adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Oktyabr 2017 00:37
20229
MƏDƏNİYYƏT
A- A+

ÖMRÜN KAMİLLİK ZİRVƏSİ

Həmzə Vəliməmmədov,
əməkdar jurnalist

Qarşımda bir kitab var: "Zirvəyə gedən yol". "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Müəllifi respublikada tanınmış qələm sahibi İlqar Rüstəmovdur. Yeni nəşrə ulu öndər Heydər Əliyevin bu kəlamı epiqraf seçilmişdir: "İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan insan ədalətli olmalıdır".
Kitab təcrübəli pedaqoq, ictimai xadim, dəyərli ziyalı, müdrik ağsaqqal, eldə-obada hörmət sahibi Hidayət Bəşirovun 80 illik zirvəyə gedən çətin və şərəfli ömür yoluna həsr edilmişdir. Ön sözdən və iki fəsildən ibarətdir. Çox böyük zəhmət bahasına ərsəyə gələn kitabda Hidayət müəllimin uşaqlıq və gənclik illəri, pedaqoji və ictimai fəaliyyəti barədə zəngin məlumatlar, sənədlər, fotoşəkillər toplanmışdır. İlqar müəllim kitaba gözəl ad qoyub. İnsanın ömür yolu dağ yollarına bənzəyir. Daşlı-kəsəkli, enişli-yoxuşlu, zirvəyə gedən yol. Bu yolu qalxmaq, zirvəyə çatmaq heç də hər kəsə nəsib olmur.
Müəllif ilk səhifələrdən oxucunu qəhrəmanının boya-başa çatdığı qədim yaşayış məskəni Lerikin Qışlaq kəndi ilə tanış edir. Bu kənd dövlət yasaqlığı Diabar çökəkliyinin ən səfalı yerindədir. Qışlağın güney baxarı Savalanla baş-başa olub, dəniz səviyyəsindən 2500 metrə yaxın hündürlükdəki Kömürgöy zirvəsinin ətəyindədir. Ötən əsrin əllinci illərində Zuvand diyarından əhalisi zorla köçürülən kəndlərdən biri olub. 1937-ci ildə, repressiyanın tüğyan etdiyi bir dövrdə Hidayət müəllim bu kənddə anadan olub.
Oxucu ilk öncə kitabın qəhrəmanının atası ağsaqqal Yusifəli kişiylə tanış olur. Gəncliyində Bakıya üz tutan Yusifəli əmi Zeynalabdin Tağıyevin neft mədənlərinin birində işə düzəlir. Çox keçmir ki, kənddən bir-birindən narahat xəbərlər gəlir. Yenicə müstəqillik qazanmış Azərbaycanın ucqarlarında vəziyyəti nəzarətsiz görən İranın qaçaq-quldur dəstələrinin sərhəd kəndlərində çalıb-çapmadıqları ev qalmır. Bu quldurlar üç ildə Qışlağı üç dəfə yandırırlar. Bakıdan qayıdan Yusifəli kişi həmkəndlisi Qara Muxtarın partizan dəstəsinə qoşulub qaçaq-quldurlara layiqli cavab verib kənddə əmin-amanlıq yaradırlar.
Hidayət Bəşirovun məktəb illəri amansız müharibə dövrünə düşür. Müəllifin yazdığı kimi: "Doğrudur, müharibə nə ona, həm də onun həmyaşıdı uşaqlara "dəvət" göndərmirdi, amma bütün əzabları və çətinlikləri, aclıq və səfaləti, itkiləri və amansızlıqları ilə onların həyatına sorğusuz müdaxilə edirdi". Müharibənin qurtarmasından cəmi dörd ay sonra Yusifəli kişi oğlunun qolundan tutub məktəbə aparır. Özü məktəb görməsə də, dünyanın gərdişindən hali olan ata elm zamanının gəldiyini bildiyi üçün 6 uşağının təhsil almasına böyük diqqət yetirir, "indi oxumaq zəmanəsidir" deyir.
Kitabda Hidayət Bəşirovun Lerik şəhərində orta təhsil alarkən məktəblə, müəllimlərlə, şagird dostlarıyla bağlı maraqlı və yaddaqalan xatirələr verilmişdir. Bu xatirələrin birinin müəllifi uzun illər rayonda komsomol, partiya və sovet orqanlarında məsul vəzifələrdə çalışan, dövlət qulluqçusu kimi təqaüdə çıxan Məhəbbət İbadovdur. O, həyatda qazandığı bütün uğurlara görə ona dəstək olmuş ağsaqqal dostuna minnətdarlığını bildirir.
Orta təhsil alandan sonra Hidayət və qardaşı oğlu Hətəm Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini seçirlər. Elə həmin il həmyaşıdlarından Xanoğlan Tibb İnstitutuna, Əbülfət Kənd Təsərrüfatı İnstitutuna, Mirzəbala Xalq Təsərrüfatı İnstitutuna, Şahvəli Politexnik İnstitutuna daxil olurlar. İki ildən sonra Məhəbbət də arzusuna çatır. Azərbaycan Dövlət Universitetində qiyabi təhsil almağa başlayır.
Müəllif bizi Bəşirovlar ailəsinin böyük övladı Bəşir müəllimilə də tanış edir. O, ali pedaqoji təhsilli ziyalı kimi Pirasora və Çayrud kəndlərində, Lerik şəhərində müəllim işləyir, həm də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasının qiyabi şöbəsinə daxil olur. Lerikdən Bakıya gəlir, institutun kafedrasında elmi işini tamamlayıb müdafiə edir. Çox keçmir bu kafedranın müdiri seçilir. İnstitutda prorektor vəzifəsinə irəli çəkilir və ömrünün sonunadək ona göstərilən etimadı doğruldur.
Yeni nəşrin "Kənd müəlliminin hekayəsi"ndə Hidayət müəllimin pedaqoji fəaliyyətindən, təşkilatçılığından, valideynlər arasında hörmət və nüfuzundan söz açılır. Gənc müəllim ali təhsilini başa çatdırdıqdan sonra doğma diyara qayıdır, öz xahişi ilə rayonun ən ucqar dağ kəndindəki məktəbə təyin olunur. Müəllif yazır: "İki il Siyov kənd orta məktəbində müəllim işləyən Hidayət Bəşirovun təhsilə münasibəti, tələbkarlığı və təşəbbüskarlığı rayon təhsil şöbəsinin diqqətini çəkir. Gənc müəllim əmək fəaliyyətinin üçüncü ilində məktəbə direktor kimi daxil olur. Beş il bu vəzifədə çalışır. Valideynlərin, kənd sakinlərinin hörmətini qazanır". Məktəbdə kəndli gənclərin orta təhsil alması üçün axşam şöbəsi açdırır.
Hidayət müəllimin direktor işlədiyi illərdə Siyovda orta məktəbin hər buraxılışının uğurları yaddaşlara yazılır. Əslən Siyov kəndindən olan, burada boya-başa çatan, respublikada tanınmış müdrik ağsaqqal Miri Qənbərov məktəbin direktorunu belə xatırlayır: "Hidayət müəllim pedaqoji məramının əsas fəaliyyətini cəmiyyət üçün layiqli vətəndaş yetirməkdə görürdü. O illərdə Bakıda çalışsam da, neçə-neçə gəncin ali məktəblərə yüksək qiymətlərlə qəbul olunduğunun şahidi olmuşam. Onun şagirdləri məktəbi bitirdikdən sonra öz müəllimlərinə böyük sevgi və ehtiramla yanaşırdılar. Bu onu göstərir ki, Hidayət müəllim o dövrün görkəmli pedaqoqlarından biri kimi işinə ürəkdən yapışıb, dərs dediyi şagirdlərə qayğı göstərib, onları həyata hazırlamağı şərəfli işi hesab edib".
Lerikin quruculuq, yüksək mənəvi ab-havasında yaşayıb yaradanlar arasında Hidayət Bəşirovun öz yeri, öz dəst-xətti vardır. Müəllif qəhrəmanının çoxsahəli fəaliyyətini ətraflı xarakterizə etməyə çalışır və iki mühüm istiqamət üstündə daha geniş dayanır. Əgər bunlardan biri Hidayət müəllimin rayonda aparılan quruculuq işlərində iştirakıdırsa, ikincisi onun təhsil sahəsində əldə etdiyi uğurlardır. Hər iki sahədə onun əldə etdiyi nailiyyətlər müəllif tərəfindən dəyərləndirilir, bugünkü gənc müəllimlərə və məktəb rəhbərlərinə nümunə göstərilir.
Hidayət müəllim dövrün siyasi tələblərinə cavab verən şəxsiyyət kimi tanınır. Gənc yaşlarında partiya sıralarına qəbul edilir. Az keçmir ki, yerli sovetlərə seçkilərdə Lerik Rayon Zəhmətkeş Deputatları Sovetinə deputat seçilir. Elin etimadını qazanan məktəb direktoru bəzi problemlərin həlli üçün çalışır, məqsədinə çatmaqdan ötrü qapılar açır. Rayon partiya təşkilatının növbəti konfransında plenum üzvlüyünə namizədliyi irəli sürülür və bəyənilir.
Kişini ayaq üstə saxlayan yanındakı qadındır, həyat yoldaşıdır. Hidayət müəllim işlədiyi kənddə ailə səadəti tapıb, əsil-nəcabətli, ağıllı-kamallı, xanım-xatın Şövkət Mirələm qızını seçib. 50 ildir birgə ömür sürürlər. Altı oğlan, üç qız böyüdüblər. Ağrılı-acılı günlər də görüblər. Bəzən ailə yükünün bir hissəsini Şövkət xanım zərif çiyinlərinə götürüb. Həm uşaq bağçasında tərbiyəçi işləyib, həm də çoxuşaqlı ana kimi qadına məxsus işlərin öhdəsindən mərdanə gəlib. Ancaq bir dəfə də olsun şikayətlənməyib, Hidayət müəllimin kefinə soğan doğramayıb. Müəllif yazır ki, Hidayət müəllim başqa işə keçəndən sonra bir dəfə axşam Şövkət xanımın əlindən tutub pəncərənin qarşısına gətirib raykomun binasını, əvvəllər oturduğu kabinetin pəncərəsini göstərib deyir: "Görürsən məni əvəz edən katibin işığı yanır". Şövkət xanım gülümsəyib ərini şam süfrəsinə dəvət edib deyir: "Mən bunu bilirəm. Ancaq uşaqlara başa salmaq çətin olardı. Atalarını soruşurdular".
Yeri gəlmişkən qeyd edim ki, 1971-1975-ci illərdə Hidayət müəllim Lerik Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri , mən rayon qəzetinin redaktoru idim. Biz etibarlı, sədaqətli, təmənnasız dostlar idik, bu gün də ənənəyə sadiq qalmışıq. O illərdə alnıaçıq, üzüağ işlədik, elimiz-obamız qarşısında borcumuzu yerinə yetirdik.
Kitabda maraqla oxunan bir bölmə var: "Xatirələrdən silinməz görüş". 1975-ci ilin oktyabrında Mərkəzi Komitədə olub. Birinci katib Heydər Əliyev dörd rayondan təsdiqə gəlmiş ideoloji katibləri qəbul edir. Görüş 10-15 dəqiqə çəkir. Tövsiyə və tapşırıqlarını verəndən sonra onların əlini sıxıb uğurlar diləyir. O böyük insanla görüşü Hidayət müəllim ömrünün ən xoş və yaddaqalan çağı hesab eləyir. Cəmi 5-6 ay rayon maarif şöbəsinin müdiri işləyən dostum yenidən partiya işinə qayıdıb ideoloji sahəyə rəhbərlik etməyə başladı.
Kitabı bir nəfəsə oxuyarkən o illər rayonda baş verən hadisələr bir-bir yada düşürdü. Çünki mənim də ömrümün demək olar ki, yarısı bu hadisələr burulğanında keçib. Partiya komitəsində məsul vəzifədə çalışmışdım, 17 il rayon qəzetinin redaktoru, 4 il təhsil şöbəsinin müdiri, 10 il mədəniyyət şöbəsinin müdiri, rayon icra hakimiyyətində referant işləmişdim. Hidayət müəllim müqəddəs peşəsinə - təhsil şöbəsinə qayıtdıqdan sonra bir yerdə çalışmışdıq.
"Ataların yolu oğulların yoludur" bölməsi oxucuya Hidayət müəllimin övladlarını təqdim edir. Hidayət müəllimin Vətən qarşısında böyük xidmətlərindən biri də yüksək təhsilli, vətənpərvər övladlar tərbiyə etməsidir. Onun ocağından pöhrələnən Elxan, Bəxtiyar, Bahadır, Elşad, Fuad və Famil bu gün təkcə Lerikdə deyil, bütün məmləkətdə tanınıb. Elxanın rəhbərlik etdiyi "Mətanət A" Şirkətlər Qrupunun gördüyü işlər ölkəmizin başçısı İlham Əliyev tərəfindən layiqli qiymətini almışdır. Onun bu mərtəbəyə çatmasında Hidayət müəllimin, Şövkət xanımın zəhməti danılmazdır.
Qızlarının təhsili Hidayət müəllimin diqqətini ən çox çəkən məsələ idi. Yasəmən xanım pedaqoji institutu bitirdikdən sonra Zenfira ilə Zümrüd də müəllimlik peşəsini seçib ali təhsil aldılar. Təhsil illərində ata-ana qayğısı gördülər. Yasəmən Bakı məktəblərində çalışır, təcrübəli pedaqoqdur. Növbə qız nəvələrinə çatıb. Onlar da Hidayət müəllim məktəbində dərs alıb baba yurdunu şöhrətləndirəcəklər. Müəllifin qənaəti belədir.
Yeni nəşrin ikinci fəsli "Səni bizdən soruşsalar" adlanır. 15 ziyalının Hidayət müəllim barədə yazıları verilib. Aralarında millət vəkilləri, ictimai xadimlər, publisistlər, alimlər, qələm sahibləri, pedaqoqlar, yüksək rütbəli zabitlər vardır.
Akademik Ziyad Səmədzadə "Həqiqi vətəndaş, əsl insan" yazısında qeyd edir ki, illərin münasibəti Hidayət müəllimi mənə xeyirxah və humanist bir insan kimi tanıdıb. Onun insanlara qarşı həssaslığı, diqqətli olması, insanların istəklərinə, yaşadıqları hisslərə, qayğılara, problemlərin həllinə yardımçı olmaq istəyi ilə yanaşması bu humanizmdən irəli gəlir.
Millət vəkili İqbal Məmmədovun yazısı maraqla oxunur. Hidayət müəllim deputatın atası ilə həmyaşıddır, orta məktəbdə bir sinifdə oxuyublar, yaxın qonşudur. İqbal yazır: "Ömrünün yarım əsrini pedaqoji və ictimai fəaliyyətə həsr edən yaşlı nəslin nümayəndələrindən az adam tapılar ki Hidayət Bəşirovu tanımasın. Qayğısı, öyüd-nəsihətləri ziyalıların ömür yoluna işıq saçır".
Xatirələr silsiləsindən məni ovsunlayan, qəlbimə yatan yazıçı-publisist Novruz Nəcəfoğlunun "Hər kəsin qəlbində bir bayatı var" yazısı oldu. Publisistlər nadir halda bu səpgidə qələmlərini sınayırlar. Bayatı ilə başlayan yazıda bir nəslin avtobioqrafiyası yığcam, bədii dildə təcəssümünü tapmışdır. Bayatını oxuyanda mənim də iç dünyama ilıq bir işıq süzdü. Gözlərim önünə Hidayət müəllimin doğulduğu Zuvandın dağları, meyvəli bağları, gur sulu kəhrizləri, yaşıl yamacları, ağsaçlı qocaları, mərd igidləri gəldi.
Novruz müəllimin yazdığı kimi, insan ədəbdən ibarətdir deyib müdriklər. Ancaq bu kəlamın ünvanı, əlbəttə, aqil olanlara, öz ömür-gün yolunu düz seçənlərə, qəlbində haqq, ədalət olanlara aiddir. Hidayət müəllim də həqiqi mənada ədəb, ehtiram, səmimiyyət ünvanıdır, ağlı nəfsinə üstün gələn kişidir. Bəli, Novruz müəllimin qeyd etdiyi kimi, Hidayət müəllim kökü yerin yeddi qatında barı-bəhrəsi bol olan ağacdır. Geridə ləyaqətlə, ağayana yaşanmış bir ömür, irəlidə ömrün müdrik çağları.
İctimai xadim Rövşən Bağırov on il müddətində yaxından tanıdığı Hidayət Bəşirovun ziyalılığından, ağsaqqallığından söhbət açır, faktlar gətirir. Rövşən müəllim Hidayət Bəşirovun ictimai fəaliyyətini yüksək dəyərləndirərək qeyd edir ki, o, xeyirxahlıq, ağsaqqallıq, ziyalılıq mücəssəməsidir. Həmişə cavanlarla bir arada olan bu böyük ürək sahibi gəncliyə örnəkdir. Xidmətləri cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilib, "Tərəqqi" medalına layiq görülüb.
"Hidayət müəllim böyük bir nəslin, böyük bir soyun nümayəndəsidir. Ölkə elminin inkişafında, regional ictimai-siyasi şəraitin yaxşılaşdırılmasında, iqtisadi nailiyyətlərin əldə olunmasında Bəşirovlar soyuna mənsub şəxsiyyətlərin töhfələri böyükdür. Mən Bəşirovlar soyuna mənsub insanların son 30 illik dövrdəki uğurlarının kökündə Hidayət müəllimin rəhbərliyinin dayandığını xüsusi qeyd edirəm". Bu sətirlər isə filologiya elmləri doktoru, professor Elman Quliyevindir.
Millət vəkili Hadı Rəcəblinin, biologiya elmləri namizədi Firdovsi Əliyevin, şair Ağacəfər Həsənlinin, tarix elmləri namizədi Füzuli Hacıyevin və başqalarının bu kitabdakı Hidayət müəllim barədə yazıları maraqla oxunur.
Kitabdakı fotoşəkillər, illüstrasiyalar, sənədlər yazıların məzmununu tamamlayır. Müəllif İlqar Rüstəmovun qələmindən çıxan memuar ədəbiyyatı seriyasından bu yeni nəşrin çapında poliqrafiyanın son yeniliklərindən yerində istifadə edilmişdir. Kiçik texniki xətaları nəzərə almasaq, kitab səliqəli və nəfis şəkildə oxuculara böyük tirajla təqdim olunmuşdur.
"Zirvəyə qalxan yol" haqqında təəssüratımı müəllifin bu fikri ilə bitirmək istəyirəm: "O insanlar yaşayır ki, onlar xeyirxah işlər görürlər".