adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Oktyabr 2017 00:51
18488
ƏDƏBİYYAT
A- A+

14 oktyabr - Şeirimizin MƏMMƏD ARAZ GÜNƏŞİ

Bu gün mənim dənizimdi
Qarabağ düzü,
Kəhər atın tozanağı "Doqquzuncu bal".
Bu gün mənim söz düzümdü -
Qarabağ düzü.
Sonsuzluğun son xəttini gəzirdi xəyal.
Bu gün mənim çörəyimdi
Qarabağ düzü.

Hər əlimdə Kür çayından
bir bıçaq arxım,
Yoğuracaq, yapacaqdım gecə-gündüzü.
Sonra halal süfrələrə doğrayacaqdım.
Bu gün mənim tariximdi
Qarabağ düzü.

Bu gün üfüq bir üzükdü - Nizami qaşlı.
Geri fırlan, yer kürəsi, zamandan küsüb
Nüşabənin kəcavəsi təpədən aşdı...

Qədim Bərdə Tərtər üstən
yüz körpü atdı,
Xəyanətin adlaması böyük ar oldu.
Hanı tarix cünglərinə yubanmış atlı? -
Azərbaycan qadınından
hökmdar oldu!

Bu gün mənim bir düz kürsüm -
Qarabağ düzü.
Qanadımdı qız alqışı,
qadın alqışı.
Bu gün mənim bacım Gülsüm -
Qarabağ düzü.

Doluxsunma, bir də gələr, şair qardaşın,
Bu gün bizə quzu kəsdi Hüseyn qağa,
Baxdım: sürü adaları göy düzdə üzür.
Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan,
Bir dənizdi yer üzünün Qarabağ düzü...

İyun, 1972

ÜSTÜMƏ QAYIDAN
YAZILARIM

Nədir günahınız, açıq danışın,
Üstümə qayıdan yazılarım, siz!
Hansı bir naşının, bir ağlı çaşın
Ələk baxışından keçməmisiniz?!

Doğulan dünyaya göz açsın gərək,
Siz hələ yaşarsız gözü yumulu.
Sizi əbədimi kor eləyəcək
Bir duzsuz hırıltı, bir gizli yumruq!

Sizə nə ad verim, haraya yığım?
Sizi nə yaşatmaq, nə atmaq olur.
Müəllif qəlbindən günahsız çıxıb
Oraya günahkar qayıtmaq olmur.

Günahkar söylədim, günahkar kimi
Nədir təqsiriniz - oturun - yazın.
Dərsdən çıxarılan uşaqlar kimi
Elə gözləriniz yerə baxmasın.
Yalanmı danışdız? Ağzında yalan
Boğaram öz doğma balamı da mən.
Vətənsiz alışan, vətənsiz yanan
Vətəndaş pasportlu ilhamı da mən.

Doğrumu danışdız - öz mədəsində
Hamı əritməyir həqiqətləri.
Hələ dolaşıqdır yer kürəsində
Yalanla doğrunun sərhəd xətləri...

Bəlkə də hər yerdə bir müti, məlul,
Hər qaba yerləşən su halınız yox.
Ağızdan çıxmamış cavabı məlum,
Ölçülü, biçili sualınız yox...

Mənə şərəflidir belə ölümlər:
Qoy batsın sinəmə, batsın min nizə,
Arazdan, Cənubdan yazmağım əgər
Dünyada ən böyük cinayət isə.

Mənim də dağım var, mənim də göyüm,
Siz mənim arabir qəzəb qarımsız.
Siz mənim bir az sərt, bir az ərköyün,
Bir az da dəlisov övladlarımsız.

Sizdə nə günah var, döyürsə zaman,
Sizi yazan mənəm, günahkar mənəm.
Qayıdan haqlıdır, yoxsa qaytaran,
Hələ heç özüm də deyə bilmirəm...

Məchul suallarda bəzən çaşıram,
Bəzən də lüzumsuz cığallaşıram,
Adi hesablarda dolaşıram mən,
Hər vaxt bir almıram bir dəfə birdən...

Cavabı mürəkkəb cəbr alınarmış
Bir dəfə birdən.
Bir tale beləcə iki olarmış
Bir dəfə birdən.

Bəşər anamızda bu təbiət var:
Onda həm intiqam, həm mərhəmət var,
Bəzən bir əliylə boynunu vurur,
O biri əliylə heykəllər qurur.

Dadına yetməyir ac qalan zaman
Öləndə hay salır, "Öldü acından",
Bəşər anamızda bu mərhəmət var:
Ölən qəhrəmana sahib tez tapar!

Qalın arxivimdə şıltaq hisslərim,
Siz sarı simləri itən tarımsız.
Ən pis yaxşılarım, yaxşı pislərim,
Mənə çox oxşayan yazılarımsız!

14 yanvar, 1968

GÖY ARXALIQ

Qara çoban,
Zoğal çomaq,
Çəmbər çarıq,
Göy arxalıq!
Biz sizinlə
Neçə-neçə
Dərə keçdik;
Arx adladıq,
Yurdumuzda
qara yelli
çapanların
Daş evini çapıb gəldik.
Göy əsgidən
günümüzü
qapıb gəldik.
Dünən biri
durub dimdik,
Gözlərimə ağac oldu.
Heç bilmədim
Hırıldadı, mırıldadı:
"Çəmbər çarıq,
Göy arxalıq -
Bir buna bax!
Nədən yazır".
Dayan, qafil!
Neyləyək bəs?!
Babamızdan, nənəmizdən
utanaqmı?
Çırın-çılpaq
qum üstünə uzanaqmı?
Deyək: elə babamız da,
Nənəmiz də
külək geyib,
hava yeyib!
Qəbirləri sökək bəlkə?
Babaların
torpaq olmuş
sümüyünü
biz sintetik
tabutlara
tökək bəlkə?
Ya bilmərrə danaq,
Deyək:
Heç olmayıb dünənimiz,
Nə nənnimiz,
nə nənəmiz,
nə nəmimiz,
çubuğumuz, çətənimiz
heç olmayıb...
Sən yaz, bala:
Yaz ki, mənim
Atam, anam maşın olub,
Yaz ki, əvvəl nə ayağım,
nə də ağlım-başım olub.
Yaz: hamısı alınmadır.
Yaz: hamısı salınmadır.
Yeri, bala, öz yerişin
busa, yeri!
Yeri, yeri,
Yanı-yanı,
Dalı-dalı yeriməyi
Yenilik san!
Arxanı dan.
Mən danmıram,
utanmıram,
sarı büzmə,
yaşıl kürdü,
göy mintənə
geyən nənəm,
Birnəfəsə
neçə dastan
varaqlardı,
deyəmmənəm.
Mən danmıram,
Bir də belə
çul qapmıram
yad alıxdan;
bir də, bir də
Utanmıram
Dünənki göy arxalıqdan,
utanmıram.
Avqust, 1970


İTƏ DAŞ ATMA

Gəl, itə daş atma,
Daş atma, bala!
İt ar bilməyəcək daldalanmağı.
Daşın bir yaddaşda ilişib qalar,
Burdan öz yolun da düşəcək axı!
Daşçün it olmağın,
Adam olmağın
Nə fərqi?..
Daş atma, daş atma, bala!
1980

ŞANAPİPİK

Bəzən olur: daşı yeyir ağılsız insan.
Şanapipik, bu adada çınqıl gəzmə sən,
Baban görən, nənən görən
mərzlər yox daha,
Yüngülqədəm çətinliklər üzləndi üzdən,
Ağırqədəm asanlıqlar
dırmandı dağa.
Bir azını qulağına ayıq başların...
Bir azını boğazına haqq deyənlərin...
Daşlar gördü:
Daşlıqdan pis ömür başlanır,
Dağlar gördü: dili dağlı dağ deyənlərin!

Bu adada insanlardan kövrəkdi daşlar,
Bu adada yox insandan insana körpü:
Bu adada-vicdanlara pərsəngdi daşlar,
Bu adada dimdiyində quşların çöpü.

Diri-diri dəfn olunur burda adamlar,
Qum ağlayır, daş ağlayır, insan ağlamır -
Burda düzlük dükanında yalan satılır,
Vicdan tacir paltarında -
Vicdan ağrımır!

Burda insan yurd yerini qaldırıb göyə,
Yuva qurub, yuvasına əlləri çatmır.
Burda cılız qadınların ərləri köhlən,
Burda köhlən arvadların ərləri çatmır.

...Nə yaxşı ki, qulaq tutdum xoruz banına,
Nə yaxşı ki, külək səsi səsimi uddu,
Qurd da, quş da qoy çəkilsin öz ünvanına,
Bir zağa da, bir saralmış yarpaq da yurddu.

Bu dünyanın hər gününə sorağın olsun,
Bu adanı belə gördün-hayqır, kirimə.
Daş-qaya tap, yurd-yuva qur, insafın olsun,
Şanapipik, bir də mənim yuxuma girmə...

1989

ƏGƏR MƏN ÖZÜMLƏ
ÜZ-ÜZƏ GƏLSƏM...

Bu dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir insan.
Bir yaxşı bax: nəyi çatmır bütövlüyünün?
Gərək özün öz qarşında utanmayasan.

Günü sabah mən özümlə üz-üzə gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir - haqdan.
İkiliyə bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.

İlk baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda at oynadar vicdanı yanan!
Biz əkməsək, biz dərməsək birliyimizi
Yalanımız doğru olar,
Doğrumuz yalan.

Bir səs deyir:
Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı,
Hər ağrı da, hər ləzzət də sənindi, ancaq
Bu əməllə əlin bircə düyün açdımıg
Udsan, quru səs udarsan quru ədanla.

Bu günündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdınmı qurumuş arxa?
Qafasına çətin sığa ağıldan kəmin:
Bəd əməldən uçrum qalır, ağıldan arxa.

Qəbahəti eynilərdi çox üzləşənlər,
Nadanları tutaşdırıb zövq alan azmı?
Bir ayının məşqi ilə qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər alqışlamazmı?

Etirafdır etibarın bünövrə daşı,
İçimizdə beçə verən güvədi, qurddu,
Bir yalançı heykəli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurtdu.

Bu - vəsiyyət! Bu, özündən özünə məktub!
Varlığı yox, "var" - desə də beləsi, vallah.
İkiləşsək "mənin" - biri ölümə məhkum,
O biri də öz-özünə öləsi, vallah!..

6 sentyabr, 1991


VARDI GÜNLƏRİMİZ

Vardı günlərimiz varlığa bənzər,
Üfüqlü, səmalı, günəşli, qarlı,
Bizim aramızda yaşardı günlər
Vədə qaranquşlu, görüş baharlı.

Biz günlərə həmdəm, günlər də bizə;
Hardasa itmişdi boranlarımız.
Qara fırçasını göylərimizə
Hələ çəkməmişdi toranlarımız.

Ərzin bir buludsuz, aydın yerində
Üfüq birimizdik, səhər birimiz.
Hər təzə məhəbbət cümlələrində
Mübtəda birimiz, xəbər birimiz.

Günlər o günləri hara apardı...
Vardı günlərimiz, var, ay aman.
Məhəbbət ətirli külək dolardı
Gahdan pəncərədən, gahdan qapıdan.

Vardı günlərimiz həm qara, həm ağ,
Arzusu, tamahı umar-küsərsiz.
Qibtə zəlzələsi dağından uzaq,
Böhtan xəbərləri ondan xəbərsiz...

Vardı günlərimiz. Var yenə, niyə?! -
Mən azan bir ovçu, sən itkin əlik.
Mən təzə səhnəyə çıxan faciə,
Sən təzə bir ələ düşən gündəlik...

Yalta, yanvar, 1968


TƏƏSSÜF

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün o keçən günü,
Hanı öz əhdinə o dönük andım...
Sənin "gəl barışaq" təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır adam.

Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.

Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf!..

Dekabr, 1967


QOLTUQ AĞACI

Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? - "qoltuq nəğməsi"
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər...
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.

1967


HEYKƏLİMLƏ GÖRÜŞ

Arabir
qəribə
fikirlər
dolanır
başımda,

Arabir
sabahım
alalı-talalı
Dumana çevrilir qarşımda
Bu duman içindən
Bir insan fiquru
sıyrılıb
çaxır,
Qranit bir daşın
üstünə çıxır.
Görürəm:
dartınır,
çırpınır,
əlləşir.
Qayadan yapışıb heykəlləşir,
Nəzəri üfüqə yönəli,
Buluddan pay umur sag əli.
Yaxına gəlirəm,
Özümə baxıram.
Bu mənəm, bu mənim heykəlim...
Baxiram: nə qədər oxşarıq,
nə qədər yadıq ?
Yoxsa insan özü də
özünü aldadır?
Deyirəm: qəddin niyə belə
bükükdü,heykəlim!
Deyir:sən
Özündən xəbərsiz
Başı əyilməlilərə
baş əymisən...
Deyirəm:
deyəsən qıçının biri də
gödəkdi, heykəlim!
Deyir:
o zamankı yerişlə
yenidən bir yeri!
Ayağının biri
irəli dartıb səni,
o biri geri.
Deyirəm:
bəs əynin niyə
sökükdü, tökükdü, heykəlim?
Deyir ki: sözündən, yazından
Min yalan sapını çəkiblər azından...
Deyirəm: mən oğlu mən heykəl,
Mən əsla sən olmaq istəməzdim.
Deyirki: mən də heç bu ada, bu sana yonulmaq
istəməzdim.
O sağlığa acıdı,
Mən heykəlliyə.
Axırki, dalaşdıq,
Axırki, tutaşdıq.
Yıxılıb aşdıq
bir cəngəlliyə.
Dedilər arxivdir bu dünya:
Yaxşı ki,özünüz aşdınız,
Onsuz da çəkəndi, yıxandı
Zamanın qarmağı, zamanın toru.
Allah, məni gələcək heykəlimin
Tənəsindən qoru...

Avqust-sentyabr, 1969


MƏNİM DƏ YAŞIM AZ DEYİL

Mənim də yaşım az deyil,
Bu dünyada nə görmədim!
Bir-birinə yamaq gördüm,
Calaq qərinə görmədim!

Çiçəyindən alağı çox,
Kişisindən papağı çox,
Köpəyindən yalağı çox,
Bu dünyada nə görmədim!

Dolu gödən kürkə sığmaz,
Boş balqabaq börkə sığmaz,
Yəhər qanmaz, tərkə sığmaz...
Bu dünyada nə görmədim!

Nöqtə boyda ölkə - vulkan,
Dərya boyda diyarı qan,
Biri tikən, biri yıxan,
Bu dünyada nə görmədim!

Raketlər döş kimi dolu,
Gələn nəslə əmzik olu,
Kimin qolu, kimin yolu...
Bu dünyada nə görmədim!

Boş inaddan, könül, əl çək!
Özündən özünə yol çək.
Bu boynu əyri dünyanın
Bir üzü ağdı həmişə,
Vüqarı şaxdı həmişə.

1980

SAĞ OLSUN QOCALIQ...

Saldı Həmzətovu hənək atından,
Qaysın gözəllərə diz çökmür daha.
Yazım min qadından, milyon qadından
Yoxdu qısqananım, şükür Allaha...

1981

TƏKLƏNMƏ

Dost arası yol çəkilməz,
Dost arası yol sökülməz,
Tale hər vaxt üzə gülməz,
Təklənmə, könül!

Bir otaqda bir sən, bir mən,
Gəlhagəllər hanı, bilməm?
Son güman da itsə birdən
Təklənmə, könül!

Öz dərdinə ortaq da ol.
Öz içində dustaq da ol.
Dön özünə bıçaq da ol,
Təklənmə, könül!

Bu mənzilin sonu müşkül,
Zirvəyəcən yüyürmüşdün,
Dərəsinə qəfil düşdün,
Təklənmə, könül!
Arazıma körpü asa
Düyünü yox bir nəğmə - sal.
Son vurğunu son nəğmə san,
Təklənmə, könül!

1981


"ÖZÜNƏ BAX!" DEYİRSƏN

Özümə necə baxım, söylə, atam balası?
Hər gün xeyrə açılmır dünyamızın bal ağzı.
Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin,
Balta əlin kəsmədi,
Kəsməlidi söz əlin.
Ömür elə çevrədi: irəli yox, geri yox.
Yerə təkan verənin:
Heç özünün yeri yox!
Bəzən olur naharın gəlir qoz qabığında,
Ən yaxşı bürüncəyim şirin söz qabığından!
Biri çıxıb çiynimə qoynuna ulduz yığır,
Biri ağlar görəndə göz yaşından duz yığır.
Kəklik tumarlanınca
qırğı vurub yal aşır,
Özümə necə baxım, söylə, atam balası?
Biri səni iynənin ulduzundan keçirir:
"Ol yalandan yalana əriş-arğac keçidi!"
Atamın vəsiyyəti: "əlsizlərə əl uzat,
Göz gərəksiz oldu - tök,
Əl gərəksiz oldu - sat -
Bir qarışqa gücündə bir dəyirman gücü var.
Başı olan baş əyməz!
Kotançı var, cütçü var!
Dövrəmdə vaxt olur ki,
neçə dövran rəqs edir,
Tərifi - küləkçidir,
Tənqidi-ələkçidir.
Biri işıq daşıyır insanlar arasına,
Biri səfir göndərir ayı mağarasına.
Bir də gördün birisi qapına şüar yazıb:
"Ayın qaranlıq üzü-hədiyyə mağazası".
Sözlü də söz istəyir,
Söz bağı-cənnət bağı.

Üzümə min göz baxır-özümə necə baxım?-
Gövdəmi tumarlayım,
Gödənimlə əlləşim...
Özümün ola-ola özümə özgələşim!
Bu yoldur-sınaq yolu,
Dağ yolu-qınaq yolu.
Aylarca keçmək olmur bu bircə varaq yolu.
Burulğandı-qudurğan,
Qudurğandı-burulğan...
Sözümü səsə yazım, səsimi sözə yazım...
Özümə necə baxım, söylə, atam balası?

6 fevral, 1984

QOŞ MƏNİ DAĞ KÜLƏYİNƏ

Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.

Öz nəğməsi daşın, qumun...
Nəyim qalır, nə də umum...
Söykənim doğma yurdumun
Xəfif, yumşaq küləyinə.

Nə vaxt qəmim dəm olacaq,
Onda qəmim kəm olacaq.
Heyif ömrüm yem olacaq
Əsrin sarsaq küləyinə.

Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə...

15 noyabr 1992