adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Oktyabr 2017 00:14
12116
LAYİHƏ
A- A+

EKRAN ARXASINDAKI ADAM

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ REJİSSOR FAİQ ABBAS OĞLU MUSAYEV


(əvvəli ötən saylarımızda)

Orijinal musiqi mənzərəsi, sanballı etnoqrafik tutumu, bitkin fəlsəfi-estetik məzmunu ilə seçilən Şərur yallısının film boyu pillə-pillə yüksələn özünəməxsus ritm, harmoniya ləngəri, bədənlərdən daha çox ruhların bütövlük zirvəsinə aparan mənəvi-astral dolayların gen təlqinləri, tanrısal oyanış məqamına doğru gedən yolun möhtəşəm ruhi ecazı, möcüzəsi heyrət doğurur. Faiq çəkdiyi yallı filmlərində anbaan gərginləşən ritm-harmoniya qabarmasını izləyir, yallının etnopsixologiyasını, fəlsəfəsini təqdim edir, bütöv rəqs obrazını yaradır.
Daha bir maraqlı detal vurğulanmalıdır ki, Faiq iyirmi ildən çox bayram və əlamətdar günlərlə bağlı hazırlanan verilişlərə rejissorluq edib. Yeni il, Novruz bayramı kimi verilişlərdə o, bəzən tele və kinooperator kimi kamera arxasına keçib, bəzən ssenarilərdə əlavələr, düzəlişlər aparıb, bəzən isə aktyor kimi kamera önünə çıxıb.
Qeyd edilməlidir ki, bu bayram verilişləri tamamilə orijinal, köhnə streotiplərdən uzaq, maraqlı ssenari, aktyor oyunu və digər elementləri ilə indi də tamaşaçılar tərəfindən tez-tez xatırlanır.
Faiq Naxçıvan Dövlət Radiosunda da maraqlı radiotamaşalar və verilişlər hazırlayıb. "Hikmət xəzinəsi", "Milli kino incilərimizdən fraqmentlər" kimi ədəbi-bədii-publisistik proqramlar, həftəlik verilişlər radio dinləyicilərin marağına səbəb olub.
S.Qədirzadənin "Şirinbala bal yığır", H.Əsgərovun satirik hekayələri əsasında hazırlanmış iki hissəli "Hələ bu harasıdır", N. Həsənzadənin "Nəriman" poemasının motivləri əsasında hazırlanmış dörd hissəli "Nəriman" radio tamaşaları da Naxçıvan Dövlət Radiosunun 104 FM dalğasında səsləndirilib.
Faiqi muxtar respublikanın yaradıcı ziyalılarının televiziyadakı dostu sayanlar yanılmırlar. Onların birgə əməkdaşlığı şair və yazıçıların, sənət adamlarının efirə çıxmasına, tamaşaçı alqışına şərait yaradıb.
F.Musayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində öz gücünü sınayıb. Onun 2000-ci ildə tamaşaya qoyduğu "Qubanəli bəy" tamaşası rəğbətlə qarşılanıb.
İşlədiyi illər ərzində Faiq Musayev müxtəlif fəxri fərmanlara, diplomlara, fəxri diplom və pul mükafatına layiq görülüb, 2015-cil ildə "Naxçıvan müstəqillik illərində" Respublika yaradıcılıq müsabiqəsində birinci yeri tutub. 2005-ci ildən isə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adını daşıyır.
Müdriklərin belə bir deyimi var: Rejissorlar pərdə arxasında qalan dahilərdir. O pərdə arxasında nələrin yaşandığı isə ancaq onların özünə bəllidir. Onları duymaq da çox çətindir. Faiq deyilənlərə onu əlavə edir ki, normal telekanallarda rejissorlar televiziyanın onurğa sütunu sayılırlar. Tamaşaçının motivləşdirilməsi, yəni hadisənin bir nöqtədən deyil, bütün rakurslardan verilməsi əsas qayda sayılmalıdır.
Zamanın daha effektiv istifadə olunması və mürəkkəb epizodun fokuslaşmasında böyük əhəmiyyəti olan ara planların yetərincə çəkilməsi, rakurs seçimi yolu ilə emosional effektin əldə olunması və görüntünün düzgün optik həllə nail olunması rejissorun əsas tələblərdir. Redaktorlar isə ancaq verilişin məzmununu idarə edə bilər.
Rejissorluğun çox dərin qatları var. Təsəvvür et ki, həftələrlə, aylarla, bəzən illərlə gərgin işləyirsən, aktyor seçirsən, hazırlayırsan, dekorasiyalar qurursan, gərgin çəkilişlər gedir, sonra montaj işləri. Beləcə iş başa çatır, tamaşa - premyera... Bütün bunlardan sonra diqqətlər yönəlir səhnədəki, ekrandakı aktyor ifalarına, hadisələrin gedişinə, rejissor isə qalır kənarda. Bu da rejissorluğun xüsusiyyətidir, qəbul etməlisən.
Əslində isə kim deyirsə ki, mənim tərifə, sevgiyə ehtiyacım yoxdu, inanın ki, yalandı. Şərq fəlsəfəsində belə bir fikir var: mən tərifə nifrət edirəm, çünki qəlbimin dərinliyinə ona ehtiyacım var...
İllər ötüb keçdikcə insan yaşa dolur, bir zaman çılğınlığı, emosiyası yerə-göyə sığmayan gənc gəlib çatır ömrünün yetkinlik çağına, istəsə də, istəməsə də hərdən keçmişinə boylanıb xatirələri yaddaşında oyadır. Adi bir insan kimi Faiqin iç dünyasını çox az adam görə, duya bilər. Çünki o, içindəki Faiqi "bağlı qapı arxasında " saxlayır. Kimsə nə vaxtsa o qapını açıb içəri keçə bilsə...g
Bu gün F.Musayevin çalışdığı Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya və radio verilişləri hazırlayaraq tamaşaçı və dinləyicilərə təqdim edir.
Son 3 ildə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin dövlət televiziyasına hamiliyə verilmiş jurnalistika ixtisasını bitirən 17 gənc jurnalist sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə götürülüb. Onları tez-tez Faiqin əhatəsində görmək olar.
Faiq iş prosesində, apardığı söhbətlərdə gənc rejissor və operatorların yetişməsinə daim öz töhfəsini verir. İndi televiziyada "İctimai-siyasi məsələlər", "Uşaq Gənclər və İdman", "Səhər verilişləri", "Xəbərlər" redaksiyaları üçün yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının yaradılması və teleradio verilişlərinin internet üzərindən yayımının təşkili muxtar respublikanın informasiya blokadasının yarılmasında müstəsna əhəmiyyət kəsb edib.
Naxçıvan Televiziyasının müasir dünya telestandartlarına tam cavab verən yüksək texniki imkanları, professional sənədli və bədii çəkiliş səviyyəsi ilə bu gün Azərbaycan teleməkanında özünəməxsus yer tutur. Əksər məqamlarda, xüsusilə, klassik biçimli film və verilişlər sahəsində öz estetik yanaşma tərzini, öz yaradıcılıq prinsiplərini, öz müasir, yüksək telestandartlarını təqdim edə bilir. Bu, Naxçıvan televiziyasının ən böyük uğurudur. Bu uğurların qazanılmasında televiziya rejissoru Faiqin də özünəməxsus payı vardır.
F. Musayev Naxçıvan Televiziyasında 1991-2000-ci illərdə xronika və sənədli filmlər studiyasının direktoru, 2001-2012-ci illərdə isə bədii rəhbəri vəzifələrində çalışıb. Bu gün isə doğma iş yerində öz telerejissorluq fəaliyyətini davam etdirməkdədir. 4 övlad atası, 5 nəvə babasıdır. Ən böyük sevinci nəvələrdir. İşinə vurğunluğu da öz yerində... O, bu gün də yeni - yeni telelayihələrə tamaşacılara xoş ovqat bəxş edir, yaradıcılıq axtarışları aparır. Qarşıda isə uzun, incə bir yol var. O yolda Faiqi hələ neçə-neçə uğurlar, tamaşaçı alqışları gözləyir.
Hüseyn Əsgərov