adalet.az header logo
  • Bakı 18°C
14 Oktyabr 2017 00:22
12550
ƏDƏBİYYAT
A- A+

Gözəl insan, görkəmli alim...

Qəzənfər Paşayev - 80

Deyirlər, insan təbiətin tacı, yer üzünün əşrəfidi. Nə böyük qiymət, nə böyük hikmət, nə böyük heyranlıq, İlahi! Q.Paşayev əşrəf insandı. Aqillik, alilik ucalığını uca tutan, şərəflə yaşayandı. Ağır taxtalıdı, ağayanadı. Oturuşu, duruşu, yerişi, sərrast, mənalı baxışı heyrət doğurur. Sadədi, sadə olduğu qədər də səmimidi. Özübütöv, qəlbibütöv, istiqanlı, vətəncanlıdı. Təbiətən mülayim, xoşrəftar, xoşxasiyyətdi, sədaqətli olduğu qədər də səxavətlidi. Allah adamıdı. İlk andı da, son umudu da, pənahı da Allahdı. Türk oğlu türkdü. Ürəyinin başında Məhəmməd peyğəmbər, başının üstündə Qurani-Kərim. Əliaçıq, ürəyi geniş, son dərəcə səxavətlidi. Onun gördüyü xeyriyyəçilik işləri saymaqla qurtaran deyil. Dosta arxadı, arxadan vuranlara, badalaq quranlara qənimdi. "Dost yolunda boran olar, qar olar" inamını, inadını yaşayandı. Təkəbbürlü deyil, mənəm-mənəm deyib sinəsinə döyməz, mənəmlik göstərər, sədaqət göstərər.
Deyirlər, ziyalı işıq saçan, nur paylayandı. Qəzənfər müəllim mənən zəngin, mənəviyyatca ucadı. Qəlbi dupduru, bəmbəyaz, dümağ, ləkəsiz, boyasız. Davranışında, hərəkətində, mənalı baxışında dünya təzələnir.
Deyirlər, ziyalı ziya sözündəndi. İşıqsaçan, nur paylayandı. Nə yaxşı, nə gözəl. Ziyalılıq əsil-nəsildən, başdan, binadan gəlir. Təlim-tərbiyənin, təhsilin, mühitin təsiri, rolu da yetərincədi. Lakin dağların yaraşığı sərkər çobanlar, kərpic kəsən, daş yonan, hasar çəkən, bina ucaldan da ziyalı hünərini yaşayar. Bağ becərən də, taxıl əkən də eynən. Daha kimlər, kimlərdi.
Qəzənfər Paşayev dupduru, bəm-bəyaz, ziyalıdı. Mənən görkəmli, mənəviyyatca zəngin ziyalı. Oturuşu, duruşu, yerişi, mənalı baxışı ilə seçilən, sayılan ziyalı. Ağayanalığı, təmkinliyi, inamlı, iradəli ziyalı. Yumşaqlığı, xoş rəftarlığı, qayğıkeşliyi ilə tanınan ziyalı. Tədbir tökən, yol göstərən, məsləhət verən ziyalı. Hətta xarici görünüşündə sadə, səliqəli, geyim tərzində də çoxlarına nümunə olan ziyalı.
Deyirlər, xalqımızın əsrlərcə bir-birindən gərəkli, əllidən çox sənət növü olub. Lakin onların arasında müəllimlik sənəti ucadan uca, əlçatmaz, ünyetməzdi. Təsadüfi deyil ki, müəllim xalqımız arasında müraciət forması, ünsiyyət yaradandı. Qaydadı, təhsili güclü olan xalq güclülər arasında, sırasındadı. Təhsili zəif olanın vay halına deyərlər.
Bu əsnada 2400 il bundan əvvəl yaşayan Yunan yazarı Platonun müdrik kəlam qəlbimə hakim kəsildi, gözlərim önündə canlandı. "Valideynim məni göydən yerə endirdi, müəllimim yerdən göyə qaldırdı". Şərqin böyük mütəfəkkiri Sədi Şirazi yazır: "Bir gün şah oğlunun əlindən tutub, mədrəsəyə apardı. Gümüş lövhənin üzərinə qızıl hərflərlə Mən valideynimin nəvazişindən çox, müəllimimim tələbkarlığına borcluyam"
Qəzənfər müəllim belə müəllim şərəfini uca tutan, özü də ucalan müəllimdi. Tələbələrinin qəlbinə körpü salan, atalıq qayğısı göstərən, sevən, sevilən müəllimdi. Tələbələrini, vətəninin, xalqının gələcəyi bilən Qəzənfər müəllim onları kamil biliyə səsləmiş, xoşbəxt gələcəyə uğurlamışdır.
Deyirlər, Məhəmməd peyğəmbərimiz buyurub ki, "alimin mürəkkəbi şəhidin qanından üstündür". Bir də buyurub ki, elm Çində də olsa arxasınca gedin. Nə böyük qiymət, nə böyük hikmət, nə böyük heyrət, İlahi.
Görkəmli alim, yorulmaz tədqiqatçı Qəzənfər müəllim yazmaq yaratmaq eşqiylə elmi axtarışları üçün lap dünyanın o başına da gedər. Alimin çoxsaylı, dərin məzmunlu əsərləri sərhədlər keçərək qəlblərə hakim kəsilib. Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Səməd Vurğunun kökü, mənşəyi olan İraq türkmənlərini bizlər üçün əzizləşdirən, doğmalaşdıran Qəzənfər müəllimin xidməti əvəzsiz olduğu qədər də unudulmazdı, qəlbimizdə yuvalanandı. Alim son illər daha böyük eşqlə, həvəslə yeni-yeni əsərləriylə qəlbimizə hakim kəsilib. Onun çoxsaylı əsərləri oxucuların qəlbinə yol tapır, işıq saçır. Alim yaxşı dərk edir ki, elm harda, tərəqqi, inkişaf orda. Biz də ona bu çətin, şərəfli yolda yeni-yeni uğurlar qələbələr diləyirik.
F.Engels yazır ki, "Ailə kiçik dövlətdir". Bəli, ailəni sevən vətənini sevər. Ailəni qoruyan vətənini qoruyar, namusunu, qeyrətini, dünyasını qoruyar. Qəzənfər Paşayev böyük ailə sahibidir. Çoxlarına nümunə, gör-götür ailə. Əgər belə demək mümkünsə, Qəzənfər ailənin başının tacı, Arəstə xanım ailənin dərdlər əlacı. Hər ikisi tərbiyə verən, təlim keçən, xoşbəxt gələcəyə uğurlayandı. Bu birlik qarşılıqlı anlaşılma, ailənin şam-çırağı, közərən ocaqlarıdı... Hər ikisi ailə harda, həyat orda inamını yaşayır. Onlar başı göylərə ucalan qoşa çinarları xatırladır. Bu çinarların kölgəsində balalar kölgələnir, pərvəriş tapır, sevir, sevilirlər. Nə yaxşı, nə gözəl.
Əzizim, dost-mehribanım, səksəni arxada qoymusan. Şərəfli yol keçib, mənalı həyat yaşamısan. Vətənimiz, xalqımız, dövlətimiz, mədəniyyətimiz və mənəviyyatımız haqqında ürəyincə əsərlər yazmısan. Doxsana qədəm qoymusan, qağa. Bu torpağa, bu millətə borcun var. Qələmin iti, gözlərin nurlu, ürəyin təpərli, hünərli olsun. Yaz, yarat, bizləri sevindir. Yüz yaşamaq eşqinə düş, o yana keçməyi düşün, yaxşımı?!