Moskva Dərviş Teatrının aktyoru Şirzad Pirallahının "Koroğlu” üvertürasının sədaları altında ifa etdiyi M.Arazın məşhur "Ayağa dur, Azərbaycan” şeiri sürəkli alqışlarla qarşılanıb.