adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Oktyabr 2017 00:40
11632
GÜNDƏM
A- A+

REKVİYEM


Sentyabrın 7-dən qırx gün ötüb keçdi, tarixə daha qırx gün əlavə olundu. Tez ötüb keçdi, lap nağıllardakı qırx gün, qırx gecə kimi. Nələr oldu, nələr keçdi? Dünya öz axarında köhlən atını çapdırır, heç nəyə fikir vermir. Bu qırx gün və bundan sonra gələn günlər Sənsiz ötəcək! Sabahlar Sənsiz açılacaq, axşamlar Sənsiz düşəcək! Dünyanın işi belədir, bir yandan boşalır, bir yandan dolur və hər gələnin bir gedişi olur. Hər kəs də, dünyaya baxışına, tutduğu əməllərə, gördüyü işlərə görə xatirələr yaradır və elə xatirələrdə də yaşayır.
Bu yazını ömrünün 60 ilə yaxın dövrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, el ağsaqqalı kimi tanınan və hamının hörmətini qazanmış ziyalı İsmayıl Ələkbərovun vaxtilə təlim-tərbiyə verdiyi, elm öyrətdiyi yüzlərlə şagirdlərindən hər hansı biri də yaza bilərdi, çünki sevimli müəllimlərinin işıqlı xatirəsi həmişə onların qəlbindədir və hələ sağlığında ikən onlar bu şirin xatirələri danışmaqdan doymurdular. "İsmayıl müəllim" kəlməsini elə vurğu və ahənglə deyirdilər ki, ona olan istək, hörmət və məhəbbəti o dəqiqə hiss etməyə bilmirsən.
Mən də bu gün oğlu olmaqla yanaşı, birinci növbədə şagirdi kimi onun yoxluğuna təəssüf hissi keçirir, parlaq, işıqlı xatirəsi haqqında söz açıram.
Tərcümeyi-halın çox qısa və sadədir. Əmək kitabçanda Gədəbəy rayonunun Xar-Xar kənd orta məktəbində (1951-1952) və Nərimankənd orta məktəbində tarix və ictimaiyyat müəllimi qeyd olunub. Müharibədən sonrakı çətin, dinc quruculuq illərində Gəncə Dövlət Pedaqoji Universitetinin (o vaxtkı H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu), tarix fakültəsini bitirdikdən sonra təyinatla öz doğma kəndinə qayıdıb fərdi təqaüdə çıxana qədər, orta məktəbdə şagirdlərə tarix, coğrafiya və ictimaiyyat fənlərini tədris etmişsən. Uzun zamanlar məktəbdə dərs hissə müdiri, direktor vəzifələrində çalışmısan və bu müddətdə məktəb özünün nizam-intizam, dərs keyfiyyətlərinə görə rayonda birincilərdən olub. Bu, səbəbsiz deyildi, çünki hələ uşaq yaşlarından ağır zəhmətə qatlaşmağa öyrəşib, müharibə illərində davaya gedənləri əvəz edib, uşaqkən böyük olub, xış tutub, torpaq əkib, kərənti ilə ot biçib, arabada ot daşıyıb, kartof sahəsi becərib, mal-qaraya baxıb, sayı çox olan ailəni dolandırmağa yardımçı olub, arxa cəbhənin döyüşçüsü olmusan. Bu işləri görə-görə oxumaqdan qalmayıb, kənd məktəbimiz səkkizillik olduğundan doqquz-onuncu sinifləri Zəyəmdə oxumaq məcburiyyətində qalmısan. Həftədə olmasa da, iki həftədən bir Zəyəmdən kəndə gəlib, yemək-içmək aparıbsan çiynində. Bilsəniz bizim kənddən Zəyəmə yol nə qədərdi? Şəmkir rayonunun Zəyəm kəndinə. Asfalt yolla, maşınla indi və yola bir saatdan artıq vaxt gərəkdi, ancaq sən professor Paşa Süleymanovla bu yolu kəsəsinə, payi-piyada, çiyninizdə ərzaq dolu xurcunla rahatlıqla gedirdiniz, ona görə ki, ürəyinizdə yaşamaq, gələcək eşqi vardı, elm, təhsil almaq, sayılıb-seçilən ziyalı - insan olmaq həvəsi vardı. Və bu istək, həvəs tezliklə reallaşdı, əmək fəaliyyətinə başladığın ilk illərdən el-obanın, gənclərin hörmətini qazandın, pedaqoq kimi tanındın və seçildin. Səliqəli geyim-keçimin, iti addımların, şaqraq səsin, ciddiliyin, şagirdlərə fərq qoymamağın, tələbkarlığın... buna rəvac verdi. Hər bir dərsə hazırlaşmağın, gündəlik tutmağın, - sənin hüsnxət qaydası ilə yazdığın xətt necə də gözəl idi! - xatirimdən çıxmır. Anam həmişə zarafata salıb deyərdi ki, bəsdi, az oxu, axırda alim olacaqsan. Yeni dərsi elə izah edirdin ki, onu elə sinifdə mənimsəyirdik, evdə gözucu kitabı vərəqləmək kifayət idi. Bir dəfə sinfə sual verdin! Azərbaycan Rusiyaya hansı sülh müqavilələri ilə ilhaq edildi? Kim düzgün cavab versəydi, rüblük qiymət üçün sorğu-sualdan azad olunacaqdı, ancaq bütün sinifdən əl qaldıran olmadı. Yeni dərsi izah etdin, zəng vurulanda təbaşiri götürüb lövhəyə "1812-Gülüstan" və "1827-Türkmənçay" sözlərini yazdın. O sinfin şagirdləri - indi ixtiyar yaşlarındadı - həmin tarixləri unutmayıblar və unutmayacaqlar da.
"Tarix otağı" yaratmışdın. O vaxtlar əyani vəsait o qədər də çox deyildi. Xəritələri taxta ilə çərçivəyə alıb asılqanla divardan asdırmışdın. Uzun çubuqla dövlətlər, onların paytaxtları, böyük liman və şəhərlərini hər bir şagird göstərirdi. Bir dəfə payızın sonları idi, biz idman dərsini məktəbin həyətində keçirdik, bir də gördük ki, çoban Cəlil əlində uzun çomağı məktəbə gəldi, səninlə görüşdü.
- Ceyrançölə gedirik, bir də yazbaşı qayıdacağıq. Qadan alım, uşaqları sənə tapşırıram. Əgər şuluqluq eləsələr, sözə baxmasalar, oxumasalar, heç nədən çəkinmə, "əti sənin, sümüyü mənim" - dedi və getdi. Həmin çobanın kiçik oğlu Polad (Cəlilin üç oğlu, bir qızı ali məktəbi bitirmişdilər) Ukraynada Kiyev Dövlət Universitetini bitirmişdi. Yadındamı, anamın qırx məclisində Polad sənə başsağlığı verməyə gəlmişdi. Sənin qarşında ayaq üstündə dayanmışdı elə bil dərsə cavab verirdi. Utandığından sifəti qıpqırmızı idi. Nə qədər eləsən də, oturmadı.
- Şagird müəlliminin yanında oturmaz!
Biz hamımız elə bilirdik ki, müəllim yemək yemir, çay içmir, baxmayaraq ki, biz evdə bir süfrə arxasında əyləşib çörək kəsirdik.
Tərbiyə metodların da özünəməxsus, bənzərsiz idi, hər kəsə - istər yaşlı, istər cavan olsun - öz prizmasından yanaşır, fərdiçiliyə üstünlük verirdin. Şagirdin səhvini ictimailəşdirmir, təklikdə söhbətlər aparırdın və bu müsbət nəticəsini verirdi. Səhv edən anlayanda ki, bunu ətrafda heç kim bilmir, sənə məhəbbəti birə on artırdı.
- Əllərinin, şillələrinin qadasın alım - deyirdilər - o şillələr olmasa, indi Allah bilir haralarda səfillənirdim.
Bunu oxumaq istəməyən, ancaq Sənin məsləhətinlə sənətə yönəldilənlər, deyirlər. Döymək, kimisə təhqir etmək tərbiyə üsuluna yad olsa da, arada-bərədə belə hallar olurdu. Dəcəl uşaqları həmişə müdafiə etmisən, məktəbdən qovulmaqdan saxlamısan, ancaq papiros çəkənləri və qumar oynayanları bağışlamamısan. Bir demisən, eşitməyiblər, ikinci dəfə demisən, yenə qulaqardına vurublar, üçüncüdə Qabili, Hidayəti və onların daha iki yoldaşını müəllimlər otağına salmısan. "Döymə"nin ssenarisi belə idi: altı, yeddi müəllim bir uşağı hər biri ayrılıqda döyürdü, sonra dairəyə salıb bir-birilərini itələyirdilər. Bu, çox ağrılı, çətin, yolverilməz cəza növü idi, dövlət qanunlarına zidd idi, lakin son qərar kimi tətbiq edirdiniz və onlarla orta məktəb şagirdi papiros çəkməyi tərgidir, qumara əlvida deyirdilər. Bu cəzanı çox az uşağa tətbiq etmisən, ancaq bütün kənd cəzanın detallarını bilir, sənə direktor kimi haqq qazandırır, incimir, əksinə minnətdarlıq edir və evdə sözə baxmayan uşaqları müəllimlə hədələyirdilər. Heç kim ürək eləyib səhv etmir, gözləri önünə "döymə" səhnəsini gətirib pis işlərdən uzaq olurdular. Uşaqlarla işləməyə həvəsli idin, onları ictimai işlərə cəlb edirdin. Məktəbin hasarı çox çılpaq görünürdü, təşəbbüs qaldırıb hər uşağa bir ağac gətirdirdin və o ağaclar indi həm məktəbə, həm də kəndə xüsusi yaraşıq verir. Kəndin mərkəzindəki bulağın çəkilişində də məktəbin müəllim və şagird kollektivinin zəhməti böyük oldu. Dağlardan çəkilən bulağın suyundan çoxları istifadə edir. Ucqar dağ kəndi qarlı-boranlı, dumanlı-çiskinli olur. Yaz, payız yağışları kəndin yollarını yuyub aparanda bazar günləri iməcilik keçirib, kəndarası yolları qaydaya saldırırdın. Həmişə düşünmüsən ki, dəcəl, ipə-sapa yatmayan uşaqlara arxa-həyan olasan, çünki düz demisən ki, sakit, tərbiyəli uşaqlardan qəhrəman olmaz, qəhrəman elə o dəli-dolu oğullardan çıxar.
Kəndin mədəni həyatında da rolun az deyildi. Şagirdlərin iştirakı ilə çoxsaylı dram əsərləri tamaşaya hazırlandı. Yaşlı nəsil səni Səməd Vurğunun "Vaqif" əsərində Qacar rolunda yaxşı xatırlayırlar. Həmişə dövlətə, dövlətçiliyə qulluq etmisən, doğma kəndindəki orta məktəbdə çalışmağı hər şeydən üstün tutmusan, rayona yüksək vəzifələrə dəvətləri qəbul etməmisən, nüfuzundan kəndin, camaatın xeyrinə işlər görmüsən. Kəndin, qonşu kəndlərin xeyir-şərlərində iştirak etmisən. Bizim bölgədə ən gözəl masabəyi olmusan, xeyir-duanla yüzlərlə gənc xoşbəxt ailənin təməlini qoyub.
Təmiz, saf, halal adam olmusan, kimsənin qarışqasını ayaqlamamısan, Kiməsə yaxşılıq edə bilməmisənsə, pislik də etməmisən, sözün düzünü danışmısan, təbii insan olmusan.
Hamı bunu təsdiq edə bilər və mən də oğlun kimi Qurana belə əl basa bilərəm ki, rüşvət deyilən anlayış sənin təbiətin üçün yad cisim olub, bir qara qəpiyə də göz dikməmisən, ümidini hər ayın sonundakı maaşa dikmişdin. Anamla birlikdə hər ikinizin maaşı ailəni bu aydan o aya rahat aparırdı, hələ qonşular səhərə - tələbə uşaqlarına pul göndərəndə qapınızı döyürdülər. Kimsəni boş yola salmamısınız, özünüzdə olmayanda tapıb vermisiniz. Təsərrüfatı sevən valideynlər olmusunuz. Bizim qapımız mal-qaradan, toyuq-cücədən əksik olmayıb. Kartof sahəmiz, bağınız-bağatımız olub. Arılara necə həvəslə qulluq edirdin?
Bəlkə də kəndimizdə ilk kitab rəfi bizim evdə olub və rəflərdə hansı kitablar olmayıb? Klassik ədəbiyyatı sevə-sevə, dönə-dönə oxuyur, ən gözəl şeirləri əzbərdən bilirdin. Hələ saz çalmağını demirəm. Evimizdə həmişə saz olub və yeri düşəndə pərdələri dilləndirməyin yaddaşlardan silinməz. O dövrün tanınmış aşıqları - Aşiq Mikayıl Azaflı, Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov və digərləri ilə məclisləri bir bölüşmüşdünüz və aranızda səmimi bir dostluq vardı.
Yenə məktəbimiz haqqında danışmaq istəyirəm, o məktəbdə ki, ömrünün 60 ilə yaxınını bu müqəddəs ocaqda keçirmiş, şam kimi yanaraq çoxları üçün mayak olmusan. Ədəbiyyat müəlliminiz, şair təbiətli Vəli Quliyev məktəbimizin məzunları haqqında araşdırma aparıb və bu nəticəyə gəlib ki, Nərimankənd kənd orta məktəbinin minə yaxın məzunu ölkəmizin və keçmiş MDB ölkələrinin ali məktəblərini bitirərək ali təhsilli mütəxəssislər olmuşlar. Çox da böyük olmayan bir kənd üçün bu çox yüksək göstərici hesab oluna bilər. Elmin, iqtisadiyyatın elə bir sahəsi tapılmaz ki, bu məzunlar orada çalışmasınlar - akademik, professor, deputat, həkim, müəllim, mühəndis...
Və o da danılmaz faktdır ki, ziyalılar Günəş kimi təkcə dağların, daşların, ağacların, çayların, torpağın üstünə deyil, insanların zahirinə, həm də daxilinə işıq salır, onlarda yaşamağa - gələcəyə inam hissi aşılayırlar. Anamla birlikdə bu missiya Sizin üzərinizə düşüb və bəlkə də Sizlərin hesabına da ucqar dağlarda həyat daha şən, daha mənalı olub. Ömürlərə rəng qatıb yaşamağı daha da gözəlləşdirmək hər adama nəsib olmur.
Dağlar dağ ürəkli insanları sevir. Dağlarda dağ ürəkli insanlar yaşamasa, qəribsəyər dağlar! Gülləri, çiçəkləri, yaşıl yamacları, çayları, bulaqları, yolları darıxar insan nəfəsi üçün! İndi dağlar sənin yoxluğundan darıxacaq, hələ gözlərinə payız yağışlarının damcıları dolacaq. Bu rekviyem sənin işıqlı ömrünə az da olsa işıq çiləyəcək, ancaq 90 illik ömrünün hər anında nə qədər yazılası məqamlar var! Mən onları yazmaqda bəlkə də acizəm.
Həmişə deyərdin ki, Yer üzündə yaşayan insanlar bir-birlərinə borcludurlar, ona görə ki, günəşə bir baxmaq qismətləri var! Sən demə, Günəşə bir baxmayanlara da borclu olanlar var! Sənə borcumuz olduğu kimi...

Oktyabr, 2017