Müdafiə Nazirinin müavini: “Ordumuz qələbəni təmin etməyə hazırdır”
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.
General-leytenant K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə danışaraq hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.