adalet.az header logo
  • Bakı 17°C
13 Oktyabr 2017 00:21
12329
GÜNDƏM
A- A+

Maraqlı deyimlər kitabı

Bir neçə ildir mən də Facebook səhifəsində varam. Həftədə bir saat, ya iki saat vaxtımı sərf edib dostlaşdığım insanları görür, onların sevinc və kədərinə şərik olur, arzuları ilə tanış olur, dünya, cəmiyyət, zaman, gerçəkliklə bağlı düşündüklərini oxuyuram. Düzünü deyim ki, mən bu işin heyranı deyiləm. Elə dostlarım var ki, özünün, ailəsinin, ata-babasının şəkillərini yan-yana düzür, başlarına gələn bir əhvalatı dönə-dönə nəql edir, mətbuatda çıxan yazılarını facebook səhifələrinə yerləşdirir, kimlərəsə ismarıc göndərirlər. Düzünü deyim ki, sərf elədiyim o bir-iki saatın çox hissəsi bədii yazılara nəzər yetirməyimlə keçir. İllər boyu səhifələrindən mətbəə qoxusu gələn dövri mətbuata öyrəşmişəm, ona görə alışa bilmirəm o şeirləri, hekayələri oxumağa. Amma alışacağam. Facebook səhifələrində hər cür məmulat desən var - çılpaq qadın şəkilləri, seksualizmin təbliği, bir-birini təhqir, föhş-doğrusu, mənəvi cılızlığın, ürək müflisliyinin, qəlb yoxsulluğunun və bayağılığın çeşid-çeşid formaları. Amma mən o səhifələrdə əsl idrakın düşüncəsi olan maraqlı, orijinal söhbətlərin də şahidi oluram. Təki həmişə belə olsun! Əlbəttə, bu uzun söhbətdir.
Bu yaxınlarda şair-tərcüməçi Təranə Musayeva mənə "Sabirlə bacara bilsəm..." adlı bir kitab təqdim elədi. Dedi ki, bu kitabın müəllifi Sabir Zəkullaoğlu facebook səhifələrində öz fikirlərini qısa, çox yığcam kəlamlarla paylaşdırır, bu fikirlərə onlarla, yüzlərlə münasibət bildirilib və müəllif facebookdakı dostlarının təklifiylə bu kəlamları bir kitab halında oxuculara təqdim edib. O da bu kitabın redaktorluğun, tərtib işini üzərinə götürüb.
Doğrusu, mən heç Sabir Zəkullaoğlunun üzünü belə görməmişəm, Facebookda da onunla dost deyiləm. Təranə xanımın kitaba yazdığı ön sözdən öyrəndim ki, Sabir Zəkullaoğlu Cəlilabadın Ağusəm kəndində anadan olub. Nə sənətin sahibi olduğu barədə dəqiq bir məlumat verməsə də, hər halda ona müraciətlə "Sabir müəllim" deməsi kitab müəllifinin ziyalı bir insan olduğunu təsdiqləyir. Amma əsas kitabdır. Görək Sabir Zəkullaoğlu nələr yazır, hansı düşüncə modelinin sahibidir, fikirlərində maraqlı, orijinal nəsə varmı?
Azərbaycan ədəbiyyatında Nizamidən üzü bəri müdrikanə düşüncənin məhsulu olan aforizmlər, kəlamlar bizə yaxşı tanışdır, yüksək ağıl mədəniyyətini nümayiş etdirən bu aforizmlər klassiklərin əsərlərindən seçilib götürülür. Yoxsa Nizami, Füzuli, Nəsimi, ya Mirzə Cəlil, Hüseyn Cavid oturub ayrıca aforizm, kəlam yazmağa girişməyiblər. Amma XX əsrdə biz bunun da şahidi olduq ki, bəzi yazıçılar iri həcmli əsərlərdə ifadə edə bilmədikləri fikir və düşüncələrini qısa, yığcam sətirlərdə ifadə edirlər, onları bir kitabda təqdim edirlər. Deməli, ədəbiyyatımızda belə bir janr da yaranır. Sabir Zəkullaoğlu da - bu Azərbaycan ziyalısı da - onu düşündürən, narahat edən, əlli yaşına qədər keçdiyi həyat təcrübəsindən gələn fikirləri facebook səhifələrində dostları ilə paylaşıb.
İndi keçək əsas mətləbə. Öncə onu qeyd edək ki, Sabir Zəkullaoğlunun bu kitabında toplanan bir, ya iki cümləlik kiçik həcmli yazıların heç də hamısına birmənalı şəkildə aforizm ya kəlam söyləmək doğru olmazdı. Şəxsən məni bir tənqidçi-oxucu kimi razı salan, ürəyimdən xəbər verən və aforizm, kəlam hesab etdiyim yazılar da var. Bunun əksinə, mübahisəli hesab etdiyim və qətiyyən razılaşmadığım yazılar da.
İnsan xasiyyəti növ-növ, çeşid-çeşid çalarlar üzərində qurulub. Çağdaş dövrümüzün ziyalı insanını indi hər şey maraqlandırır. Dünyada baş verən qlobal ictimai-siyasi hadisələrdən tutmuş öz otağının qapısına, pəncərəsinə qədər hər şey. "İnsan bir yolçudur" deyir Sabir Zəkullaoğlu və bu yolçu - bu səyyah ölkələri gəzir, cəmiyyətin durumunu seyr edir, ürəklərə səyahət edir.
Mənim birmənalı şəkildə razılaşdıqlarım:
Həyat-qara kömürdən almazın çıxması qədər təzadlıdır.
Kasıb adam daha romantik olur! Varlılar bu baxımdan kasıbdırlar.
Xoşbəxtlik gözəl hissdi, adamın yadına pul düşmür.
Qisməti insanın xarakteri formalaşdırır.
Cəmiyyətin bütün üzvləri təhsilli, ziyalı-professor, akademik olsa belə cəzasızlıq olan mühitdə mədəniyyətdən danışmağa dəyməz!
Səni düşünən yoxdursa, sən yoxsan demək.
Yaşamaq üçün güc yox, həvəs lazımdır.
Deyirlər bizim xalq şair xalqdı. Amma məncə, daha çox tənqidçiyik. Birmənalı bəyəndiyimiz heç nə yoxdur.
Sevgi olmasaydı, nəinki söz, heç səs də olmazdı.
Bir adamı tanımaq üçün onu sevmək lazımdır...
Üşüyəndə yada ən çox ana düşür!
Müsəlmanlar hər şeyi Allahdan istəyir. Xristianlar özləri əldə edirlər.
Səmimi insanlar tez də aldanırlar.
Allahın bir adı da Sevgidir!
Söz də paltar kimidir, birinə yaraşır, birinə yox!
Mən bu misalların sayını artıra da bilərəm. Bu cümlələr, onlarda ifadə olunan fikirləri təqdir edirəm, razılaşıram, şəxsi fikrimdir. Mən aforizm, ya kəlam yazmaq niyyətindən çox-çox uzağam, amma yazsaydım, Sabir Zəkullaoğlunun dediyi, düşündüyü, yazıya aldığı bu kəlamlara uyğun nəsə yazardım. Onun yazdıqlarında didaktika da var, həyat təcrübəsindən gələn məqamlar da, gerçəkliyə aqialanə bir baxış da. Daha çox subyektiv düşüncələr özünə yer tapır. Deyək ki, bir başqası sevgi haqqında ayrı cür düşünər, dostluq haqqında başqa yozum verər. Amma kəlam yaratmağın ən bariz üsulu budur ki, o fikirlər məni də düşündürsün. Kəlamın, aforizmin yaşarılığı məhz bundan asılıdır.
Təbii ki, razılaşmadığım yazılar da var ki, mən onları qətiyyən aforizm adlandıra bilmərəm.
Səmimiyyət - ən keyfiyyətsiz xüsusiyyətdir insanda!
Doğru deyil.
Özümüzə Vətən seçmək şansımız yoxdur...
Sabir müəllim, bu qədər bədbin olmayın. Bir Vətənimiz var - o da Azərbaycan.
Sevgi ötəri hissdir - nə qədər müalicə etsən, şəninə şeir yazsan da, xeyri yoxdur.
Düz deyil, tamamilə yalnış bir fikirdir və sevgi haqqında yuxarıda misal gətirdiyim aforizmlərlə daban-dabana ziddir. Sevgi haqqında başqa bir fikir də həmçinin yanlışdır, sırf subyektiv düşüncənin məhsuludur: Əslində, sevən özü üçün sevir - bunun sevilənə nə dəxli. Əgər belədirsə, Leyli-Məcnun məhəbbəti yaranardımı?
Təklif edirəm - şəxsiyyət vəsiqəsinin adı dəyişdirilsin, çünki bu sənəd şəxsiyyətsiz adamlara da verilir.
İlk baxışdan maraqlı təklifdir. Amma dövlətin işinə qarışmayaq. Hər bir vətəndaş kimliyindən asılı olmayaraq o vəsiqəni almalıdır. Bir aforizmini yada salıram: əsas odur ki, özün milli kimliyini biləsən.
Kasıb olub mədəni olmaq çox çətindir.
Sabir müəllim, bu da səhv fikirdir. Mədəni olmağın maddi durumla heç bir əlaqəsi yoxdur.
Bax beləcə, ağıllı, doğrudan da aforizm səviyyəsinə çata biləcək deyimlərlə yanaşı, mübahisəli və yanlış nəzərə çarpan yazılar da diqqətdən yayınmır.
Və mən bu yazımı yenə Sabir Zəkullaoğlunun maraqlı deyimləri ilə başa çatdırmaq istəyirəm:
İtirmək qorxusu yoxdursa, sevmirsən demək!
Heç "qədrini bilmədik" - deyən olmadı. Hamı dedi qədrimi bilmədin".
Hər bir ateist insanın içində Allaha böyük bir sevgi yatır.
Bəzən məğlubiyyətin özünü belə uğur saymaq olar.
Sabir Zəkullaoğluna daha uğurlu, hamının ürəyindən xəbər verən mənalı deyimlər yazmağı arzulayıram.